SON XƏBƏRLƏR

İranla ərəb ölkələri arasında gərginlik yenidən şiddətləndi

2024.03.07, 12:40
İranla ərəb ölkələri arasında gərginlik yenidən şiddətləndi

Küveyt əmirinin Birləşmiş Ərəb Əmirliklərinə səfərinin sonunda İran körfəzində yerləşən üç mübahisəli ada və "Əl-Dürrə" qaz yatağı ilə bağlı yekun bəyanatı İran tərəfinin sərt reaksiyası ilə qarşılaşıb.

Gunaz.tv

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bəyanatla çıxış edib.

O, bu bəyanatın bəzi müddəalarını rədd edərək bunu müdaxiləçi bəyanat kimi xarakterizə edib.

"Əbu Musa, Böyük Tunb və Kiçik Tunb İran torpağının ayrılmaz və əbədi parçasıdır, onların bu bəyanatda və ya digər görüşlərin təkrar bəyanatlarında qeyd edilməsinin heç bir siyasi və hüquqi dəyəri yoxdur",- Kənani bildirib.

O, İranın öz ərazi bütövlüyü məsələsini müzakirə etmək fikrində olmadığını deyib.

Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirləri martın 4-də İranın “Ərəş” adlandırdığı “Əl-Dürrə” qaz yatağında Səudiyyə Ərəbistanı və Küveytin müstəsna hüququna dair birgə bəyanat yayıblar. 

Onlar növbəti dəfə heç bir üçüncü ölkənin bu yataqda payı olmadığını bildiriliblər.

Bununla yanaşı, son vaxtlar İran körfəzindəki mübahisəli Böyük Tunb, Kiçik Tunb və Əbumusa adalarının mülkiyyət hüququ ilə bağlı BƏƏ ilə İran arasında mübahisələr yenidən qızışıb.

Bundan əvvəl 2023-cü ilin iyulun 10-da Moskvada Rusiyanın xarici işlər naziri və Körfəz Əməkdaşlıq Şurası baş katibinin iştirakı ilə quruma üzv ölkələr arasında strateji dialoq baş tutub.

Görüşdən sonra birgə bəyanat qəbul edilib.

Sənəddə Əbu Musa, Böyük Tonb və Kiçik Tonb adaları ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin mövqeyini dəstəkləyən fikirlər yer alıb.

Bu, İranın narazılığı ilə qarşılanıb, Tehran hökuməti Rusiyaya etiraz edib və Rusiyanın Tehrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar