SON XƏBƏRLƏR

Amerikalı ekspert: “Yəhudi lobbisi Türkiyənin üstündən asanlıqla xətt çəkə bilməz” - EKSKLÜZİV

2021.10.20, 07:36
Amerikalı ekspert: “Yəhudi lobbisi Türkiyənin üstündən asanlıqla xətt çəkə bilməz” - EKSKLÜZİV

Gunaz.tv
Amerikalı ekspert: “Yəhudi lobbisi Türkiyənin üstündən asanlıqla xətt çəkə bilməz” - EKSKLÜZİV ABŞ-dakı Ceymstaun Fondunun Türkiyə üzrə eksperti Əmrullah Uslunun APA-nın ABŞ bürosuna müsahibəsi - Cənab Uslu, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Davosdakı demarşının əsas motivləri nələrdir? - Baş nazir Ərdoğanın davranışlarının və bəyanatlarının arxasında iki təməl məsələ dayanır. Daxili siyasət prizmasından baxdıqda İsrail prezidenti Şimon Peresin yüksək səslə Ərdoğana müraciətlə “İstanbula raket atsalar, sən nə edərdin” kimi sərt ifadə səsləndirməsindən sonra baş nazir böyük ehtimalla fikirləşib ki, bu, mənim Türkiyədə lider imicimə yaraşmır. AKP iqtidara gəldikdən bu günə kimi Türkiyədə müxalif qüvvələr baş naziri ABŞ və İsrailin dedikləri ilə oturub-durmaqda ittiham edirdilər. AKP-nin Vaşinqton və Tel-Əvivə yaxın olması barədə ittihamlar müxalifətin keçirdiyi mitinqlərdə, televiziya çıxışlarında tez-tez bəyan olunurdu. Bu ittihamlar baş naziri narahat etməyə bilməz. Şimon Peresin Davosda baş nazirlə sərt danışması Türkiyədə müxalifətin əlinə əlavə əsaslar vermiş olardı. Bu səbəbdən baş nazir belə sərt reaksiya verdi. Ərdoğanın özündən çıxmasına təkan verən ikinci səbəb isə aparıcı David İqnatiusun ona söz verməməyə çalışması oldu. Bu, onu çox qəzəbləndirdi. - İndiyə qədər Türkiyə ABŞ-ın müttəfiqi olan qərbyönümlü ölkə və bazar iqtisadiyyatı prinsipləri üzərində qurulan bir dövlət kimi tanınırdı. Amma AKP hakimiyyətə gəldikdən bəri Türkiyənin xarici siyasətində qeyri-standart istiqamətlər müşahidə olunur: Türkiyə HAMAS-la, İranla, Sudanla və digər ölkələrlə yaxın münasibətlər qurmağa başlayıb. Türkiyə öz xarici siyasi kursunu dəyişməkdədirmi? - Türkiyə indi keçid mərhələsindədir - ölkənin regionda rolunu yenidən müəyyən edən konsepsiya reallaşır. Sovet İttifaqı dövründə niyə Türkiyə strateji ölkə sayılırdı? Çünki Sovet İttifaqı ilə həmsərhəd ölkə olaraq kommunizmlə mübarizə cəbhəsində mühüm rol oynayırdı. SSRİ dağıldıqdan sonra Türkiyə bu baxımdan əhəmiyyətini itirməkdə idi. Ona görə də yeni konsepsiya ortaya qoyuldu. Buna əsasən Türkiyə Yaxın Şərq, Balkanlar və Qafqazda mümkün qədər fəal rol oynamalıdır ki, əvəzolunmaz vasitəçi kimi həm Avropada, həm də Şərqdə və Qafqazda əhəmiyyətini artırsın. Baş nazir Rəcəb Tayyib Ərdoğan hakimiyyətə gəldikdə həmin konsepsiyanı aqressiv şəkildə reallaşdırmağa başladı. İndi əsas sual Türkiyə ilə İsrail münasibətlərinin necə inkişaf edəcəyi məsələsidir. Bir neçə gün əvvəl Ərəb Dövlətləri Liqası xarici işlər nazirlərinin toplantısında bəyan olundu ki, ərəb olmayan ölkələr ərəblərin daxili işlərinə qarışmamalıdır. Bu da Türkiyəyə bir mesaj idi. Türkiyə baş nazirinin Davos bəyanatı onu ərəb xalqları arasında Camal Əbdülnasir kimi çox məşhurlaşdırıb. Bu da ərəb liderlərini narahat edir. Çünki onların əksəriyyəti öz xalqlarının gözündə bacarıqsız, Fələstin münaqişəsindən baş aça bilməyən, ABŞ-ın təsiri altında olan korrupsiyalaşmış başçılar kimi görünürlər. Ona görə də baş nazir Ərdoğanın Davosdakı demarşı onun həm İsrail, həm də ərəb dünyasının liderləri ilə münasibətlərini soyudub. Ortada olan sual isə Türkiyənin ərəb xalqları arasında qazandığı mənəvi lider obrazını siyasi kapitala çevirib-çevirməyəcəyidir ki, bu da çox çətin məsələdir. Bildiyiniz kimi, Türkiyədən fərqli olaraq, ərəb dünyasında xalqın rəyi ilə hesablaşmağa ehtiyac yoxdur. Çünki demokratiya, azad seçki, azad mətbuat yoxdur. - Türkiyə-İsrail münasibətlərinin soyuması Türkiyənin ABŞ-dakı mövqelərinə necə təsir göstərəcək? - Türkiyə-ABŞ münasibətləri strateji xarakter daşıyır. Türkiyə İraq və Əfqanıstanda ABŞ-a ciddi yardım göstərir. “İncirlik” hərbi bazasının rolunu da yaddan çıxarmaq lazım deyil. Lakin ABŞ-da bir erməni məsələsi var. Yerli yəhudi lobbisi bu məsələdə Türkiyəni dəstəkləyirdi. Amma əvvəlki dövrlərlə müqayisədə indi ABŞ Konqresi məsələ ilə bağlı daha məlumatlıdır. Keçən dəfə Konqresdə aparılan müzakirələrdə gördük ki, amerikalılar öz millət vəkillərinin tarixi yenidən yazmaq cəhdlərindən narazıdırlar. Bunu “The New York Times”, “The Washington Post” və digər qəzetlərdə çıxan məqalələrdən də görmək olurdu. Yəqin ki, bu il də Türkiyənin yəhudi lobbisinə ehtiyacı olacaq. Lakin yəhudi lobbisi də Türkiyənin üstündən asanlıqla xətt çəkə bilməz. Yəhudi lobbisi ağıllı və savadlı insanların idarə etdiyi bir şəbəkədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar