SON XƏBƏRLƏR

İslam Partiyasının sədrinə qarşı ittihamlar artır

2021.10.20, 07:36
İslam Partiyasının sədrinə qarşı ittihamlar artır

Gunaz.tv

GünAzTv: Dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədova qarşı ittihamlar irəli sürülüb.

“Azadlıq” radiosuna açıqlama verən vəkil Anar Qasımov partiya sədrinə Cinayət Məcəlləsinin 228.3 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə - mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 278-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə iş qaldırıldığını deyib.

Anar Qasımovun sözlərinə görə, yanvarın 20-si axşam saatlarında müstəntiqlər Mövsüm Səmədovu 3 saata yaxın dindiriblər. Dindirmədə vəkil də iştirak edib. Daha sonra Mövsüm Səmədov Nəsimi Rayon Məhkəməsinə aparılıb və onun haqqında 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Mövsüm Səmədov 1965-ci il sentyabrın 4-də Quba şəhərində anadan olub. Azərbaycan Tibb Universitetini bitirib. Rusiya Federasiyasında həkimlik edib. 1996-cı ildə dini təhsil ardınca İran İslam Respublikasının Qum şəhərinə gedib, bu şəhərdəki Ali İslam Universitetində ilahiyyat təhsili alıb.

Siyasətə 1993-cü ildə qoşulub. Azərbaycan İslam Partiyasının Quba komitəsinin sədri olub. 2007-ci ildə partiya sədri seçilib.

Mövsüm Səmədov yanvarın 2-də Azərbaycan İslam Partiyası Baş Məclisinin iclasında çıxış edərək məktəblərdə hicaba qadağa qoyulmasını kəskin pisləyib və hakimiyyətin ünvanına ittihamlar səsləndirib. Məhəmməd Peyğəmbərdən “dinə tərəf bəla gəlsə, canınızı verin, dininizi qurtarın” deyə sitat (rivayət) gətirən AİP lideri Azərbaycan xalqını “ayağa qalxmağa və zalım rejimə son qoymağa” çağırıb.

Yanvarın 7-də Mövsüm Səmədov polisə tabe olmamaqda təqsirli bilinərək 13 sutka inzibati həbsə məhkum edilib. 13 sutkalıq həbs cəzası yanvarın 20-də bitib. Bütün bu müddətdə o, Daxili İşlər Naziriliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar