SON XƏBƏRLƏR

Faktaraşdırıcı missiyadan gözləntilər… (Təhlil)

2021.10.20, 07:36
Faktaraşdırıcı missiyadan gözləntilər… (Təhlil)

Gunaz.tv

GünAzTv: Vasitəçilərin son zamanlar tutduğu dinamik xətt reallığı əks etdirən məruzənin hazırlanacağına ümidləri artırır.

 

ATƏT-in xətti ilə işğal olunmuş ərazilərə səfər edən qiymətləndirmə missiyası artıq regiondadır. Minsk qrupu həmsədrlərinin də iştirak etdiyi ekspertlər oktyabrın 14-ə qədər bölgədəki vəziyyəti öyrənəcək və bunun əsasında yekun məruzə hazırlayacaqlar. Məruzənin obyektiv olacağına rəsmi Bakının ümidləri böyükdür. Çünki BMT Baş Assambleyasının 65-ci sessiyasında işğal olunmuş ərazilərə dair qətnamə layihəsinin müzakirəyə çıxarılması məhz qiymətləndirmə missiyasının hesabatından asılıdır. Naxçıvan səfəri çərçivəsində Minsk qrupunun həmsədrlərini qəbul edən Prezident İlham Əliyev də bildirib ki, səfər çox böyük əhəmiyyət daşıyır. Missiyanın fəaliyyətini alqışlayan dövlət başçısı 2005-ci ildə ATƏT-in faktaraşdırıcı missiyasının işğal olunmuş ərazilərdə olarkən oradakı dağıntılar barədə hazırladığı məruzənin önəmini diqqətə çatdırıb. Prezident budəfəki səfər və müşahidələrin nəticəsi kimi obyektiv məruzənin hazırlanacağına, sənəddə Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma, dağıntılar, ümumiyyətlə, işğalla bağlı faktların öz əksini tapacağına ümidvar olduğunu bildirib. Əks halda, Ermənistan yenilənmiş «Madrid prinsipləri»nə dair mövqeyində dəyişiklik etməyəcək. Hazırda ən ciddi məsələ məhz İrəvanın ATƏT-in dekabrda keçiriləcək zirvə görüşünə qədər Qarabağ danışıqlarındakı mövqeyini dəyişməsinə nail olmaqdır. Azərbaycan istənilən halda öz ərazi bütövlüyünü təmin edəcək addımlardan geri çəkilməyəcək.

 

Əslində, vasitəçilərin son zamanlar danışıqlar prosesində tutduğu dinamik xətt məhz reallığı əks etdirən məruzənin hazırlanacağına ümidləri artırır. Minsk qrupunun fransalı həmsədri Bernar Fasye də səfər öncəsi bildirdi ki, faktaraşdırıcı missiya ilk növbədə son 5 ildəki vəziyyəti müqayisə edəcək. Onun sözlərinə görə, təmas xətti əbədi olaraq dəmir pərdə kimi qalmamalıdır. Fasye hər şey plana uyğun gedərsə və hava şəraiti imkan verərsə, oktyabrın 13-dək işlərini yekunlaşdırmağı planlaşdırdıqlarını da qeyd etdi. Vasitəçilər bir həftə ərzində Dağlıq Qarabağ ətrafındakı bütün yaşayış məntəqələri və rayonlarda olacaqlar. Bu səfər yaxın müddətdə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkili ilə bağlı məsələyə də aydınlıq gətirməlidir.

Ermənistan tərəfi də qiymətləndirmə missiyasının səfərinə ciddi diqqət yetirdiyini söyləyir. Vasitəçiləri qəbul edən Ermənistan prezidenti Serc Sarkisyan missiyanın yekunda obyektiv hesabat hazırlamasının vacibliyini vurğulayıb. Diplomatlar İrəvan görüşlərində danışıqların Madrid təklifləri əsasında davam etdirilməsinə zərurət olduğunu bildiriblər. Ancaq erməni rəsmiləri qiymətləndirmə işlərinin Azərbaycanın BMT Baş Assambleyasına təqdim etdiyi qətnamə layihəsi ilə hər hansı əlaqəsi olduğunu inkar edir. Rəsmi Bakı isə hesab edir ki, beynəlxalq ekspertlərin regiondakı vəziyyəti obyektiv qiymətləndirə bilməsi üçün problem yoxdur. Bu obyektivlik işğal olunmuş ərazilərdə gələcəkdə qeyri-qanuni əməllərin, məsələn, qanunsuz məskunlaşma, yanğınların törədilməsi, zərərli tullantıların çaylara axıdılması kimi halların qarşısını almağa şərait yaratmalıdır.

 

Faktaraşdırıcı qrupun səmərəli işi ümumilikdə bölgədə təhlükəsizlik problemlərinin həllinə də təkan verməlidir. Hazırda bu prosesi Ermənistan pozur. Rusiya ilə imzalanmış yeni hərbi müqavilə, Metsamor AES-in bazasında yeni atom stansiyasının tikintisi istəyi regional səviyyədə böyük aciotac yaradır. Bu həftə İrəvana səfər edən Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze xüsusi vurğuladı ki, Ermənistandakı Rusiya hərbi bazası Gürcüstanın təhlükəsizliyinə təhdiddir. Soçidə təhlükəsizlik məsələlərinə məsul yüksək vəzifəli şəxslərin Birinci Beynəlxalq Görüşündə çıxış edən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də qeyd etdi ki, “boz zonalar” adlandırılan çərçivədə fəaliyyət göstərən müxtəlif profilli kriminal təşkilatların terrorçu qruplaşmalarla birləşməsi cinayətkarlıq üçün böyük potensial yaradır və ən təhlükəli tendensiyalardan biridir. Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf yeddi rayonda məhz belə nəzarət olunmayan zona yaradılıb. Prezident Administrasiyası rəhbərinin fikrincə, daxil olan operativ informasiyalar və sübuta yetirilən faktlar tam şəkildə söyləməyə əsas verir ki, bu ərazi aktiv şəkildə narkotik maddələrin istehsalı, tranziti və ticarəti, silah və insan ticarəti, qeyri-leqal miqrasiya, terrorçular üçün sığınacaq, çirkli pulların yuyulması və transmilli cinayətkarlığın digər təhləkəli növləri üçün istifadə edilir. Bu baxımdan beynəlxalq missiyanın qərarı regionda terrorçuluq və digər cinayətlərin qarşısının alınmasına ciddi təsir göstərə bilər.

Qeyd edək ki, bu kimi məsələlər təkcə sözügedən missiyanın deyil, həm də Cənubi Qafqazda maraqları olan beynəlxalq təşkilatların da diqqətində olmalıdır. Hərçənd Avropa Şurasının Parlament Assambleyası tərəflər arasında anlaşma əldə edilməsi və regionda sabitliyin yaradılması üçün səylər göstərir. Qurumun sessiyası çərçivəsində Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüşün keçirilməsi buna sübutdur. Görüşdə iştirak edən AŞPA prezidenti Mövlud Çavuşoğlu Dağlıq Qarabağ münaqişəsinin qurumun alt komitələrində mütəmadi olaraq müzakirə edildiyini və Qafqaz regionunun daim diqqətdə saxlanıldığını bəyan etdi.

 

Şübhəsiz, münaqişənin həlli və danışıqların uğurla davam etdirilməsində regional oyunçular, o cümlədən Türkiyə, Rusiya və digərlərinin böyük rolu var. Türkiyənin Ermənistanla münasibətləri bərpa etmək səylərinə baxmayaraq İrəvan tərəflər arasında hər hansı anlaşma olduğunu rədd edir. Sürix protokollarının imzalanmasından 1 il ötsə də, ermənilər sərhəd açılımı tələbini irəli sürməkdən başqa əməkdaşlıq istiqamətində heç bir addım atmır. Onların NATO-nun Ermənistandakı hərbi təlimləri çərçivəsində Türkiyənin sərhədləri açmağa məcbur ediləcəyinə bəslədikləri ümidlər də boşa çıxdıqdan sonra qarşı tərəf indiki mərhələdə danışıqları uzatmağın yeganə vasitə olduğu qənaətinə gəlib. Üstəlik, Ankaraya qarşı da yeni iddialar irəli sürülür. Lakin Türkiyə rəsmiləri, ilk növbədə xarici işlər naziri  Ermənistanla münasibətlərin tam bərpası üçün Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin şərt olduğunu bir daha qiqqətə çatdırdı.

 

Beləliklə, aydın görünür ki, istər region ölkələri, istərsə də qiymətləndirmə missiyası üçün əsas məqam Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi və bölgənin inkişafının təmin edilməsidir. Qarşı tərəfin faktaraşdırıcı qrupun məqsədləri barədə yalan informasiyalar yayması, missiyanın Dağlıq Qarabağın Azərbaycanın nəzarəti altında olan ərazilərdə və Naxçıvanda araşdırma aparacağını iddia etməsi onu göstərir ki, Ermənistan beynəlxalq birliyin böyük həssaslıqla yanaşdığı bu məsələni də heçə endirmək istəyir. Amma vasitəçi dövlətlər bu səfəri ATƏT-in qarşıdakı Astana sammiti ərəfəsində yeni imkanların ortaya çıxması imkanı kimi dəyərləndirdiyindən missiyanın İrəvanın arzu etdiyi nəticələrlə bitəcəyini düşünməyə dəyməz.

 

“1-ci kanal”ın Analitik Qrupu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar