Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.
Məktubda, Azərbaycanın Qarabağ bölgəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinə təhdidlər törədən erməni silahlı qüvvələrinin qanunsuz mövcudluğuna son qoymaq məqsədilə həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin nəticələri barədə məlumat verilib.
Bu konteksdə ölkəmiz tərəfindən aparılan erməni silahlı qüvvələrinin tərksilah prosesi, demobilizasiya və reinterasiya səyləri barədə məlumat verilib.
Qanunsuz erməni birləşmələrinin tərksilah prosesi çərçivəsində təslim edilmiş silah və sursatların, həcminin Azərbaycanın suveren ərazilərinin hərbiləşmiş zonaya çevrilməsinin, habelə Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Ermənistan tərəfindən qeyri-qanuni yollarla davamlı şəkildə genişmiqyaslı dağıdıcı silah-sursatla təmin olunmasının bariz nümunəsi olduğu diqqətə çatdırılıb.
Ermənistanın bu kimi destruktiv və qeyri-səmimi davranışlarının Azərbaycan tərəfindən başladılan və son 3 ildə davam etdirilən bölgədə sülh və sabitliyin təmin edilməsinə yönəlik sülh prosesi səylərinə xələl gətirdiyi vurğulanıb.
Məktubda, həmçinin Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni əhalisinin reinteqrasiyası çərçivəsində görülən işlərdən bəhs edilib.
Lokal xarakterli antiterror tədbirləri yekunlaşdıqdan dərhal sonra reinterasiya istiqamətində praktiki işlərə başlanıldığı, müvafiq işçi qrupun yaradıldığı, 21 sentyabr tarixində Yevlax görüşünün keçirildiyi, 24 sentyabr tarixində Xankəndi şəhərinin Azərbaycanın enerji sisteminə qoşulduğu və bununla da yerli erməni əhalisinin fasiləsiz elektrik enerjisi ilə təchiz edildiyi bildirilib.
Habelə, məktubda BMT-nin Baş katibi Laçın-Xankəndi və Ağdam-Xankəndi yolları vasitəsilə yerli erməni əhalisinə çatdırılan humanitar yardımlar barədə məlumatlandırılıb.