SON XƏBƏRLƏR

Bakı Dialoqunun yekun Bəyannaməsi BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb

2026.11.18, 18:31
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb

Gunaz.tv

2026-cı il oktyabrın 7-dən 10-dək Bakı Dialoqu çərçivəsində keçirilmiş “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda IV Beynəlxalq Konfransın yekununda qəbul edilmiş Bəyannamə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb.

APA-nın məlumatına görə, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə keçirilən konfransın yekun Bəyannaməsi Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin təşkilatın Baş katibinə ünvanladığı 27 oktyabr 2026-cı il tarixli məktubuna əlavə edilib.

Sənəd A/81/462–S/2026/849 nömrəsi ilə Baş Assambleyanın 81-ci sessiyasının gündəliyinin müvafiq bəndləri üzrə, eləcə də Təhlükəsizlik Şurasının sənədi kimi dövriyyəyə buraxılıb.

Bəyannamədə silahlı münaqişələr nəticəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması, ailələrin öz yaxınları haqqında məlumat almaq hüququnun təmin edilməsi, fərdi və kütləvi məzarlıqlar barədə məlumat mübadiləsi, insan qalıqlarının təhlükəsiz və elmi əsaslarla aşkar edilməsi, identifikasiyası və geri qaytarılması, habelə beynəlxalq əməkdaşlığın gücləndirilməsi ilə bağlı mühüm müddəalar əksini tapıb.

Sənəddə dövlətlər, beynəlxalq və qeyri-hökumət təşkilatları arasında təcrübə mübadiləsinin genişləndirilməsi, müasir məhkəmə-tibbi ekspertiza metodlarının və yeni texnologiyaların tətbiqinin təşviq edilməsi vurğulanır. Xüsusilə, BMT və digər beynəlxalq təşkilatlar silahlı münaqişələr nəticəsində itkin düşmüş şəxslər probleminin həllinə yönəlmiş xüsusi beynəlxalq mexanizmin yaradılmasına dəstək verməyə çağırılır.

Bəyannamədə Bakı Dialoqunun beynəlxalq təcrübə mübadiləsi, etimadın möhkəmləndirilməsi və itkin düşmüş şəxslərin ailələrinin yaxınlarının taleyi barədə cavab əldə etməsinə yönəlmiş praktiki əməkdaşlıq baxımından getdikcə daha mühüm platformaya çevrildiyi qeyd olunur.

Həmçinin konfransın təşkili və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində milli və beynəlxalq səylərin konstruktiv müzakirəsi üçün şərait yaradılması ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Komissiyasına minnətdarlıq bildirilir.

Bəyannamənin BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılması Azərbaycanın itkin düşmüş şəxslər məsələsini beynəlxalq gündəmdə saxlamaq və bu sahədə əməkdaşlığı genişləndirmək istiqamətində təşəbbüslərinin davamı kimi qiymətləndirilir.


GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar