TÜRKİYƏNİN GÜNDƏMİ GET-GEDƏ QARIŞIR

Vaşinqtonda isə erməni dəstəkçiləri bir-bir mühüm dövlət postlarına gətirilir İsmayıl UMUDLU Türkiyədə baş verənləri buradan baxıb təəccüb, təşviş və kədərlə izləməkdəyik. İzləməkdən başqa çarəmiz də yoxdur. Bizə görə, bunlar indiki məqamda arzuedilməzdir, amma bu ağıllı kişilər bütün bunlara rəvac verməkdədirlər. Əlbəttə, baş verənlər Türkiyənin daxili işidir, yaranmış durumdan çıxış yolu aramaq da türk millətinə aid vəzifədir və yəqin ki, bir çıxış yolu görünəcək. Hər halda, ümidimizi itirmirik. Hələlik isə bu ölkədə siyasi vəziyyətin gün-gündən mürəkkəbləşdiyi, bəlkə də, mürəkkəbləşdirildiyi görünür. Onu görməmək və təşvişə düşməmək mümkün deyil. Dünya iqtisadi böhranının təsiri, ölkə daxilində gün-gündən körüklənən "kürd məsələsi", Vaşinqtonda "erməni soyqırımı" məsələsinin Konqresin gündəminə gəlmə ehtimalının artması, bu məsələdə Qəzza hadisələrinə münasibətdə rəsmi Ankaranın tutduğu mövqedən dolayı yəhudi çevrələrin dəstəyinin itirilməkdə olması Türkiyə üçün yaxşı heç nə vəd etmir. Biz görməyə bilmirik ki, regional güc iddiasında olan bir ölkə öz xarici siyasətində istinad qalalarını bir-bir təhvil verir, daxilində isə bir xaosun yaxınlaşmaqda olduğunun əlamətləri daha da qabarıqlaşır. Narahatıq, ona görə ki, bütün bunların axarında Türkiyənin gündəmində Azərbaycan məsələsi yoxa çıxıb - gündəmdə ön sıralarda mahiyyəti sonadək aydın olmayan siyasi çəkişmələr, arzuedilməz mübahisələr var. Müəmmalı "Ergenekon" davasının qızışması var. Hərbçilərin sensasiyalı bir şəkildə tutulması, ardınca buraxılması, bu "serial"a hər gün yeni-yeni adların əlavə olunması var. Son vaxtlar orda-burda əl qumbarası, tapança-tüfəng patronlarının tapılması, müəmmalı "qazıntılar" topluma günün başlıca siyasi hadisəsi kimi təqdim edilməkdədir. Bizim, sadəcə, başı özünün bu kimi işlərinə qarışmış bir müttəfiqimiz var və onun dərd-səri biz deyilik - bax bu xoşagəlməz gerçəkliklə üz-üzəyik. Türkiyənin siyasi həyatında əvvəlki "ağır oturub, batman gəlmək" yox kimidir, açıq ifadələrlə ağır qınaqlar, siyasi opponentlərə həqarət epizodlarının biri digərini əvəz edir. Türkiyədə artıq bir siyasi didişmə mühiti yaranmışdır və bu minvalla haraya gedildiyini kəsdirmək bizim üçün çətindir. Özü də bu tendensiya AKP-nin iqtidara gəldiyi dönəmdən bəri özünü göstərdi və getdikcə sərtləşməkdədir. "ERGENEKON FIRTINASI" Türkiyə, əgər belə demək mümkünsə, bir "Ergenekon fırtınası" yaşayır. Bu proses nə vaxtdan bəridir gedir, lakin çoxlu suallar qalır və hələ də bu hadisələri əvvəldən izləmiş olsaq da, qaranlıq məqamlar çoxdur. Məsələn, "Ergenekon" bir təşkilatdırmı? Strukturu necədir və başçıları kimdir? Üzvləri kimdir? Məramı nədir? Nə istəyirlər? Nizamnamələrində nə yazılıb? Onlar çevrilişmi etmək istəyiblər?" və s. kimi suallara indiyədək aydın bir cavab yoxdur. Türkiyə elə bir ölkədir ki, burada çevrilişi yalnız Silahlı Qüvvələr etmək iqtidarındadır. Türkiyə tarixində belə şeylər olub - siyasi vəziyyət pisləşəndə ordu hakimiyyətə əl qoyub, hökuməti istefaya göndərib, qayda-qanunu bərpa etdikdən sonra yeni seçkilərə gedilib. Bu dəfə "Ergenekon" araşdırması çərçivəsində tutulanlar isə istefada olan yüksək rütbəli zabitlər, ziyalılar və jurnalistlərdir. Bəziləri hay-küylə polis tərəfindən gözaltına alınır, bir neçə saatdan və ya bir-iki gündən sonra sərbəst buraxılır... Maraqlıdır, əgər bu adam təqsirkar deyildisə, niyə tutulurdu, təqsirkardırsa, indi niyə buraxılır? Bu suallara da hələ ki cavab yoxdur. Yaxud "tapılan" silahlar. Torpaqdan qazılıb çıxarılan silahlar (güllə, tapança, əl qumbarası və s.)... Türkiyədə çox adamın əlində, cibində, evində olan bir şeylər... Amma paslanmayıb, təzədir. Onları ora kim atıb, nə məqsədə atıb? Parkdan ağaclar arasından buldozerlə qazılıb çıxarılan silah torbası buldozerlə oraya qazılıb basdırılanda niyə kimsə bunun fərqində olmayıb? Nəsə, inandırıcı görünmür. CHP-nin MÜNASİBƏTİ və ya BAYKALIN "REYXSTAQ YANĞINI" BƏNZƏTMƏSİ Bu gün "Ergenekon" araşdırmasını topluma iqtidardakı AKP mütəşəkkil cinayətkarlıqla, dövlət üçün ciddi bir təhlükə ilə mücadilə kimi təqdim edir. Lakin bu məsələdə ana müxalifətçi CHP və onun lideri Dəniz Baykal tərəfindən tənqidlərə məruz qoyulur. Buna cavab olaraq AKP təmsilçiləri "ittihamın işinə qarışmayaq, bu onların işidir" deyirlər. Prezident Abdulla Gül "hüquq-mühafizə orqanlarına təzyiqdən qaçınılmalı", "onlara güvənmək lazımdır" deyir. Fəqət Dəniz Baykal öz tənqidlərini, bizə görə, ciddi arqumentlərlə yürüdür və bunlar gündəlik olaraq türk mətbuatında yer alır. Məsələn, Dəniz Baykal məsələni belə qoyur: bu önəmli isimlərə qarşı belə bir iş başladılırsa, əldə çox ciddi "dosye"lər olmalı, bu "dosye"lər çox ciddi qənaətlərə əsaslanmalıdır. Generallar tutulur və bir neçə saatdan və ya gündən sonra buraxılır. Onlara qarşı bu həqarətə niyə yol verilir? Niyə tutulurdular və indi niyə buraxılırlar? Baykal deyir: əgər baş nazir cinayətkar təşkilatlar ilə mücadilə aparırsa, niyə indiyə qədər "Dəniz Fənəri", "RTÜK" kimi cinayət şübhəlilərinə qarşı mücadilə yürütmür, birincilərə dair "dosye"lər isə hələ də Almaniyadan gətirilməyib? CHP lideri diqqəti belə bir elementə də cəlb edir ki, bu araşdırma prosesində bəzən iş sürətləndirilir, bəzən əyləcə basılaraq yavaşıdılır... O hesab edir ki, bu proses baş nazirin gizli təlimatı əsasında yürüdülür. Dəniz Baykala görə, bu "hibrid bir davadır", başı-sonu yoxdur. "2 min 500 səhifəlik iddianamə olur? Heç İkinci Dünya Savaşının iddianaməsi də bir bu qədər deyildi" - deyir. Dəniz Baykal baş verənləri "toplumu yönləndirmə projesi" adlandırır. CHP lideri "Ergenekon araşdırması"nı 1933-cü ildə faşistlərin Reyxstaqı yandırması, bunun təqsirini öz siyasi rəqibləri olan kommunistlərin üstünə atması və onları məhkum etməyə çalışması əhvalatına bənzədir. Dəniz Baykala görə, baş nazirin gücü yetsə, CHP-yə də hücum edəcək, indi hücum edə bilmir, deməli, gücü yetmir. Onun qənaətincə, baş nazir hücum üçün qüvvə toplamaq niyyətindədir və "Ergenekon" davasında yeni dalğalar gözlənilir. "TUNCAY GÜNEY" ÜNSÜRÜ Bu adam Kanadadadır, Türkiyəyə dönməkdən çəkinir. İstefada olan general Tuncay Güney "Ergenekon" məsələsində "kilid isim" kimi qələmə verilir. Onun oradan söylədiklərinə araşdırmada geniş yer verilir. Dəniz Baykal isə bunu düzgün saymır. Bu son günlərdə gözlənilmədən bu adam TRT dövlət telekanalına çıxarıldı və ekrandan Dəniz Baykalı "MİT agenti", CHP-ni "Cəsur Hırsızlar (oğrular) Partiyası" adlandırdı və ...qarşı tərəfə cavab vermək imkanı təmin olunmadı. Bundan başqa, o iddia etdi ki, "Ergenekon"un arxasında generallar durur. CHP düşərgəsi TRT-nin bu hərəkətini hiddətlə qarşıladı və telekanalı məhkəməyə verəcəyini bildirdi. Onlar eləcə də bu məsələni parlamentin gündəminə gətirəcəklərini deyirlər.. Tuncay Güney 2001-ci ildə tutulubmuş, lakin həbsə məruz qoyulmayıb. Niyə? Bu da başqa suallar doğurur. Onun indi dövlət telekanalı efirinə çıxarılması toplumda "hansısa kirli bir oyun gedir" düşüncəsini qüvvətləndirmiş kimidir. Baş Qərargahın keçmiş rəisi general İsmayıl Həqqi Qaradayı da Tuncay Güneyin söylədiklərini "dəlinin sayıqlamaları" adlandıraraq deyib ki, orduda 50 illik xidməti ərzində "belə qurumsaqlıq"a rast gəlməyib. "Bunlar gülməlidir. Görün Türkiyə haralara gəlib çıxıb?" deyə o təəssüfünü bildirir. Qaradayı deyib ki, orduda xidmət etdiyi illərdə "Ergenekon" adlı bir qurumun mövcudluğu barədə bir kəlmə də eşitməyib. Onun inamınca, kimlərsə türk ordusuna ləkə yaxmağa çalışır. Son olaraq bu araşdırma çərçivəsində istefada olan briqada generalı Levent Ersöz saxta bir pasportla tutuldu. Bu arada həmin adam yoxa çıxmışdı və onun Rusiyada olduğu bildirilirdi. Ankarada bir xəstəxanada başqa ad altında prostat müalicəsi üçün gəldikdə tutulmuşdu. BAŞ QƏRARGAHDAN REAKSİYA Öz növbəsində, bütün bunları gərgin bir diqqətlə izləyən ordu Baş Qərargahı dünən ictimaiyyətlə əlaqələr xidmətinin rəisi briqada generalı Metin Gürak ordu adından bir "Ergenekon" açıqlaması verməklə, generalitetin susqunluğunu pozdu. Həftəlik mətbuat açıqlamasında Metin Gürak bildirdi ki, Ankarada gözaltına alınan yarbay (polkovnik-leytenant) Mustafa Dönməz İstanbula "Ergenekon" araşdırmasını aparan prokurorluğun sərəncamına göndərilmişdir. Briqada generalı deyib ki, orduda təsbit edilən bütün ədliyyə olayları dərhal araşdırılır və qanunla tələb olunanlar lazımınca yerini alır. İstanbul cümhuriyyət prokurorluğunda aparılan araşdırmalara toxunarkən general onu da qeyd edib ki, dindirmə dosyelərinin ordu rəhbərliyi tərəfindən incələnməsində və sənədlərin surətinin əldə edilməsində məhdudiyyət qoyulub, amma bunların mahiyyətə mediada yer ala bilir, halbuki istintaq gizli aparılmalıdır və məhkəmənin hökmü olmayınca heç kəs cinayətkar sayıla bilməz. General deyib ki, ifadələrin mediada yer alması ilə vətəndaşların təqsirsizlik prezumpsiyasını pozulmuş olur. VAŞİNQTONDAN GÖZLƏNİLƏN "SÜRPRİZ"LƏR Türkiyədə "Ergenekon fırtınası"nın gah qızışdırılıb, gah tormozlandığı bu günlərdə Vaşinqtonda işlər Türkiyə üçün arzuedilməz istiqamət almaqdadır. Dünyanın aparıcı dövlətinin sükanı arxasına keçən Barak Obama və komandasının xarici siyasətində Türkiyənin yeri barədə proqnozlar ümidverici görünmür. Hər halda, çox şey qarşıdakı üç ayda aydınlaşacaq. Ən çox maraq doğuran isə "erməni soyqırımı" məsələsində rəsmi Vaşinqtonun nə kimi tutum sərgiləyəcəyidir. Barak Obamanın seçkiöncəsi kampaniyanın gedişində ermənilərə verdiyi vəd məlumdur. Konqresin spikeri Nensi Pelossinin onlara verdiyi vədi də xatırlayırıq. Bu isimlərə bir yenisi daha əlavə olundu - dövlət katibi vəzifəsinə gətirilən keçmiş birinci ledi Hillari Klinton "erməni soyqırımı" iddiaları ilə bağlı "bu və digər ağır mövzulara çox yaxından baxacağıq" deyə münasibət açıqladı. Özü də o bu fikri Senatda açıqladı. Belə ki, dövlət katibi vəzifəsinə namizəd Senatın da "hə"sini almalıdır və H.Klinton bu çərçivədə Senatın xarici əlaqələr komitəsindəki iclasında senatorların suallarını cavablandırmışdır. Bu əsnada erməni dəstəkçilərindən Nyu-Cersi senatoru Robert Menendes onun münasibətini bilmək istəmiş və Hillari Klinton yuxarıdakı cavabı vermişdir. Təbii ki, bu cavabı bir neçə yerə yozmaq olar, lakin Hillari Klinton öz seçkiöncəsi kampaniyasında "soyqırım"ı tanıyan qətnamə layihəsinin tərəfdarı kimi yaddaşımızda qalmışdır. Əlavə edək ki, H.Klinton yeni postuna əyləşmək üçün Senat komissiyası mərhələsindən keçdi. Bu məsələdə erməni çevrələrinin artan ümidlərinə bir element də əlavə olunmuşdur - məlumdur ki, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsi Leon Panettaya təklif edilmişdir. Bu adam Bill Klinton dönəmində Ağ ev aparatına rəhbərlik etmişdi və "erməni soyqırımı"nın tanınmasına dəstəyi, açıq ermənipərəst mövqeyi ilə xatırlanır. Türkiyənin isə bu məsələdə əzəli müttəfiqləri kimi çıxış etmiş yəhudi çevrələri ilə münasibətləri korlanmış kimidir. Qəzza hadisələrindən dolayı rəsmi Ankaranın İsraili sərt tənqid etməsi, Türkiyə şəhərlərində antiisrail mitinqləri işi o yerə gətirmişdi ki, İsrail daxilində Türkiyəni boykot çağırışları səslənmişdi. MHP və SOLLARIN TUTUMU MHP və onun lideri Dövlət Bağçalı "Ergənekon" məsələsində CHP-dən bir qədər fərqli, daha çox ehtiyatlı mövqe sərgiləməkdədir. Onların gözləmə mövqeyi tutduğu hiss olunur. Amma bu arada Dövlət Bağçalı və Rəcəb Tayyip Ərdoğan arasında bir "söz atışması" yaşandı. Ərdoğan MHP-ni "yavru müxalifət" adlandırdı, Bağçalı isə öz növbəsində ona sərt cavab verdi: "50 ilin Bozqurdu yavru deyil, 47 faizlə iqtidara gəlsən də, cücük qalmışsan". Nə söyləmək olar, xoşagəlməz haldır. Parlamentdə təmsil olunan müxalifətçi Demokratik Sol Partiyanın lideri Zəki Sezər baş verənləri "Türkiyənin qütbləşdirildiyi" kimi dəyərləndirir. Onun görümündə son altı ildə bu ölkədə özünün AKP-sini xilas etməyə çalışan bir hökumət iş başındadır. Bütün bu baş verənlər onun özünü xilas etmək cəhdləri ilə bağlı işlərdir və türk milləti bu sıxıntılardan qurtarması üçün öncə AKP-dən qurtulmalıdır. Zəki Sezərə görə, hökumət başqa problemləri bir yana buraxıb yüz illərdən bəri barış və dinclik içərisində yaşamış bir toplumda "baş örtüyü", "kimlik" və s. kimi mövzular üzərində siyasət quraraq türk toplumunu parçalara bölür, qütbləşdirir. Demokratik Sol Partiya lideri bütün bunlara "sıxıntılı və təhlükəli" işlər kimi baxır. Hər halda, AKP-nin bütün bunlardan sonra seçicilər arasında nüfuzunu artırdığı və ya itirdiyi qarşıdakı bələdiyyə seçkilərində aydın olacaq. Kürdlərin əhalinin müəyyən faizini təşkil etdiyi bölgələrdə onların bu dəfə səslərini keçəndəfəki kimi AKP-yə deyil, DTP-yə verəcəkləri şəksizdir, o cümlədən digər müxalifət partiyalarının da mövqelərini gücləndirəcəyi ehtimaldan uzaq deyil.