SON XƏBƏRLƏR

Sinan Oğan: "TÜRKİYƏ AZƏRBAYCANI İTİRƏ BİLƏR

2021.10.20, 07:36
Sinan Oğan: "TÜRKİYƏ AZƏRBAYCANI İTİRƏ BİLƏR

Gunaz.tv
Sinan Oğan: "TÜRKİYƏ AZƏRBAYCANI İTİRƏ BİLƏR Ekspert deyir ki, rəsmi Ankaranın Ermənistanın və erməni diasporunun fəaliyyətləri üzündən davamlı güzəştə getməsi buna səbəb ola bilər Ələskər ƏLƏSKƏRLİ, Ankara Son vaxtlar Türkiyə - Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atılan addımlar istər Azərbaycan, istərsə də Türkiyə ictimaiyyətində gərginliklə izlənilməkdədir. Türkiyə - Ermənistan görüşlərinin təfərrüatları barədə ictimaiyyətə məlumat verilməməsi bu məsələ ilə bağlı narahatlığı daha da artırır. Bununla bağlı bəzi məsələlərə aydınlıq gətirməsi üçün Türkiyə Beynəlxalq Əlaqələr və Strateji Analizlər Mərkəzinin sədri Sinan Oğana müraciət etdik. - Sinan bəy, sizcə, Türkiyə - Ermənistan münasibətləri hazırda hansı məsafəyə qədər irəliləmişdir? - Türkiyə - Ermənistan münasibətləri 2007-ci ildən etibarən bağlı qapılar arxasında müzakirə edilməkdədir. Ermənistan tərəfi istəmədiyi üçün bu danışıqlarla bağlı məlumatlar ictimaiyyətə açıqlanmır. Bu gün gəlinən nöqtədə konkret bir irəliləyiş olmasa da, bir çox məsələ barəsində ətraflı danışıqlar aparılmışdır. Türkiyə ilə Ermənistan arasındakı münasibətlərdə hər an bir sürpriz yaşana bilər. Bu sürpriz sərhədlərin açılmasından diplomatik münasibətlərin qurulmasına qədər davam edən hər hansı bir hadisə ola bilər. - Bildiyimiz kimi, son zamanlar Türkiyə və Ermənistan arasındakı danışıqlar Azərbaycan ictimaiyyəti tərəfindən narahatlıqla izlənməkdədir. Bugünkü vəziyyət barədə Ermənistanın siyasi şərhçilərindən biri belə deyib: "Qarabağ barəsində hazırda Türkiyə Azərbaycana verdiyi dəstəyi dayandırmışdır. Türkiyə daha əvvəllər üzərində israr etdiyi üç məsələdən - soyqırım, sərhədlərin tanınması və Qarabağ - sadəcə, soyqırım üzərində dayanmaqdadır". Doğrudanmı Türkiyə Azərbaycanın mənafeyini diqqətə almaya bilər? - Türkiyə Azərbaycanın mənafeyini diqqətə almaya bilməz və bunu etməməlidir də. Burada "Azərbaycanın mənafeləri" dediyimiz şey əslində Türkiyənin öz mənafeləridir. Türkiyənin Qarabağla bağlı Azərbaycana verdiyi dəstəyi kəsdiyinə dair açıqlamalar doğru deyil. Türkiyə yenə də Azərbaycanın yanındadır. Bəlkə hazırda Türkiyə ilə Ermənistan arasındakı münasibətlərdə bəzi üsul dəyişiklikləri ola bilər. Bunun səbəbini qarşıdan gələn 24 aprel tarixi ilə bağlamaq lazımdır. Türkiyənin Ermənistanla münasibətlərində Qarabağ şərtinin ortadan qaldırılmasını Ermənistan istəyir. Əgər bu şərti ortadan qaldırsaq, deməli, Ermənistanın istədiyini həyata keçirmiş oluruq. Məsələyə hansı tərəfdən baxsaq, Türkiyənin Qarabağ şərtini ortadan qaldırması mümkün deyil. - Sizcə, Ermənistan - Türkiyə münasibətlərinin inkişaf etdirilməsi Türkiyə hökumətinin istəyidir, yoxsa bu, Avropa Birliyi və ABŞ-ın təzyiqindən doğur? - Bildiyiniz kimi, bu gün Türkiyə hökumətinin xarici siyasətinin əsas kursu "qonşularla sıfır problemi" üzərində qurulmuşdur. Bu çərçivədə İran, Suriya və Yunanıstanla daha əvvəllər yaşanan bəzi problemlər ortadan qaldırılmışdır. Türkiyə Ermənistanla da problemlərini ortadan qaldırmaq istəyir. Burada Türkiyə hökumətinin arzusu və iradəsinin əsas məqam olması mübahisə mövzusu deyil. Ancaq ABŞ-ın bu məsələ ilə bağlı təcili tədbirlər görülməsinə dair Türkiyəyə yönəlik təzyiq cəhdləri də istisna deyil. - Onsuz da Ermənistanla Türkiyə arasında həm təyyarə reysləri, həm üçüncü ölkələr vasitəsi ilə ticari əlaqələr, həm də Türkiyədə qanunazidd, qaçaq vəziyyətdə işləyən 70 min erməniyə Türkiyə tərəfinin göz yumması da bir həqiqətdir. Buna Türkiyə tərəfinin təktərəfli "xoş niyyətli" addımlarını da əlavə edə bilərik. Belə bir vəziyyətdə "sərhədlərin açılmasına bir addım qalmışdır" deyə bilərik və bu addımın da 2009-cu ildə atılacağı gözlənilir. Eləmi? - Bəli, əgər Barak Obama aprelin 24-də "soyqırım" kəlməsini ifadə etməzsə, Türkiyə 2009-cu ildə Ermənistanla münasibətlərini normallaşdıra bilər. Bunun üçün də diplomatik münasibətlər qurula, sərhədlər açıla bilər. Ancaq bunun 2009-cu ildə baş tutacağı ehtimalı çox azdır. Türkiyənin Ermənistanla münasibətlərində hər zaman ilk addımı Türkiyə atmışdır. Türkiyənin bütün cəhdlərinə baxmayaraq, Ermənistan hələ də sülhə doğru hər hansı bir addım atmamışdır. Hətta keçən həftə Ermənistan prezidenti Serj Sarqsyan açıq şəkildə "Böyük Ermənistan ideyasını" həyata keçirmək üçün çalışdıqlarını söyləmişdir. "Böyük Ermənistan ideyasını həyata keçirmək" dedikləri zaman əslində Azərbaycan, Gürcüstan, İran və Türkiyəyə torpaq iddiaları irəli sürülməkdədir. Yəni Ermənistanın açıq şəkildə bütün qonşularının torpaqlarında gözü var və bunu istəməkdən utanmır. Bizim torpaqlarımızı istəyən, bizim sərhədlərimizi tanımayan Ermənistanla sərhədləri açmağın nə qədər təhlükəli olduğunu hökumətin də dərk etdiyinə ümid edirəm. - Qarşıdan 24 aprel gəlir. Hər kəs Amerika prezidentinin ağzından çıxacaq ifadəni gözləyir. Sizcə, ABŞ prezidentinin "soyqırım" kəlməsini işlətməsi Türkiyəyə qarşı hansısa sanksiyaların tətbiq edilməsi ilə nəticələnə bilərmi? Onsuz da bir çox ölkələrin parlamentlərində bu məsələ barədə qərar qəbul edilmişdir. Bu il "soyqırım" ifadəsi işlədilməyə də bilər. Ancaq hər il belə bir narahatlıqla yaşamaq, psixoloji, şərəf və iradə nöqteyi-nəzərindən baxsaq, nə qədər doğrudur? - Obama iqtidarı ABŞ prezidentləri tarixində 1915-ci il hadisələrini "soyqırım" kimi qiymətləndirmə məsələsində özündən əvvəlki iqtidarlarla müqayisə edilməyəcək qədər "erməni tərəfdarı" adlandırıla bilər. Əvvəlki dövrlərdə prezident və vitse-prezidentlər arasında Türkiyə məsələsində hər zaman balans siyasəti gözlənilmişdir. Prezident bu məsələdə sərt davrandığı zaman Türkiyənin güvənə bildiyi bir vitse-prezident hər zaman olmuşdur. Senat və Nümayəndələr Palatasında respublikaçılar və demokratlar arasında da ümumi balans hər zaman qorunmuşdur. Bugünkü Amerika iqtidarına baxdığımızda prezident, vitse-prezident, Konqres rəhbərliyi, dövlət katibi 1915-ci ildə Türkiyədə köçürmə deyil, soyqırım yaşandığına inanırlar. Erməni lobbisi və diasporu Amerika iqtidarını buna inandırmışdır. Tək problem Türkiyəni "incitmə" məsələsindədir. Onsuz da Barak Obama seçkilərdən əvvəl bu barədə ən azı beş dəfə şifahi və yazılı təminat vermiş, 1915-ci ildə yaşanan hadisələri "Türklər ermənilərə qarşı soyqırım törətmişlər" şəklində dəyərləndirəcəyini açıq ifadə etmişdir. Bu şərtlər çərçivəsində ümumi olaraq baxsaq, Obamanın 24 apreldə "soyqırım" ifadəsini işlədə biləcəyi ehtimal edilir. Obama bu ifadəni işlədərsə, Türkiyənin reaksiyasını diqqətə alaraq, Türkiyə üçün böyük əhəmiyyət kəsb edən, artıq İraqda ABŞ üçün bir anlam ifadə etməyən PKK məsələsində də konkret addımlar ata biləcəyi ehtimal edilə bilər. Hillari Klintonun 2009-cu il martın 7-də Ankara ziyarəti zamanı prezident Obamanın bir ay içində Türkiyəyə gələcəyini açıqlaması yuxarıdakı ssenarinin müəyyən ölçüdə dəyişməsi ehtimalını da gündəmə gətirir. Klinton Barak Obamanın 6-7 aprel 2009-cu ildə İstanbulda keçiriləcək Mədəniyyətlər İttifaqı 2-ci Forumunda iştirak edəcəyini açıqladı. Obamanın yeni dönəmdə Türkiyəyə ehtiyacı var. Ona görə də Türkiyəni itirmək istəməyəcək. Nəzərə alaq ki, Türkiyənin Rusiya ilə əlaqələrinin güclənməsi, enerji xətləri ilə bağlı əhəmiyyətli bir mövqeyə sahib olması Türkiyənin rolunun ABŞ-ın yeni iqtidarı tərəfindən ciddi şəkildə qiymətləndirilməsi zərurətini ortaya çıxarmışdır. Ona görə də ABŞ 24 apreldə müvafiq addım atıb-atmamasının səbəblərini ortaya qoymaq üçün yeni bir manevr sahəsi axtarmaqdadır. Bu çərçivədə ağla gələ bilən ən vacib çözüm Türkiyə və Ermənistan arasındakı əlaqələrə yeni yanaşmanın ortaya qoyulmasıdır. Ermənistan prezidenti Sarqsyanın yenidən "Böyük Ermənistan" məsələsini vurğulaması və Türkiyəyə qarşı ərazi iddiaları ABŞ-da "Türkiyə ilə münasibətlərimiz yaxşı deyil" ismarıcı kimi də dəyərləndirilə bilər. Halbuki Türkiyə bütün imkanları ilə ABŞ iqtidarına Ermənistanla münasibətlərin normallaşmağa başladığını və "soyqırım" ifadəsinin bu münasibətlərə zərbə vuracağını başa salmağa çalışmaqdadır. 24 aprel yaxınlaşdıqca Türkiyəyə təzyiqlər daha da artmaqdadır. Bütün bunlar diqqətə alındığında Türkiyənin yaxın zamanlarda Ermənistanla diplomatik əlaqələr qura və sərhədləri aça biləcəyini söyləyə bilərik. Məsələnin qəribə tərəfi Türkiyənin açmaq istədiyi sərhədi Ermənistan tərəfinin hələ ki tanımamasıdır. Bu hadisələr fonunda Azərbaycanın bu məsələ ilə bağlı narahatlığı nəzərdən qaçmamaqdadır. Azərbaycan mətbuatı Qarabağ məsələsinin Türkiyənin Ermənistanla münasibətlərinin ilkin şərt çərçivəsindən çıxıb-çıxmadığı ilə yaxından maraqlanır. Türkiyənin bu gərgin mərhələdə Azərbaycanın mənafelərini diqqətə alması lazımdır. Ancaq bunu da unutmamaq lazımdır ki, Amerika iqtidarı 24 apreldə "soyqırım" ifadəsini işlədərsə, bundan Azərbaycana da ən azı Türkiyə qədər zərər dəyəcək. Buna görə də Türkiyə ilə Azərbaycan bir çox əsas məsələdə birlikdə hərəkət etməlidir. Türkiyənin bu istiqamətdə atacağı addımların xeyir və zərəri çox dəqiq şəkildə hesablanmalıdır. Çünki Ermənistanla münasibətlərin normallaşması Türkiyəyə qarşı təzyiqlərin azalacağı demək deyildir. Ermənistanın və erməni diasporunun fəaliyyətləri üzündən davamlı güzəştə gedilməsi nəticəsində Azərbaycanı itirmək təhlükəsi istisna edilmir. Nəticədə Azərbaycanın Rusiyanın başçılığı və nəzarətindəki Ortaq Təhlükəsizlik Təşkilatına girməsi sürpriz olmayacaq. - Fevral ayında dünyanın hər yerində Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirildi. Məncə, bu il əvvəlki illərə nisbətən daha təşkilatlanmış fəaliyyət olduğunu müşahidə edə bildik. Sizcə, Türkiyə və Azərbaycanın həm bu məsələ ilə bağlı, həm də ümumilikdə ermənilərin saxta təbliğatına qarşı ortaq bir siyasət apardığı hiss edilirmi və ya ümumiyyətlə belə bir siyasət varmı? - Ermənilərin saxta təbliğatına qarşı Türkiyə və Azərbaycanın ortaq siyasət yürütməsi məsələsi barədə hələlik istənilən mərhələyə gəlinməmişdir. Ancaq son zamanlarda bu sahədə müəyyən iş aparıldığı müşahidə edilməkdədir. Bu işlərin lazımi səviyyədə koordinasiyasına ehtiyac var. Türkiyə Böyük Millət Məclisində Xocalı faciəsinin soyqırım olaraq qəbul edilməsi üçün müəyyən təşəbbüslər olmuşdur. Ancaq Türkiyənin rəsmi siyasəti bu cür problemləri parlament xaricində həll etməyə tuşlandığı üçün TBMM bu barədə qərar və ya qanun qəbul etməmişdir. Bu məsələnin parlament xaricində həlli istiqamətində müəyyən addımlar atılmaqdadır. Məsələn, biz bununla bağlı bir İnternet səhifəsi açdıq. www.hocalisoykirimi.com saytına girib Xocalı olaylarının bir soyqırım olduğuna dair səs verə bilərsiniz. Biz türk ziyalıları Xocalıda yaşananları soyqırım olaraq tanıyırıq və sadəcə, Türkiyəni və türkləri deyil, bütün dünyanı Xocalı olaylarını soyqırım kimi tanımağa çağırırıq. Bu kampaniya bir il müddətində davam edəcək və məqsədimiz ən azı bir milyon imza toplamaqdır. Ümid edirik ki, 2010-cu il fevralın 25-26-dək bu məqsədimizə nail olacaq və bu imzaları lazımi instansiyalara təqdim edəcəyik. Ona görə də mən xüsusilə gənclərimiz və ziyalılarımızdan bu kampaniyaya dəstək vermələrini xahiş edirəm...

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar