SON XƏBƏRLƏR

Beynəlxalq münasibətlər sistemində Azərbaycanın yeri . A. ƏLİYEV

2021.10.20, 07:36
Beynəlxalq münasibətlər sistemində Azərbaycanın yeri . A. ƏLİYEV

Gunaz.tv
Beynəlxalq münasibətlər sistemində Azərbaycanın yeri A. ƏLİYEV asef_190108.jpg Prezident seçkiləri hər bir ölkənin, ələlxüsus da prezident üsul-idarəsi olan ölkələrin həyatında ən önəmli hadisələrdən biridir. Çünki ölkənin gələcək siyasəti, strategiyası, bir sözlə inkişafı bu seçkilərdən birbaşa asılıdır. Azərbaycan da prezident üsul-idarəsi olan dövlətdir. Buna görə də oktyabrın 15-də ölkəmizdə keçiriləcək prezident seçkiləri böyük önəm daşıyır. Hər bir Azərbaycan vətəndaşı da ölkənin gələcək siyasətinin müəyyənləşməsində fəal iştirak etməlidir. Yəni hər birimiz səsvermə günü seçki məntəqələrinə gəlməli və istədiyimiz namizədə səs verməliyik. Bu, bizim vətəndaşlıq borcumuzdur. Məlum olduğu kimi bu seçkilərdə 7 namizəd prezidentlik uğrunda mübarizəyə qoşulub. Hər bir namizədin də Azərbaycan cəmiyyətində özünəxas yeri və bu yerinə uyğun da potensial seçiciləri var. Sözsüz ki, bu seçkilərin favoriti prezidentliyə namizəd İlham Heydər oğlu Əliyevdir. Nə üçün? Bu suala cavab verərkən İlham Əliyevin prezidentliyinin birinci mərhələsində apardığı siyasət nəticəsində beynəlxalq münasibətlər sistemində Azərbaycanın tutduğu yerə diqqət edək. İlham Əliyevin Prezidentliyinin birinci müddətində fərdlərin, cəmiyyətin və dövlətin siyasi-iqtisadi, sosial-mədəni təhlükəsizliyinin təmin edilməsi, ölkənin xarici və daxili təhlükədən qorunması istiqamətində dövlət siyasətinin əsas istiqamətləri müəyyən edildi. Bu siyasətin aparılmasının strategiya və taktikasının düzgün seçilməsi tez bir zamanda öz müsbət nəticəsini verməyə başladı. Nəticədə ulu öndər Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycanın dünya dövlətləri sırasında müəyyənləşdirilən yeri daha da möhkəmləndi. Tarix boyu hər hansı bir dövlətin dünya dövlətləri sırasında yeri əsasən həmin dövlətin iqtisadi və hərbi gücü ilə müəyyən edilib. Siyasi quruluş, idarəetmə forması, demokratiyanın inkişaf dərəcəsi, insan hüquq və azadlıqlarının təminatı, beynəlxalq münasibətlər sisteminin dəyişkənliyi və s. amillər isə iqtisadi və hərbi güc mərkəzlərinin nüfuz dairələrini genişləndirmək uğrunda amansız savaşda digər dövlətlərə qarşı təsir vasitəsidir. Əgər II Cahan Savaşına qədər böyük dövlətlər təsir dairələrini genişləndirmək üçün yalnız hərbi vasitədən istifadə edirdisə, çağdaş zamanda "strateji" müttəfiqlik və "qurtarıcı" tələsindən də tez-tez istifadə edilir. Özü də "strateji" müttəfiqlik və "qurtarıcı"lıq missiyası kiçik dövlətlərin təbii ehtiyatlarının sümürülməsi, əhalisinin öz kökündən, gələnəyindən və milli kimliyindən ayrı düşməsi (kosmopolitləşməsi), millətin dövlətə bağlılığının itməsi, dövlətin özünün isə daxili və xarici siyasətinin kənardan müəyyənləşməsi ilə bitir. Bu gün dünya düzəninin yenidən qurulması prosesi və təsir dairəsi uğrunda savaş gizli formadan daha kəskin və açıq formaya keçib. Belə kritik durumda İlham Əliyev daha çevik siyasət yürüdür, beynəlxalq səviyyədə Azərbaycanın nüfuzunu qorumaq şərti ilə milli maraqların diqtə etdiyi qaydada hərəkət edir. Məhz bu siyasətin nəticəsində torpaqlarının 20%-dən çoxunun Ermənistanın işğalında qalmasına, bir milyondan artıq vətəndaşının qaçqın və məcburi köçkün statusunda yaşamasına baxmayaraq, Azərbaycan dövləti iqtisadi, elmi-texniki və hərbi potensialına, geosiyasi və geoiqtisadi mövqeyinə uyğun olaraq beynəlxalq münasibətlər sistemində özünəməxsus yer tutur, Cənubi Qafqaz regionunda isə ən böyük və qüdrətli dövlətdir. Bu gün regionda Azərbaycanın nəinki tərəfdar olmadığı, heç razılıq vermədiyi beynəlxalq iqtisadi layihələr də həyata vəsiqə ala bilmir. Bu olduqca böyük uğurdur və hər bir vətəndaş bununla qürur duya bilər. Azərbaycanın bu qüdrətə çatmasında dövlət başçısı kimi İlham Əliyevin misilsiz xidmətləri var. Azərbaycanın iqtisadi və hərbi sahədə qüdrətlənməsi, beynəlxalq aləmdə nüfuzunun artması, regionda söz sahibinə çevrilməsi bəzi böyük dövlətləri öz siyasətlərində korrektələr etməyə və Azərbaycanın milli maraqları ilə hesablaşmağa məcbur edir. Belə hal təbii ki, "güc mərkəzlərini", özlərini "strateji" müttəfiq adlandıran dövlətləri heç cür qane edə bilməz. Onlar Azərbaycana qarşı gizli fəaliyyətdədirlər. Bu fəaliyyətin də ana xətti ölkəmizi geridəqalmış dövlət kimi dünya ictimaiyyətinə təqdim etmək, iqtisadi və hərbi gücümüzü zəiflətməkdən ibarətdir. "Strateji" müttəfiqlərimizin Azərbaycana qarşı gizli siyasətini həyata keçirən qüvvələr isə əsasən müxtəlif beynəlxalq dövlətlərarası və qeyri-hökumət təşkilatlarıdır. Bu təşkilatların işi Azərbaycanda gedən prosesləri yalnız qara rəngdə görməkdən ibarətdir. Əlbəttə, dövlətimizdə hər şeyin əla səviyyədə olmasını heç kim iddia etmir. Xatasız insan olmadığı kimi ideal dövlət və ideal quruluş da yoxdur. Amma Azərbaycanda gedən inkişaf və quruculuq işlərini görməmək sadəcə olaraq bəd niyyətin təzahürüdür. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyev "Modernləşmə xətti yenə də gündəlikdədir" əsərində bu məsələyə toxunaraq yazır: "Beynəlxalq qeyri-hökumət təşkilatlarının hökumətlər tərəfindən qərarlar qəbul edilməsinə təsir göstərməsi praktikası qismən çox uğurlu olmuşdur. Buna görə də qeyri-hökumət təşkilatlarının bir vəzifəsi də transformasiya mərhələsində olan və hələ bərkiməmiş cəmiyyətlərə "ritorik" təzyiq yolu ilə təsir göstərməyin yeni bir vasitəsini yaratmaqdan ibarətdir. Həmin təşkilatlar bu gün geosiyasi və geoiqtisadi səmərələr baxımından "yararlı" və "yararsız" rejimlərin aşkar olunmasına kömək edirlər." Özü də bu təşkilatlar dövlətlərin "yararlı" və "yararsız" olmasını onların "strateji" müttəfiqlərinə nə dərəcədə sadiq olmaları ilə müəyyən edirlər. Dövlətlərin siyasi quruluşu, idarəetmə forması, demokratiyanın inkişaf dərəcəsi, insan hüquq və azadlıqlarının təminatının səviyyəsi isə sadəcə təzyiq vasitəsi olaraq qalır. Məhz bu siyasətin nəticəsində demokratiya nəzəri cəhətdə özünün klassik anlamında qalsa da əməli cəhətdə tamamən başqa anlam daşıyır. Demokratiyanın çağdaş anlamını bu cür vermək olar: "Böyük güclərin təsir dairəsi uğrunda apardığı savaşda "strateji" müttəfiqliyə razılıq verib buyruq qulu olan dövlətə demokratik dövlət deyilir." Müstəqilliyini qoruyan dövlət isə antidemokratik dövlətdir, hakimiyyəti legitim deyil, insan hüquq və azadlıqları qorunmur. Əgər müstəqilliyini qoruyan dövlətdə əsas din islamdırsa onda sadaladıqlarımızın rəngi daha da tündləşir. Çünki "böyük güclər" demokratiya və sivilizasiya anlayışlarını xristianlıqla bağlayırlar. Paradoks olsa da bugünkü gerçəklik budur. Sadəcə Cənubi Qafqaz respublikalarında cərəyan edən proseslərə fikir versək demokratiyanın bugünkü anlamda işləməsinin bariz nümunəsini əldə edərik. Bu regionda yerləşən üç ölkədə gedən siyasi proseslər bir çox hallarda qərəzli şəkildə təhlil olunur. "Sivil dünya"nın Azərbaycan, Gürcüstan və Ermənistandakı eyni məsələyə müxtəlif bucaqdan baxması artıq heç kimi təəccübləndirmir. Anlaşılan odur ki, "sivil dünya" Azərbaycana sadəcə karbohidrogen mənbəyi kimi baxmağa çalışır. Rusiya-Gürcüstan münaqişəsi "sivil dünyanın" Azərbaycanın enerjidaşıyıcılarına ehtiyacını bütün çılpaqlığı ilə üzə çıxardı. Bununla belə Rusiyanı işğalçı adlandıran "sivil dünya" Ermənistanın təcavüzünü dilinə gətirmir. Onların məqsədi ölkəmizin təbii sərvətlərini sümürmək, dövlətimizi isə daxili çaxnaşmalarda boğmaqdan ibarətdir. Azərbaycanın zirvəsində duranlar bu çirkin siyasətdən xəbərdardılar və onun qarşısını məharətlə alırlar. Prezident İlham Əliyev bununla əlaqədar demişdir: "...Son illər ərzində bəzi hallarda demokratiya mövzusu süni şəkildə ortalığa atılır və bəzi ölkələrin dairələrinin maraqlarının təmin olunması üçün bu və ya digər ölkə ya demokratik, ya da qeyri-demokratik ölkə kimi qələmə verilir. Biz bəzi hallarda ikili standartlar elementləri ilə də qarşılaşırıq. ...Qonşularımızdan fərqli olaraq, Azərbaycanda nə fövqəladə vəziyyət elan olunur, nə siyasi opponentlər həbs edilir, nə senzura tətbiq olunur, nə də ki, bütün mətbuat, müstəqil mətbuat orqanları bağlanır və Ermənistandan fərqli olaraq, Azərbaycanda dinc əhaliyə qarşı zor tətbiq olunmur və onlarca günahsız insan qətlə yetirilmir. Mən nə üçün bunu xüsusilə qeyd edirəm, çünki əfsuslar olsun ki, bəzi siyasətçilər üç ölkədə gedən prosesləri müqayisə edərkən subyektivliyə üstünlük verirlər və başqa ölkədə dəhşətli hadisələrə göz yumub, Azərbaycanda xırda məsələləri böyük bir hadisəyə çevirməyə çalışırlar" ("Azərbaycan" qəzeti, 9 may 2008-ci il). Məsələn Gürcüstanda keçirilən seçkilərdə 95% səsin qazanılması demokratiyanın təntənəsi kimi elan olundu. Bu ölkənin müxalifətinin səsi nə heç bir beynəlxalq təşkilatda, nə də QHT-də eşidilmədi. Ermənistanda keçirilən prezident seçkilərində isə dinc əhali gülləbaran edildi. Ardından nə baş verdi? "Dünya gücləri", beynəlxalq qurumlar, QHT-lər uzun sürən səssizlikdən sonra yüngül bəyanatlarla çıxış etdilər. Seçilməmiş əli öz xalqının qanına bulanan Sərkisyan isə AB-nin xarici siyasətdən sorumlusu Xavyer Solananın İrəvana səfərindən sonra hər hansı bir təzyiqin olmayacağı təminatını alıb özünü daha da rahat hiss etdi. Səsvermənin nəticələrinin saxtalaşdırılmasına etiraz edənlərin nümayişinin dağıdılması nəticəsində 28 adamın qətlə yetirildiyi, fövqəladə vəziyyətin elan olunduğu, kütləvi informasiya vasitələrinin fəaliyyətinin məhdudlaşdırıldığı, parlament üzvlərinin həbs edildiyi ölkədə seçkiləri "sivil dünya" və ya "demokratiya mərkəzləri" necə demokratik hesab edə bilərlər? Əgər bunun onda biri Azərbaycanda baş versəydi indi "demokratiya mərkəzləri"nin münasibəti necə olardı? Məncə bunun cavabını hər kəs bilir. "Sivil dünya" və ya "demokratiya mərkəzləri"nin bu cür hərəkətlərini akademik Ramiz Mehdiyev yuxarıda adını çəkdiyimiz əsərində belə qiymətləndirir: "Demokratiyadan getdikcə daha çox yalnız "yeni demokratiyalara" geosiyasi təzyiq vasitəsi kimi, konkret məqsədə nail olmağın mexanizmi kimi istifadə edirlər... Bütün bunlar ona gətirib çıxarır ki, yeni dünya düzəni artıq "ikili standartlar" sistemi kimi başa düşülür, yəni həyata keçirilən beynəlxalq tədbirlər artıq qərarlaşmış norma və prinsiplərlə ziddiyyət təşkil edir." Prezidentinin İcra Aparatının rəhbəri sonra haqlı olaraq bu nəticəyə gəlir ki, "Hər hansı dövləti yalnız o, öz ərazisini hərbi bazalar yerləşdirilməsi üçün təqdim edəndə, geosiyasi nüfuz üçün start poliqonu olanda, Qərb dövlətlərinin hərbi-siyasi blokuna daxil olanda, "dünyanın güclülərinin" bütün göstəriş və tələblərini sakitcə yerinə yetirəndə demokratik dövlət kimi tanıyırlar." Bir sözlə Cənubi Qafqaz dövlətlərində demokratiyanın inkişaf dərəcəsinə, insan hüquq və azadlıqlarının təminatına qiymət verərkən "sivil dünya" Gürcüstan və Ermənistana bir standart, Azərbaycana isə 180 dərəcə əks yöndə duran standartı tətbiq edir. Bəs özlərini "demokratiyanın beşiyi" və ya "sivil dünya" adlandıran dövlətlərin "ikili standart" siyasətinin səbəbi nədir? Və ya güclü və stabil Azərbaycan onlara nə üçün sərf etmir? Fikrimizcə, bu aşağıdakı hallarla bağlıdır: 1. Azərbaycanın olduqca əlverişli geosiyasi və geoiqtisadi məkanda yerləşməsi. Avropa ilə Asiyanın kəsişdiyi nöqtədə yerləşməsi "qara qızıl" qədər Azərbaycanın təbii sərvəti sayılır. Çünki iki dənizin (Qara və Xəzər) arasında ən geniş nəqliyyat və kommunikasiya şəbəkəsinə malik olan tək dövlət Azərbaycandır. Avropa ilə Asiyanı birləşdirən nəqliyyat və kommunikasiya xətləri məhz Azərbaycan vasitəsi ilə bir tərəfdən böyük Rusiya bazarına, digər tərəfədən isə Fars körfəzinə, oradan da Hind okeanına çıxış əldə edir. Bir sözlə Avropanın ən ucqar dövləti İslandiyanı Asiyanın ən qıraq dövlətləri Yaponiya və İndoneziya ilə birləşdirən nəqliyyat və kommunikasiya xəttləri Azərbaycanda düyünlənir. Azərbaycan əsas nəqliyyat vasitəsi dəvə karvanı olan "Böyük İpək Yolu"nda hansı önəmi daşıyır və hansı səmərəni əldə edirdisə, bugünkü önəmi və əldə etdiyi səmərə texnoloji inkişafla düz mütənasiblik təşkil edir. "Böyük güclər" bu səmərədən Azərbaycanın təkbaşına istifadə etməsini və belə geniş nəqliyyat və kommunikasiya xətlərinə nəzarət etməsini "həzm" edə bilmir. Çünki bu hal Azərbaycana beynəlxalq münasibətlər sistemində dayanıqlı mövqe və milli maraqların daha təsirli qorunmasına təminat verir. 2. Azərbaycanın türkdilli dövlət olması. Dünyanın siyasi xəritəsinə baxarkən Quzey Kipr Türk Cümhuriyyətindən başlayan Türkiyədən və Azərbaycandan keçərək Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstanda tamamlanan özgür türkdilli dövlətlərinin Ön Asiya, Qafqaz və Orta Asiyanı özündə birləşdirən böyük bir arealını görürük. Daha doğrusu bunu daha aydın şəkildə "böyük güclər" görür. Və onlar türkdilli dövlətlərin sıx iqtisadi, siyasi və hərbi birliyinin əmələ gəlməsindən qorxurlar. Əgər buraya Krım, Qaqauz, Tatarıstan, Başqurdstan, Kərkük, Cənubi Azərbaycan, Uyğur, Altay, Saxa (Yakut) və s. ərazilərdə yaşayan türkləri də əlavə etsək onda TÜRKDİLLİ DÖVLƏTLƏR BİRLİYİNİN təsir dairəsinin ölçüsünü aydın şəkildə müəyyənləşdirmək olar. Belə bir birliyin yaranması "böyük güclərin" hegemonluğuna son qoyar, dünya düzəninin yenidən qurulmasına gətirib çıxarardı. Dünya daha inkişaf etmiş "sivil" Qərbə, "vəhşi" müsəlman Asiyasına, zəngin təbii ehtiyatları müqabilində "sivil" Qərb tərəfindən aclığa düçar edilmiş Afrikaya bölünməzdi. Bütün ədalətsizliklərin qarşısını kəsə biləcək qüvvə məhz TÜRK DÖVLƏTLƏRİ BİRLİYİ olardı. Heydər Əliyev türk dünyasının birliyi uğrunda önəmli mübarizə aparan bir şəxsiyyət olub. Ulu öndər Türk Dövlətləri Birliyinin yaranmasının zərurətini bu cür əsaslandırırdı: "...Türk xalqlarının birliyi yalnız mədəni birlik, yalnız iqtisadi birlik yox, bu həm də siyasi birlik səviyyəsində nəzərdən keçirilməlidir. Türk dünyası artıq müasir dünya üçün siyasi bir hadisədir. Yəni müasir dünyada harmoniya yaradılmasında həm türklərin öz daxilində, həm də türklərin iradəsi ilə dünyada harmoniya yaradılmasında artıq bu siyasi bir rol oynayır." Prezident İlham Əliyev bu fikirlərin həyata keçirilməsi uğrunda fəal siyasət aparır. Türkdilli Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayının 2007-ci ilin noyabr ayında Bakıda keçirilməsi də məhz İlham Əliyevin bu ideyanın davamçısı olduğunun göstəricisidir. Həmin qurultayda Azərbaycan Prezidenti öz nitqində vurğulamışdır ki, "Bütün bu görüşlər, qurultaylar, tədbirlər bir məqsəd güdür - türk dünyası daha da mütəşəkkil olsun, bir-birilə əlaqələrini və dünyadakı mövqelərini daha da möhkəmləndirsin. Bu, bizim hamımızın marağındadır. Bizim birliyimiz nə qədər güclü olsa, hər bir ölkə öz milli maraqlarını bir o qədər uğurla müdafiə edə bilər." 3. Azərbaycanda əsas dinin islam dini olması. İslam dini dinlər arasında ən son din olduğu üçün təkallahlılığı qəbul edən tanrıçılıq, musəvilik və xristianlığın davamıdır. Bəşəriyyət necə təkamül dövrü keçib bugünkü halına çatıbsa, dinlərində son təkamül nöqtəsi islamdır. Amma nədənsə islam bütün peyğəmbərləri və müqəddəs kitabları qəbul etdiyi halda, digər dinlərin kahinləri islamı təhlükə və terror kimi qələmə verirlər. Bəs nədən? Çünki "sivil və demokratik dünya"da, yəni ABŞ və Avropa Birliyində din dövlətdən ayrı sayılsa da, əslində daxili və xarici siyasəti müəyyənləşdirən əsas amillərdən biridir. Heç təsadüfi deyil ki, Avropa Birliyi məhz XRİSTİANLIQ BİRLİYİ kimi tanınır. Türkiyənin də uzun illər bu təşkilata üzv olmaq istəyi məhz müsəlman ölkəsi olduğundan həyata keçmir. Yoxsa necə ola bilər ki, keçmiş sosialist düşərgəsinə daxil olan ölkələr apar-topar AB-yə üzv olur, 30 il AB-nin bütün tələblərini yerinə yetirən Türkiyə qıraqda qalır. Başqa bir misal. 2004-cü ildə AB "Genişlənmiş Avropa" yeni qonşuluq proqramına üç Cənubi Qafqaz ölkələrini də daxil etməyi nəzərdən keçirəndə Roma Papası II İoann Pavel bu təşkilata daxil olan ölkələrə xüsusi müraciət edərək AB-nin "xristian birliyi" olmasını unutmamağı tövsiyə edirdi. O, vurğulayırdı ki, Avropanı birləşdirən əsas amil məhz XRİSTİANLIQdır və dövlətlərdən bunu AB-nin Konstitusiyasına salınmasına tələb edirdi. Bu gün həm ABŞ-da, həm də Avropanın Azərbaycana qarşı siyasətində din amili əsas faktorlardan biri, bəlkə də birincisidir. Hətta baxmayaraq ki, din Azərbaycan əhalisinin böyük əksəriyyətinin həyatında formal xarakter daşıyır. Buna görə Azərbaycan torpaqlarının xristian Ermənistan tərəfindən işğal olunmasına xristian dünyası XRİSTİAN HƏMRƏYLİYİ göstərərək göz yumur. Ermənistan-Azərbaycan müharibəsində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk Qrupunun XRİSTİAN HƏMSƏDR dövlətlərinin fəaliyyəti isə Dağlıq Qarabağın Ermənistan tərəfindən ilhaq olunmasının qanuniləşdirilməsinə yönəlib. 4. Azərbaycanın zəngin enerjidaşıyıcıları ehtiyatlarına malik olması. Dünyanın karbohidrogen yataqları xəritəsinə nəzər salsaq görərik ki, onlar daha çox islam dövlətlərində və ya əhalisinin əksəriyyəti müsəlman olan dövlətlərin ərazisindədir. Bu dövlətlərin də əksəriyyətində bu və ya digər şəkildə müharibə gedir. Bəzi dövlətlər isə ABŞ və İngiltərənin işğalı altında olduğundan nəinki öz təbii sərvətlərinin, heç dövlətlərinin də sahibi deyillər. Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra "dünya gücləri" Azərbaycanı da bu vəziyyətə salmaq istəyirdilər. Məhz onların xeyir-duası, bəzən açıq, bəzən isə gizli dəstəyi ilə Ermənistan Azərbaycanın 20%-dən artıq bir hissəsini işğal etdi, dövlətimizin cənubunda da separatizm ocağı yarandı, şimal bölgəmizdə də vəziyyət gərginləşdi. Ölkə parçalanma və dünyanın siyasi xəritəsindən silinmə təhlükəsi ilə üzləşdi. Yaranmış vəziyyət bu təhlükənin zərərsizləşdirilməsi üçün təxirə salınmaz tədbirlərin görülməsini və onunla mübarizənin forma və üsullarının dəyərincə qiymətləndirilməsini tələb edirdi. Azərbaycan dövlətinin və xalqının tale üzünə o zaman güldü ki, müstəqillik təhlükə altında olanda məhz Heydər Əliyev dövlətin siyasi Olimpinə gəldi. Məhz Prezident Heydər Əliyevin dünya siyasətinin yırtıcı qaydalarını dərindən bilməsi, üzdə dostluqdan danışan, amma fürsət düşən kimi dövlətimizi məhv etmək istəyən "dünya gücləri"nin əsl niyyətlərindən xəbərdar olması, zəngin dövlətçilik təcrübəsi Azərbaycan dövlətinin müstəqilliyini qorudu. Bu gün Azərbaycanın zirvəsi bu gerçəkliyi dərindən bilir və bütün səviyyələrdə dövlətimizin milli maraqlarını qoruyur. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyev "Modernləşmə xətti yenə də gündəlikdədir" əsərində "dünya gücləri"nin ölkəmizi əllərində alət etmək siyasətinin qarşısının alınması istiqamətində Azərbaycan hakimiyyətinin atdığı addımlardan yazaraq bu siyasətin milli dövlətçiliyin qorunmasına yönəldiyini vurğulayır: "Qlobal transformasiyaların bu mürəkkəb şəraitində Azərbaycan beynəlxalq münasibətlərin ardıcıl faktoru, daxili və xarici siyasətin gündəliyini sabit şəkildə formalaşdıran dövlət kimi çıxış edir. Bu gündəlikdə əsası Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən müstəqil dövlətçiliyin qurulması idealı öz əksini tapır. Mahiyyət etibarilə bu, modernləşdirilmiş iqtisadiyyatı, vətəndaş cəmiyyəti və liberal ənənələri olan suveren ölkə qurmaq istəyini ifadə edən yeni siyasətdir." Məhz bu siyasətin nəticəsində bu gün Avropada, Asiyada, MDB və GUAM məkanında, İslam aləmində, Qafqazda və dövlətimizin maraqları olan digər yerlərdə ikitərəfli və çoxtərəfli beynəlxalq məsələlərin həllində (münaqişəli vəziyyətlər də daxil olmaqla) digər dövlətlərin maraqlarını nəzərə almaqla Azərbaycan öz mövqeyini beynəlxalq hüquq normaları çərçivəsində qətiyyətlə müdafiə edir. İlham Əliyevin ölkəmizin milli maraqlarının qorunması istiqamətində apardığı siyasətdə önəmli yerlərdən birini də Azərbaycan Respublikasının terrorizmə qarşı mübarizədə digər dövlətlərlə, habelə müvafiq hökumətlərarası beynəlxalq təşkilatlarla əməkdaşlıq etməsi tutur. Ölkə başçısının bu siyasətinin özəyində bir sıra ölkələrin birbaşa maliyyə və hərbi yardımı ilə Ermənistanın işğal etdiyi Dağlıq Qarabağda yaratdığı terrorçu rejimə qarşı birtərəfli qaydada və ya digər dövlətlərlə birlikdə hərbi qüvvədən istifadə etməyə zəmin yaratmaq durur. Və cənab Prezident bu məqsədini həm xarici ölkə başçıları ilə görüşlərdə, həm də mötəbər beynəlxalq təşkilatlarda etdiyi çıxışlarda açıq şəkildə bəyan edib. Bu gün İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri demokratik dəyərlərə arxalanan, insan hüquq və azadlıqlarına hörmət edən, sülhün, sabitliyin və təhlükəsizliyin yaradılması uğrunda pozitiv fəaliyyət göstərən dövlətlərlə bir sıradadır, bu dövlətlərlə strateji müttəfiqlik münasibətlərinin qurulması dövlət siyasətinin əsas xəttini təşkil edir. Digər dövlətlərlə qarşılıqlı faydalı münasibətlərin qurulması da, dövlət siyasətində prioritet istiqamətlərdən biridir. Asəf ƏLİYEV 525

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar