SON XƏBƏRLƏR

AKP mediası Bakını hədələyir . Süleyman Dəmirəl isə sərhədin açılmasına qarşı çıxır

2021.10.20, 07:36
AKP mediası Bakını hədələyir . Süleyman Dəmirəl isə sərhədin açılmasına qarşı çıxır

Gunaz.tv
"Türkiyənin Ermənistanla sərhədini açmaqla Avropa, ABŞ və Rusiya öz problemlərini həll etmək istəyirlər. Onlar Cənubi Qafqazda təsir rıçaqları uğrunda mübarizə aparırlar. ABŞ indiyədək bizə dəfələrlə təklif etmişdi ki, Ermənistanla sərhədi açaq. Mən də onlardan soruşanda ki, bundan Türkiyə nə udacaq - susur, cavab verməyə çətinlik çəkirdilər". Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəlin dediyinə görə, Anadolu və Azərbaycan türkləri arasında qırılmaz dostluq, qardaşlıq telləri var. "Dostum Heydər Əliyevlə ölkələrimiz arasında elə əlaqələr yaatmışıq ki, onların bünövrəsi çox möhkəmdir. İndisə elə siyasətçilər var ki, sadəlövhlükdən, uzaqgörən olmamaları nəticəsində əlaqələrimizə ciddi mübarizə vura bilərlər. ABŞ indi bizim vasitəsizlə Ermənistanda möhkəmlənmək istəyir. Belə vəziyyət isə Bakının mövqelərini xeyli zəiflədə bilər, çünki Ermənistanın ABŞ ilə yaxınlaşması Azərbaycanın xeyrinə deyil. Türkiyə ilə Ermənistan arasında sərhəd açılarsa Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və erməni işğalında olan Azərbaycan torpaqlarının azad edilməsi prosesi illərlə uzanacaq. Bu isə Dağlıq Qarabağın faktiki olaraq itirilməsinə bərabərdir", - S.Dəmirəl deyib. Sabiq prezident hesab edir ki, Ankara Qafqazda geosiyasi liderlərdən birinə dönmək istəyirsə, Dağlıq Qarabağ probleminin həlli və Azərbaycanın hazırda erməni işğalında olan ərazilərinin azad edilməsinə nail olmalıdır. Türkiyədəki siyasətçilər də iqtidardakı Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbərliyinin, daha konkret olsaq baş nazir Rəcəb Tayyib Ərdoğan və prezident Abdulla Gülün ABŞ ilə Avropa Birliyinin tələblərini yerinə yetirmək, habelə populizmə varmaq məqsədilə Ermənistanla sərhədin açıla bilməsi məsələsini gündəmə gətirdiklərini deyirlər. Türkiyə Strateji Araşdırmalar mərkəzinin ekspertlərinin fikrincə, AKP iqtidarının Ermənistanla bağlı problemi həll etmək cəhdi doğru və məntiqi yoldur. Lakin Ərdoğanla Gülün "münasibətlərin normallaşması" ifadəsinin nə demək olduğu hələ də anlaşılmır: "Əlaqələrin normallaşması iki ölkə arasında sərhədi açmaq və diplomatik münasibətlərin qurulması deməkdir. Bunlardan biri olmadan digərini reallaşdırmaq mümkün deyil. Suriya bizim Hatay əyalətimizə iddialı olsa da, onlarla sərhədi bağlamamışıq. Kıbrıs məsələsindən dolayı Yunanıstanla ən qovğalı və mürəkkəb zamanlarda da Afina ilə diplomatik münasibətlər kəsilmədi. Sərhədin açılması ideyasının hər iki tərəfdə narazılıqla qarşılanacağı bəlli idi. Çünki Türkiyə və Ermənistandakı millətçilərin buna hər vəchlə mane olacağını təxminləmək çətin deyildi. Fəqət, Vaşinqtonla Ankaranın razılaşdırdığı ssenarini Bakı korladı, Türkiyə ilə Ermənistan arasındakı anlaşma istiqamətindəki hərəkəti xeyli ləngitdi". "Milliyet" qəzetinini tanınmış köşə yazarı Semih İdiz isə Bakını aşkar şəkildə hədələyib. AKP lideri Ərdoğana yaxınlığı ilə tanınan yazar qəzetin dünənki sayındakı köşəsində belə yazıb: "Azərbaycan prezidenti İlham Əliyevin İstanbulda keçirilən "Mədəniyyətlər İttifaqı" sammitinə nümayişkaranə şəkildə qatılmamasını sinəsinə çəkən baş nazir Rəcəb Tayyib Ərdoğan partiyasının siyasi mənfəəti üçün sərhəd məsələsindəki proseslərin intensivliyini artırmaq məcburiyyətindədir. Rəsmi Bakı iddia edir ki, Ankara ilə İrəvan arasındakı müzakirələrdən xəbərsizdir. Əsla belə deyil və Bakının bu prosesdənelə ilk günlərdən xəbərdar olmasını şəxsən bilirəm. Prezident Abdulla Gül ilə xarici işlər naziri Əli Babacanın da bu məqsədlə Bakıya səfərlərində mən də iştirak etmişdim". AKP-nin "vuran qələm"lərindən biri kimi tanınan Semih İdiz daha sonra açıq şəkildə Bakıya meydan oxuyur: "Azərbaycan rəhbərliyinin bütün bunlara rəğmən Ankaraya güvənməyib Qərb qəzetlərində çıxan spekulyativ xəbərlərə istinad edərək siyasət yürütməsi diqqət çəkir. Rəsmi Bakının atdığı bu gözlənilməz addımları AKP liderlərinin asanlıqla unudacaqlarını düşünmürəm. Səbəb isə məlum. Türkiyənin Ermənistanla münasibətlərini zorla Dağlıq Qarabağ probleminə bağlamaq İrəvanla az qala bir əsrlik problemimizin həllini təxirə salmaqdır. Ystəlik Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında hər hansı irəliləyiş də gözlənilmir. Ermənistanla münasibətlərin normallaşmasına yönəlmiş cəhdlərin indi Azərbaycan rəhbərliyinin istəyi ilə ləngidilməsi ABŞ və Avropa Birliyi ilə əlaqələr baxımından baş nazir Rəcəb Tayyib Ərdoğanla Türkiyənin başını xeyli ağrıda bilər. Eyni zamanda, Ermənistanla əlaqələrimizin normallaşmasını istəməyən erməni diasporu da bizə qarşı güclü kozır əldə edəcək. Bütün bunları nəzərə alaraq AKP rəhbərliyi, Türkiyə prezidenti və baş nazirinin Bakının son addımları ilə Azərbaycan rəhbərliyinin davranışlarından məmnun olduqlarını düşünmək sadəlövhlükdür. Türkiyənin Azərbaycan uğrunda indiyədək etdiyi fədakarlıqların müqabilində Bakıdan da Qüzey Qıbrıs Türk Cümhuriyyəti ilə bağlı bəzi addımların atılmasını istəniləcəyi də mümkündür". Erməni Strateji Araşdırmalar Mərkəzinin prezidenti Riçard Kirakosyan isə Türkiyə ilə Azərbaycan arasındakı münasbətlərdə yaranmış bu laübədən xeyli məmnundur: "Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan iqtidarı bizim indiyədək edə bilmədiyimizi reallaşdırdı və "bir millət, iki dövlət" şüarının aktualığını azaltmağa başladı". Həsən AĞACAN

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar