SON XƏBƏRLƏR

Höccətiyyə Qrupu və İran hakimiyyəti - 2

2021.10.20, 07:36
Höccətiyyə Qrupu və İran hakimiyyəti - 2

Gunaz.tv
İranda inqilabdan sonra hakimiyyətə radikal qruplar gəldi. İnqilabın ilk illərində radikallardan başqa hakimiyyətə can atan bütün qüvvələr ya məhv edildilər ya da onlardan müvəqqəti hakimiyyətdə olanlar olsa da, sonradan bu qüvvələr də radikal qüvvələrin qəzəbinə düçar oldular. Prezident Rəcaiyə qədər mövcud olan Müvəqqəti hökümətin Baş Naziri Mehdi Bazərqan və birinci Prezident Əbulhəsən Bənisədri buna misal kimi göstərmək olar. Bu qüvvələr radikal inqilabçı qüvvələr tərəfindən qəbul olunmadığından hakimiyyətdə davam gətirə bilmədilər. Rəcainin hakimiyyəti və ondan sonra Xameneinin hakimiyyəti radikalizm dövrü kimi xarakterizə olunur. Bu dövr daxili münaqişələr, fərqli siyasi düşüncələrin təmizləməsi və 8 il İraqla müharibə ilə yadda qalandı. Bundan sonrakı dövr teknokratların hakimiyyətinin başlanğıcı idi. İranda bu dövrə Baş Nazir Musəvi Təbrizi və onun ardınca Rəfsəncani rəhbərlik edirdi. Onlar inqilabdan sonrakı dağıntıları bərpa etməyə çalışsalar da ideologiyaya az inanırdılar. Teknokratların inqilabi hədəflərə diqqətsizliyi dövlətdə və cəmiyyətdə güc sahibi olan inqilabçı və radikal qüvvələri narahat edirdi. Onlar hakimiyyəti yolunu dəyişməyə məcbur etməyə çalışırdılar. Xatəmi və onun ətrafındakıları müasirləşdirilmiş inqilabçı qüvvələr hesab etmək olar. Lakin onlar da digər radikal qüvvələr tərəfindən qəbul olunmadılar. İranda radikal qüvvələr kimi tanınan və bəzən mühafiəkarlara da irad tutan bu kəsim əslində keçən əsrin əllinci illərindən başlayan bir hərəkatın davamı sayıla bilər. Bu illərdə yaranan və formalaşan dini təşkilatlar, müasir dini maariflənmə və təbliğat, eləcə də 1970-ci illərdə Xomeyninin fəaliyyətinin genişlənməsi, nəhayət 1979-ci ildə İslam İnqilabına səbəb oldu. Höccətiyə qrupu da bu mübarizədə önəmli rol oynayırdı. Onlar dinin siyasətə müdaxiləsinin tərəfdarı olmasalar da dinin təbliğində digərlərindən daha çox rol oynayırdılar. Bunun əsas səbəbi o vaxtkı hakimiyyətin və güc strukturlarının onlara mane olmaması idi. Höccətiyə tərəfdarlarının əksəriyyəti Ayətullah Xomeynini mərcəi-təqlidi hesab edirdilər. Xomeyninin hərəkatının əleyhinə çıxdilar. Lakin bir müddət sonra onlar içində parçalanma baş verdi, bir qrup “təvvabine höccətiye” (töbə edənlər) Xomeyninin hərəkatı ilə birgə mübarizəyə qatıldılar. Əlbəttə bu parçalanma Ayətulla Beheştinin ( İslam İnqilabının nəzəriyyəçisi, Xomeyninin ən yaxın adamı, İslam Respublikası Partiyasının sədri və inqilabdan sonra əsas məhkəmə orqanının başçısı) əməyi sayəsində baş vermişdi. Onlar inqilabda da geniş şəkildə iştirak etdilər. İnqilabdan sonra bu qrupun gənc kadrları ölkənin təhlükəsizlik və informasiya orqanlarına daxil ola bildilər. İnqilabdan sonrakı hadisələrdə bu addan da imtina etdilər və yeni yaranan qurumlarda o cümlədən Ettelaatda (təhlükəsizlik xidməti), Sepahe Pasdaranın (İnqilab keşikçiləri ordusu) yuxarı rütbələrində, Bonyade Emam Xomeyni (İmam Xomeyni Fondu) və Bonyad Mostəzəfan (Yoxsullar Fondu) kimi təşkilatlarda geniş təmsil olundular. Onların əsas müdafiəçisi və arxaları Beheşti Cənnəti və Misbahi Yəzdi ildi. Bu üç nəfər 1964cü ildə mədrəseyi Həqqanini təsis etdilər. Mahmud Əhmədinejad və onun ətrafında olanların əksəriyyəti həqqani mədrəsəsinin yetirmələridir. Həqqani mədrəsəsi 1964-65 ci illərdə bir sıra böyük dini xadimlər, o cümlədən Ayətullah Qoddusi, Ayətulləh Beheşti Ayətullah Cənnəti və Ayətullah Misbahi Yəzdi tərəfindən yarandı. Bu mədrəsənin digər mədrəsələrdən fərqi xarixi dil, qərb fəlsəfəsi, Quranın təfsiri, İslamın tarixi və müasir fənnlərin tədris olunması idi. Onlar belə düşünürdülər ki, dini mədrəsələrdə keçirilən dərslər müasir şəraitə uyğun deyil. Buna görə yeni metodlarla yeni fənnlər də tədris olunmalıdır. Bu məktəbi bitirənlər inqilabdan sonra onun yaradıcılarının vasitəsilə məhkəmələrə, inqilab məhkəmələrinə, təhlükəsizlik və güc strukturularına və ruhanilər məhkəmələrinə yerləşdirildi. Sonra bunlar inkişaf edərək müxtəlif məqamlar əldə edə bildilər. Xomeyni öləndən sonra Həqqanilər daha çox hakimiyyətdə təmsil olmağa can atırdılar. Bunlardan bəziləri Rəfsəncaninin və hətta Xatəminin dövründə bir sıra məqəmlar tuta bilmişdilər. Məsəln Tehranın keçmiş bələdiyyə başçısı Mehdi Kərbasçı də bu məktəbin məzunudur. Sonralar bu məktəbin məzunları radikal və liberal düşüncələrı daşıyanlara bölünməyə başladılar. Amma bu, onların əsas ideya və amallarına təsir etmədi. “Həqqani məzunları” və “Təvvab Höccətiyə” qrupları hamısı Beheşti, Cənnəti və Misbah Yəzdinin himayəsində olub və indi bunlar bir qrup olaraq hakimiyyətin müxtəlif məqamlarında təmsil olunurlar. Öz rəqiblərini, o cümlədən Kərrubi, Natiqi Nuri və başqalarını hələ ki, kənara ata biliblər. Bu səbəbdən bu qrupun içində olanları ya həqqani yada höccətiyyə adlandırmaq daha doğru olar. Hər halda bu məktəbin məzunlari indiki hakimiyyətdə aparıcı qüvvəyə çevriliblər. Tehranın keçmiş Bələdiyyə Başçısı Mehdi Kərbasçı, Xatəminin hakimiyyəti dövründə təhlükəsizlik naziri işləyən Yunisi, Rəfsəncaninin dövründə təhlükəsizlik naziri olan Əli Fəllahiyan, indiki dövründə təhlükəsizlik naziri işləyən Mohseni Ejei, indiki daxili işlər naziri və əvvəlki dövrlərdə təhlükəsizlik naziri işləmiş Mustafa Purməhəmmədi, təhlükəsizlik nazirliyində yüksək rütbəli məmur olan Əkbəriyan, Qum şəhərinin baş prokuroru Bəhrami, bunlardan əlavə Ruhullah Heseyni, Əli Razini, Laricani Həddad Adil və digərləri bu məktəbin məzunlarıdır. Ayətullah Misbah yəzdi və Ayətullah Cənnəti bunların ən yaxın müdafiəçisi və rəhbərləri sayılır. Göründüyü kimi, Höcətiyyə qrupu indiki İran hakimiyyətinin demək olar ki, bütün orqanlarında əsaslı surətdə yerləşmiş və hakimiyyəti nəzarətdə saxlamaqdadır. Bu isə İranın apardığı daaxili və xarici siyasətdəki “qəribəliklərin” aydınlaşdıran vacib səbəblərdən biridir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar