Reuters-in yaydığı hesabata görə, SEPAH sanksiyalar dövründə neft, tikinti, gəmiçilik, limanlar, telekommunikasiya, logistika və xarici ticarət sahələrində geniş kommersiya imperiyası qurub və hazırda neft ixracına verilə biləcək güzəştlərdən, sanksiyaların mümkün ləğvindən və xarici kapital axınından faydalanmaq üçün əlverişli mövqedədir.
Hesabatın əsas mövzularından biri SEPAH-ın tikinti qolu olan “Xatəmül-Ənbiya” qərargahıdır. Bu qurum infrastruktur və enerji layihələrində yüzlərlə əlaqəli şirkəti idarə edir və yol tikintisi, boru kəmərləri, telekommunikasiya, avtomobil sənayesi, turizm və nəqliyyat kimi sahələrdə də fəaliyyət göstərir.
ABŞ Maliyyə Nazirliyi daha əvvəl “Xatəmül-Ənbiya”nı SEPAH-ın mühəndislik qolu kimi xarakterizə edib və Vaşinqtonun fikrincə, bu struktur SEPAH-ın fəaliyyətlərini maliyyələşdirmək və gəlir əldə etmək üçün istifadə olunur.
Reuters-in iranlı mənbələrindən biri isə SEPAH-ı “müharibənin əsl qalibi” adlandırıb. Mənbənin sözlərinə görə, qurum İslam Respublikasının davamlılığını qoruyub saxlayıb və indi sanksiyaların yumşaldılmasından faydalanmaq üçün ən hazırlıqlı tərəfdir.
SEPAH-ın sözçüsü Reuters-in hesabatı ilə bağlı şərh verməkdən imtina edib.
Ş.A