SON XƏBƏRLƏR

KREMLİN AZƏRBAYCANI DİZ ÇÖKDÜRMƏK PLANINA TƏPKİ

2021.10.20, 07:36
KREMLİN AZƏRBAYCANI DİZ ÇÖKDÜRMƏK PLANINA TƏPKİ

Gunaz.tv
KREMLİN AZƏRBAYCANI DİZ ÇÖKDÜRMƏK PLANINA TƏPKİ Moskva ilə Bakı arasında silah qalmaqalı son həddə Ölkəmiz Moskva bəyannaməsindən imtina edir, Rusiya isə özünün təhlükəli ssenarisini işə salmağa hazırlaşır Rusiyanın Ermənistana 800 milyon dollarlıq silah və hərbi texnika ötürməsi ilə bağlı qalmaqal böyüyür. Rəsmi Bakı araşdırmalardan sonra bu faktın baş verdiyini dünən təsdiq edib və Xarici İşlər Nazirliyi (XİN) bununla bağlı Rusiya əleyhinə sərt bəyanat yayıb. Baş verənlər Kremlin Azərbaycana və bütövlükdə Cənubi Qafqaz regionuna qarşı hazırladığı, neçə vaxtdır ekspertlərin xəbərdarlıq etdiyi məkrli planlarını üzə çıxarır. Təhlükə var ki, bu il Rusiya həmin planlarını işə salacaq və regionda ötən ilkindən daha təhlükəli hadisələr cərəyan edəcək. Beləliklə, Azərbaycan XİN Rusiyadan Ermənistan ordusuna ÿsilah-sursat və hərbi texnika, avadanlıq ötürülməsi haqda informasiyalarla bağlı ötən gün rəsmi bəyanat verib. Bəyanatın “Mediaforum” saytında yerləşdirilmiş mətnində deyilir ki, kütləvi informasiya vasitələrinin məlumatlarına əsasən, Rusiya Ermənistana 800 milyon ABŞ dolları dəyərində hərbi texnika və sursat verib. İnternet şəbəkəsində Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102 saylı hərbi hissəsindən Ermənistan silahlı qüvvələrinə silah-sursatın ötürülməsini sübut edən sənədlər yayılıb. Məsələnin araşdırılması üzrə aparılmış işlər silah-sursatın ötürülməsinin həqiqətən də baş verdiyi qənaətinə gəlmək üçün yetərli əsas verir: “Azərbaycan Xarici İşlər Nazirliyi bu faktla bağlı öz dərin narahatlığını bildirir. Belə ki, ötürülmüş silah-sursat Azərbaycan ərazilərinin bir hissəsini işğal edən ölkənin hərbi potensialını əhəmiyyətli dərəcədə gücləndirəcək. Xarici İşlər Nazirliyi hesab edir ki, silahların ötürülməsi bu işğalın davamına və güclənməsinə imkan yaradacaq. Bu silah ötürmələri BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsinə dair qəbul etdiyi müvafiq qətnamələrin və BMT Baş Assambleyasında 14 mart 2008-ci il tarixində qəbul olunmuş ”Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnaməsinin bilavasitə pozulmasıdır. Burada söhbət ilk növbədə Rusiya tərəfindən Azərbaycanın ərazilərinin işğalının davamına və güclənməsinə hər hansı addımları ilə yardım etməməyə dair öhdəliyinin pozulmasından gedir". Bəyanatda daha sonra deyilir ki, XİN bu silah ötürmələri ilə bağlı Azərbaycanla Rusiya Federasiyasını birləşdirən dost və sıx strateji tərəfdaşlıq münasibətləri, həmçinin Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında vasitəçi rolu ilə bağlı Azərbaycanın bəslədiyi ümidlər kontekstində öz xüsusi narahatlığını bildirir. XİN hesab edir ki, yuxarıda qeyd olunanlar münaqişənin nizamlanması ilə bağlı vəziyyətin gələcək inkişafına görə Rusiya üzərinə xüsusi məsuliyyət qoyur: “Xarici İşlər Nazirliyi Azərbaycan ərazilərinin işğalının güclənməsinə yardımçı olan bu cür addımlara qarşı öz etirazını bildirir. Azərbaycan tərəfi Rusiyanı silahların ötürülməsinin nəticələrinin aradan qaldırılması məqsədilə bütün mümkün tədbirlərin həyata keçirilməsinə çağırır”. Baş verən hadisə və Azərbaycan XİN-in bəyanatı ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin “Mediaforum” saytına yerləşdirilən şərhində bildirilir ki, bəyanatdakı bir məqam xüsusi ilə diqqəti cəlb edir: “Xarici İşlər Nazirliyi hesab edir ki, yuxarıda qeyd olunanlar münaqişənin nizamlanması ilə bağlı vəziyyətin gələcək inkişafına görə Rusiya Federasiyasının üzərinə xüsusi məsuliyyət qoyur”. Şərhdə qeyd olunur ki, bu məqam prezidentlərin Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı Moskvada imzaladıqları bəyənnamənin Azərbaycan üçün heç bir siyasi qüvvəsi qalmadığını göstərir: “Yəni Azərbaycan Moskva bəyannaməsində öz üzərinə götürdüyü ”münaqişənin yalnız sülh yoluyla həllinə çalışacam" tipli öhdəlikdən qurtuldu. XİN-in dünənki bəyanatıyla rəsmi Bakı faktiki Moskva bəyannaməsinin üstündən xətt çəkdi. İndən belə Azərbaycan prezidenti İlham Əliyev Moskva bəyannaməsinə nəzər yetirmədən də hərəkət edə bilər”. Göründüyü kimi bəyanat ehtiyatla tərtib edilsə də, yenə də xeyli sərt üslübdadır; xüsusən Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafı, strateji tərəfdaşlıq, yaxın dostluq haqda son illər səslənən pafoslu bəyənatlar nəzərə alınmaqla. Xatırladaq ki, rəsmi Bakı Ermənistana silah ötürülməsi haqda gedən xəbərlərə əvvəlcə etinasız yanaşıb, lakin Rusiya Müdafiə Nazirliyinin rəsmisinin ehtiyatsız davranaraq bu faktı təsdiqləməsindən sonra bu ölkənin Bakıdakı səfiri XİN-ə çağrılıb. Moskvadan isə faktı inkar ediblər. Ancaq XİN-in bəyanatından görünür ki, Azərbaycan rəhbərliyi faktı təsdiqləyəcək dəlillərə malikdir. Özü də silah ötürülməsi faktı Rusiya müdafiə naziri Anatoli Serdyukovun Yeni İl ərəfəsində Bakıya səfərindən qısa müddət sonraya təsadüf edir. Həmin qəfil səfər zamanı Anatoli Serdyukov iki ölkə arasında 2009-cu ildə hərbi-texniki əməkdaşlığa dair sənəd imzalamışdı. Xəbərlərə görə, yaxın günlərdə Rusiya Müdafiə Nazirliyi nümayəndə heyətinin Azərbaycana səfəri gözlənir. “Milaz” İnformasiya Agentliyi Rusiyadakı hərbi mənbələrə istinadla bildirir ki, (”Mediaforum”) nümayəndə heyətinin səfərində əsas məqsəd iki ölkə arasında hərbi əməkdaşlığın vəziyyəti, 2009-cu il üçün hərbi-texniki əməkdaşlığa dair sazişdən irəli gələn məqamları müzakirə etməkdir. Lakin Bakıda keçirəcəyi görüşlərdə Rusiyanın Ermənistana 800 milyon dollarlıq silah ötürməsi faktının diqqət mərkəzində olacağı istisna deyil. “Milaz”a daxil olan məlumata görə, rus hərbçiləri Azərbaycanda iki ölkə arasında bu müstəvidə yaranmış gərginliyi aradan qaldırmağa çalışacaqlar. Hələlik rəsmi təsdiqini tapmayan digər məlumata görə, Azərbaycana gələcək rusiyalı hərbçilərə Silahlı Qüvvələri Silahlandırma İdarəsinin rəisi, müdafiə nazirinin müavini general-polkovnik Vladimir Popovkin rəhbərlik edəcək. Belə görünür ki, Moskvadan Bakıya hərbi heyətin göndərilməsində məqsəd Azərbaycan tərəfini sakitləşdirmək, eyni zamanda guya Rusiyanın hər iki tərəfə eyni mövqedən yanaşdığını göstərmək üçün hərbi texnika satışını təklif etməkdir. Lakin Rusiyanın Ermənistana 800 milyon dollarlıq silah-sursat ötürməsi İrəvanla Bakı arasında hərbi balansı pozur. Azərbaycan son illər davamlı olaraq hərbi büdcəsini artırır, ancaq çətin ki, bir ildə silahlanmaya bu qədər vəsait sərf edə bilsin. Xüsusən nəzərə alınsa ki, Rusiya Ermənistana silahları havayı verir, Azərbaycan isə onu bazar qiymətlərinə əldə edir. Digər tərəfdən, Rusiya Gürcüstandakı bazalarından çıxardığı silah-sursatın böyük qismini Ermənistanda yerləşdirib. Kremlin Ermənistanı bu cür silahlandırması onun Cənubi Qafqazla bağlı məkrli planlarından xəbər verə bilər. Neçə vaxtdır Qərb ekspertləri, o cümlədən yerli təhlilçilər və məlumatlı mənbələr Rusiyanın Azərbaycanı da əhatə edən bu planları haqda xəbərdarlıq edirdilər. Bu yaxınlarda isə Rusiya mənbələri silahlı qüvvələrin planlaşdırma qrupunun Cənubi Qafqazda yeni müharibənin ssenarisini hazırladığı haqda xəbər yaymışdı. Bu xəbərdə deyilirdi ki, Rusiya hərbi çevrələri Gürcüstanın yenidən Cənubi Osetiya üzərinə hücuma keçə biləcəyini düşünür və bu varianta qarşı hazırlıq görülür. Bildirilirdi ki, bu dəfə Cənubi Osetiyaya köməyə gələn Rusiya öz qoşunlarını Azərbaycandan keçirməklə Gürcüstana yeridəcək. Belə məlumatlar da var ki, Kreml Azərbaycanı diz çökdürmək və öz təsir dairəsinə daxil etmək üçün də planlara malikdir. Həmin narahatlıqları böyük ölçüdə təsdiq edən silah ötürülməsi planı isə Kremlin Azərbaycana hansı hiyləni qurduğunu göstərə bilər. Diqqət yetirək: bir tərəfdən prezident Dmitri Medvedyev Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən dərhal sonra Qarabağ münaqişəsi ilə bağlı vasitəçilik missiyasına başlayır, Ermənistan və Azərbaycan prezidentlərini Moskvaya çağırır və onlara birgə bəyənnamə imzaladır. Elə bəyannamə ki, orada münaqişənin ancaq siyasi yolla həlli prinsipi göstərilir. Yəni Moskva Azərbaycanın üzərinə müəyyən formada öhdəlik qoyur ki, öz ərazilərini azad etmək üçün hərbi yola baş vurmasın. Bir yandan da Moskva münaqişənin digər tərəfini əl altdan silahlandırır. Moskvanın Azərbaycanla müstəqil dövlət kimi münasibətlər qurmaq niyyətinin səmimiliyinə inanan və onun Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçiliyini qəbul edərək, güzəştlərə hazırlaşan Bakı isə gözünü açıb görür ki, Ermənistan Rusiyanın verdiyi silahlar hesabına güclənir. Belə vəziyyətdə rəsmi Bakının aldadılmış vəziyyətdə qaldığını görmək çətin deyil, XİN-in bəyanatında da bu məqam üstüörtülü də olsa, əksini tapır. İndi gözləmək qalır ki, Rusiyanın təhlükəli planlarının daha hansı hissəsi üzə çıxacaq. Bir çox Qərb təhlilçiləri dəfələrlə qeyd ediblər ki, Qarabağ münaqişəsinin alovlanması və Rusiyanın Gürcüstanda olduğu kimi, hadisələrə Ermənistan tərəfdən müdaxiləsi təhlükəsi mövcuddur. Fərhad MƏMMƏDOV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar