"The Wall Street Journal" qəzetinin kimliyini açıqlamadığı iranlı diplomatın sözlərinə görə, hakimiyyətdəki sərt xətt tərəfdarları ABŞ-la qarşıdurmanın daha da gücləndirilməsini və Hörmüz boğazına nəzarətin ələ keçirilməsini müdafiə edirlər. Onlar bu boğazı Vaşinqtona qarşı ən mühüm təzyiq vasitələrindən biri hesab edirlər.
Diplomatın "praqmatist" adlandırdığı digər düşərgə isə ABŞ-ın dəniz blokadasının davam etməsinin və hərbi qarşıdurmanın genişlənməsinin İran iqtisadiyyatını daha da ağır vəziyyətə salacağından narahatdır. Bu səbəbdən həmin qrup ölkəyə təzyiqi azaltmaq üçün siyasi həll yolunun tapılmasını dəstəkləyir.
Qəzet yazır ki, bu qiymətləndirmə ABŞ və İranın qarşılıqlı hərbi zərbələri davam etdirdiyi, Vaşinqtonun isə sanksiyaları sərtləşdirməklə yanaşı İran limanlarına qarşı dəniz blokadasını yenidən tətbiq etdiyi bir vaxta təsadüf edir. Bildirilir ki, bu addımlar İran iqtisadiyyatına təzyiqi daha da artırıb.
Artan iqtisadi təzyiqlər
The Wall Street Journal hakimiyyət daxilindəki fikir ayrılıqlarını ölkədə ağırlaşan iqtisadi vəziyyətlə əlaqələndirib.
Qəzet qeyd edir ki, İranın rəsmi statistikasına əsasən, iyun ayında istehlak qiymətləri indeksinə görə illik inflyasiya 88,6 faizə yüksəlib.
Nəşr əlavə edir ki, Beynəlxalq Valyuta Fondu (BVF) son gərginlik başlamazdan əvvəl belə İran iqtisadiyyatının bu il 5,4 faiz kiçiləcəyini proqnozlaşdırmışdı. Qəzetin yazdığına görə, mövcud qarşıdurma davam edərsə, iqtisadi vəziyyət daha da pisləşə bilər.
Qəzet iqtisadi qiymətləndirmələrə istinadən bildirir ki, hazırda yalnız ən yüksək gəlirə malik İran ailələrinin 3 faizi tam ərzaq səbətini almaq imkanına malikdir. Bu isə alıcılıq qabiliyyətinin azalmasını və əhalinin sosial-iqtisadi vəziyyətinin ağırlaşmasını göstərir.
Bununla yanaşı, The Wall Street Journal-ın hakimiyyət daxilində fikir ayrılığı ilə bağlı iddialarına baxmayaraq, İran rəsmiləri indiyədək ABŞ-la böhranın idarə olunması məsələsində siyasi və ya hərbi dairələr arasında parçalanmanın mövcud olduğunu rəsmi şəkildə təsdiqləməyiblər. Həmçinin, adı açıqlanmayan iranlı diplomatın səsləndirdiyi iddialara rəsmi reaksiya verilməyib.
Ş.A