SON XƏBƏRLƏR

Mən Ana dilində yazıb-oxumaq istəyirəm

2021.10.20, 07:36
Mən Ana dilində yazıb-oxumaq istəyirəm

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata əsasən Güney Azərbaycanın Əhər şəhərində 16 yaşlı azərbaycanlı məktəbli İbrahim Nuri ana dilində təhsil istədiyi üçün aprelin 7-də şəhər inqilab məhkəməsinə çağırılıb. Məhkəmədə sorğu-sual edildikdən sonra sərbəst buraxılan məktəbliyə məhkəmənin yekun rəyi yaxın günlərdə açıqlanacaq. Məhkəmə İbrahim Nurini qanunazidd addımlar atmaqda ittiham edib. 16 yaşlı məktəbli isə bunları deyib: "Mən hansısa qanunazidd addım atmamışam. Sadəcə, ana dilində yazıb-oxumaq istəyirəm və öz dilimdə məktəblərin olmasını dilə gətirmişəm. Bizə ana dilində yazıb-oxumaq yasaqlanıb". İbrahim Nuri bildirib ki, o, ana dilində təhsillə bağlı tələblərini həm məktəbdə, həm də kənarda həmişə səsləndirib. Sonuncu dəfə 21 Fevral Ümumdünya Ana Dili Günündə keçirilən tədbirdə iştirak edib və bir daha doğma dilində məktəb istəyib. Onun sözlərinə görə, bu istəklərini hər dəfə dilə gətirənlər həmişə onu kimi məhkəməyə çağırırlar. Qeyd edək ki, İran Konstitusiyasının 15-ci maddəsi bu ölkədə yaşayan bütün millətlərə öz ana dilində təhsil hüququ tanıyır. Amma sayı 38 milyon olan azərbaycanlıların öz dilində məktəbi yoxdur. Xatırladaq ki, 11 yaşından Milli Hərəkata qoşulan İbrahim Nuri ilk dəfə 14 yaşında, yəni 2007-ci ildə İranda azərbaycanlıların keçirdiyi aksiyaların ildönümü ərəfəsində tutulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar