SON XƏBƏRLƏR

Serj Sərkisyanın həyasızlaşmasının səbəbləri

2021.10.20, 07:36
Serj Sərkisyanın həyasızlaşmasının səbəbləri

Gunaz.tv
Serj Sərkisyanın həyasızlaşmasının səbəbləri Barak Obama ABŞ-ın yeni prezidenti seçiləndən sonra müsəlman ölkəsi olaraq ilk səfərini Türkiyəyə reallaşdırdı. Bundan məmnun qalan, hətta eyforiyaya qapılan AKP hakimiyyəti Barak Obama ilə görüş zamanı elə ofsunlandılar ki, ABŞ prezidentinin Ankarada ermənilərin maraqlarını təmin edən açıqlamalarına da düz-əməlli münasibət bildirmədilər. Arzu Şirinova Və onda eyforiyadan ayıldılar ki, Barak Obama qondarma soyqırımla bağlı ermənilərə verdiyi vədi unutmadığını, bunu bu il olmasa da, gələn il gerçəkləşdirə biləcəyini və bütün bunların olmaması üçün Türkiyənin Ermənistanla sərhədləri açmasını tezləşdirməyi dolayısı yolla bəyan edib. Digər tərəfdən də Azərbaycan hakimiyyətinin, ümumilikdə hər iki ölkə ictimaiyyətinin sərhədlərin açılmasına etirazı AKP hakimiyyətini çıxılmaz duruma saldı. Yerbəyerdən AKP hakimiyyətinin bu gün Türkiyədə apardığı siyasət pislənildi və istər Türkiyə müxalifəti, istərsədə hakimiyyətdə olmuş Süleyman Dəmirəl bildirdilər ki, sərhədlərin açılması Azərbaycana arxadan vurulan zərbədir. Eyni zamanda çox haqlı olaraq söylədilər ki, AKP hakimiyyəti Barak Obamanın sərhədləri açmaq tövsiyəsini həyata keçirsə, bu, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətini kölgədə qoyacaq, bu ölkənin təcavüzkar olmadığına yardım göstərəcək. Və nəhayət, dünyaya Ermənistanın gerçək sifəti deyil, yalançı sülhpərvər siyasəti təlqin ediləcək. Vaxtilə Türkiyədə hakimiyyətdə olanlar Ermənistanla sərhədləri Dağlıq Qarabağ probleminə görə bağlamış, eyni zamanda belə şərt də irəli sürmüşdülər ki, sərhədlər rəsmi İrəvan Türkiyəyə ərazi iddialarından, qondarma soyqırımdan əl çəkməklə, Türkiyənin ərazi bütövlüyünü tanımaqla və Dağlıq Qarabağdan işğalçı ordusunu çıxarmaqla açıla bilər. Türkiyədə də, Azərbaycanda da haqlı olaraq belə sual verilir-deyilən şərtlərin hansı birinə əməl olunub ki, bu gün AKP hakimiyyəti əl-ayağa düşüb sərhədləri açır? Təbii ki, heç birinə. Hər zaman bu yöndə məsələlər gündəmə gələndə Ermənistan prezidenti Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbəndyan bildirirlər ki, rəsmi İrəvan nə Türkiyəyə qarşı qondarma soyqırımdan əl çəkəcək, nə də Dağlıq Qarabağın işğaldan azad olunmasını təmin edəcək. Ötən həftə isə Ermənistan prezidenti Serj Sərkisyan millətinə xas olmaqla həyasız bəyanat verərək qəti sözünü dedi. O, ilk olaraq Azərbaycanı təcavüzkar dövlət adlandırdı və bildirdi ki, ermənilər heç vaxt Dağlıq Qarabağın "müstəqilliyindən" vaz keçməyəcək. Ən pis halda isə Dağlıq Qarabağın Ermənistanla birləşməsini təmin etməyə çalışacaqlar. Sonda isə vurğuladı: "Mən səbirsizliklə Azərbaycanın Dağlıq Qarabağın müsqəqilliyini tanıyacağı günü gözləyirəm". Görəsən, Serj Sərkisyanda bu qədər arxayınlıq və əminlik hardandır? Sözsüz ki, AKP hakimiyyətinin onunla şərt irəli sürmədən sərhədlərin açılmasına qeyri-rəsmi olsa da razılıq verməsi, Serj Sərkisyanı ruhlandırıb. Ancaq srağagün Türkiyənin "D" telekanalının müxbirinin Şuşadan, Xocalıdan və Xankəndindən hazırladığı reportaj şəxsən məndə başqa təəssürat yaratdı. Türkiyəli həmkarımın reportajından bəlli oldu ki, 17 ildir ermənilər Şuşanı, Xocalını işğal etsələr də, bu yerlərdə insanların yaşaması üçün normal həyat şəraitinin təmin olunmasına belə səy göstərməyiblər. Hər yer 17 il bundan əvvəlki qaydada uçulub-dağılıb, evlər yerlə-yeksan olunub. Bir sözlə, Şuşa və Xocalı şəhərləri xarabazarlığı xatırladır. Şəxsən mənim gəldiyim qənaət bundan ibarətdir ki, nə Serj Sərkisyan, nə də erməni lobbisi işğal etdikləri torpaqların nə vaxtsa onlarınkı olacağına inanmırlar. Və inanmadıqlarına görə də bu yerlərdə daşı-daş üzərinə qoymaqdan çəkinirlər. Və bilirlər ki, Azərbaycan xalqı bu yerlərin heç vaxt ermənilərin işğalı altında qalmasıyla barışmayacaq. Sonda gəldiyim qənaət bundan ibarətdir ki, AKP hakimiyyəti Serj Sərkisyanı ruhlandıran addımlarından geri dönsə, Azərbaycanın haqlı sözünü dəstəkləyib yanında olsa, ermənilər bu gün keçirdikləri sıxıntıda boğulmamaq üçün ayağa qalxıb onların həyatını puç edən, zorən müharibəyə sürükləyən Serj Sərkisyan kimilərini hakimiyyətdən devirəcəklər. Görəsən AKP hakimiyyəti bütün bunların fərqindədirmi?

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar