SON XƏBƏRLƏR

Amerika İrana qarşı iqtisadi sanksiyaların (təhrimlərin) müddətini daha 1 il uzatdı

2021.10.20, 07:36
Amerika İrana qarşı iqtisadi sanksiyaların (təhrimlərin) müddətini daha 1 il uzatdı

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obama 1995-ci ildə İrana qarşı tətbiq edilmiş iqtisadi sanksiyaların (təhrimlərin)  vaxtını daha bir il müddətinə uzatmaq barədə sərəncam imzalayıb.

ANS PRESS-in "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.

Obama tərəfindən imzalanan sərəncamın mətnində bildirilir ki, qadağalar İran hökumətinin yürütdüyü siyasət və fəaliyyətin ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün hələ də təhlükə yaratmaqda davam etməsi səbəbindən uzadılır.

Prezident qadağaların müddətinin uzadılması qərarı ilə bağlı ABŞ Konqresinə də ayrıca xəbərdarlıq məktubu göndərib. O, məktubda İranın fəaliyyətinin ABŞ-ın regiondakı (bölgədəki) maraqlarına zidd olduğunu qeyd edib.

Xatırladaq ki, ABŞ və bir sıra Qərb ölkələri İranı dinc məqsədlərlə atom proqramı adı altında nüvə silahı hazırlamaqda ittiham edir. Tehran isə öz növbəsində nüvə proqramının dinc mahiyyətli olduğunu bəyan edir. BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurası 2010-cu ildə İrana qarşı sərt qadağalar nəzərdə tutan növbəti qətnaməsini qəbul edib.

Qeyd edək ki, hələ 1995-ci il 15 mart tarixində Bill Klintonun administrasiyası zamanı qəbul edilmiş iqtisadi sanksiyalar Amerika şirkətlərinə Tehranla bütün maliyyə əməliyyatlarını, o cümlədən neft-qaz yataqlarının işlənməsini qadağan edir. Keçən müddət ərzində sanksiyaların müddəti hər il yenidən uzadılsa da, bəzi qadağalar yumşaldılıb. Belə ki, İrana kənd təsərrüfatı məhsulları və tibb ləvazimatları ixrac etmək və oradan əsasən xalça və püstə ləpəsi idxal etməyə icazə verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar