SON XƏBƏRLƏR

AMERİKA “DƏRİN DÖVLƏT”indən RƏSMİ BAKIYA KART-BLANŞ?

2021.10.20, 07:36
AMERİKA “DƏRİN DÖVLƏT”indən RƏSMİ BAKIYA KART-BLANŞ?

Gunaz.tv
AMERİKA “DƏRİN DÖVLƏT”indən RƏSMİ BAKIYA KART-BLANŞ? Xarici radiostansiyaların bağlanmasının arxasında Qərbin Qarabağ planı dayana bilər Azərbaycan hakimiyyətinin xarici radiostansiyaların yayımını dayandırması haqda çıxardığı qərar bir çox aspektlərdən gözlənilməz olub. Çünki məsələni soyuq başla təhlil edənlər heç cür təxmin edə bilməzdilər ki, hakimiyyət özünü bu dərəcədə Qərblə qarşı-qarşıya qoyacaq və onsuz da pis olan beynəlxalq imicini daha da pisləşdirəcək. Ən azından belə ehtimal edilirdi ki, rəsmi Bakı məsələnin kifayət qədər həssas olduğunu, Qərbdən ona çatdırılan mesajların ciddiliyini nəzərə alaraq, radiostansiyaların yayımının dayandırılmasını bir müddət ləngidəcək, yaxud müəyyən ortaq məxrəcə gələrək, vəziyyəti yumşaldacaq. Ancaq bunların heç biri baş vermədi və hökumət istər özü, istərsə də Qərb üçün ən pis sayılan variantı seçdi. Dekabrın son günlərinədək radiostansiyaları FM tezliyində saxlamaq üçün danışıqlar aparan ABŞ Dövlət Departamenti və Yayım Şurasının cəhdləri heçə endi. Xüsusi olaraq radiostansiyaların məsələsi ilə bağlı ABŞ dövlət katibinin müavini Devid Kremer Bakıya gəlmişdi və bəyan etmişdi ki, radiostansiyaların yayımı dayandırılsa bu, Obama administrasiyası ilə Azərbaycan arasında münasibətləri müəyyənləşdirən həlledici amil olacaq. Lakin belə görünür ki, Azərbaycan hakimiyyəti bu mesajların heç birini nəzərə almadı. Bu isə o deməkdir ki, hakimiyyət açıq şəkildə özünü Qərblə qarşı-qarşıya qoyur və Obama administrasiyası ilə münasibətlərin gərgin olacağından narahat deyil. Bütün bunlar ilk baxışdan belə görünür. Məsələni dərindən təhlil edən müşahidəçilər isə bu fikirdədir ki, Azərbaycan hakimiyyətinin xarici radiostansiyaların yayımını dayandırması razılaşdırılmış məsələyə daha çox oxşayır. Təəccüblü görünsə də, istisna deyil ki, Amerika siyasi dairələrindəki və administrasiyasındakı nüfuzlu çevrələr, hansı ki, bunu şərti olaraq “dərin dövlət” də adlandırmaq olardı, müəyyən strateji maraqlar naminə öz radiostansiyalarını qurban verməyə razılaşıb. ABŞ administrasiyası ilk baxışdan bizə bu ehtimalı təsdiqləyəcək güclü dəlil vermir. Yuxarıda qeyd edildiyi kimi, Dövlət Departamenti Milli Teleradio Şurasının xarici radiostansiyaların ilin sonunda bağlanacağı haqda xəbərdarlığından dərhal sonra öz narahatlığını ifadə edib. Dövlət katibi Kondoliza Rays insan haqları məsələləri ilə məşğul olan müavinini rəsmi Bakını qərarından çəkindirmək üçün Azərbaycana ezam edib. Daha sonra da Vaşinqtonla Bakı arasında intensiv danışıqlar aparılıb. Ancaq bunların heç bir nəticəsi və təsiri olmayıb. Maraqlıdır ki, eyni vaxtda hakimiyyət bir şəxsin dəfələrlə prezident seçilməsini təmin edən konstitusiya düzəlişlərini də ortaya atıb və tez-tələsik bunları referenduma çıxarıb. Maraqlıdır ki, radiostansiyaların yayımının dayandırılmasını əngəlləmək üçün səylər göstərən Vaşinqton bu düzəlişlərə ən azından yüksək səviyyədə heç bir münasibət bildirməyib. Amerika dövlətinin necə idarə edildiyi haqda məlumatlı olanlar bilirlər ki, Vaşinqtonun siyasətinin, hansısa ölkədə hansısa hadisəyə münasibətinin necə olduğunu bilmək çətindir. Çünki Dövlət Departamentinin mövqeyi heç də hər şeyi həll etmir. Dövləti idarə edən başqa qurumlar və çevrələr bəzi hallarda heç Dövlət Departamentinin özünün də xəbəri olmadan elə qərarlar verə bilər ki, ABŞ-ın bəyanatları ilə əməli mövqeyi arasında kəskin fərq yarana bilər. Konkret olaraq Azərbaycanla bağlı hala gəldikdə, əlbəttə ki, Dövlət Departamentinin, ABŞ-ın Bakıdakı səfirliyinin radiostansiyaların yayımının dayandırılmasına qarşı göstərdiyi səyləri şübhə altına almaq mümkün deyil. Ancaq kim deyə bilər ki, heç Dövlət Departamentinin xəbəri olmadan Amerika “dərin dövləti” bu məsələdə Azərbaycan hakimiyyəti ilə anlaşmayıb və ona arxayıncasına belə qərar çıxarmaq üçün əl altdan kart-blanş verməyib? Nədən ABŞ-ın məsələyə münasibəti ancaq Dövlət Departamentinin bəyanatları və Konqresin maliyyələşdirdiyi Yayım Şurasının nəticəsiz səyləri ilə məhdudlaşır? Bir halda ki, Azərbaycanda “Amerikanın səsi”ni kəsirlər və “Azadlıq”ın yayımını dayandırırlar, ola bilməzdimi ki, məsələyə daha yüksək səviyyədə etiraz və münasibət olsun? Böyük Britaniyanın da reaksiyası, daha doğrusu, reaksiyasının olmaması kifayət qədər maraqlı görünür. Bu ölkəyə məxsus BBC radiostansiyası da yayımı kəsilənlər arasındadır, lakin Britaniya Xarici İşlər Nazirliyinin heç bir etiraz bəyanatı və məsələyə müdaxiləsi haqda eşidən olmayıb. Bu məqamı bir gün əvvəl “The Daily Mail” qəzeti də öz məqaləsində qeyd etmişdi. Qəzet yazırdı ki, Britaniya kral ailəsinin üzvü, York hersoqu, şahzadə Endryü prezident İlham Əliyevlə rəsmi Londonun dəstəyi ilə dostluq edir, Azərbaycan hakimiyyəti isə bu dostluğu BBC-nin yayımını kəsməklə “mükafatlandırır”. XİN-in etirazı isə eşidilmir. Belə fikirlər var ki, əgər Qərb radiostansiyalarla bağlı hakimiyyətə kart-blanş veribsə bunun arxasında bir sıra uzunmüddətli maraqlar, o cümlədən Qarabağ məsələsi dayana bilər. Söhbət hakimiyyətə xalqı sülhə hazırlamaq imkanı yaradılmasından gedir. Ölkədə müstəqil medianın mövcudluğu şəraitində bunu etmək hakimiyyət üçün çətin olardı. Çünki alternativ fikirlər və etirazlar baş qaldıracaq. “Azadlıq” radiosu isə son vaxtlar Azərbaycanda ictimai etiraz mərkəzinə çevrilmişdi və auditoriyası kifayət qədər genişlənən bu radio istər sosial, istər digər problemlərlə bağlı alternativ fikirlərin çatdırılmasında önəmli rola malik idi. Əgər hakimiyyətdən xalqı çətin və ağrılı kompromislərə hazırlamaq tələb olunursa o zaman qarşı tərəf də bunun üçün şərtlər qoya bilər. Belə şərtlərdən biri də Qarabağa dair gündəmdə olan sülh razılaşmasını tənqid edən fikirlərin əksini tapdığı medianı neytrallaşdırmaq ola bilərdi. Uzunmüddətli maraqlar arasında Qərbin Azərbaycanda gələcək hərbi iştirakı, enerji məsələsi ilə bağlı strateji qərarlar və digər geosiyasət məsələləri də yer ala bilər. Hər halda, görünən odur ki, hakimiyyət sanki gizlində hansısa anlaşma əldə edibmiş kimi arxayındır və çox arxayınlıqla ilk baxışdan real görünməyən qərarlar verə bilir. Siyasət şöbəsi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar