Bir romanın ortasından . Güntay
2021.10.20, 07:36
Güntay Bir romanın ortasından Günbatan çağı idi. Payızın solğun günəşi Suren dağlarının zirvəsində əriyib yox olurdu. Birdən dəstəmizin bulunduğu yerə dörd savaş cipləri girdi. İçindən də silahlı və saqqallı adamlar tökülüb mənim səngərimə girdilər. Mənə aid nə qədər kitab və dəftər var idisə hamısını yığışdırıb və məni də alıb mərkəzi qərargaha apardılar. Çıxarkən gözlərim Yüksələ sataşdı. Gözlərimizlə bir-birimizlə vidalaşmaq istədim. Çünkü ordunun Hifazəti (ordunun MTNi) aparan adamlar geri dönmürdülər. Ya öldürülürdülər, ya həbsə atılırdılar, ya da başqa yerə göndərilirdilər. Məni savaş ciplərinin birinə mindirdilər. Adamların hamısı islami saqqalı ordunun hifazətinə mənsub idilər. Özümü toparlayıb cipdəkilərdən soruşdum: ”Məni hara aparırsınız?” çiynində zabit rütbəsi ulduzu görünən adam möhkəm bir şillə vurub və susmamı istəyib dedi: ”Səni vətən xainlərinin getməsi gərəkən yerə aparırırq.” adam elə sərt vurmuşdu ki, sifətimdən sanki atəş qopmuşdu. Arabalar mərkəzi qərargaha çatdı. Mərkəzi qərargahda hifazətin özəl mərkəzi var idi. Burada fars dilində ”dadqahe səhrai- çöl məhkəməsi” deyilən bir mərkəz də var idi. Orduda təxribat işləri ilə məşğul olanlar burda yarqılanırdılar. Yerin altında geniş məhkəmə imkanları düzənləmişdilər. Bütün arabalar yerin altında girdi. Arabalar yerin altına girərkən mənim gözlərimi bağladılar. Yerin altında araba xeyli yol getdi. Bəlkə də heç yol getmir, geniş bir dairədə firlanırdı. Mən elə sandım ki, yerin altındakı məsahəni daha böyük təlqin etmək üçün bu işi edirlər. Məni gözü bağlı şəkildə arabadan endirib bir dəmir otağa saldılar. Yanılmıramsa o zaman dəmirdən düzəlmiş bu tək otaqlı evə kantinel deyirdilər. İçəri aldıqlarından sonra gözlərimi açdılar. Hifazət məmuru adam mənə ”burda gözlə!” deyib qapını qapayıb getdi. Qapı qapandıqdan sonra içəri zil qaranlıq oldu. Qapıdan dışarıda yanan lampaların işığı gəlirdi. Qaranlıqda qalmışdım və öz-özümə düşünürdüm ki, mənim günahım nədir. Məni buraya niyə gətirdilər? Ancaq cavab tapa bilmirdim. Fikirləşirdim ki, bəlkə məni universitetdən uzaqlaşdırıldığım üçün yaxalamışlar. Ancaq yenə də ağlımda bunun cavabını tapırdım ki, universitetin buranın nə əlaqəsi var. Orduya gəldiyim gündən də heç bir xəta etməmişəm. Təqribən beş metr uzunluğu olan qaranlıq kantinelin içində gedib-gəlib fikirləşirdim. Ancaq heç bir şey ağlıma gəlmirdi. Bilmirəm nə qədər zaman keçmişdi. Çünkü insan tam qaranlıqda həbs olduğu zaman zamanın keçişini hiss etmir. Çünkü zamanın keçişi havadakı və işığın əyimindəki hadisələrdən daha çox hiss olunar. Ya da aydınlıqda yaşadığımız zaman fərqinə varmadığımız bəzi şeylər gizlin bir şəkildə zamanın keçdiyini hiss etdirir. Keçişinin fərqinə varmadığım zaman keçirdi və kimsə gəlmirdi. Kantinelin bucağına söykənib oturdum. Hiss etdim yuxum gəlir. Yuxumun gəlməsindən anladım ki, gecə saat 12 olar. Çünkü gecələr kitab oxuyur və ən tez 12-də yatırdıq. Bəzən də oxuduğumuz kitablar çox maraqlı olduğunda yuxumuz həyəcandan qaçırdı. Yüksəllə sərt dartışmalara girirdik. Qurxu və vahimə içində yuxu məni zorlayırdı. Ancaq soyuqdan yatmaq olmurdu. Bir neçə dəfə soyuqdan oyandım, sonra yatdım. Hava soyuq oluğundan yuxumda görürdüm ki, Savalanın başındakı gölün içində çimirəm və az qalıram soyuqdan donum. Buna bənəzr bir neçə yuxu görürdüm. Bir dəfə də ayıldım artıq yuxum tam qaçmışdı. Anladım ki, səhər saat 6-7 arası olar. Qaranlıq canımı sıxmağa başlamışdı. Nədən kimsə gəlib mənə baş çəkmir, yemək gətirmir deyə öz-özümə sorurdum. Ətrafdan keçəcək ayaq səsləri, insan səsi də eşidilmirdi. Artıq ağlım çalışmırdı. Düşünürdüm bəlkə məni bir başqası ilə dəyişik tutmuşlar. Yəni bir suçlunun yerinə səhvən məni buraya gətirmişlər. Bu fərziyənin üstündə daha çox dayandım və öz-özümə dedim ki, kəsinliklə məni bir başqasıyla dəyişik tutmuşlar. Əlimi bir neçə dəfə kantinelin divarına sürtdüm. Dəmir divar buz kimi idi. Bir tərəfdən canım üşüyürdü, bir tərəfdən də susuzluq və aclıq hiss etməyə başlamışdım. Nədənsə insan ən dar günlərində daima anasını xatırlayır. Anam yadıma düşdü. Bəlkə də bu xatirələri xatırlayaraq oradakı psixoloji basqıdan qurtulmaq istəyirdim. Anam yadıma düşdü. Kəndimiz və şüuraltımda daima sevdiyim xatirələrim. Anamın o gözəl səsini eşidirdim içimdə: ”Ay bala, qalx gedək tarlada işimiz çoxdur. Gün qarşı təpədən doğmaq üzrədir.” Mən isə səhərin şirin yuxusundan ayılmaq istəmirəm. Hər gün axşama qədər çalışıb yorulurduq. Gecə də yatanda yuxudan ayıla bilmirdim səhər çağı. Atamın səsini eşidirdim: ”Ay arvad, tez ol, uşaqları oyat yemək ver, gedək.” Anam əlində bir bardaq su gülə-gülə ”Bax durmasan suyu tökəcəm üstünə”- deyirdi. Artıq yuxum qaçmış və anamın üzündəki o gözəl gülüşləri seyir edirdim. Qalxıb anamın süfrəyə hər gün qoyduğu şirinçay, pendir, süt-qatıqdan yeyib atlara minib tarlaya gedirdik. Tarlada çalışarkən balaca radiomuzla bazar günlərinin ”muğamat konserti”ni qaçırmazdıq. Özəlliklə Ənvər qardaşım muğam konserti başlayanda əlini işdən çəkib oturub dinlərdi. Hamımız yovşanla qaynayıb dəmlənmiş dadlı çayımızı içə-içə qızmar yay günəşinin altında kaldarlarla qurduğumuz kölgəciyin altında musiqiyə qulaq asardıq. Yadımdadır ki, bir neçə kərəsəində Rübabə Muradova və Ağabala Abdullayeva oxuyanda anamın göz yaşları axmışdı. Gözlərimiz tikilərdi səs gələn tərəfə. Bakıya doğru baxardıq hamımız içimizdə gizlin və dərin bir kədərlə. Bəzən də çalışa-çalışa ailəmizdən biri hansısa bir mahnını yarım-yamalaq mızıldardıq. Anamın səsi çox gözəl idi. Anamın səsinin gözəlliyini inək sağarkən şərqi söylədiyi zaman kəşf etmişdim. Anam inək sağarkən elə gözəl şərqi söylərdi ki, ala inəklərimiz yavru buzovlarını yalaya-yalaya süd verərdi. Tarlada çalışdığımızda anam şərqi söylərkən kimsə mızaldamazdı. Anamın gözəl səsini dinləməkdən hamımız ləzzət alardıq. Atam da anamın şərqi söyləməsindən xoşlanardı. Hətta atamın kefi yerində olanda deyirdi: ”Ay arvad, o mahnını oxu sən allah.” Atamın bu sözlərinə hamımız başlardıq gülməyə. Bilirdik hansı mahnını deyir. Atam anamla nişanlı olduğunda bir mahnı bəsləmiş imiş. Bəzən gecələr o mahnını oxuyarmış və atam da onların evlərinin yanında ona qulaq asarmış. Anam da gülə-gülə başlardı o mahnını oxumağa. Xəyallarım çocuqluq xatirələrimdən ayrılıb yenə də geri gəlirdi. Kantineldə çevrəmi saran qaranlığa yavaş-yavaş alışırdım. Mənə elə gəldi ki, mənim burda olduğumu unutmuşlar. Susuzluqdan və aclıqdan əziyət çəkməyə başlamışdım. Kimsədən səs-səmir yox idi. Dedim yəqin məni unutmuşlar. Başladım dəmir divara əllərimlə vurub bağırmağa: ”burda bir insan var, eşidirsinizmi məni?” Cavab gəlmirdi. Daha yüksək səslə başladım bağırmağa. Yenə də cavab verən olmadı. Hətta bir səs belə eşidilmədi. Təkrar Kantinelin bucağına söykənib xəyala daldım. Bu dəfə ibtidai məktəb xatirələri zehnimdə canlandı: Üçüncü dördüncü sinifdə oxuyurduq. Sinifimizdə dörd qız var idi və onlardan birini sevirdim. Qızın adı Fəriba idi. Fəriba ilə bir-birimizə elə alışmışdıq ki, bir gün bir-birimizi görməsəydik yaşaya bilməzdik. Dayım qızı idi. Bəzən gecələr mən dayım gildə yatardım, ya da Fəriba bizim evdə yatardı. Uşaqlıq sevgisi ilə gələcəkdə evlənəcəyimizə söz vermiş, bir-birimizin yolunda ölümə qədər getməmiz üçün peyman bağlamışdıq. Baharın orta ayının günlərindən biri idi. Müəllim demişdi xətt imtahanı alacağam. Ona görə də demişdi ki, hər kəs balaca bir şişə qab tapsın. Gedib örüşlərdən xaşxaş gülünü yığsın şişənin içinə, sonra da başlasın bu gülü şişənin içində əzməyə. O qədər xaşxaş gülü yığıb şəşənin içində əzməli idik ki, mürəkkəb əmələ gəlsin. Bu mürəkkəblə qarğı ilə düzəldilmiş xətt qələmi ilə xətt imtahanı verəcəkdik. Bütün öyrəncilər bu işi görmüş və mürəkkəb hazırlamışdılar. Xaşxaş gülünün qara ilə qırmızı rəngi bir-birinə qarışıb gözəl bir rəng oluşdururdu. Hamının hazırladığı mürəkkəb hazır idi. Müəllim demişdi hər kəs hazırlamasa hər əlinin içinə on ağac vuracaq. O zaman xüsusi hazırlanmış ağacla şagirdlərin əllərinin içinə, bəzən də ayaqlarının altına vuraraq tənbih etmək yayqın idi. İmtahana 2-3 saat qalırdı. Fəribanın əlindəki mürəkkəb şişəsi düşüb qırılmışdı. Fəriba ağlayırdı. Çünkü həm imtahandan qalacaqdı, həm də müəllim onu tənbih edəcəkdi. Müllimlər qızları daha az döyürdülər. Qız uşağının hər əlinə sadəcə iki ağac vurudular. Fəriba ağlaya-ağlaya mənim üstümə gəldi və ”mənim mürəkkəb şişəm qırıldı.”- dedi. Mən nə edə bilərdim? Sevdiyim qızın yolunda bir fədakarlıq etməm lazım idi. Dərhal boynuna sarılıb gözlərinin yaşını silərək dedim: ”Fəriba ağlama, mən öz şişəmi sənə verirəm.” Fəriba ağlamasını kəsərək ”O zaman sənin işin nə olacaq? Müəllim səni döyəcək və imtahandan qalacaqsan.”- dedi. Müəllimin mənə çox böyük hörməti var idi. Bütün tapşırıqları yerinə yetirərdim. Hətta bəzən kəndimizin bütün siniflərə dərs deyən bir tək müəllimi sinifi mənə tapşırıb bir neçə saatlığına gedərdi işinin arxasınca. Müəllimin məni döyəcəyini sanmırdım. Deyirdim müəllim aramızda olan münasibətdən dolayı məni tənbih etməz. Ancaq tam tərsinə oldu. Müəllim uşaqların mürəkkəbini yoxladığında mənim mürəkkəbimin olmadığını görəndə heyrətləndi və ”Səndən bunu heç gözləməzdim. Sən məni xəyal qırıqlığına uğratdın. Sənin hər əlinə 20 ağac vuracam.”- dedi. Müəllim məni qarataxtanın önünə çağırıb əllərimi açmamı istədi. İlk dəfə idi cəzalanırdım. Müəllim çox sərt zərbələr vururdu. Əllərimin içi ağrısa da ağlamırdım. Çünkü böyük bir sevginin yolunda fədakarlıq göstərirdim. Hər əlimə beş sərt zərbə dəydikdən sonra Fəribanın yüksək səslə ağlamaları eşidildi. Müəllim dönüb gözlərindən sel kimi yaş axan Fəriba baxıb və ”Nə oldu, niyə ağlayırsan?”- dedi. Fəriba ağlaya-ağlaya qarataxtanın önünə gəlib əllərini açıb uzatdı müəllimin önünə. ”Məni döyün müəllim”- dedi. Müəllim dedi: ”Səni niyə?” Fəriba ”Çünkü mənim şişəm qırıldı və o şişəsini mənə verdi ki, mən cəzalanmayım, mənim yerimə o cəzalansın.”- dedi. Müəllim bir an susdu. Heyrətlə ikimizə də baxırdı. Fəriba ağlamasına davam edirdi. Hər əlimə dəyən beş ağır ağacın ağrıları gizildəyirdi. Müəllim sinifi buraxıb dışarı çıxdı. Bir azdan içərə gələrkən gözləri nəmli görünürdü. Bəlli idi ki, dışarıda gözlərindən daha çox yaş axıbdır. Müəllimin gözlərindəki nəm hamını kədərləndirmişdi. Fəribanın ağlamaları hiçqırtıya dönüşmüş, içini çəkir və gözlərindən yaş axırdı. Müəllim geri dönərkən də əlindəki ağacı dışarıda buraxıb gəlmişdi. Sinifə tam bir səssizlik hakim olmuşdu. Müəllim də danışmamaqda qərarlı idi sanki. Sonunda müəllim üzünü mənə tutub və uşaqların hamısı eşidərkən ”Məni bağışla, səni haqsız cəzalandırdım.”- dedi. Müəllim bu sözləri söylədiyində mən ağlamağa başladım. Müəllimimizi çox sevirdim. Onun məndən üzr istəməsini istəmirdim. Ağlaya-ağlaya ”Müəllim Siz bizim böyüyümüzsünüz, Allah bağışlasın. Siz bizi bağışlayın.”- dedim. Sonra müəllim təkrar dışarı çıxıb əlində tənbih ağacı geri gəldi və üzünü uşaqlara tutub ”Uşaqlar, mən bu ağacı sizin gözlərinizin önündə qırırram və söz verirəm ki, kimsə bu ağacla bir daha döyülməyəcəkdir. Ancaq mənim tənbihi ortadan qaldırmağım sizləri tənbəlləşdirməsin.” dedi. Mən və Fəriba eyni şişədəki mürəkkəbdən istifadə edib imtahan verdik. Ancaq mürəkkəb yetərli olmasa da müəllim qəbul etmişdi. O günü Fəriba öz evlərinə getmədi. Bizim həyətdən anasına yüksək səslə ”Ana, mən bu gün bibim gildə qalacam.”- dedi. Fəriba əllərimi qoltuqlarının arasına alıb sıxırdı. Tez-tez soruşurdu ki, ağrıyır ya yox? Mən də əllərim onun o gözəl vücuduna toxunsun deyə ”Yaman ağrıyır. Ölürəm ağrıdan.”- deyirdim. Bu zaman əllərimi daha çox sıxırdı. Onun hərəkətləri mənə ləzzət verirdi. Kəndimizdə yalnız beş ibtidai sinifi var idi. Qızlar yalnız beş il oxuya bilirdilər. Mən beşinci sinifi də qurtarıb getdim Ərdəbildə təhsilimi davam etməyə, ancaq Fəriba qaldı. Şəhər həyatı önümdə yeni dünyagörüşü, yeni hadisələr açmışdı. 10-cu sinifdə oxuduğum zaman, Fəribanın evləndiyi xəbərini eşitdim. O zaman Şəhərdən uzaqlaşıb Savalana tərəf qaçıb bir ağacın dibində Füzulinin qəzəllərini öz-özümə söyləyib ağlamışdım. Təkrar yuxum gəlməyə başladı. Bildim ki, ikinci gecədir burdayam. Gecələr kantinel daha da soyuq olurdu. Mat-mətəl qalmışdım. Bunlar niyə glib məni danışdırmırlar. Fikirləşdim bəlkə İraq hücuma keçib bu yerləri işğal etmiş və hamı qoyub qaçıbdır! Ona görə də özümü hazırlamışdım ki, bir zaman bir İraq əsgəri də gəlib kantinelin qapısını aça bilər. Yuxu gözlərimi zorlayırdı. Yuxumda anamın etiraz səsini eşitdim: ”Ay bala sənə yüz dəfə demişəm ki, üstü açıq yatmaq!” yuxudan ayıldım. Suyuqdan az qala donmaq üzrə idim. Heç bir yeri görə bilmirdim. Özümə gələnə qədər harda olduğumu bilmirdim. Öncə elə bildim səngərdəyəm. ”Yüksəl, Yüksəl!” deyə çağırdım. Birdən xatırladım ki, mən kantineldə həbsdəyəm. Yuxum qaçdı. Aclığım və xüsusən susuzluğum get-gedə artırdı. Təkrar xəyal dünyasında keçmiş həyatımdan bəzi parçalar xatırlamağa başladım. Özəlliklə gənc gəlinimizin ölümünü xatırladım. Onun ölümü əsasında vaxt tapdığımda bir roman yazmağı planlayırdım o zaman. Olay bu şəkildə gerçəkləşmişdi: Ənvər qardaşım bir qız sevmişdi, ancaq arzusuna çatmaz olmuşdu. Atam qardaşımı dərhal evləndirmək istəyirdi. O zaman mənim 12 yaşəm var idi. Elçilik zamanı atamdan xahiş etdim ki, məni də özünüzlə aparın. Anam atama ”A kişi düz deyir, bu uşağı da özümüzlə aparaq. Uşaq olduğu üçün gedib qızı görər, sonra gəlib qardaşına danışar.”- dedi. Atam razılaşmışdı. Atam ata mindi və məni də tərkinə aldı. Elçiliyə yola düşdük. Məstalbəyliyə gedəcəkdik. Bir neçə kənd aşıb axır ki, qızın atası Gülağa kişinin evinə endik. Böyük hörmət etdilər bizə. Sonra mən yavaşca qalxıb gəlinimiz olacaq qızın, Həlimənin yanına getdim. Həlimənin yanında oturdum. Həlimə mənə ”xoş gəlmisən!”- dedi. O zaman qıza elçi gedəndə adətən qız gözlərə görünməz, başqa bir evə, başqa evləri olmasa da qonşu da gedib oturardi elçi gedənə qədər. Həlimə çox gözəl qız idi. İçimdən bir xoş duyğular keçdi ki, qardaşımın bu gözəlliyə xanımı olacaq. Uzun müddət Həlimənin yanında oturub orada çay-çörək yedim. Sonra da özümdən asılı olmayaraq başımı qoydum Həlimənin dizlərinin üstünə. Həlimə etiraz etmədi. Gülüb saçlarımı yumşaq əlləri ilə sığallamağa başladı. Onun əllərinin başımda dolanması mənə ləzzət verirdi. Sonra bir az cəsarətlənib Həliməyə ”Xahiş edirəm üzümü də sığalla”- dedim. Həlimə də istədiyim kimi etdi, sonra da məni qaldırıb bağrına basdı. Mən də onun boynuna sarıldım. Içimdən bir səs onun bizim gəlinimiz olacağını deyirdi. Geri döndüyümüzdə Atam deyirdi ki, gülağa kişi bir az fikirləşmələri üçün zaman istəmişlər. Əslində bu onların razılıq əlaməti idi. Atam məndən Həlimə haqqında soruşurdu. Mən də tərifləyib dururdum Həliməni. Atam da bu sözlərdən ləzzət alıb ”yaxşı ki, səni özümüzlə gətirdik”- deyirdi. Həlimənin toyu 21 Azər günü oldu. Hər tərəf qar idi. Gəlini gətirən atlılar çox əziyət çəkirdilər. Həlimə başı duvaqlı ağ atımızın üstündə oturmuşdu. Ənvər damımızın üstünə çıxıb həyətimizə çatan gəlininin başına üç alma atdı. Həlimənin gəlişi ilə evimizin durumu dəyişmişdi. Yeni gəlinimiz hamımızın sevimlisi olmuşdu. Zaman sürətlə keçirdi. Həlimə hamilə olmuşdu. Onun hamilə olması daha da sevinc gətirmişdi evimizə. Evimizdə bir neçə aydan sonra bir yavru çocuq olacaqdı. Ancaq kəndimizdə doğum evi olmadığı üçün, şəhərlə irtibat çətin olduğu üçün bir çox gəlinlər doğum yapdıqlarında ölürdülər. Muğanın qışı o il çox qorxunc idi. Hər tərəfi qar sarmışdı. Bir gün anam Həlimənin doğum sancısının başladığını duyurdu. Həlimənin sacıdan yüksək səsi duyulurdu. Gecə yarısını keçmişdi hələ həlimə doğa bilməmişdi. Ənvər qardaşım həyəcanla dəhlizdə gözləyirdi. Birdən anam biz oturan evə girərək atama ”A kişi gəlin öləcək, nə edək?” hamının sifətini bir anda qorxu sardı. Mən də qaçıb Həlimənin otağına girdim. Həlimə bayılmışdı. Uşaq hələ dünyaya gəlməmişdi. Birdən Həlimə özünə gəlib və əlini Ənvərə tərəf uzadıb dedi: ”Ənvər, qoyma məni öləm. Ənvər, məni ölümdən qurtar!”. Yenə də bayıldı. Ənvər nə edəcəyini bilmirdi. Gecənin bu vaxtında hər tərəfi qarın sardığı vəziyətdə nə etmək olardı. Tanrıya yalvarmaqdan başqa çarə qalmamışdı. Uşağın gəldiyini xəbər verdilər. Bir an dünyaya gələn qız uşağının səsi evi bürüdü. Hamımız sevinirdik. Ancaq Həlimə bayqın idi, özünə gəlməmişdi. Anam uşağı bələyib qonaq otağına apardı. Ancaq hələ də Həlimə özünə gəlməmişdi. Anam Həlimənin sifətinə möhkəm şilə vurub ”Həlimə, qızım, ayıl, sənə qurban olum bala, bizi tərk etmə, özünə gəl!”- deyirdi. Bir an Həlimə özünə gəlib üzünü son kərə Ənvərə tutub ”Ənvər, balamıza diqqət et, ona yaxşı bax!”- dedi və həmişəlik gözlərini yumdu. Evdə ağlaşma başlamışdı. Qonum-qonşu axışıb gəldilər. Həlimə ölmüşdü. Ənvər yüksək səslə ”Həlimə, Həlimə, məni buraxıb getmə!”- deyərək ağlayırdı. Ənvərin ağlaması hamının içini yandırırdı. Qonşu qadınlar dərhal ocaq qalayıb su qızdırdılar. Hər tərəf buz bağlamışdı və bu isti su ilə Həlimənin cənazəsini yuyacaqdılar. Həlimənin başının üstündə yasın oxunurdu. Bizim o gözəl gəlinimiz quş kimi uçub gedirdi evimizdən. Bir neçə gənc adam qəbristanlığa gedib qəbir qazmağa başladılar. Yer buz bağladığı üçün qəbir qazmaq da çox çətin idi. Həlimə yuyulduqdan sonra Qəbristanlığa aparıldı. Həliməni bir məzara dəfn etdilər. Ancaq qış vaxtında deyirdilər ki, kaftarlar gəlib təzə ölünün məzarını söküb ətini yeyir. Anamdan soruşmuşdum ki, kaftar nədir? Ananmsa, kaftar tülkü kimi bir heyvandır. Qışda ölənlərin gəlib məzarını söküb ətini yeyir. Çünkü qışda soyuq olur, hətta itlər də girirlər nünlərinə. Ona görə də kaftarların qorxusu olmur gəlib məzarı sökür. Bunu eşitdiyimizdə çox qorxmuşduq. Ənvər artıq ağlamır, susqun-susqun ölən xanımının xatirələrini xatirlayırdı sanki öz içində. Ənvər anama ”Ana, mənə yorğan-döşək ver, gedirəm qəbristanlığa”- dedi. Ənvər Həlimənin məzarını qorumaqda qərarlı idi. Cecimdən yorğandan alıb qəbristanlığa getdi. Bir azdan anamla mən əlimizə bir fənar alıb Ənvərin yanına getdik. Ənvər məzarın yanında yer salıb yatmışdı. Deyirdilər 20 gün keçsə artıq kaftar yaxınlaşa bilməz. Yazıq anam göz yaşlarını tuta bilmirdi. ”Mənim talehsiz oğlum” deyib ağlayırdı. Bizdə Ənvərlə bir yerdə idik. Bir azdan Ənvər anama ”Siz gedin, mən qalsam yetər!”- dedi. Ənvərin boynuna sarılıb və ”qardaşım, xahiş edirəm izn ver yalnız bu gecəni sənin yanında yatım.”- dedim. Ənvər qəbul etdi. Anamı yola saldıq getdi evə. Ənvərin boynuna sarılıb orada yatdım, Ənvərlə bir yerdə Həlimənin məzarının yanında. Zaman keçirdi. Artıq Həlimə unudulur və onun yerini evimizdə üzünü görmədiyi qızı Lalə doldururdu. Təkrar kantineli yumuruqlamağa başladım. Tualetə getmək istəyirəm, lütfən gəlin qapını açın. Kimsədən cavab gəlmədi. Nə edəcəkdim? Tualet ehtiyacımı necə bərtərəf etməliyəm? Qap-qaranlıqda kantinelin digər tərəfindəki bucağa işədim. Ancaq işədikdən sonra düşündüm ki, gəlib məni buna görə cəzalandıracaqlar. Başqa çarəm yox idi. Hələ bir azdan böyük tualet ehtiyacım da olacaqdı. ”Nə işə düşdüm Tanrım, məni bura niyə saldılar?”- deyə öz-özümə düşünürdüm.Birdən ayaq səsləri eşitdim. Çox sevinmişdim. Bəli, ayaq səsləridir və mənim olduğum tərəfə yaxınlaşırdı. Qapı açıldı və əlində çıraq olan adam içəri girdi. əlindəki dəstmalla gözlərimi bağlayıb apardıqlarında ”lütfən izn verin tualetə gedim sonra”- dedim. Məni tualetə apardılar. Sonra yenə də gözlərimi bağlayıb cipə mindirdilər. Qərargahın içində bir az gəzişdikdən sonra bir otağa girdik. Gözlərimi açdılar. Masanın arxasında oturmuş çiynində iki ulduz görünən və köksündə ”Haşimi” yazmış bir saqqalı zabit var idi. Mənim sağ-sol tərəfimdə isə gözətçilər durmuşdular. Burada nədən bu qədər əziyət çəkdiyimin səbəbini bu gün öyrənəcəkdim. Zabit mənə ”Nədən hədəfi qəsdən yayındırdın?”- dedi ”Hansı hədəfi cənab sərvan?”- dedim. ”Hansı hədəf olduğunu yaxşı bilirsən. Son dəfəki atəşinizi deyirəm. Nədən onların qaçmasına yardımçı oldun?” ”Cənab sərvan, mən kimsənin qaçmasına yardımçı olmamışam, məndən gözləmçi hansı hədəfləri istəmişsə, onların da vurulmasını əsgərlərə demişəm. İstəsəniz səs qeydlərimizə baxa bilərsiniz.” ”Sən onları tanıyırdınmı” ”Onlar kimdir, cənab sərvan?” ”Onları, o gün qaçıb düşmənə təslim olan mücahidləri deyirəm.” ”Xeyir tanımırdım. Ayrıca, o gün məndən nədən atəş istəndiyini bilmirdim. İndi öyrənirəm ki, qaçanlar üçün atəş istəmişlər.” ”Əsgərlikdən öncə hansı siyasi təşkilatın tərəfdarı olmusan?” ”Mən siyasi təşkilatın tərəfdarı olmamışam.” ”Siyasi təşkilatın tərəfdarı olmamısansa, niyə səni universitetdən uzaqlaşdırmışlar?” ”Mən özüm də bilmədim niyə. Ancaq yazılı olaraq etiraz etmişəm. Mənə elə gəlir ki, etirazımı qəbul edərlər və dönüb təhsilimə davam edərəm.” Sərvanın qarşısında mənim kitablarım tillənmişdi. Kitablara işarə edərək, dedi: ”Niyə sənin kitablarının içində bir tək dini kitab yoxdur?” Bu suala cavab verə bilmədim, susdum. Sonra da Sərvan bir neçə İstanbul nəşri kitablara işarə etdi. Bu kitablar əslində Yüksəlin idi, mənim kitablarıma qarışdırıb gətirmişdilər. Zabit: ”Bu kitablar nə dilindədir?” ”Türk dilində” ”Sən pantürkistsən demək!” ”Xeyir cənab sərvan, mən yabancı dil öyrənirəm. Baxsanız kitablarımın içində ingilis dilində də kitab var.” ”İngilis dilində olanları anlamaq olar. Türk dilində kitab oxuyursan, həm də orduda!” Susub yerimdə durmuşdum. Sərvan səsini yüksəldərək davam etdi: ”Hədəfləri niyə doğruca vurmadın?” Sağ-solumdakı gözətçilərə işarə etdi. Məni saldılar təpiyin altına. Ayaqlarında əsgər ayaqqabılarla haram gəlirdi var gücləri ilə vururdular. Sərt təpiklərdən biri sifətimə elə deyir ki, bayılıram. Bayılmışlığımı o qədər vururlar ki, daha sonra ayıldığımda zərbələrin yerini görəcəkdim. O zamankı işkəncənin izi hələ də sağ bacağımdan getməmişdir. Özümə gəldiyimdə özümü yerdə uzanmış gördüm. Moruq-moruq olmuş yanaqlarımla birdən gözlərim zabitin çirkin sifətinə sataşdı və öz-özümə pıçıldadım: ”Səni öldürəcəyəm, sərvan Haşimi.” Gözətçilər qolumun altına girib məni ayağa qaldırdılar, düşməyim deyə qolumun altından çəkilmədilər. Zabit ”Bu sənə bir dərs olsun. Əsgərlikdə necə diqqətli olmağı öyrənməlisən.”- dedi. Sonra da gözətçilərə ”bunu verin ön cəbhəyə ərzaq aparan arabalara aparsınlar xidmət yerinə”- dedi. Kitablarımı çantaya yığıb mənimlə bərabər qoydular ərzaq arabasına. Ayaq üstə dura bilmirdim. Ərzaq arabası böyük bir araba idi. Böyük qazanlar var idi içində və bir də ərzağı paylayan əsgərlər. Əsgərlər mənim durumuma baxıb başlarını bulayırdılar. Dəstəmizin bulunduğu yerə çatdığımızda mənim enməmə yardımçı oldular. Birdən gözlərim yüksələ sataşdı. Yüksəlin heyrətdən ağzı açıla qalmışdı. Özünü toparlayıb ”Səni niyə bu günə saldılar?”-dedi. Sonra da məni boynuna alıb səngərə apardı. Səngərə girər-girməz Yüksəl ağlamağa başladı Şərəfsizlər, bunun günahı nə idi?”- deyib ağlayırdı. Mənim yemək yeməyimə yardımçı oldu. Yüksəl çox dalqın idi. Yüksəldən xahiş etdim üzümüzü qırxdığımızda istifadə etdiyimiz güzgünü mənə versin. Güzgüyə baxdığımda özümdən qorxdum. Sifətimin hər yeri yaralanmış, qap-qara olmuşdu. Başımda da fanusqa zərbələrinin ağrılarını hiss edirdim. ……………….