SON XƏBƏRLƏR

Məhəmməd Xatəmi: Xalqın qəyyuma ehtiyacı yoxdur

2021.10.20, 07:36
Məhəmməd Xatəmi: Xalqın qəyyuma ehtiyacı yoxdur

Gunaz.tv

GünAzTv: Yanvarın 11-də ali təhsil ocaqlarının islahatçı müəllimləri ilə görüşən keçmiş prezident Məhəmməd Xatəmi Konstitusiyaya Nəzarət Şurasının rəhbəri Əhməd Cənnətinin islahatçılara qarşı bəyanatına kəskin etiraz bildirib. 

Bir həftə əvvəl Məhəmməd Xatəmi jurnalistlərə açıqlamasında islahatçıların növbəti parlament seçkisinə qatılmasının yeganə şərti olaraq ölkədə demokratik azadlıqların təmin edilməsini, siyasi məhbusların azadlığa buraxılmasını tələb etmişdi.

Əhməd Cənnəti isə Xatəminin qoyduğu şərtlərə belə reaksiya vermişdi: “Bəziləri indiki şəraiti düzgün dərk etmir, parlament seçkisinə qatılmaq üçün şərt də qoyurlar. Qabalıq və utanmazlığın həddi-hüdudu yoxmuş. Xalq sizi qəbul etmir. Kim gəlib sizə səs verəcək ki, hələ şərt də qoyursunuz? Gedin işinizlə məşğul olun və keçmişdəki əməlləriniz barədə cavab verin”.

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, Məhəmməd Xatəmi Əhməd Cənnətini belə cavablandırıb: “Xalqın kimi istəyib-istəmədiyi barədə bəyanatlar səsləndirilir. Mən bildirirəm ki, xalqı qəbul etməyib onun iradə və rəyinə hörmətlə yanaşmayanların xalq adından danışmağa haqqı yoxdur.

Əgər ölkədə azad bir siyasi atmosfer hakim olsaydı, xalqın sözü eşidilər, onun kimə meyllənməsi bəlli olardı. Elə qoyulan həmin məhdudiyyətlərin özü göstərir ki, onlar xalqı qəbul etmirlər. Xalqın qəyyuma ehtiyacı yoxdur. Məhz azad bir seçkidə bəlli olar ki, xalq kimi istəyir, kimi yox. Qoyun o kimi istəyir, ona da səs versin. Xalqın ədalət içində yaşamağa haqqı var. Ədalət deyəndə yalnız iqtisadi ədalət nəzərdə tutulmur. Ədalətin ən mühüm şərti odur ki, xalqın öz müqəddəratını təyin etmək hüququ tanınsın. Çünki bu haqqı Allah da tanıyıb, bu haqq konstitusiyada da qeyd olunub”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar