SON XƏBƏRLƏR

İran Partiyası Azərbaycanın daxili işinə qarışdı

2021.10.20, 07:36
İran Partiyası Azərbaycanın daxili işinə qarışdı

Gunaz.tv

GünAzTv: Təxribatçı çağırışa görə həbs olunan Mövsüm Səmədova İrandan gələn aşkar dəstək Azərbaycanda sərt etirazlar doğurdu.

İranın tanınmış siyasi partiyalarından olan "Mötəlifə" ("Müttəfiq") partiyasının beynəlxalq məsələlər üzrə sədr müavini Həmidrza Tərəqqi qeydiyyatsız fəaliyyət göstərən Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədovun həbs edilməsini strateji səhv kimi qiymətləndirib. APA-nın İSNA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, H.Tərəqqi bildirib ki, Azərbaycanda İslam Partiyası sədrinin həbsi qəbuledilməzdir.    Vaxtilə İslam təşkilatlarının İranda keçirilən ümumi konfransında AİP sədri ilə şəxsən tanış olduğunu söyləyən partiya nümayəndəsi deyib ki, Mövsüm Səmədov mübariz, vicdanlı və öz vətənini sevən bir insandır. O, Azərbaycan iqtidarını həbs edilənləri tezliklə azadlığa buraxmağa çağırıb.    Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı isə APA-ya açıqlamasında bəyan edib ki, Azərbaycanda həbs edilən insanlar törətdiyi əməllərə görə yalnız hüquqi müstəvidə istintaqa cəlb olunur: "Yəni bu və digər qanun pozuntusuna yol verdiyinə görə insanlar istintaqa cəlb edilir və həmin şəxslər siyasi mövqeyinə, yaxud düşüncəsinə görə saxlanmır. O ki qaldı İrandan söylənilən fikirlərə, Azərbaycanda hər hansı bir partiya lideri həbs olunmayıb. Həbs olunan şəxs sıravi vətəndaşdır və Azərbaycanda "İslam Partiyası" adlı partiya rəsmən fəaliyyət göstərmir. Məlum həbslə bağlı Azərbaycanın hüquq-mühafizə orqanları lazımi məlumatlar yayıb. Hazırda istintaq gedir. İstintaqın nəticəsi məhkəmədə bilinəcək. Ona görə də hansısa xarici dövlətin nümayəndəsinin Azərbaycandakı hadisələrə qiymət verməsi nə siyasi, nə hüquqi, nə də siyasi etika baxımından doğrudur. İranın özündə siyasi proseslər İran qanunvericiliyilə tənzimlənir və orada yerli qanunlara uyğun qərarlar qəbul olunur. Azərbaycanda da belədir. Azərbaycan hüquqi, demokratik dövlətdir. Hüquqi-demokratik dövlətdə də proseslər yalnız və yalnız hüquq müstəvisində, qanun çərçivəsində həyata keçirilir".    AXCP sədrinin müavini Razi Nurullayev APA-ya açıqlamasında İranın Mövsüm Səmədovu müdafiə etməsinin tamamilə məntiqə söykənən hal olduğunu bildirib: "Çünki Mövsüm Səmədov hətta müsahibələrinin birində demişdi ki, adının İranla bağlı olması, İranla yanaşı çəkilməsilə fəxr edir. O, 5 il İranın Qum şəhərində təhsil alıb və İranla sıx əlaqələri var. Səmədov heç vaxt bunu gizlətməyib. Lakin hər halda mən istəməzdim ki, Azərbaycandakı bu hadisələrə İran dövlətindən bu cür mesajlar gəlsin. Bunu təhlükəli tendensiya kimi qiymətləndirirəm".    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı isə bildirib ki, İranda bu gün də insanlar orta əsr üsulları ilə cəzalandırılır, daşqalaq edilir, asılır: "Biz çox vaxt bu işlərə qarışmırıq ki, İran bizim qonşumuzdur. İndi xeyir ola İrandakı partiya sədrinin müavini belə bəyanat verir?! İranın "Səhər" telekanalı Azərbaycan dövlətini, dövlət müstəqilliyini, ayrı-ayrı mədəniyyət, siyasət xadimlərini hədəfə çevirib tənqid edir. İran əvvəlcə özünün Azərbaycana münasibətində bir nizam yaratmalıdır ki, sonra ölkədaxili işlərə də qarışıb müdaxilə eləsin. Düzdür, mən Türkiyədən yenicə qayıtdığımdan son həbslərin motivini bilmirəm. Ancaq ümumiyyətlə, bu barədə İranın danışmağı çox gülüncdür".    Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mətbuat və təbliğat katibi Əli Orucov da hər hansı kənar dövlətin Azərbaycanın daxilində gedən proseslərə qarışmasını düzgün hesab etməyib: "Xüsusilə İran rejiminin, İran kimi totalitar, qapalı bir ölkənin Azərbaycanda gedən proseslərə qiymət verməsinin özü doğru deyil. Mən bunu qəbul etmirəm. AMİP olaraq, biz də ölkədə baş verən həbs hallarına qarşıyıq. Hər bir insan düşüncəsini, mövqeyini açıq şəkildə ifadə edə bilər, amma bu Konstitusiyaya, qanunvericiliyə uyğun olmalıdır. Bu çağırışlar, fikirlər ölkədə qarışıqlığa, dini ayrıseçkiliyə, proseslərin kənar qüvvələrin təsirilə dəyişə biləcəyinə hesablanmamalıdır. Xüsusilə də din məsələsi həssas məsələdir. Ona görə də bu məsələyə istər vətəndaşlar, istər partiya sədrləri, istərsə də dövlət strukturlarının nümayəndələri çox diqqətlə və həssas yanaşmalıdır ki, kimlərsə bu amildən öz məqsədləri üçün istifadə etməsin".    Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa da İrandakı partiya funksionerinin M. Səmədovun həbsinə münasibət bildirməsini normal saymır: "İranda hər şey yolundadırmı ki, ölkədəki partiyanın təmsilçisi öz hakimiyyətinə yox, Azərbaycan hakimiyyətinə müraciət edir? Məncə, bu yanlışdır. İkincisi, mən bu həbsin motivləri barədə heç nə bilmirəm, bu məhkəmədə aydın olacaq. Ancaq ümumiyyətlə, İslam adının siyasətdə spekulyasiya olunması islamın özünə vurulan ən böyük zərərlərdən biridir. İstər partiya, istər QHT olsun, "islam" sözünün qurumun adında tələffüz edilməsi islam dininə qarşı problem yaradacaq məsələlərdəndir".    Şərqşünas Seyid Camal Əzimbəyli isə Azərbaycan vətəndaşlarının Azərbaycan Respublikasının qanunlarına tabe olmasının zəruriliyini vurğulayıb: "Düşünürəm ki, mövcud olmayan Azərbaycan İslam Partiyasının sədri haqqında digər bir ölkənin siyasi təmsilçisi fikir bildirirsə, bu, Azərbaycana qarşı hörmətsizlikdir. Mən onları İranın Ermənistanla münasibətlərinə, qarşılıqlı iqtisadi-siyasi müqavilələrinə rəy bildirməyə səsləmişəm və yenə də səsləyirəm. Bu gün din-dövlət münasibətlərinin zədələnməsinə yönəlik hər hansı çağırış edənlər, yaxud başqa bir dövlətin burada emissarlığını həyata keçirənlər qarşısında dövlətdən öncə gerçək inanc adamlarını, dövlətçilik ənənələrinin qorunması uğrunda canını, qanını fəda edən bizləri görəcək. Həm də mən İranın həmin partiya nümayəndəsinə belə bir sual verərdim: soğan yeməmisən, için niyə göynəyir?"    İranda islam inqilabı qalib gələndən bəri daim hakimiyyət komandasında təmsil olunan, radikal mövqeyilə tanınan İslam Koalisiya("Müttəfiq") Partiyasının beynəlxalq işlər üzrə sədr müavini Həmidrza Tərəqqi yanvarın 12-də jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasındakı İslam Partiyasının rəhbəri Mövsüm Səmədovun həbsinə etiraz bildirib. "Media forum" saytının məlumatına görə, Həmidrza Tərəqqi deyib ki, Mövsüm Səmədovun tutulub həbsə salınması Azərbaycan Respublikasının strateji səhvidir: "Səmədov Azərbaycan Respublikasındakı mücahid, mübariz, vətənpərvər və səmimi qardaşlarımızdandır. Onun həbs edilməsi müsəlmanların hökumətə qarşı qəzəbini nəzarətolunmaz vəziyyətə gətirib çıxaracaq. Azərbaycan hökuməti özünü ölkə vətəndaşlarının 93 faizini təşkil edən müsəlman əhali ilə üz-üzə qoymamalı, bununla da ictimai bazasını zəiflətməməli və sionistlərin təsiri altında davranmamalıdır".    Həmidrza Tərəqqi Azərbaycan hökumətindən hazırda həbsdə saxlanan İslam Partiyası üzvlərinin azadlığa buraxılmasını, müsəlmanlara qarşı təzyiqləri dayandırmasını tələb edib.    İslam Koalisiya Partiyası İranda şahlıq dövründə, 1962-ci ildə İran İslam Respublikasının qurucusu ayətullah Xomeyninin mənzilində üç dini qrupun birləşməsilə təsis olunub. Ayətullah Xomeyni 1963-cü ildə sürgünə göndəriləndən sonra partiya şah hakimiyyətinə qarşı silahlı mübarizəyə keçib. 1964-cü ildə İslam Koalisiya Partiyasının üzvlərindən olan Məhəmməd Boxarayi şahın daxili və xarici siyasətinə etiraz olaraq ölkənin baş naziri Həsənəli Mənsuru odlu silahla qətlə yetirib. İran İslam Respublikası qurulandan sonra partiya və onun üzvləri həmişə hakimiyyətdə təmsil edilib, mühüm vəzifələrdə olublar. 1981-ci ildə bir terror aktında birlikdə həlak olan İran İslam Respublikasının ikinci prezidenti Məhəmmədəli Rəcayi və baş nazir Məhəmməd Cavad Bahonər də İslam Koalisiya Partiyasının üzvləri olub. İslam Koalisiya Partiyasının indiki sədri Məhəmməd Nəbi Həbibidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar