SON XƏBƏRLƏR

RUSİYANIN ERMƏNİSTANA İNTENSİV HƏRBİ DƏSTƏYİNƏ BAKI NECƏ CAVAB VERMƏLİDİR?

2021.10.20, 07:36
RUSİYANIN ERMƏNİSTANA İNTENSİV HƏRBİ DƏSTƏYİNƏ BAKI NECƏ CAVAB VERMƏLİDİR?

Gunaz.tv
RUSİYANIN ERMƏNİSTANA İNTENSİV HƏRBİ DƏSTƏYİNƏ BAKI NECƏ CAVAB VERMƏLİDİR? 2009-01-08 - 18:40:00 Cəsur SÜMƏRİNLİ «Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102 saylı hərbi bazasından Ermənistan Müdafiə Nazirliyinin sərəncamına verilmiş silah, hərbi sursat, texnika və avadanlıqların siyahısı əslində Azərbaycan oxucusu üçün o qədər də təəccüblü görünməməlidir. Ermənistanla Rusiyanın hərbi-texniki əməkdaşlığı hamıya məlumdur. İndiyə kimi Ermənistan Rusiyadan çox silah, döyüş texnikası, təyyarə, vertolyot alıb. Bundan başqa, hərbi təhsil sisteminin və hazırlığın lazımınca formalaşması ilə əlaqədar olaraq erməni kiçik zabit heyəti Rusiya hərbi institutlarında və məktəblərində, böyük zabit heyəti hərbi akademiyalarında, texniki heyət isə xüsusi mərkəzlərdə təhsil alır. Ermənistan hökumətinin və hərbi rəhbərliyinin yeritdiyi hərbi-siyasi kurs zəmin yaradır ki, bölgədə hərbi-siyasi tarazlıq dəyişsin. Rusiya silahlarının göndərilməsi nəticəsində Ermənistan Azərbaycan üzərində üstünlük qazanmaq istəyir, bununla da problemlərini hərbi yolla həll etməyə cəhd edir. Ermənistanın yeni hərbi doktrina layihəsində qeyd edilir ki, xarici həmləyə qarşı cavab tədbirlərini erməni ordusu təkbaşına həyata keçirə bilməz, bundan ötrü güclü dost dövlətlə əlaqənin olması zəruridir. Ermənistanın Rusiya ilə hərbi əməkdaşlığı 1997-ci il avqustun 27-də imzalanmış "Dostluq, əməkdaşlıq və qarşılıqlı müdafiə barədə" sazişlə tənzimlənir. Hələ saziş imzalanmazdan öncə Rusiyanın Ermənistana 1 milyard dollar həcmində silah satması faktı yaddaşlardan silinməyib. Yayılmış məlumatlara görə, 1993-1996-cı illərdə Yerevana əlavə olaraq böyük miqdarda silah və sursat - 9,5 min ədəd raket-artilleriya vahidi, 72 zirehli tank, 600 vaqon sursat verilib. Həm də bu silah Ermənistana sazişsiz-filansız, qeyri-leqal yolla verilib. Rusiyanın Ermənistana 21314 ədəd hərbi texnika, 64 min ton yanacaq, 15977 ədəd rabitə vasitəsi, 41003 metr kabel verməsi də sənədləşdirilməyib. 1992-1994-cü illərdə Mozdok aerodromundan Yerevana Il-76 və AN-12 təyyarələri ilə 130 min ton sursat daşınması üçün 660 reys həyata keçirilib. Rusiyanın Gürcüstan ərazisində ləğv edilmiş hərbi bazalarına məxsus silah-sursat və texnikanın hissə-hissə Ermənistana, yaxud bu ölkənin işğal altında saxladığı Azərbaycan ərazilərinə yerləşdirilməsi haqda da məlumatlar mövcud olub. "The International Institute for Strategic Studies" təşkilatının məlumatlarına görə, 2006-cı ildə Ermənistan Rusiyadan 8 ədəd P-17 markalı operativ-taktiki raket kompleksi qurğusu və onun üçün 500 kilometr məsafəni vura bilən 32 raket, çoxlu sayda minaatan aldığını bəyan etməyib. Bundan başqa, Ermənistanın Rusiyadan hazırda dünyada analoqu olmayan hərbi texnika - "gözəgörünməz tank" alması faktı da geniş ictimaiyyətə məlum deyil. Məlum olub ki, Ermənistan Müdafiə Nazirliyi Rusiya Elmi-Tədqiqat İnstitutundan hər birinin qiyməti 2675 dollar olan tank üçün örtük alıb. Maraqlıdır ki, Ermənistan Cənubi Qafqaz regionunda bu cür texnika alan yeganə ölkədir. Bu örtüklər radiodalğalara təsir göstərərək tankı hədəf üçün görünməz edir. Bununla da bu cür örtüyə malik tank hədəfə yaxınlaşana qədər onun yerini müəyyənləşdirmək mümkün olmur. 2008-ci ildə Rusiya 102-ci bazasını və Ermənistanının hava hücumundan müdafiə qoşunlarını əlavə olaraq daha bir neçə «S-300» Zenit kompleksi ilə təchiz etdi. Fevralın 17-də Rusiya Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları komandanının müavini Ermənistana səfər etdi və səfər ərəfəsində bu komplekslərin təqdimatı keçirildi. 2008-ci ilin ortalarında Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Moskvada rusiyalı həmkarı Anatoli Serdyukovla görüşünün nəticələrinə dair ölkələr arasında 500 min dollarlıq hərbi yardım müqaviləsinin imzalandığına dair məlumatlar yayıldı. Ötən il Azərbaycan Müdafiə Nazirliyinin İnformasiya İdarəsi bəyan edirdi ki, Silahlı Qüvvələrin təchizatı və yenidən silahlanması məqsədilə qanunsuz hərbi layihələr həyata keçirən, həmçinin regionu sürətlə silahlandıran Ermənistan Avropada Adi Silahlar Haqqında Sazişlə müəyyənləşmiş balansı kobud surətdə pozur. Bu isə öz növbəsində Ermənistan-Azərbaycan münaqişəsinin həlli və Cənubi Qafqazda sabitlik üçün təhlükə törədir. Bundan bir qədər əvvəl Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov qeyd etmişdi ki, Azərbaycan Ermənistanın sürətlə silahlanmasına biganə qalmayacaq: “Onsuz da Avropada Ermənistana silah satan dövlət və yaxud şirkət az olacaq, ya da heç olmayacaq. Ona görə də Ermənistan bu məsələ üçün məcburi olaraq Rusiyaya üz tutacaq. Amma bu, Rusiyanı seçim qarşısında qoyacaq ki, bu ölkə də belə vəziyyətdə düzgün qərar verməlidir. Rusiya doğrudan da münaqişənin sülh yolu ilə həlli üçün addım atmaq istəsə, onda silahlanma siyasətinə son qoyulacaq. Bunun əksi isə böhranın növbəti mərhələsinin başlanmasına şərait yarada bilər”. Əslində Ermənistanın coğrafi və iqtisadi vəziyyəti onunla nəticələnir ki, o, Rusiyanı öz milli təhlükəsizlik konsepsiyasının əsas iştirakçılarından biri kimi görür. Azərbaycan və Gürcüstanla müqayisədə Ermənistanın MDB çərçivəsində hərbi əməkdaşlığın müxtəlif institutlarında və formalarında daha fəal iştirakını (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Birləşmiş HHM sistemi haqqında müqavilə, Sərhəd Qoşunlarının koordinasiyası haqqında müqavilə, hərbi-iqtisadi əməkdaşlıq haqqında müqavilə, hərbi texniki əməkdaşlıq haqqında müqavilə) bununla izah etmək olar. Hazırda Kremlin əsas məqsədi Ermənistanı Cənubi Qafqazın hərbi baxımdan ən güclü dövlətinə çevirməkdir. Moskvada düşünürlər ki, yalnız bununla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) “regional qorxusu” dəf oluna bilər. Rusiya ilə Gürcüstan arasında baş vermiş məlum avqust hadisələrindən sonra Moskvanın Yerevanla daha sıx hərbi əməkdaşlıq qurmaq niyyətində olması şübhə doğurmur. Artıq Ermənistan Rusiyanın Cənubi Qafqazda hər cəhətdən yeganə forpostu olduğunu sübut edir. Belə görünür ki, Rusiya Ermənistanı bundan sonra daha da intensiv silahlandıracaq. Belə ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələr 2008-ci ildən Rusiya silahı və texnikasını Rusiyanın daxili qiymətləri ilə alır. KTMT-nin son sammiti zamanı iştirakçıların imzaladığı 20 sənədə KTMT-nin sülhməramlı fəaliyyəti haqqında razılaşma, təcavüz təhlükəsi yaranarsa, quruma üzv ölkələrə (Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan, Tacikistan, Özbəkistan və Ermənistan) hərbi-texniki yardımın göstərilməsi mexanizmi haqda protokol və s. daxil idi. Rusiyanın Ermənistanı intensiv silahlandırması fonunda Azərbaycan nə etməlidir? 1. Məsələ ilə bağlı Moskvanın izahatı tələb edilməlidir. Rusiya Azərbaycanla münasibətlərində nə dərəcədə səmimi olduğuna aydınlıq gətirməlidir. 2. ATƏT-in Minsk qrupu həmsədrlərinə məsələ ilə bağlı məlumat verilməli, Rusiyanın Ermənistanla sıx hərbi əməkdaşlığının münaqişənin nizamlanmasına ciddi maneə olduğu bəyan edilməlidir. Bunun ardınca Rusiyanın Minsk qrupunda həmsədrliyinin əhəmiyyətsiz olduğuna işarə edilməlidir. 3. Problemin Avropada Adi Silahlar Haqqında Müqavilə (AASM) iştirakçılarının Vyanada keçirilən ənənəvi iclasının gündəliyinə salınması üçün cəhdlər göstərilməlidir. Xatırladaq ki, NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons ötən ilin əvvəlində Bakıda olarkən Ermənilərin silahlanma limitini aşması barədə suala cavab verərək qeyd etmişdi ki, təmsil etdiyi qurum silahlanma limitinin aşılması faktları ilə bağlı daim məsələ qaldırır. “Hər il biz Vyanadan bütün dövlətlərin silahlanması ilə bağlı məlumatlar alırıq” deyən R.Simmons bildirmişdi ki, münaqişə bölgəsində kütləvi silahlanma məsələsinin Vyanada ATƏT-in bayrağı egidası altında aparılan müzakirələrdə həlli yaxşı olardı. Odur ki, Azərbaycan bu məsələnin beynəlxalq problem xarakteri daşıdığını sübut etmək istiqamətində səylər göstərməlidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar