SON XƏBƏRLƏR

Qardaş ölkənin naziri: "Naxçıvan bizim göz bəbəyimizdir"

2021.10.20, 07:36
Qardaş ölkənin naziri: "Naxçıvan bizim göz bəbəyimizdir"

Gunaz.tv

GünAzTv: Türkiyənin xarici ticarət üzrə dövlət naziri Zəfər Çağlayanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Naxçıvan Muxtar Respublikasında keçiriləcək Azərbaycan-Türkiyə biznes-forumunda iştirak etmək üçün oktyabrın 26-da Naxçıvana gəlib.    İş adamları və qeyri-hökumət təşkilatları təmsilçilərinin də qatıldığı 125 nəfərlik heyəti Naxçıvan hava limanında Muxtar Respublika Ali Məclisinin sədr müavini Azər Zeynalov, NMR ticarət naziri Famil Seyidov, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç və digər rəsmi şəxslər qarşılayıb.    Dünən Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla görüşən dövlət naziri Zəfər Çağlayan Naxçıvanda olmaqdan məmnunluq duyduğunu vurğulayıb: "Azərbaycana səfərimiz zamanı hörmətli prezident İlham Əliyev Naxçıvana işgüzar səfər etməyimizi istəmişdi. Bu gün bunu gerçəkləşdiririk. Burada əsasən Şərqi Anadolu bölgəmizdən gələn iş adamları və ticarət-sənaye palataları rəhbərlərinin qatılacağı ikitərəfli görüşlər keçiriləcək, razılaşmalar əldə olunacaq. Naxçıvanın inkişafı üçün əlimizdən gələni edəcəyik. Naxçıvanın inkişafı bizim üçün çox önəmlidir. Burada siyasi sabitlik olduğundan Naxçıvan cazibə mərkəzi halına gəlib. Naxçıvana sərmayə qoyacağıq və ticarəti genişləndirəcəyik" (APA).    Talıbov isə bildirib ki, Naxçıvan Türkiyənin türk cümhuriyyətləri ilə sərhədinin olduğu yeganə yerdir. O, Naxçıvanın inkişafından danışaraq Türkiyə ilə iqtisadi əlaqələrin inkişafı üçün bütün lazımi addımların atılacağını söyləyib.    Vasif Talıbovla görüşdən sonra jurnalistlərə açıqlamasında Zəfər Çağlayan deyib ki, "Naxçıvan bizim göz bəbəyimizdir, bizim üçün çox önəmlidir. Bu səbəblə Naxçıvana dəstək olacağıq".    Sədərəkdəki Dilucu sərhəd məntəqəsində iş adamları ilə görüşən Türk nazir Qarabağ problemi həll olunmadan Türkiyənin Ermənistanla sərhədlərini açmayacağını bəyan edib.    Vasif Talıbov qonaqların şərəfinə ziyafət verdikdən sonra Türkiyə nümayəndə heyəti Naxçıvanın tarixi yerlərini gəzib. Zəfər Çağlayanın biznes-forum çərçivəsində Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşü də nəzərdə tutulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar