SON XƏBƏRLƏR

Mütəllim Dəmirov:“Türklüyümüzü qorumaq və bu ideya uğrunda yaşamaq bizim qarşımızda duran əsas amallardan olmalıdır”

2021.10.20, 07:36
Mütəllim Dəmirov:“Türklüyümüzü qorumaq və bu ideya uğrunda yaşamaq bizim qarşımızda duran əsas amallardan olmalıdır”

Gunaz.tv
Muğam Azərbaycan türklərinin min illər boyu formalaşmış və nəsillərdən nəsilə ötürülən sənət incisidir. Xalqımızın milli- mənəvi dəyərləri və mənsub olduğu zənginliklər içərisində muğam sənətinin xüsusi çəkisi vardır. Çünki bu gün muğam azərbaycan sərhədlərindən kənara çıxaraq, dünya xalqları tərəfindən qəbul olunmaqdadır. Belə demək mümkünsə muğam qlobal status daşımağa başlayır. Azərbaycan xalqının mənəvi dəyərlərinin dağıtmaq üçün zaman -zaman düşmənlərimiz bundan istifadə etsələrdə ancaq istədiklərinə nail ola bilməyiblər. Üzdən iraq qonşumuz olan ermənilər muğam sənətini öz adlarına çıxartmaq və bu yöndə təbliğatı işləri,plagiatlığı azərbaycanın böyük sənətkarları tərəfindən avropanın,amerikanın müxtəlif mədəniyyət salonlarında ifa olunmağla iflası uğradı. Bu gün muğam adı gələndə ilk öncə böyük ustadlarımız Cabbar Qaryağdı, Xan Şuşinski,Seyid Şuşinski, Yaqub Məmmədov,Qulu Əsgərov, və adını çəkmədiyimiz sənətkarlar yada düşür. Muğam sənətini yaşadanlar içərisində gənc nəsilin üzərinə böyük yük düşür. Bu yaxınlarda muğam müsabiqəsinin keçirilməsi istedadlı gənc muğamçıların ortaya çıxmasında stimul oldu. Bu gün muğam sənətində öz dəsti xətti olan bu sənəti ruhunda yaşadan Azərbaycan Akademik Opera və Balet teatrının solisti Mütəllim Dəmirovla muğamın təbliği,milli mənəvi dəyərlərimizlə bağlı sualların cavabını almaq üçün ona müraciət etdik. İlk öncə Mütəllim bəy haqqında onu deyə bilərik ki,böyük muğam ustadı Alim Qasimovun tələbəsidir. Həmdə bu yaxınlarda Azərbaycan xalq ədəbiyyatının şah əsərlərindən sayılan “Aşıq Qərib” dastanı Azərbaycan Akademik Opera Balet teatrında səhnəyə qoyuldu. - Mütəllim bəy ilk öncə sizi azərbaycan türklərinin şah əsərlərindən olan məhəbbət dastanı “Aşıq Qəribi” səhnədə ifa etdiyinizə görə təbrik edirik. Mütəllim bəy həmdə sizə bu gün Azərbaycanda milli mənəvi dəyərlərimizlə bağlı sual vermək istərdim. Sənət adamı olaraq hansı işlər görülməlidir ki, dəyərlərimizi qoruyub saxlaya bilək? Təşəkkür edirəm təbrikinizə görə bəli bu yaxınlarda calışdığım Azərbaycan Akademik Opera və Balet teatrında türk dünyasının şah əsəri Aşıq Qərib dastanı səhnəyə qoyuldu,Qəribi mən və Şahsənəmi isə tərəfmüqabilim əməkdar artist Gülyaz Məmmədova ifa edirdi və güman edirəm ki, əsər tamaşaçılar tərəfindən bəyənildi. Fürsətdən istifadə edib calışdığım teatrın rəhbərliyinə öz təşəkkürümü bildirirəm ki, gözəl əsərlərin səhnəyə qoyulmasına şərait yaradırlar. Teatrın kollektivi əsərin uğurlı alınması üçün var gücləri ilə çalışdılar. Sizin dəyərlərimizlə bağlı sualınıza gəldikdə isə bu gün xalqımızın milli mənəvı dəyərlərinin təbliğ olunmasına böyük ehtiyyac var. Xüsusi ilə gənc nəsilin tərbiyəsində belə milli yönümlü əsərlərin rolu böyükdür. Həmdə tariximizin şah əsərlərinin unudulmamasına şərait yaratmış olarıq. Bizim xalqımızın təməlləri güclü dəyərlər sistemi üzərində qurulub. Bunu qorumaq və gələcək nəsillərə çatdırmaq bizlərin borcudur. Türklüyümüz və bu ideya uğrunda yaşamaq bizim qarşımızda duran əsas amallardan olmalıdır. Böyük ideoloqlarımız bu yolu bizə qoyub gediblər. Mən sənət adamıyam sənət insanı olaraq cəmiyyətə öz baxışımız var. Bu gün ki, gənclərimizi milli ruhda görmək bizimdə arzumuzdur. Bu xəttin Azərbaycanda gələcəkdə sağlam cəmiyyətin formalaşmasına səbəb olacağına tam əminəm. Biz sənət insanları olaraq üzərimizə hansı işlər düşürsə onuda həyata keçirməliyik və ümid edirəm ki,bundan sonra tariximizlə və mənəvi dəyərlərimizlə bağlı əsərlərin teatr səhnələrində tez-tez görəcəyik. Hələ əsrin əvvəllərində Azərbaycanın milli mütəfəkkirləri teatr vasitəsi ilə millətimizin milli şüurunu oyadırdılar. Azərbaycanın güclü və bütöv olması üçün birinci növədə daxili dünyamızda milli şüurü formalaşdırmalıyıq. Dünyanın hər bir yerində yaşayan azərbaycan türkləri vətənlərini sevməlidirlər və vətən eşqi onların qəlbində daim döyünməlidir. - Siz gənclərimizlə bağlı cox nikbin danışdınız bu gün ki, gəncliyin fəaliyyəti sizi qane edirmi? Azərbaycanda cox istedadlı və ağıllı gənclərimiz var. Xüsüsi ilə hazırda muğam sahəsində istedadlı gənclər dalğası gəlir. Mədəniyyət,içtimai-siyasi sahədə gənclərimizin fəaliyyətini izlədikcə hiss olunur ki,bu günki gənc nəsil olduqca ağıllı və diplomatik dünya görüşə malikdirlər. Xarici ölkələrdə təhsil alan və yaşayan gənclərimizin azərbaycan diasporasında fəallığı bizləri sevindirməyə bilməz. - Sizdən öncə Azərbaycan teatr səhnəsində Aşıq Qəribi hansı sənətkarlar ifa ediblər? Məndən öncə,Arif Babayev, Baba Mahmudoğlu Canəli Əkbərov Alim Qasımov kimi sənətkarlarımız canlandırıblar. Bu gün özümü xoşbəxt hesab edirəm ki, belə sənətkarların ifa etdiyi əsəri canlandırmaq mənədə nəsib olub. İnanıram ki, bundan sonra mən daha böyük əsərləri ifa edə biləcəm. Çünki mənim daxili potensialım buna imkan verir. - İnşallah Mütəllim bəy bu gün Azərbaycanda dövlət səviyyəsində muğama böyük dəstək var. Heydər Əliyev adına Fondun prezidenti cənab Mehriban xanım Əliyevanın rəhbərliyi altında Bakıda Muğam Mərkəzi açıldı. Mugam xanəndəsi olaraq bu haqda fikirlərinizi bilmək maraqlı olardı? Azərbaycanda muğama böyük maraq var və xüsusi ilə dünya xalqlarında muğamı ciddi bir əsər kimi qəbul edirlər. Muğam ustadı Alim Qasımovun dünyanın məşhur səhnələrində müğamı ifa etməsi, səhnənin insanlarla dolu olması bu artıq onu təsdiqləyir ki, muğam sənətinin o xalqlar tərəfindən sevildiyini göstərir. Mehriban xanım Əliyevaya öz təşəkkürümü bildirirəm ki,muğamın inkişafı üçün öz dəstəyini əsir gəlmir. Mehriban xanımın rəhbərliyi altında respublikada milli tedbirlərin keçirilməsi ölkəmizin mədəni həyatını inkişaf etdirir. Həmdə Mehriban xanımın əslən Ərdəbil şəhərindən olması və bu gün Güney Azərbaycanda milli musiqi,muğam öz intibah dövrünü yaşayır. Qədim şəhərimiz Təbriz intibahın mərkəzi kimi İranda yaşayan azərbaycan türklərinin milliliyinin saxlanılmasında mühüm rol oynayır. Nəzərdən qaçırmaq olmaz ki,muğam xalqımızın dünyada tanıdılması istiqamətində böyük rol oynaya bilər. Xaricilərin muğama böyük marağı var. Mən sizə bir şeyi xatırladım ki,bir neçə il bundan qabaq uzaq afrikadan bir xanım Alim Qasımovla muğamı birgə ifa etmək üçün Azərbaycana gəlmişdi. Çünki muğamda bir ilahilik duyumu var. Avropa demək olar ki,mənəviyyat sarıdan böhran keçirdiyinə görə melodik muğam onlara rahatlıq gətirir. Hələ fransiz səyyahı və yazıcısı Aleksandr Düma Qafqaza səfər edərək və səfərlə bağlı təəssüratlarını qələmə aldığı “Qafqaz Səfəri” əsərində qeyd edir ki, şirvanda olarkən onu qonaq edən Mahmud bəy ona muğamla qonağlığ vermişdir. Düma musiqiyə qulaq asdıqdan sonra muğama valeh olduğunu qeyd edir. Böyük Azərbaycan şairi Nizamı Gəncəvi hələ XII əsrdə yazırdı ki, Azərbaycan xalqının 502 -dan cox muğamı olub. Sonra ki,əsrlərdə və tarixin müəyyən dövrlərində onlar unudulub. Mütəllim bəy sonda sizə gözəl söhbətlərinizə görə öz təşəkkürümüzü bildiririk? Məndə sizə öz təşəkkürümü bildirirəm ki, xalqımızın milli mənəvi dəyərləri ilə bağlı gözəl işlər görürsünüz. Bundan sonra ki,fəaliyyətlərinizdə və çalışmalarınızda uğurlar arzu edirəm. Müsahibəni apardı: Baki Strateji Araşdırmalar Mərkəzindən Elnur Eltürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar