SON XƏBƏRLƏR

Rusiya özünə və Ermənistana çarə axtarır

2021.10.20, 07:36
Rusiya özünə və Ermənistana çarə axtarır

Gunaz.tv
Rusiya özünə və Ermənistana çarə axtarır moskva.jpg Üzeyir Cəfərli: "Son illər Silahlı Qüvvələrimizin gücləndirilməsi baxımından nəzərə çarpacaq addımlar atılır" Emin Həsənli:"Rusiya Azərbaycanın öz torpaqlarını azad edəcəyindən narahatlıq keçirir, buna görə də Ermənistanı silahlandırır" Ötən gün Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Ermənistana 800 milyon dollar dəyərində hərbi texnika və sursat verməsi barədə məlumatlarla bağlı bəyanat yayıb. Bəyanatda vurğulanır ki, ötürülmüş silah-sursat Azərbaycan Respublikasının ərazilərinin bir hissəsini işğal edən ölkənin hərbi potensalını əhəmiyyətli dərəcədə gücləndirəcək. Bu BMT TŞ-nın Ermənistan-Azərbaycan münaqişəsinə dair qəbul etdiyi müvafiq qətnamələrin və BMT Baş Assambleyasının 14 mart 2008-ci il tarixdə qəbul olunmuş "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnaməsinin bilavasitə pozulmasıdır. Burada söhbət Rusiyanın Azərbaycanın ərazilərinin işğalının davamına və güclənməsinə hər hansı addımları ilə yardım etməməyə dair öhdəliyinin pozulmasından gedir. Ramiz Mikayıloğlu Rəsmi Bakının etirazı başa düşüləndir. Bəs bütün bunların fonunda ordumuzun potensialını, ötən il görülən işləri necə qiymətləndirmək olar? Həm də Rusiya niyə məhz indi Ermənistana bu miqdarda silah və sursat ötürüb? Hərbi ekspert Üzeyir Cəfərli deyir ki, Silahlı Qüvvələrin potensialını real döyüş əməliyyatlarında, tapşırıqları yerinə yetirən zaman qiymətləndirmək lazımdır. Ona görə də indi Azərbaycan Silahlı Qüvvələrinin hansı vəziyyətdə olmasına qiymət vermək çox çətindir: "Biz istəyərik ki, ordumuz güclü, mobil, çevik və qarşıya qoyulan tapşırığı yerinə yetirmək iqtidarında olsun". Hərbi ekspert dedi ki, dünyanın güclü dövlətlərinin ordularının stasionar və döyüş şəraitində ortaya qoyduğu göstəricilər bəzən ziddiyyət yaradır. ABŞ ordusunun İraqdakı, Rusiya ordusunun Şimali Qafqazdakı döyüş əməliyyatlarına diqqət yetirilsə, onların müəyyən çətinliklərlə, itkilərlə üzləşdiyini görmək olar: "Ona görə də ordumuzun təhlükələri önləməyə hazır olub-olmadığı yönündə fikir söyləməyə çətinlik çəkirəm. Amma son illərdə Silahlı Qüvvələrimizin gücləndirilməsi baxımından nəzərə çarpacaq addımların atıldığı görünür. Bununla belə, orduda kifayət qədər nöqsanlar, problemlər çətinliklər qalır. Elə keçən il 80 nəfərə yaxın hərbi qulluqçumuzun dünyasını dəyişməsi, buna görə bir nəfərin də məsuliyyətə cəlb olunmaması bizi çox narahat edir". Üzeyir Cəfərli nəzərə çatdırdı ki, Rusiya həmişə işğalçı Ermənistanı silahlandırıb və silahlandırmaqda davam edir. Ona görə də biz bir dövlət və xalq olaraq şimal qonşumuzun addımlarını pisləməliyik. Rusiya 1993-1996-cı illərdə işğalçı ölkəyə 1 milyard dollarlıq silah və texnika bağışlayıb.: "Rusiya məsələ aşkarlanandan sonra əl-ayağa düşüb, müvafiq komissiya yaradılacağını bildirib. Ancaq ortada inkarolunmaz fakt var. Bu oyunlar ona hesablanıb ki, vaxt udsunlar və vəziyyətdən çıxış yolu axtarsınlar. Rəsmi qurumlarımız çeviklik göstərməlidir". Üzeyir Cəfərli hesab edir ki, Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığı artırılmalı, təlimlər keçirməli, hərbçilərimiz başqa dövlətlərin hərbçiləriylə birgə təlimlərə qatılmalıdır: "Azərbaycan Silahlı Qüvvələrinin nüfuzu, inkişafı naminə müəyyən təbliğat xarakterli işlər də görməliyik". Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bildirdi ki, "Gülüstan" və "Türkmənçay" müqavilələri imzalanandan sonra Rusiya Azərbaycan torpaqlarında "Ermənistan dövləti" yaradıb, ermənilərin işğalçı-terrorçu əməllərinə birbaşa dəstək verib, torpaqlarımızı işğal edib: "Birinci Qarabağ müharibəsi zamanı, atəşkəs sazişi imzalanandan sonra da Rusiya milyonlarla dollar dəyərində silah-hərbi texnika bağışlayıb, üstəlik, işğalçı ölkədəki rus hərbi bazalarını gücləndirib. Son iki ildə Gürcüstandan çıxarılan rus bazaları da Ermənistanda yerləşdirilib: "Bu gün Ermənistan ordusunun faktiki olaraq Rusiya saxlayır. Hətta Gümrüdəki 102 saylı bazada şəxsi heyətin 75 faizi erməni hərbçiləridir. Bu kifayət qədər təhlükəli məqamlardır. Qeyd edim ki, rus rəcmiləri həmişə bildirirdilər ki, Ermənistandakı bazalardan başqa dövlətlərə qarşı istifadə olunmayacaq. Amma ötən ilin avqust hadisələri zamanı Ermənistandakı rus bazalarından qalxan təyyarələr Gürcüstanın şəhər və kəndlərini bombaladılar. Qarabağ müharibəsi yenidən başladığı təqdirdə, 1991-1994-cü ildə olduğu kimi Rusiya qoşunlarının birbaşa Ermənistana dəstək verməyəcəyinə heç kəs zəmanət verə bilməz". Emin Həsənlinin sözlərinə görə, Azərbaycan Rusiyayla münasibətləri strateji əməkdaşlıq səviyyəsində qurur, iki ölkə arasında ciddi iqtisadi, mədəni, siyasi əməkdaşlıq mövcuddur. Amma imperialist düşüncəli rus dairələri hələ də Cənubi Qafqazı, xüsusən, böyük iqtisadi-geosiyasi potensialı olan Azərbaycanı əsarətdə saxlamaq xəyallarıyla yaşayırlar. Zaman-zaman müstəqilliyimizə, ərazi bütövlüyümüzə zərbə vurmağa çalışırlar". Emin Həsənliyə görə, qlobal böhran nəticəsində ciddi çətinliklərlə üzləşən Rusiyanın yenidən Ermənistana 800 milyon dollarlıq silah-sursat-texnika verməsi Moskvanın təlaşından irəli gəlir. Çünki, Kremlin Azərbaycana təzyiq imkanları azalır, zəifləyir. "Onu da xatırladım ki, Rusiya və İranın təzyiqlərinə baxmayaraq, ən ağır iqtisadi, siyasi və hərbi durumda belə Azərbaycan rəhbərliyi ərazi bütövlüyü, hərbi və geopolitik məsələlərdə heç bir güzəştə getməyib"-deyən İB sədrinin fikrincə, hazırda Azərbaycan iqtisadiyyatı, ordusu güclənir, ölkəmiz Qərblə birgə nəhəng enerji layihələri həyata keçirib və keçirməkdədirr. Bu gün Azərbaycanın ABŞ, Avropa ölkələri, NATO ilə əlaqələri genişlənir: "Təzyiqlərlə, işğalla üzləşdiyimiz zaman ordumuz çox zəif idi. İndi Silahlı Qüvvələrimiz NATO standartlarına uyğunlaşır, kadr, maddi-texniki bazası gücləndirilir. Keçən il iyunun 26-da Silahlı Qüvvələrimizin yaranmasının 90 illiyi münasibətiylə "Azadlıq" meydanında hərbi parad keçirdik. Bu, hərbi parad Azərbaycanı istəməyən dövlətləri narahat etdi. Bundan başqa, Azərbaycanda keçən il hərbi idman yarışları keçirildi, 6 boksçumuz birinci yeri tutdu. Bu, Azərbaycan Silahlı Qüvvələrinin döyüş ruhunun, nizam-intizamın yüksək olmasının göstəricisidir". İşğalçı Ermənistan isə məhz yürütdüyü siyasət nəticəsində regiondakı layihələrdən kənarda qalıb. Bu gün iqtisadiyyatı çox zəif olan Ermənistan Rusiyanın bir vilayəti, forpostudur. Bu ölkədə əli Azərbaycan xalqının qanına batmış terrorçu-separatçı rejim hakimiyyətdədir. Ötən ilin martında Köçəryan-Sərkisyan rejimi öz xalqının da qanını tökdü". Emin Həsənli bildirdi ki, bu cinayətkar rejimi Rusiyada müəyyən siyasi-hərbi dairələr dəstəkləyir, milyonlarla dollar dəyərində silah- hərbi texnika verirlər. Bu dəstəklə Rusiya terrorçu Sərkiyan rejiminin arxasında dayandığını birinci növbədə narazı erməni ictimaiyyətinə göstərmək istəyir: "Təəssüf ki, beynəlxalq təşkilatlar, böyük dövlətlər də ikili startlardan çıxış edir, işğalçının adını çəkmirlər, Rusiyanın Ermənistana silah hədiyyə etməsindən danışmırlar. ABŞ Gürcüstandakı Abxaziya və Cənubi Osetiyanı separatçı sayır, Dağlıq Qarabağdakı sepaatçı ermənilərə isə hər il yardım göstərir". TOHGMİB sədri vurğuladı ki, Azərbaycanın iqtisadi-siyasi, geopolitik cəhətdən yüksəlişi, Silahlı Qüvvələrimizin güclənməsi işğalçı Ermənistanı və onun himayədarı Rusiyanı, eləcə də erməni lobbisinin təsir dairəsində olan beynəlxalq təşkilatları ciddi şəkildə narahat edir. Ona görə də Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək üçün hərbi yola əl atacağı barədə informasiyalar, məqalələr xarici mətbuatda əksini tapır. Bu ermənilərin təlaşının bir sübutudur. Eyni zamanda, Dağlıq Qarabağ danışıqlarının dalana dirənməsində xüsusi rolu olan Rusiya təxribat xarakterli informasiyalar yaymaqla Ermənistana külli miqdarda silah və hərbi texnika verməsi üçün özü üçün "əsaslar" yaradır. Onu da qeyd edək ki, qlobal iqtisadi böhranın get-gedə daha çox çökdürdüyü Rusiya forpost Ermənistanı Azərbaycanın təzyiqlərindən qorumaq üçün onu təpədən-dırnağadək silahlandırmaqdan başqa yol görmür. Qarabağ münaqişəsinin müəllifi olan Kreml Ermənistanı silahlandırmaqla faktiki olaraq, aparılan danışıqları növbəti dəfə əngəlləmək niyyətindədir. Bununla da işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyini stumullaşdırmağa çalışır: "Azərbaycan Silahlı Qüvvələri bircə dəfə atəşkəsi pozacaq. Bu da onun qanuni, hüquqi haqqıdır və hərbi əməliyyatlara başlayıb, torpaqlarını işğaldan azad edəcək. Bizə belə atəşkəs pozmaq lazım deyil. Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı işğaldan azad etməyə mənəvi-psixoloji cəhətdən də hazırdır. Erməni ordusunda isa çaxnaşma var. Belə bir durumda Azərbaycanın torpaqlarını azad etmək üçün hərəkətə keçəcəyini düşünən və təlaşlanan Rusiya Ermənistana dəstək olmağa çalışır, ona silah və sursat ötürür. Bir sözlə, "silah-sursat bağışlama" əməliyyatı göstərdi ki, işğalçı Ermənistanın arxasında duran qüvvə Azərbaycanın, Silahlı Qüvvələrimizin güclənməsindən ciddi şəkildə narahatdır".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar