SON XƏBƏRLƏR

Azərbaycanda Novruz şənlikləri başlayır

2021.10.20, 07:36
Azərbaycanda Novruz şənlikləri başlayır

Gunaz.tv

GünAz TV: Bakı Novruz bayramı münasibətilə şənliklərə hazırlaşır. Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, meriya martın 15-də ilaxır çərşənbə münasibətilə bayram tədbiri təşkil edəcək.

Tədbir Qız qalasının qarşında keçiriləcək. Qız qalasının üzərində qurulacaq üç məşəl atəşgahdan faytonlarla gətiriləcək odla yandırılacaq, sonra konsert proqramı başlayacaq. Konsertin sonunda isə Milli Parkda atəşfəşanlıq təşkil ediləcək.

 

Martın 20-də də Milli Parkda atəşfəşanlıq təşkil ediləcək. N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, bahar Azərbaycana martın 20-də Bakı vaxtı ilə təxminən saat 21:32 radələrində gələcək.

 

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun bildirdiyinə görə, nazirliyin bayram tədbirləri İçərişəhərdən başlayacaq, Qoşa Qala qapısı, Qız qalası və Dənizkənarı Milli Parkda davam edəcək. Nazirliyin tədbirlər planına əsasən martın 20-də Novruz bayramı ölkə başçısı İlham Əliyevin iştirakı ilə Milli Parkda qeyd olunacaq. Həmin gün Milli Parkda müxtəlif rayonlardan gələn folklor kollektivləri (məcmuəsi) bayram ənənələrini əks etdirən milli kulinariyaları da nümayiş etdirəcəklər.

Nazirlik rəsmisinin dediyinə görə, 14-21 martda Bakıda təşkil olunacaq Beynəlxalq Muğam Festivalı builki bayram tədbirlərinə daha bir rəng qatacaq.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi də Novruz bayramı münasibətilə tədbirlər təşkil edəcəyini bildirib. İlaxır çərşənbədə və martın 21-də İçərişəhərdə tədbirlər nəzərdə tutulub.

Heydər Əliyev Sarayından verilən məlumata görə isə Novruz şənliyi martın 22-də keçiriləcək. İlk dəfə olaraq azyaşlı tamaşaçıların hər birinə xüsusi hədiyyə təqdim olunacaq. Biletləri şəhərin mərkəzi kassalarından 5-15 manata almaq olar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar