SON XƏBƏRLƏR

Tehran hakimiyyəti özəlləşdirməni İran iqtisadiyyatı üçün şok terapiya kimi sınaqdan keçirir

2021.10.20, 07:36
Tehran hakimiyyəti özəlləşdirməni İran iqtisadiyyatı üçün şok terapiya kimi sınaqdan keçirir

Gunaz.tv
İranda Özəlləşdirmə Həyəcanı Tehran hakimiyyəti özəlləşdirməni İran iqtisadiyyatı üçün şok terapiya kimi sınaqdan keçirir Faktiki olaraq Tehran rejimi səssiz-səmirsiz iyun ayında Avropa Birliyi tərəfindən «dondurulma əvəzinə dondurulma» barədə irəli sürdüyü təklifi qəbul etməmişdir. Xatırladaq ki, Avropa Birliyinin nümayəndələri Tehranın hakimiyyət orqanlarına uranın zənginləşdirilməsi ilə əlaqədar fəaliyyətlərini dayandırmağa razılıq verəcəkləri təqdirdə iqtisadi sanksiyaların tətbiqinin dayandırılmasını vəd etmişdilər. Lakin Tehranın buna reaksiyası nəticəsində Avropa Birliyi və digər dövlətlər daha da sərt sanksiyalar tətbiq etməyə başladılar. Bununla yanaşı, Tehran xarici kapital qoyuluşunu dövlət müəssisələrinin özəlləşdirilməsi hesabına həyata keçirməklə və xarici investorların özəlləşdirilmiş kommersiya müəssisələrində səhmlərin çox hissəsini əldə etmək məhdudiyyətini zəiflətməklə sanksiyaları ötüşdürmək istəyir. Sanksiyalarla əlaqədar olaraq, xarici investorların əksəriyyəti özünü riskə atmadığına görə, hələlik istənilən nəticə əldə olunmamışdır. Sanksiyalar perspektivsiz iqtisadi mənzərə yaradır Tehran rejimi iyun ayında Avropa Birliyi tərəfindən irəli sürülən bir sıra sərfəli təklifləri qəbul etməyərək İranda nüvə silahının istehsalının dayandırılmasına yönəlmiş beynəlxalq çağırışlara yenidən əhəmiyyət verməmişdir. Buna görə, Avropa Birliyinin nümayəndələri avqust ayında İrana qarşı indiki dövrə qədər BMT tərəfindən tətbiq olunmuş sanksiyalarla müqayisədə daha da sərt sanksiyaların tətbiq olunması qərarına gəlmişdilər. Avropa Birliyi tərəfindən tətbiq ediləcək yeni tədbirlər İranla ticarət əlaqəsində olan dövlətlərə və kredit şirkətlərinə edilən maliyyə dəstəyinin dayandırılmasını nəzərdə tutmuşdur. Bir neçə qərb ölkəsi, xüsusilə Fransa, Böyük Britaniya və ABŞ İranın neft-qaz və maliyyə sektorlarına təsir etmək üçün xüsusi sanksiyaların tətbiqinə hazırlaşmışdır. Qeyd olunan tədbirlərin tətbiqi İranda növbəti problemlərin yaranmasına gətirib çıxarır. Böyük Britaniya hökumət nümayəndəsinin sözlərinə görə, oktyabr-noyabr aylarında Nyu York şəhərində müzakirəyə çıxarılmış tədbirlər planı BMT Təhlükəsizlik Şurasının sərt sanksiyalarının dördüncü raunduna əlavə idi. Fransalı dövlət rəsmiləri bəyanat veriblər ki, bundan sonra Avropa hökuməti İran bankları ilə əməkdaşlıq edən maliyyə qurumlarının fəaliyyətini diqqət mərkəzində saxlayacaq və İran reysi ilə hərəkət edən gəmi və təyyarələrin tez-tez yoxlanılmasını həyata keçirəcək. Avropa Birliyinin yeni sanksiyaların tətbiqinə dair verdiyi bəyanat quruma üzv olan dövlətləri “İranla ticarət məqsədilə dövlət tərəfindən ayrılmış yardımların verilməsində təmkinliyin nümayiş etdirilməsinə və İranda əsası qoyulmuş maliyyə qurumlarının fəaliyyətini izləməyə çağırır”. Fransa rəsmilərinin sözlərinə görə, Fransada əsas diqqət hava daşınması ilə məşğul olan «İran Air» aviaşirkətinin və dəniz yük daşınması üzrə “İİR-in gəmiçilik xətti”nin fəaliyyətinə yönələcəkdir. Bundan əlavə, Avropa hökuməti «Sədarət» bankının iştirakı ilə əməliyyatlar aparan bankları da nəzarətdə saxlayacaqdır. Avqust ayının 7-də Avropa Komissiyası İranın bəzi vəzifəli şəxslərinə Avropa vizasının verilməsini qadağan edən, eləcə də nüvə istehsalında birbaşa iştirak edən müəyyən şəxslərin və şirkətlərin səhmlərini donduran və mart ayında təsdiqini tapmış qərar əsasında BMT sanksiyalarının tətbiqinin üçüncü raunduna keçmişdir. Qeyd etmək lazımdır ki, Avropa Birliyi İranın ən iri ticarət tərəfdaşı hesab edilirdi. 2006-cı ildə İran və Avropa Birliyi arasında ticarət əməliyyatlarının həcmi 39 milyard ABŞ dolları təşkil etmişdir. Tehran rejimi aktivləri satır Yeni sanksiyaların tətbiq ediləcəyinə və iqtisadi göstəricilərin daha da ağırlaşmasına baxmayaraq, rəsmi Tehran irimiqyaslı özəlləşdirmə proqramlarının həyata keçirilməsini qərara almışdır. Hakimiyyət milli təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar əslində dövlətin nəzarətində olmamalı olan istənilən dövlət müəssisələrini xüsusi mülkiyyət sahiblərinin ixtiyarına buraxmağı vəd etmişdir. Bu o deməkdir ki, bir çox dövlət bankları, poladtökmə müəssisələri, neft-kimya və mədənçıxarma sənayesi, energetika və telekommunikasiya şirkətləri heç bir məhdudiyyət olmadan özəlləşdirilməlidir. Tehran hökumətinin özəlləşdirmə sahəsində nümayiş etdirdiyi təşəbbüs ölkəyə yeni xarici maliyyə qoyuluşlarının cəlb edilməsinə xidmət edir. İndi xarici şirkətlərə məxsus olan bu və ya digər sənaye sahəsindən asılı olmayaraq və şirkətin ümumi gəliri 35%-dən artıq olmayan istənilən xarici şirkətə İranın sənaye müəssisələrinin 100%-ini əldə etməsinə imkan verilir. Xarici əmanətçilərə qeyd olunan cəlbedici imkanları yaratmaqla, Tehran investisiya ilə əlaqədar riskin artmasına və indiki dövrə qədər xarici investorların əksəriyyətini qorxuya düşməsinə səbəb olmuş sərt beynəlxalq sanksiyaların təsirini yumşaltmağa əmindir. Avqust ayının 9-da İran tənəzzülə uğramış ölkə iqtisadiyyatını canlandırmaq məqsədilə dövlət telekommunikasiya şirkətinin səhmlərinin 5%-ini Tehran birjasında satışa çıxartmışdır. Hökumət hər birinin dəyəri 1500 İran rialına bərabər olan «İranın Telekommunikasiya Şirkətinin» (TCI) 2 milyarddan çox səhmini satmışdır. TCI-nin təklif etdiyi səhmlərin ümumi dəyəri 340 mln. ABŞ dollarından çox olmuşdur. Qeyd olunan səhmlərin hamısının satılmasına müvəffəq olmaq barədə heç bir məlumat verilməmişdir. Əvvəllər birjalarda dövlət səhmlərinin satılması barədə verilmiş təkliflər özəl sektorda böyük maraq doğurmurdu. TCİ səhmlərinin az miqdarda satılacağı təqdirdə bu şirkət yenidən dövlətin nəzarətində qalacaqdır, yəni özəl əmanətçilər tərəfindən şirkətdə islahatların aparılmasına şərait yaradılmayacaqdır. Analitiklərdən birinin sözlərinə əsasən, “bu səhmlərin satışı simvolik xarakter daşıyır və əsl özəlləşdirmə qaydalarına əsaslanmır”. Tehranda dövlət şirkətlərinin əksəriyyətinin satılmasına cəhd göstərilməsinə baxmayaraq, bu proses olduqca zəif gedir. İran konstitusiyası özəlləşdirmənin mümkün səviyyəsini məhdudlaşdırır. 2004-cü ildə Tehranın hakimiyyət orqanları dövlətin nəzarətində olan mühüm infrastrukturların dövlət nəzarətində qalması ilə əlaqədar konstitusiyadan irəli gələn tələbləri nəzərə almadan ölkə iqtisadiyyatını qurtarmağa çalışırdılar. TCİ səhmlərinin satışa buraxılması təklifi məhz konstitusion məhdudiyyətlərə görə bir neçə ay ərzində təxirə salınmışdır. Hökumət əcnəbilərə TCİ səhmlərini yalnız vasitəçilərdən almağa icazə vermiş, lakin bu zaman onlardan maliyyə kapitalını üç il ərzində İrandan çıxarmamağı tələb etmişdir. İranda bütün kabel xətləri TCİ şirkətinə məxsusdur. Bundan əlavə, şirkət Afrikanın Cənubi Saxara ərazisi üzrə iri mobil telefon şirkəti «MTN»in bir qrupu ilə birlikdə ölkədə telefon xidməti sahəsinə də nəzarəti həyata keçirir. Praktiki cəhətdən son iki il ərzində beynəlxalq sanksiyalar Avropa və Asiya firmalarını İranda, xüsusilə energetika sektorunda kapital qoyuluşu ayırmağından çəkindirmişdir. İndi isə Tehran hökuməti növbəti bir neçə həftə ərzində energetika sektoru ilə əlaqədar 92 şirkəti satmaq qərarına gəlmişdir. Buradan belə bir təəssürat yaranır ki, qeyd olunan təklif birbaşa xarici investorlara istiqamətlənmişdir. Hazırkı şərtlərlə özəlləşdirilmiş şirkətlərə yiyələnmək sərtləşdirilmiş beynəlxalq sanksiyaların təsirindən irəli gəlir və istənilən xarici kapital əmanətçi qrupu üçün böyük risk hesab edilir. Aydın məsələdir ki, ölkəyə xarici investorların cəlb edilməsi üçün Tehran rejimi mühüm güzəştlər etməyə məcbur olacaq, lakin bu addım atılsa, gələcəkdə ölkə iqtisadiyyatı daha arzuolunmaz vəziyyətə düşəcəkdir. Rəfsəncani razı deyil Keçmiş prezident Əli Əkbər Haşimi Rəfsəncani hesab edir ki, ölkənin hazırkı prezidenti Mahmud Əhmədinejad İran iqtisadiyyatının möhkəmləndirilməsi üçün doğru yol seçməmişdir. Rəfsəncaninin sözlərinə görə, Əhmədinejad tərəfindən planlaşdırılan iqtisadi islahatlar “ölkəyə yalnız ziyan gətirəcək”. Qeyd etmək lazımdır ki, İran parlamentinin (Məclisinin) 80 nəfərdən çox üzvü Əhmədinejadı islahatları həyata keçirməzdən əvvəl Məclisin dəstəyini qazanmağa çağırmışdır. Bundan əlavə, Rəfsəncani islahatların həyata keçirilməsini təmin edən şəxslərin səriştələrinə şübhə ilə yanaşmış və belə bir vəziyyətdə “bacarıqlı rəhbərliyə” ehtiyacın olduğunu bildirmişdir. Avropa Birliyinin sərfəli təkliflərini səssiz-səmirsiz kənara qoyan Tehranın hakimiyyət orqanları beynəlxalq sanksiyaların daha da sərtləşdiyi bir dövrdə əvvəlki sanksiyaların ölkə iqtisadiyyatına etmiş təsirini aradan qaldırılmaqla məşğuldurlar. Prezident Əhmədinejatın strategiyasının əsasını dövlət səhmlərinin özəl xarici şirkətlərə satılması təşkil edir, lakin sanksiyalar artıq İranın kommersiya şirkətlərinə irimiqyaslı xarici kapital qoyuluşunun qarşısını almışdır. Bu isə prezidentin planlarının gerçəkləşmə imkanlarını sual altına alır. Keçmiş prezident Rəfsəncani hökumət tərəfindən planlaşdırılan iqtisadi islahatların məqsədəuyğunluğuna və həyata keçirilməsini təmin edən şəxslərin səriştələrinə şübhə ilə yanaşır. Araz Tədqiqatlar Mərkəzi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar