SON XƏBƏRLƏR

Iranda Yanacağın məhdudiyyətlə verilməsi və növbəti sanksiyalar

2021.10.20, 07:36
Iranda Yanacağın məhdudiyyətlə verilməsi və növbəti sanksiyalar

Gunaz.tv
Iranda Yanacağın məhdudiyyətlə verilməsi və növbəti sanksiyalar Neft və neft məhsulları emal edən müəssisələrin istehsal gücünün aşağı düşməsi səbəbindən İranda sözügedən məhsulların satışı məhdudiyyətlə həyata keçirilir. Nəticədə, bu növ məhsullara olan tələbat əhəmiyyətli dərəcədə azalmışdır. Bununla əlaqədar yanacaq məhsulların idxalının həcmi də azalaraq mövcud ehtiyatların qənaətlə istifadəsinə səbəb olmuşdur. Buna baxmayaraq inflyasiyanın səviyyəsinin artması hələ də davam edir. Bundan əlavə dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi səbəbindən ixracdan əldə olunan gəlirlər azalmış və nəticədə qənaət olunmuş vəsaitlər bütövlükdə sərf edilmişdir. İqtisadiyyatın böhranla üzləşməsinə baxmayaraq, Qərb ölkələri İrana xarici investisiya qoyuluşlarının qarşısını ala biləcək yeni metod və vasitələri nəzərdən keçirir. Yanacağın məhdudiyyətlə verilməsi İranın Neft İstehsalat Naziri Qulam Hüseyn Nozari hələ 22 noyabr 2008-ci il tarixində çıxış edərək söyləmişdi ki, yanacağın məhdudiyyətlə verilməsi bu məhsula olan tələbatın sutka ərzində 2 milyon litrədək azalmasına səbəb olmuş və hakimiyyət yaxın gələcəkdə bu sistemin ləğv edilməsini planlaşdırmamışdır. Yanacağın məhdudiyyətlə verilməsi 2007-ci ilin iyun ayından hazıradək 4 milyard ABŞ dolları məbləğində pul vəsaitinin qənaət edilməsinə şərait yaratmışdır. Buna baxmayaraq, dünya bazarlarında neftin qiymətinin ucuzlaşması gəlirlərin həcminin 10 milyard ABŞ dollarına qədər azalmasına səbəb olmuşdur. İrana yanacaq məhsullarının idxal edilməsini qadağan edən beynəlxalq sanksiyaların təsirini azaltmaq üçün sözügedən ölkənin neft və neft məhsulları emal edən müəssisələri istehsal həcmini artırmalıdırlar. Tətbiq edilmiş sanksiyalar yanacaq məhsullarının istehsal həcminin artırılmasını bir neçə il müddətinə ləngidəcəkdir. İranın neft istehsalat nazirinin köməkçisi Məhəmməd Rza Nemətzadə bəyan etmişdir ki, yeni neft emalı zavodunun 2011-ci il istismara verilməsi planlaşdırılmışdır. Buna baxmayaraq, Tehranda energetika sahəsi üzrə ixtisaslaşan analitik Seyid Qulamhüseyn Həsəntaş hesab edir ki, Nemətzadənin optimist fikirləri həqiqətə uyğun deyil. Uğursuz siyasət və inflyasiyanın səviyyəsinin artması İran Mərkəzi Bankın rəhbəri Bəhməninin prezident Mahmud Əhmədinejada xoşagəlməz xəbərlərlə müraciət etməsinə vadar etmişdir. Belə ki, İranda inflyasiyanın səviyyəsi 24,3 faizədək artmış, bu da öz növbəsində Yaxın şərq ölkələri arasında ən yüksək göstərici hesab edilir. Bəhməni həmçinin söyləmişdir ki, İranın ticarət saldosu mənfi 40 milyard ABŞ dolları həcmində qiymətləndirilir. Qeyri neft məhsullarının ixracından əldə olunmuş gəlir 15,6 milyard ABŞ dolları təşkil etməsinə baxmayaraq idxala sərf edilmiş pul vəsaiti 56,6 milyard ABŞ dolları olmuşdur. Bəzi ekspertlərin rəyinə əsasən, prezident Mahmud Əhmədinejadın iqtisadi sahədə irəli sürdüyü uğursuz siyasəti nəticəsində ölkədə inflyasiyanın səviyyəsi daha da artmışdır. Bu siyasət banklara ağır zərbə vurmuşdur. Belə ki, bankların əksər müştəriləri öz borclarını geri qaytarmaq iqtidarında deyil. “Faynanşl tayms” qəzetində dərc olunmuş məqaləyə əsasən, son üç il ərzində banklardan kredit əldə etmiş müştərilərin 75 faizi borcların geri qaytarılmasını ləngidir. İqtisadi məsələlər üzrə məsul şəxs, İran Mərkəzi Bankının direktor müavini Ramin Paşaifamın sözlərinə əsasən, yalnız faiz dərəcələrinin artırılması mövcud inflyasiyanın səviyyəsini 16 faizədək azalda bilər. Bu isə öz növbəsində prezident Əhmədinejadın irəli sürdüyü siyasətə ziddir. Ölkənin 60 aparıcı iqtisadçılarının iddialarına görə, prezidentin irəli sürdüyü səhv iqtisadi siyasət İrana xarici investisiya cəlb olunmasına maneə yaradır. Bəzi ekspertlər hesab edirlər ki, Əhmədinejad ölkənin gələcək iqtisadiyyatını təhlükə altına salmışdır. Beynəlxalq atom enerjisi agentliyi İran hakimiyyətinin nəzərinə çatdırmışdır ki, sözügedən ölkənin neft ixracatı mövcud ehtiyatların məhdudluğu deyil, xarici investisiya qoyuluşunun çatışmazlığı səbəbindən azalmışdır. Agentliyin hesablamalarına görə, İranda bu problem növbəti 3-5 il ərzində mövcud olacaqdır. Yeni sanksiyanın tətbiq edilməsi ehtimalı Nüvə silahının istehsal olunmasının qarşısını almaq məqsədilə Böyük Britaniya və Fransa dövlətləri beynəlxalq maliyyə-energetika şirkətlərinə İranla əməkdaşlıq etməməyi tövsiyə edirlər. İranın bank fəaliyyəti, sığorta sistemi, neft emalı, mayeləşdirilmiş təbii qaz istehsalı sahələrinə təsir göstərmək məqsədilə yeni sanksiyaların tətbiqi ilə bağlı London və Paris şəhərlərində artıq müvafiq məsələlər müzakirə olunur. Rəsmi London və Paris İrana xarici şirkətlər tərəfindən xidmət göstərilməsinin və avadanlıqların satışının qarşısını almaq niyyətindədirlər. Hazırkı dövrədək BMT tərəfindən tətbiq edilmiş sanksiyalar İran banklarının fəaliyyətlərinin məhdudlaşdırılmasına xidmət etmişdir. ABŞ öz növbəsində Avropa və Asiya banklarına təzyiq edərək onların İranla əməkdaşlıq etməmələrinə çalışmışdır. Rəsmi London və Paris isə İranın bir çox sahələrinin fəaliyyətlərinin məhdudlaşmasına səy göstərir. Yüksək vəzifəli avropalı diplomat qeyd etmişdir ki: “Rusiyalılar və çinlilər BMT-nin yeni sanksiyalarının tətbiq olunmasını arzulamır. Bu səbəbdən də biz əməkdaşlıq etməyə məcburuq. Avropa ölkələri və ABŞ rəsmi Tehranla danışıqlarda öz mövqelərini möhkəmləndirməyə çalışırlar. Belə ki, İranın 2010-cu ildə nüvə silahının yaratması ehtimalı yüksəkdir”. Diplomat həmçinin söyləmişdir ki, Avropa ölkələri beynəlxalq şirkətlərə İranla əməkdaşlıq etməməyi tövsiyə edirlər. Rəsmi London İranın neft ixracatına təsir edə biləcək sığorta sistemini nəzərdən keçirir. Böyük Britaniyanın dövlət nümayəndəsi hesab edir ki, beynəlxalq sığorta şirkətlərin vasitəsilə İrana əhəmiyyətli dərəcədə təsir etmək mümkün olacaqdır. İranın neft energetika şirkətlərini avadanlıqlarla təchiz edən beynəlxalq müəssisələrin vasitəsilə sözügedən ölkənin müvafiq sektoruna təsir mexanizmi, yeni sanksiyaların məzmununa daxil edilmişdir. Böyük həcmdə neft ehtiyatlarına malik olmasına baxmayaraq, İran hazırda yanacaq məhsulları idxal edir. Bundan əlavə təbii qazın mayeləşdirilməsi üçün İranın yüksək texnologiya və müvafiq avadanlıqlara ehtiyacı vardır. Prezident Mahmud Əhmədinejadın yanacağın məhdudiyyətlə verilməsi barədə irəli sürdüyü siyasəti uzun müddət davam edəcəkdir. Bu uğursuz siyasət nəticəsində yerli neft-energetika müəssisələrinin istehsal gücü zəifləmiş, habelə İran böyük həcmdə yanacaq məhsulları idxal etməyə məcbur olmuşdur. Dünya bazarlarında neftin qiymətinin yüksək olduğu dövrdə İran yanacaq məhsullarının idxalını tam təmin etmək iqtidarında olmuşdur. Hazırkı dövrdə isə İran kifayət qədər maliyyə ehtiyatlarına malik olmadığından yanacaq məhsulların idxalının təşkil edilməsində problemlərlə üzləşir. Buna görə sözügedən ölkədə yanacağın məhdudiyyətlə verilməsi uzun müddət davam edəcək, habelə inflyasiyanın səviyyəsi yüksələcəkdir. Yeni sanksiyaların tətbiqi İran iqtisadiyyatına daha da ciddi zərbə vuracaqdır. http://www.araztm.org/index.php?mod=researchs&id=128

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar