SON XƏBƏRLƏR

Sincan bölgəsində (Doğu Türkistanda) daha bir qarşıdurma olub

2021.10.20, 07:36
Sincan bölgəsində (Doğu Türkistanda) daha bir qarşıdurma olub

Gunaz.tv

GünAz TV: Çinin Sincan əyalətində (Doğu Türkistanda) yaşayan uyğur türkləri icması Çin hökumətini müsəlman türkləri  sıxışdırmaqda, dinləri ilə bağlı təzyiq etməkdə ittiham edirlər.

GünAz TV mətbuat mərkəzinin voanews.com saytına istinadən verdiyi xəbərə görə, uyğurlar bildirirlər ki, Çin hökuməti milyonlarla etnik han çinliləri həvəsləndirir ki, bu regiona (bölgəyə) köçüb uyğurların əlindən iş yerlərini alsınlar. Çin hökuməti isə uyğurları zorakılıqdan istifadədə etməkdə günahlandırır.

 Bazar ertəsi günü uyğurlar yaşayan Sincan Muxtar Vilayətində polis bölməsinə hücum edilib, azı dörd nəfər qətlə yetirilib. Rəsmi Sinxua xəbər agentliyinin (ajansının) məlumatına görə, üsyançılar Hotan şəhərində polis idarəsinə hücum ediblər, polis əməkdaşlarını girov götürüblər, binaya od vurublar. Xəbərə görə, əraziyə əlavə polis qüvvələri cəlb olunub, onlar hücum edənlərə atəş açıblar, altı girovu azad ediblər.

 Hadisə vaxtı bir polis, bir təhlükəsizlik xidməti əməkdaşı, iki girov öldürülüb. Bir neçə girov xəstəxanaya yerləşdirilib.

Sincanda əyalətində illərdir ki, etnik han çinliləri və yerli uyğur əhali arasında qarşıdurmalar baş verir. Çin hökuməti deyir ki, təkcə 2009-cu ildə regionda (bölgədə) etnik zəmindəki qarşıdurmalarda 200 nəfər həlak olub.

 

Almaniyada yerləşən hüquq müdafiə qrupu Dünya Uyğur Konqresinin katibi Dolkun İsa bildirib ki, keçən həftə polis Hotanda və başqa yerlərdə bir neçə nəfəri səbəbsiz həbs edib. Tutulanların qohumları yığışıb yerli hökumətdən onların azad olmasını tələb ediblər, qarşıdurma da bundan sonra başlayıb.

 

Rəsmi Pekin uyğurların ittihamları rədd edir və bildirir ki, muxtar respublikanın iqtisadiyyatının dirçəldilməsi və etniklərin hüquqlarının qorunması istiqamətində xeyli iş görüb. Çin rəsmiləri indiyə qədərki bəyanatlarında həmçinin regiondakı qarşıdurmalara görə separatçıları (bölücüləri) günahlandırıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar