SON XƏBƏRLƏR

İran qonşu Azərbaycana kəşfiyyatçı qrup göndərib

2021.10.20, 07:36
İran qonşu Azərbaycana kəşfiyyatçı qrup göndərib

Gunaz.tv

GünAzTv: İranla Azərbaycan arasındakı münasibətlərdə son vaxtlar müşahidə olunan gərginlik daha da arta bilər.

Buna səbəb Tehranın Azərbaycan və digər qonşu ölkələrə qarşı irəli sürdüyü iddialardır. İran kəşfiyyatının rəhbəri Heydər Mösləhi keçirdiyi mətbuat konfransında bəyan edib ki, bu ölkənin nüvə alimlərinə qarşı bir-birinin ardınca həyata keçirilən sui-qəsdlər “sionist rejimin qonşu ölkələrdə qurduğu kəşfiyyat şəbəkələri” tərəfindən idarə olunub.

GünAzTv mətbuat mərkəzinin “Yeni musavat”-a istinadən yaydığı məlumata görə, Mösləhi deyib ki, bu sui-qəsdləri “Mossad”ın təşkil etdiyinə dair dəlillər var. İranın kəşfiyyat naziri ölkə ərazisində yeni sui-qəsd hazırlığında olan 10 “Mossad” agentinin həbs olunduğunu da xatırladıb. Deyib ki, onlardan alınan ifadələr əsasında sui-qəsdlərin hansı mərkəzlərdən idarə olunduğu məlum olub. İranın dövlət televiziyası isə tutulanlardan birinin “Mossad” düşərgəsində hazırlıq keçdiyini təsdiq edən ifadələrini yayımlayıb.“Debka” saytının xəbərinə görə, İranın kəşfiyyat naziri İsraillə qarşılıqlı münasibətlər saxlayan qonşu ölkələri hədələyərək deyib ki, onların sionist rejimə göstərdiyi istənilən xidmət bütün regiona və islam respublikasına qarşı yönələn addım kimi qiymətləndirilir. Heydər Mösləhinin dediyinə görə, İsrail İrana qonşu ölkələrdə özünün kəşfiyyat şəbəkəsini qurub: “Biz bu şəbəkələrinin yerlərini müəyyən etmişik və onların ətrafında öz kəşfiyyat bazalarımızı yaratmışıq. Bu kəşfiyyat bazaları vasitəsilə biz İsrail şəbəkələrinə sarsıdıcı zərbələr endirəcəyik”. Mösləhi hansı ölkələri nəzərdə tutduğunu açıqlamayıb. Lakin İsrail xüsusi xidmət orqanlarına bağlı hesab edilən sayt qeyd edir ki, bu xəbərdarlığın Azərbaycan, Türkiyə, Türkmənistan, Ermənistan və Qətərə qarşı yönəldiyinə şübhə yoxdur. Çünki İranın İnqilab Keşikçiləri Korpusuna bağlı KİV-lər bu ölkələrdə İsrailin güclü əlaqələrinin olduğunu, öz kəşfiyyat şəbəkələrini qurduğunu yazır.Bildirilir ki, İranın bu hədəsi İsrailin Azərbaycan ərazisində qurduğu deyilən elektron izləmə stansiyasına qarşı yönəlib. Bu stansiyadan İranın nüvə və hərbi sahədə fəaliyyəti izlənilir. “Bu, İranın Xəzər və Orta Asiya ölkələrinə qarşı ən sərt xəbərdarlığıdır” deyə, sayt qeyd edir. “Debka” xüsusi xidmət qaynaqlarına istinadən bildirir ki, İran bu günlərdə İsrailə qarşı üç istiqamətdə kəşfiyyat müharibəsi başladıb. Gözlənilir ki, “Mossad” da buna cavab olaraq öz əməliyyatlarını planlaşdıracaq və İsrail kəşfiyyatının əməliyyatları barədə yeni xəbərlər eşidiləcək. İsrail XİN və baş nazir Benyamin Netanyahunun ofisi isə bu məsələ ilə bağlı şərh verməyib. Lakin Qərb kəşfiyyatındakı mənbələr hesab edir ki, Tehranın sərəncamında kifayət qədər vasitələr olmasa, İsrail kəşfiyyatına qarşı hücuma başlamağa risk etməyəcək. Həmçinin İranın regionda İsrail kəşfiyyatına ciddi zərbələr vurmaq imkanları da məhduddur.Xatırladaq ki, bu günlərdə İranın sərhəd polisinin komandanlığı Amerika vətəndaşı olduğu deyilən, milliyyətcə erməni olduğu güman olunan qadının Naxçıvanın Culfa rayonu istiqamətindən bu ölkəyə keçməyə cəhd edərkən saxlanıldığı barədə açıqlama yaydı. Bildirilirdi ki, həmin qadın Amerika agentidir. Lakin Azərbaycan tərəfi sərhəddən belə şəxsin keçdiyini təsdiqləmədi, İran isə məsələni qapatdı. İranın xüsusi xidmət orqanları çoxdandır ki, Azərbaycanı öz ərazisindən ona qarşı kəşfiyyat məqsədilə istifadəsinə imkan yaratmaqda günahlandırır. Bu ittihamlar üçün hansısa konkret dəlillər göstərilmir, yalnız ona istinad edilir ki, Azərbaycan İsraillə təhlükəsizlik və hərbi sahədə sıx əməkdaşlıq edir. Azərbaycan tərəfi ölkə ərazisindən İrana qarşı istifadəyə yol verməyəcəyini Tehrana çatdırıb, bu barədə öhdəlik də götürülüb. Lakin kəşfiyyat əməliyyatları elədir ki, bu iş Bakının, yaxud İrana qonşu olan digər ölkələrin hökumətlərinin razılığı olmadan da həyata keçirilə bilər. Bu baxımdan İsrailin Azərbaycan ərazisində İrana qarşı gizli kəşfiyyat şəbəkəsinin mövcud olduğuna dair Tehrandan səslənən iddialar təsadüfi deyil. Əsas gəlişmə isə ondan ibarətdir ki, İsrail kəşfiyyatına qarşı indiyədək müdafiə mövqeyində olan İran hücuma keçdiyini, “sionist rejimin” kəşfiyyat şəbəkələrini dağıtmaq üçün öz əməliyyat qruplarını göndərdiyini bildirir. Kifayət qədər mürəkkəb regionda yerləşən, müstəqilliyini qazanmasından bu yana müxtəlif xarici kəşfiyyatların maraq dairəsində olan Azərbaycan indi İsrail və İran kimi iki barışmaz düşmənin kəşfiyyat qurumlarının-"Mossad" və ETTELAT-ın savaşına meydan ola bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar