SON XƏBƏRLƏR

İran diplomatına siyasi sığınacaq verildi

2021.10.20, 07:36
İran diplomatına siyasi sığınacaq verildi

Gunaz.tv

GünAzTv: Finlandiya İranın bu ölkədəki səfirliyinin iqtisadiyyat məsələləri üzrə keçmiş müşaviri Hüseyn Əlizadəyə siyasi sığınacaq verib.

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, Hüseyn Əlizadə mediaya açıqlamasında beş nəfərdən ibarət olan ailəsinin siyasi sığınacaq və qaçqın statusu aldığını təsdiqləyib.

Hüseyn Əlizadənin siyasi sığınacaq istəməsi xəbəri ilk dəfə mediada bu ilin sentyabrında yayılmışdı. Hüseyn Əlizadənin bununla Mahmud Əhmədinejadın yenidən İran prezidenti seçilməsinə etiraz etdiyi vurğulanırdı.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst isə bu xəbərləri təkzib edərək diplomatın səlahiyyət müddətinin avqust ayında başa çatdığını, onun Finlandiyada qalmaq istəməsinin səbəbinin öyrəniləcəyini bildirmişdi.

Az sonra Hüseyn Əlizadə jurnalistlərə açıqlamasında demişdi ki, o, İrandakı “yaşıl hərəkat”a qoşulur. O, İranın Xarici İşlər Nazirliyi sistemində çalışan diplomatların və digər işçilərin 90 faizinin ölkədəki siyasi vəziyyətdən narahat olduğunu bildirmişdi: “Axı biz də insanıq, bizim də vicdanımız var. Nə biləydik ki, bir gün monqollar gəlib ölkənin heysiyyətini bu cür qarət edib yağmalayacaqlar. Açığını deyim, ölkədə baş verən cinayətlər, zülmlər və faciələrlə bağlı uşaqlarımızın bizə verdiyi sualları cavablandıra bilmirik. Hökumətin səriştəsizliyi ucbatından bu qədər məntiqdən uzaq hərəkətləri həzm etməkdə çətinlik çəkirik. Vəziyyət elə pisdir ki, artıq getdikcə ölkə parlamentinin də səsi çıxır. Bir sözlə, bu sistem çökmək ərəfəsindədir. Mən açıq şəkildə bildirirəm ki, ölkədə repressiyalara qarşı müqavimət göstərmək üçün Mirhüseyn Musəvinin göstərişi ilə yaranan ictimai şəbəkələr bu gün İranın Xarici İşlər Nazirliyində aktiv şəkildə fəaliyyət göstərir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar