SON XƏBƏRLƏR

Xatəmi namizədliyini niyə geri götürdü?

2021.10.20, 07:36
Xatəmi namizədliyini niyə geri götürdü?

Gunaz.tv
Xatəmi namizədliyini niyə geri götürdü? İran siyasətində Musəvi amili ortaya çıxır? İranın keçmiş prezidenti Məhəmməd Xatəminin iyundakı preziden seçkisi üçün irəli sürdüyü namizədliyini geri götürməsi siyasi dairələrin gündəmində ən əsas mövzulardan olub. Xatəmi namizədliyini geri götürdüyünü elan edərkən bildirmişdi ki, “ölkənin indiki durumunda idarə etmədə müsbət dəyişikliklərin tərəfdarıdır”. Xatəmi Mir Hüseyn Musəvi namizdliyini irəli sürdükdən bir qədər sonra öz namizədliyini geri götürmüş və Mir Hüseyn Musəvinin namizədliyini dəstəklədiyini bəyan etmişdi. Bəs bu addımın arxasında duran səbəblər nələrdir? Şübhəsiz ki, bu qədər qısa müddətdə hadisənin geniş analizini vermək çətindir və bir sıra məqamlar prosesin gedişatında aydınlıq qazanacaq. Amma, biz yenə də müəyyən amilləri izah etməyə çalışacayıq. Xatəminin bu addımı atmasının əsas səbəblərdən biri onun seçilmə şansı ilə əlaqədardır. İİR-də hazırkı şərtlər Xatəminin ilk dəfə prezident seçildiyi və prezident kimi fəaliyyət göstərdiyi dövrdəki şəraitdən xeyli fərqlidir. Parlament, ədliyyə sistemi və ən əsası Ali Dini Rəhbər mühafizəkarların tərəfindədir. Xatəmi yalnız əhalinin səsini qazana bilərdi ki, bu da İİR-da prrinsipial dərəcədə əhəmmiyyətli məsələ sayılmır. Əvvəlki dövrlərdə xalqın seçdiyi prezidentin məhz kənar amillərə görə öz istədiyi kimi işləyə bilməməsi də müşahidə olunub. Xatəmi də 8 il prezidentliyi müddətində (baxmayaraq ki, parlament də onun tərəfində idi) özü istədiyi kimi fəaliyyət göstərə bilməmişdi. Digər tərəfdən Xatəminin özünün də əhval ruhiyyəsi indiki şəraitdə müxtəlif gruplarla kəllə-kəlləyə gəlməyə uyğun deyil. Ondan fərqli olaraq Mir Hüseyn Musəvinin həm qalmaqallardan uzaq olan bir siyasi şəxsiyyət kimi, həm xalq arasında hörməti olan, mühafizəkarlar tərəfindən də hörmətlə qarşılanan və indiki parlamentdə bir sıra mühafizəkarların da rəğbətini qazanmış birisi kimi prezident seçilmə və prezident kimi daha rahat işləmək imkanı daha yüksəkdir. Elə bu baxımdan Musəvi keçmiş prezident Məhəmməd Xatəmiyə yazdığı məktubda Xatəminin islahatçı hərəkatını alqışlayaraq onun nüvə sahəsində və İİR-in dünyada imicini bərpa etmək sahələrində apardığı işləri müsbət dəyərləndirib və bildirib ki, “islahatın ən düzgün yolu əsaslara qayıdışdır.” O, öz məktubunda Xatəminin fəaliyyətlərinə kölgə salanları da tənqid etmişdi. Bəzi müşahidəçilər əslində Xatəminin seçki prosesinə çox da istəkli qoşulmadığını və kampaniyasını da “ona yaraşmayacaq dərəcədə” zəif apardığını irəli sürürlər. Başqaları isə, Xatəminin əvvəlcə istəkli olduğunu, fəqət prosesə qoşulduqdan sonra “Tehranda” çox da sevilmədiyini gördüyünü (bax, -İranda radikallar mövqelərini sərtləşdirirlər-) məhz bu səbəbə görə geri çəkilməyə qərar verdiyini iddia edirlər. Mühafizəkarlar indiyə qədər Musəvini tənqid etməyiblər. Hətta bəzi hallarda onu mühafizəkar insan kimi də adlandırıblar. Əslində siyasi baxışı etibariylə Musəvi özü də mühafizəkarlara yaxın olan adam hesab edir. Tənqidlərinidə də şəxslərə və ya qruplara toxunmamağa çalışması diqqət cəlb edir. Amma onun namizədliyi mühafizəkarlar arasında hələ çaşqınlıqla qarşılanır. Gələcəkdə mühafizəkarların Musəvi ilə bağlı mövqelərinin necə olacağını indidən demək çətin olsa da, İran Prlamentinin mühafizəkar spikeri Əli Laricani mətbuat konfransında bildirib ki, Musəvinin seçkilərə qatılması seçkilər üçün müsbət haldır. Digər tərəfdən ehtimal olunur ki, mühafizəkarlar arasında Xatəminin istefasından sonra bir sıra qopmalar və ya parçalanmalar baş versin. Mühafizəkarlar əsasən islahatçılara (xüsusilə Xatəmiyə) qarşı rahat birləşə bilirdilər. Xatırladaq ki, mühafizəkarların güclü isimlərindən olan İslam İnqilabının Mühafizəçiləri Korpusuna 16 il rəhbərlik etmiş Muhsin Rizai də İslahatçılara qarşı mühafizəkarların tək namizədlə birləşməsinin vacibliyindən danışmışdı. Əslində mühafizəkarların daxili problemləri və münaqişələri islahatçı qruplardan daha dərin olduğundan ehtimal olunur ki, bəzi mühafizəkar qruplar Musəvini dəstəkləməyə can atsınlar ki, bu da daxili ziddiyyətlərin daha da artmasına gətirib çıxara bilər. Digər tərəfdən mühafizəkarların Xatəminin qarşısında vahid namizəd kimi Əhmədinejaddan istifadə etmək istəkləri də zəifləyə bilər. Bir sıra mühafizəkar qruplar müxtəlif namizədlərin olmasını da istəyə bilər ki, bu özü də bu blok daxilində ziddiyyətlərin artmasına gətirib çıxara bilər. İslahatçı qrupların bir hissəsi Xatəminin geri çəkilməsini hələ də qəbul edə bilmirlər. Onlar Xatəmini yenidən seçkilərə qoşulmağa razı salmağa cəhdlər göstərirlər. İslahatçıların çoxu isə belə hesab edir ki, Musəvi islahatçıların və mühafizəkarların bir çoxunun səsini qazana biləcək yeganə namizəddir. Amma bu arada islahatçılar daxilində də problemlər var. Mehdi Kərrubi seçkilərdə sona qədər mübarizə aparacağını bəyan edib. Başqa bir namizədin xeyrinə geri çəkilməsinin qeyri-ümkün olduğunu da vurğulayıb. Musəvinin digər problemi də gənc qüvvələrin dəstəyini və etimadını qazanmaqdır. O, əgər yeni şuarlar və gənclərin xoşuna gələn layihələr irəli sürməyi bacarsa gənc nəsillərin də etimadın və səsini əldə edə biləcək. Xatəmi məhz bu iki problemdən ehtiyat edərək Musəvini yeni nəsillərə tanıtmaq üçün çalışacağını bildirib və Kərrubini bu məsələ ilə bağlı bir daha fikirləşməyə dəvət edib. Son 20 ildə bütün prezident seçkilərində müxtəlif qruplar Mir Hüseyin Musəvinin namizədliyini gündəmə gətirsələr də Musəvi müxtəlif bəhanələrlə bu təklifləri qəbul etmirtdi. Musəvi namizədliyi üçün bir neçə şərt irəli sürmüşdü. Bu şərtlər içərisində polis orqanının və teleradio şirkətinin onun nəzarətinə verilməsi də var idi. İndi bu şərtlərin heç biri yerinə yetirilməyib, amma Musəvi namizədliyini irəli sürüb. Bu məsələnin bir də strateji tərəfi var. Son zamanlarda İranda milli və etnik problemlər güclənib və proses sürətlənərək davam edir. Qeyri-fars prezidentin hakimiyyətdə olması və hətta seçkilərdə ciddi namizəd kimi yarışması Farslar xaricindəki millətlərin seçkilərdə fəallaşmasına və onların mərkəzə ən azı siyasi ideologiya olaraq bağlılığını gücləndirməyə xidmət edən amildir. Əgər bu şərtlər altında Musəvi “ədalətli bir mübarizədə” uduzsa belə sistemin işləməsinə kömək etmiş olacaq. Amma təbii ki, hər şey planlandığı kimi getməyə də bilər. Məsələn, Musəviyə qarşı mümkün haqsızlıqlar proseslərin İran dövlətinin istəmədiyi yönə istiqamət dəyişməsinə də səbəb ola bilər. Bütün hallarda isə İran siyasətində Musəvi amilinin ortaya çıxmağa başladığı görülür. ARAZ ASLANLI

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar