SON XƏBƏRLƏR

AZƏRBAYCANIN HƏRBİ HAVA QÜVVƏLƏRİNDƏ İSLAHATLAR BAŞLAYIR

2021.10.20, 07:36
AZƏRBAYCANIN HƏRBİ HAVA QÜVVƏLƏRİNDƏ İSLAHATLAR BAŞLAYIR

Gunaz.tv
Ş. , Fev. 7, 2009 AZƏRBAYCANIN HƏRBİ HAVA QÜVVƏLƏRİNDƏ İSLAHATLAR BAŞLAYIR Dəstəkverici ölkələr rolunda ABŞ və Türkiyə çıxış edir C.SÜMƏRİNLİ 2009-cu ildən etibarən Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarında ciddi islahatların həyata keçirilməsi planlaşdırılır. 2013-cü ilə qədər həyata keçiriləcək islahatlarda dəstəkverici ölkələr rolunda Türkiyə və ABŞ çıxış edir. Bu barədə "Ayna"ya Qərbdəki hərbi mənbələrdən məlumat verilib. Dünən bu istiqamətdə diqqət çəkəcək məlumatlar səslənib. "Anka" informasiya agentliyinin məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı ilə Azərbaycan Müdafiə Nazirliyi arasında imzalanan sazişə əsasən, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin təhsil-təlim sistemi Türk Hərbi Hava Məktəbinin təhsil-təlim sisteminə bənzər strukturda formalaşdırılacaq. Bakıda 2008-ci il martın 14-də imzalanan "Türkiyə Respublikası Baş Qərargahı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə təlim-təhsil dəstəyi haqqında saziş" Türkiyə Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Sazişə əsasən, Türkiyənin hava hərbçiləri Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularına təlim keçəcəklər. Azərbaycan Təyyarəçilik Məktəbi tələbələrinin dördillik təlim-təhsil müddətinin sonunda liderlik, idarəçilik, komandirlik və öyrətmə qabiliyyətlərinin inkişafı, Vətən, bayraq və vəzifə sevgisi, vəzifə şüuru, dürüstlük, sadiqlik, cəsarət, fədakarlıq kimi dəyərləri əldə etməsi əsas məqsəd kimi götürülür. Təhsil və təlim Azərbaycan dilində aparılacaq. Eyni zamanda, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində vəzifələrə təyin ediləcək Türkiyə Hava Qüvvələrinin hərbçiləri Azərbaycan Təyyarəçilik Məktəbini Türkiyə Hərbi Hava Məktəbinin strukturunda formalaşdırmaq üçün məsləhətçi funksiyasını da yerinə yetirəcəklər. Bəs Azərbaycan Hərbi Hava Qüvvələrinin yenidən qurulması işlərində ABŞ-ın hansı dəstəyi olacaq? Diqqəti öncə ABŞ Silahlı Qüvvələri Avropa Komandanlığı (EUCOM) ilə Azərbaycan Müdafiə Nazirliyi arasında 2007-ci ilin sentyabrında imzalanmış sənədə yönəltmək lazımdır. Xatırladaq ki, "Azərbaycan Silahlı Qüvvələri ilə ABŞ-ın Avropa Komandanlığı arasında hərbi əməkdaşlıq üzrə İş Planı" adlı sənəddə Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) dəstəklənməsi ilə Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planına (IPAP) uyğun aerodromun NATO ilə qarşılıqlı uyarlılığının əldə olunması üzrə səylərin dəstəklənməsi əksini tapırdı. İş Planına uyğun olaraq təhlükəsizlik üzrə yardım proqramları çərçivəsində NATO standartlarına uyğun Hava Hərəkətinə Nəzarət avadanlıqlarının alınmasına (naviqasiya, aerodromun işıqlandırılması, ILS və s.) 4.146.848 dollar ayrılması nəzərdə tutulurdu. "Ayna"nın əməkdaşının əldə etdiyi məlumata görə, artıq ABŞ-la Azərbaycan arasında HHQ-nin modernləşdirilməsi istiqamətində əməkdaşlıq konkret müstəviyə keçib. Pentaqon mütəxəssisləri bu istiqamətdə Türkiyədən olan həmkarları ilə birgə çalışmaq niyyətlərini səsləndiriblər. Daha bir diqqətçəkən məsələ Azərbaycan HHQ üçün pilot hazırlığında Ukraynanın fəallığı ilə bağlıdır. Ötən illərdə Azərbaycan və Ukrayna Müdafiə Nazirlikləri arasında əldə olunmuş razılaşmaya əsasən, Ukrayna Hərbi Hava Qüvvələrinin Təlim Mərkəzində azərbaycanlı pilotların hazırlanması və təkmilləşdirilməsi işi həyata keçirilməli idi. Ukrayna Müdafiə Nazirliyinin rəsmiləri bildirirdilər ki, azərbaycanlı pilotlar burada öz bilik və bacarıqlarını artırmaqla yanaşı, yeni texnologiyaları da mənimsəyəcəklər. Lakin üstündən xeyli vaxt keçsə də, Ukrayna və Azərbaycanın bu istəyi hələlik gerçəkləşməyib. Ümumilikdə, 2000-ci ildən HHQ-nin bazalarının müasirləşdirilməsinə başlanılıb. Müdafiə Nazirliyinin məlumatlarına görə, artıq Hacı Zeynalabdin Tağıyev və Qala qəsəbələrindəki hərbi aerodromlar müasir tələblərə cavab verəcək səviyyədə yenidən qurulub. Uçuş-eniş zolaqları, uçuşları idarəetmə və izləmə mərkəzləri ən yeni avadanlıqlarla təchiz edilib. Xatırladaq ki, Tağıyev qəsəbəsində Birləşmiş Ştatların yardımı ilə rekonstruksiya olunmuş aerodromdan müttəfiq qüvvələrin aviasiyası 2001-ci ildə Əfqanıstana uçuşlar zamanı istifadə edib. Onu da bildirək ki, NATO-nun dəstəyi ilə HHQ və HHTQ-nin Salyandakı bazasının rekonstruksiyası da nəzərdə tutulur. Birləşmiş Ştatların yardımı ilə həmçinin HHQ-nin Dəllərdəki bazasında bölgədə analoqu olmayan uçuşları izləmə və idarəetmə mərkəzi yaradılıb. Xatırladaq ki, ABŞ tərəfindən Azərbaycana hava sərhədlərini mühafizə etmək məqsədilə bir neçə il öncə 2 müasir tipli radiolokasiya stansiyası verilib. Rəsmi məlumatlara görə, ötən dövrlərdə hərbi aerodromlarda uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə xüsusi avadanlıqlar quraşdırılıb, texniki təminat binaları yenidən tikilib, aerodromların texniki təminatı, paraşüt-desant xidməti və əyləc paraşütlərinin yığılması binalarının inşasına başlanılıb. Əsas start-komanda məntəqələri, mühəndislərin idarəetmə məntəqələri və mühəndis aviasiya xidmətinin heyətləri üçün binalar istifadəyə verilib. Məlumatlara görə, diqqətdə olan əsas islahatlardan biri də Azərbaycan Hərbi Hava Qüvvələrinin hava parkının müasirləşdirilməsi ilə bağlıdır. Yaxın illərdə HHQ-nin hava parkının təxminən 50 faizinədək müasir döyüş təyyarələri hesabına yeniləşdirilməsi nəzərdə tutulur. Müxtəlif mənbələrdən verilən məlumata görə, qeyd edilən məqsədlə Rusiya, Ukrayna və Pakistanla müxtəlif danışıqlar aparılır. Paralel olaraq HHQ-nin mövcud təyyarələrinin bəzilərinin müasirləşdirilməsi proqramının da həyata keçirilməsi nəzərdə tutulur. Son məlumatlar belədir: yaxın vaxtlarda HHQ-nin hava parkı əlavə olaraq 29 ədəd "dördüncü nəsil" "MiQ-29" (Fulcrum), 20 ədəd "Tu-16" (bombadaşıyıcı) təyyarəsi və 25 ədəd "Mi-24" zərbə vertolyotları ilə gücləndirilməlidir. Eyni zamanda, Pakistan və Çinin birgə istehsalı olan "YF-17" (Thunder) döyüş təyyarələrinin alınması da planlaşdırılır ki, bu təyyarələr indiyədək Azərbaycanda döyüş növbətçiliyinə durmayıb. Bir müddət öncə Pakistan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilirdi ki, artıq tərəflər "YF-17" təyyarələrinin Azərbaycana satışı məqsədilə danışıqlara başlayıb. Azərbaycan tərəfindən sızdırılan bilgiyə görə isə, rəsmi Bakı İslamabaddan 24 ədəd "YF-17" qırıcısı almaq niyyətindədir. Hər birinin qiyməti təxminən 16-20 milyon dollar təşkil edən bu təyyarələr Azərbaycana 2009-cu ilin sonuna qədər gətirilməlidir. Qeyri-rəsmi məlumatlara görə, hazırda Azərbaycan HHQ-də 7900 nəfər xidmət edir. Bəzi məlumatlara görə, Azərbaycanın hərbi hava parkına 61 ədəd döyüş təyyarəsi və zərbə vertolyotu, 46 ədəd yardımçı təyyarə və vertolyot daxildir. Müxtəlif məlumatlara görə, Azərbaycanın hava qüvvələri 2 ədəd "Su-25", 4 ədəd "Su-24", 2 ədəd "Su-17", 48 ədəd müxtəlif modifikasiyada "MiQ-29", 3 ədəd "MiQ-21", 3 ədəd "An-2", 12 ədəd "L-39", 18-24 ədəd "L-29" döyüş və təlim təyyarəsi, həmçinin 1 ədəd "Tu-134", 1 ədəd "An-12", 1 ədəd "An-24", 3 ədəd "İl-76" nəqliyyat təyyarəsi, 15 ədəd "Mi-24", 13 ədəd "Mi-8", 9 ədəd "Mi-6", 7 ədəd "Mi-2" kimi müxtəlif təyinatlı vertolyotlara malikdir. Bundan başqa, Azərbaycanın Sərhəd Qoşunlarının aviadəstəyi də mövcuddur ki, bura əsasən kiçik ölçülü, desant və nəqliyyat üçün istifadə oluna bilən "Yak"lar və verolyotlar daxildir. Həmçinin xatırladaq ki, bu günlərdə Daxili Qoşunların vertolyot eskadrilyası da yaradılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar