SON XƏBƏRLƏR

“ERGENEKON”da NÖVBƏTİ HƏBS DALĞASI

2021.10.20, 07:36
“ERGENEKON”da NÖVBƏTİ HƏBS DALĞASI

Gunaz.tv
“ERGENEKON”da NÖVBƏTİ HƏBS DALĞASI Bu dəfə Atatürkçü rektorlar və ziyalılar hədəfə alındı Dünən Türkiyədə silahlı terror təşkilatı olaraq təqdim edilən “Ergenekon”la bağlı kütləvi həbslərin yeni dalğası olub. Bundan əvvəlki əməliyyatlarda olduğu kimi içərisində saxlanılacaq şəxslərin adları və ünvanları göstərilən bağlı zərfləri açan xüsusi təyinatlı polis bölmələri səhərə yaxın eyni vaxtda ölkənin bir neçə şəhərində həbslərə başlayıb. Mətbuata məlum olub ki, axtarış və həbslər keçirmək üçün polisə 60-a yaxın ünvan verilib. Bəlli olub ki, bu dəfə “Ergenekon” əməliyyatını planlaşdıranların və başladanların hədəfində Atatürkçü universitet rektorları, elm adamları və ziyalılar var. Ankarada xüsusi təyinatlı polislər səhərin ilk saatlarında Başkənt Universitetinin rektoru Mehmet Haberalı və İnönü Universitetinin rektoru Fatih Hilmioğlunu həbs ediblər. Daha sonra hər iki Universitetdə, həmçinin Başkənt universitetinin televiziyası olan “KanalB” də axtarışlar başlayıb. Eyni anda İstanbulda polislər Çağdaş Yaşamı Dəstəkləmə Dərnəyinin qərargahında axtarışlar aparıblar. Axtarışlar dərnəyin yerli şöbələrində də başlayıb. Bursada Atatürkçü Düşüncə Dərnəyinin başqan əvəzinin və Uludağ Universitetinin keçmiş rektoru Mustafa Yurtkıranın evində axtarışlar olub. Samsun bölgəsində də 19 May Universitetinin keçmiş rektoru Ferit Bernayın evinə polislər basqın edib. Van və Diyarbəkir bölgələrində də universitet rektorlarının, professorların evləri polis basqınına məruz qalıb. Ankarada “KanalB” nin redaksiyasında aparılan axtarış zamanı əvvəllər yayımlanmış bəzi verilişlərin kaset və CD-lərinin tələb edildiyi məlum olub. Başkənt Universitetinin rektoru Mehmet Haberal isə həbs olunduqdan sonra müayinə üçün ədliyyə xəstəxanasına aparılıb. Orada rektor “Nədən həbs edildiniz” sualına cavab olaraq jurnalistlərə bildirib ki, saxlanmasının səbəbini bilmir: “Mən onu deyə bilərəm ki, Türkiyədə baş verənlər Atatürkün qurduğu cümhuriyyətə yaraşmır”. Haberalın həbsinə etiraz olaraq onun evinə çoxsaylı ziyarətçilər, o cümlədən MHP millət vəkilləri gəlməyə başlayıblar. Rektorun evini ziyarət edən və onun həbsinə etiraz edənlər arasında CHP-nin Ankara bələdiyyə başqanlığına keçmiş namizədi Murat Qarayalçın da olub. Qarayalçın deyib ki, Haberal Atatürk prinsiplərinə və ideyalarına inanan şəxsdir: “Bu axtarışlar və həbslər cümhuriyyətçi insanları susdurmağa yönəlib”. Haberalın başçılıq etdiyi ali məktəb isə bəyanat yayaraq bildirib ki, Başkənt Universitetinin qurucu rektoru silahlı terror təşkilatına üzv olmaq, təşkilata yardım etmək ittihamı ilə həbs edilib: “Bütün həyatı və fəaliyyəti boyu Atatürk ideyalarına əsaslanan rektorumuzun həbs edilməsi çox anlamlıdır. Bu kampaniya zamanı düşünən beyinlər, Atatürkçü ziyalılar həbs edilib. Universitet olaraq rektora qarşı edilən bu hərəkəti pisləyir və onun azad edilməsi üçün mübarizə aparacağımızı bəyan edirik”. Məlumatlara görə, əməliyyatlar zamanı təkcə İstanbulda əksəriyyəti professorlar və QHT təmsilçiləri olmaqla 18 nəfər tutulub, onlardan 11-i qadındır. Əməliyyatlar eyni zamanda Türkiyənin 12 bölgəsində həyata keçirilib, həbs edilənlərin sayı 60-a yaxındır. Onlar dindirilmək üçün “Ergenekon” istintaqını aparan İstanbul cümhuriyyət prokurorluğuna gətiriliblər. Maraqlıdır ki, budəfəki həbs dalğasının da hədəfi Atatürk prinsiplərini müdafiə edən, həmçinin Türkiyədə islam rejimi qurulmasını istəməyən şəxlər, vətəndaş cəmiyyəti qurumları və media hədəfə alınıb. Bu da Türkiyədə “Ergenekon” adı altında əslində Atatürk cümhuriyyətinin müdafiəçilərini və islamçı hökumətə qarşı çıxan hər kəsi sıradan çıxarmaq kampaniyası həyata keçirilməsindən şübhələnmək üçün daha bir ciddi əsas verir. O da maraqlıdır ki, özünü insan haqları və demokratiya müdafiəçisi olaraq görən Qərb Türkiyədə müxalif fikirdə olanlara qarşı iki ildir davam edən bu kampaniyanı görməməzliyə vurur, yaxud dəstəkləyir. Qeyd edək ki, Türkiyə ictimaiyyəti və mediasının diqqəti neçə gündür Ermənistanla sərhədlərin açılması məsələsinə yönəlmişdi. Növbəti “Ergenekon” həbsləri ilə bu gündəm dəyişib, tanınmış rektorların, Atatürkçü ziyalıların həbsi ölkədə böyük narahatlıqla izlənilir. Həbs edilənlərdən Mehmet Haberala dəstəyini ifadə etmək üçün keçmiş prezident Süleyman Dəmirəl də İstanbul aeroportuna gəlib. İstanbul 1-ci ordu komandanı, ordu generalı Ergin Saygun isə sürpriz şəkildə şəhər polis rəisi ilə görüşüb. Sayqun deyib ki, Celaleddin Cərrahla görüşü son həbslərlə bağlı deyil. F.MƏMMƏDOV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar