SON XƏBƏRLƏR

Milli Məclisdə amnistiya qərarı qəbul olundu

2021.10.20, 07:36
Milli Məclisdə amnistiya qərarı qəbul olundu

Gunaz.tv
Milli Məclisdə amnistiya qərarı qəbul olundu Mehriban Əliyeva: "Amnistiya ilə bağlı hər bir qərar humanizm ideyalarının qələbəsidir" Dünən Milli Məclisdə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təqdim etdiyi "Novruz bayramı münasibətiylə amnistiya elan olunması haqqında" Milli Məclisin qərar layihəsi müzakirəyə çıxarıldı. Spiker Oqtay Əsədov qərar layihəsinin komissiyalarda müzakirə olunduğunu və bəyənildiyini söylədi. Sənəd barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynov məlumat verdi. Əli Hüseynov bildirdi ki, Milli Məclisin daxili nizamnaməsinə uyğun olaraq qərar layihəsi Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasına göndərilib. Sənədə komissiyada baxılıb və onun mükəmməl hazırlandığı qeyd olunaraq yekdilliklə Milli Məclisə tövsiyə olunub: "Heydər Əliyev Fondunun gördüyü işlər göz qabağındadır. Bir müddət əvvəl Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya təşəbbüsünü də Mehriban Əliyeva irəli sürüb. Ramiz Mikayıloğlu Humanizm və insanpərvərlik Heydər Əliyev Fondunun başlıca məramlarından biridir. Belə bir təşəbbüsün məhz bu Fondun həyata keçirməsi təbiidir". Komissiya sədri vaxtı ilə Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanist siyasət nəticəsində 1995-ci ildə əfv və amnistiya aktlarının qəbul olunduğunu dilə gətirdi. Həmin vaxt ölkəmizdə 7 amnistiya aktı və 32 əfv fərmanı qəbul edilib. 1998-ci ildə Azərbaycanda ölüm cəzası birdəfəlik ləğv olunub. Qərar layihəsində göstərilən rəqəmlər isə yeni amnistiya aktının əvvəlkilərdən bir qədər genişlənmiş formada olduğunu göstərir. "1700 məhkumun azadlığa buraxılması gözlənilir" Təhlillərə əsasən təxminən 9 min şəxsin amnistiya aktının təsiri altına düşməsi etimal olunur. Bu da bütünlükdə Azərbaycandakı məhkumların 35 faizi deməkdir. Amnistiya tətbiq olunması etimal edilən qadınlara münasibətdə bu rəqəb daha da yüksək - təxminən 60 faizdir. Yəni amnistiya aktı məhkum qadınların təxminən 60 faizinə şamil olunacaq. Bundan başqa, Mehriban Əliyevanın təqdim etdiyi sənəddə qeyd olunur ki, təqribən 1700 məhkumun azadlıqdan məhrumetmə yerlərindən azad edilməsi gözlənilir. Bu, azadlıqdan məhrumetmə növündə cəza çəkənlərin 12 faizi deməkdir: "Əgər buraya digər 1200 məhkumun cəzasının azaldıldılacağı əlavə edilsə, amnistiya qərarının nə qədər geniş olduğunu görmüş olarıq". Əli Hüseynov nəzərə çatdırdı ki, qərar layihəsi 3 hissədən ibarətdir. Birinci hissə amnistiya tətbiq ediləcək şəxslərin dairəsini özündə əks etdirir. Amnistiya aktının layihəsinə əsasən böyük ictimai təhlükə törətməyən və az ağır bir sıra cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, birinci və ya ikinci qrup əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar, torpaqlarımızın işğalı nətcəsində məcburi köçkün və qaçqın olanlar, Xocalı soyqırımı zamanı əlil olmuş şəxslər və şəhid olmuş şəxslərin yaxın qohumları və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrum etmə cəzasından azad ediləcək. Azadlıqdan məhrum edilmiş və cəzalarının bitməsinə bir il qalmış qadınlara və altı ay qalmış kişilərə, azadlığın məhdudlaşdırılması cəzalarının bitməsinə iki il qalmış qadınlara və bir il qalmış kişilərə, islah işləri, ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlara amnistiya tətbiq edilməklə onların cəzadan azad olunmaları təklif olunur. Amnistiya aktının tətbiqi müddəti 4 aydır İkinci hissədə amnistiya tətbiqinə məhdudiyyətlər müəyyənləşdirilib. Belə məhdudiyyətlər amnistiya qərarlarına xas olan haldır. Ağır, xüsusilə ağır, korrupsiya cinayətlərinə görə, cinayətin xarakterindən asılı olaraq Cinayət Məcəlləsinin bir sıra maddələri ilə məhkum olunmuş şəxslərə amnistiyanın tətbiqinə məhdudiyyət qoyulur. Qərarın 3-cü hissəsi amnistiyanın tətbiqi qaydasıdır. Bu amnistiya aktı qüvvəyə mindikdən sonra qüvvəyə minmiş ittiham hökmü ilə məhkum olnmuş şəxslər barəsində tətbiq edilir. Amnistiya aktının tətbiqi müddəti 4 ay müəyyənləşib. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva dedi ki, amnistiya ilə bağlı hər bir qərar humanizm ideyalarının qələbəsidir. Çünki insan ömrü Allah vergisidir. Millət vəkilinin sözlərinə görə, amnistiya barədə qərarla səhv etmiş insanlara şans verilir və doğru yola qayıtmağa kömək olunur: "Bağışlamaq ən ali insan kefiyyəti kimi qiymətləndirilib. Həmkarlarımı bu qərar layihəsinə səs verməyə çağırıram. Eyni zamanda hamını qarşıdan gələn Novruz bayramı münasibətiylə təbrik edirəm". Qərar layihəsi səsverməyə çıxarıldı və qəbul edildi. Bələdiyyələrin birləşməsi proseduru təkmilləşdirilir Gündəlikdəki növbəti məsələ "Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" və "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" qanunlara dəyişikliklər və əlavələr edilməsi barədə qanun layihəsi idi. Sənəd barədə Milli Məclisin Regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə məlumat verdi. Komissiya sədri bildirdi ki, "Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında" hazırkı qanunun II maddəsinin dəyişdirilməsi və ona əlavələr edilməsi nəzərdə tutulur. İlkin variantda qeyd olunur ki, bələdiyyənin birləşməsilə bağlı həmin bələdiyyənin ərazisində yaşayan əhalinin 25 faizinin iştirakıyla yığıncağın keçirilməsinin zəruriliyi qeyd olunub. Yığıncaqda müsbət nəticə əldə olunduqda birləşmə gerçəkləşir. İndi bu maddə konkretləşdirilib. Yazılıb ki, yığıncaqda iştirak edənlərin yarıdan çoxu birləşmənin lehinə səs verərsə, bu halda birləşmə baş tutur. Qanuna III maddə də əlavə olunur. Söhbət bələdiyyələrin birləşməsi zamanı komissiyanın yaradılmasından gedir. Komissiyaya müvafiq icra hakimiyyətinin nümayəndələri və bələdiyyə üzvləri daxil olurlar. Ərazi vahidi dövlət reyestrindən çıxıbsa, bələdiyyələr ləğv olunduqda, birləşdikdə hüquqlar müvafiq bələdiyyəyə keçir. Həm də bələdiyyə ləğv edildikdə ona məxsus daşınan və daşınmaz əmlak müvafiq icra hakimiyyətinin sərəncamına keçir. Ləğv edilmiş bələdiyyənin səlahiyyət müddəti də bu barədə parlament qərar qəbul etdiyi vaxt bitir. Komissiya sədri "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə qanun layihəsi haqqında da məlumat verdi. Söhbət burada az öncə yaradılmış Seyidyusifli kəndinin bələdiyyələrin siyahısına salınmasından gedir. Daha sonra layihə ətrafında müzakirə başlandı. "Böyük şəhər bələdiyyələri yaradılmalı, birləşmə məcburi aparılmalıdır" Müsavat deputat qrupunun üzvü İltizam Əkbərli bir sıra bələdiyyələrin öz işçilərinə əməkhaqqı belə verə bilməmələrinə diqqət çəkdi. Millət vəkilinə görə, bələdiyyələrlə bağlı qanunvericiliyə kosmetik dəyişikliklərlə bələdiyyələri yerli məsələləri həll edən effektiv quruma çevirmək qeyri-mümkündür. İltizam Əkbərlinin fikrincə, bələdiyyələrin birləşməsi prosesinin könüllü əsasda aparılması özünü doğrultmur. Qanunvericiklikdə ərazi vahidinə görə birləşmə prosesinin məcburi aparılması öz əksini tapmalıdır: "Bakı, Gəncə və digər şəhərlərdə böyük şəhər bələdiyyələrinin yaradılması da günün tələbidir. Belə olmadıqda, şəhərlərdə yaradılan çoxsaylı bələdiyyələrin effektiv fəaliyyətini görməyəcəyik". İltizam Əkbərli onu da dedi ki, hakimiyyət bələdiyyələrə əlavə səlahiyyətlər verməkdə və onların güclənməsində maraqlı görünmür: "Bələdiyyələrin səlahiyyətləri artırılarsa, bələdiyyə seçkilərinə də maraq artar. Partiyalar da bu seçkilərdə iştiraka maraq göstərər. Ancaq hakimiyyət məqsədli şəkildə bələdiyyələrin bir institut kimi güclənməsinə mane olur. Görüntü xarakterli belə qanunvericilik aktlarının müzakirəyə çıxarılmasına qarşıyam". Millət vəkili Pənah Hüseyn amnistiya aktını təqdir etdi. Ancaq Heydər Əliyev Fondunun prezidentindən xahişi də oldu: "Həbsdə olan jurnalistlərin, Eynulla Fətullayevin, Qənimət Zahidovun və digərlərinin əfvinə köməklik göstərməyinizi də xahiş edirik". Pənah Hüseyn də böyük şəhər bələdiyyələrinin yaradılmasının zəruriliyini vurğuladı. YAP icraçı katibinin müavini Siyavuş Novruzov bu vaxta kimi verilən amnistiya qərarları və əfv fərmanları nəticəsində 7 mindən çox insanın azadlığa qovuşduğunu xatırlatdı: "Mehriban xanımın təşəbbüsü humanist addımdır. Hesab edirəm ki, çıxışlar nə qədər tez yekunlaşsa, amnistiya ilə bağlı qərar layihəsi prezidentə təqdim olunsa, o zaman həmin insanlar da daha tez azadlığa çıxa bilərlər. Ona görə də müzakirələri dayandırıb, bələdiyyələrlə bağlı layihəni də səsverməyə çıxarmağı xahiş edirəm". Sənəd səsverməyə çıxarıldı və qəbul edildi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar