SON XƏBƏRLƏR

Baş nazir Ərdoğan Kipr məsələsi ilə bağlı Angela Merkelə sərt cavab verib

2021.10.20, 07:36
Baş nazir Ərdoğan Kipr məsələsi ilə bağlı Angela Merkelə sərt cavab verib

Gunaz.tv

GünAzTv: Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Almaniya Kansleri Angela Merkelin Kipr məsələsi ilə bağlı Ankaraya qarşı səsləndirdiyi tənqidi fikirlərə kəskin bəyanatla cavab verib.  

Ərdoğan deyib ki, Merkel Kipr məsələsinin tarixini kifayət qədər bilmir. Müşahidəçilər isə hesab edirlər ki, Avropa ölkələrinin liderlərinin son günlərdə Ankaraya qarşı artan tənqidləri Türkiyənin Avropa Birliyinə üzvlüyünə dair tərəflər arasında onsuz da lənk gedən müzakirə prosesinin daha da çətinləşəcəyindən xəbər verir.

GünAzTv mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Almaniya Kansleri Angela Merkel Kipr probleminin sadəcə özünün iqtidarda olduğu dövrünü bilir, ondan əvvəlki hadisələrlə bağlı hər-halda məlumatı yoxdur.

“Xanım Merkel hər-halda Cənubi Kirpin Avropa Birliyinə qəbul edilməsinin səhv olduğuna dair daha əvvəl söylədiyi sözləri unudub”.

Bu bəyanatla Qətərin paytaxtı Doxada çıxış edən Ərdoğan Merkelin dünən Cənubi Kiprə səfər zamanı səsləndirdiyi fikirlərə sərt reaksiya verib.

Merkel Kipr probleminin öz həllini tapmadığına görə Türkiyə və Şimali Kipr Türk icmasını ittiham edib.

Onun fikrincə, Cənubi Kipr, problemin həlli üçün əlindən gələni edib, ancaq Türk tərəfi buna qarşılıq verməyib.

Ötən bazar günü Türkiyədə səfərdə olan Yunanıstanın Baş naziri Yorqo Papandreu da Ankaranı Kipr problemi ilə bağlı tənqid etmişdi.

Türkiyədə isə həm rəsmi dairələr, həm də ictimaiyyətdə belə bir fikir hakimdir ki, Kiprdə keçirilən referendumda Türk tərəfi beynəlxalq planın qəbul edilməsinə səs verdiyi zaman, bunun əleyhinə səs verən Cənubi Kipr Avropa Birliyinə qəbul edilərək, mükafatlandırıldı.

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Şimali Kipr isə hələ də cəzalandırılmaqdadır.

Müşahidəçilər isə Ankara ilə avropalı liderlər arasında gərginliyin artdığı günlərdə Türkiyə prezidenti Abdulla Gülün Yəməndə, Baş nazir Rəcəb Tayyib Ərdoğanın isə Küveyt və Qətərdə səfərdə olduğunu qeyd edirlər.

Onların fikrincə, Avropa Birliyi öz qapılarını Türkiyənin üzünə bağlı saxladıqca, Ankaranın Şərqə yönəlməsi doğru bir siyasət kimi qəbul edilməlidir.

Türkiyədəki icmalçılar Avropa Birliyinə üzvlüklə bağlı şərhlərdə 2005-ci ildə üzvlüklə bağlı Türkiyə ilə eyni vaxtda müzakirə prosesinə başlayan Xorvatiyanın keçdiyi yola istinad edirlər.

Xorvatiya 35 fəsildən 28-ini açaraq, yaxın perspektivdə üzvlük üçün hazır vəziyyətə gəlib.

Türkiyə isə 35 fəsildən cəmi 1-ni tamamlayıb. 13 fəsillə bağlı müzakirələr davam edir.

Daha 19 fəsil isə siyasi məsələlərlə bağlı dondurulub.

Bütün bunların ikili standart kimi qiymətləndirildiyi Türkiyədə, Avropa Birliyinə üzvlüyə olan inam daha da azalmaqdadır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar