SON XƏBƏRLƏR

Məmməd Araz -75 . V. YUSİFLİ

2021.10.20, 07:36
Məmməd Araz -75 . V. YUSİFLİ

Gunaz.tv
Məmməd Araz -75 Məmməd Araz deyirdi ki... V. YUSİFLİ Azərbaycanda hər hansı tanınmış bir şəxsiyyəti fetişləşdirib göyün yeddinci qatına qaldırmaq adi hal olub. Biz kürsü qəhrəmanlarını da, meydan qəhrəmanlarını da, tarla qəhrəmanlarını da eyni dərəcədə layiq olmadıqları zirvələrə qaldırmışıq. Və sonralar bunun peşimançılığını çəkmişik. Bu xəstəlik şeir aləminə də sirayət edib. Bəzən "ayağı torpağa, əli dəmirə dəyməyən, dibçəkdə bir şitil oğlan birinci yerə mismarlanır". Unudulur ki, bu sənət aləmində NİZAMİ var, FÜZULİ var, SABİR var.. Mənim Məmməd Araza sevgim başqalarının ona vurğunluğundan yox, onun özünə amansızlığından başladı. Nə vaxt yazasıyam şah əsərimi, İlk sözüm hardadır, Son sözüm harda?! Bəlkə də yersizəm bir səfil kimi Şairlər ordusu gedən qatarda... Qələm var əlimdə Gör neçə ildir, Bir nəğməm dillərə nə vaxt düşəcək? Mənim gəlişimlə nə dəyişildi, Mənim gedişimlə nə dəyişəcək? Nə yazdım, neylədim? Harayım, səsim Barı bir ürəkdə qala bildimi? Mənim bir planet olmaq həvəsim Bir peykin peyki də ola bildimi? "Özümdən şikayət məktubu" adlı bu şeir 1967-ci ildə qələmə alınmışdı. Onda ki, Məmməd İbrahim hələ Məmməd Araz deyildi. Amma öz yaşıdları arasında seçilən şair idi. "Poeziyanın dumduru, şəffaf bulağı başına o, Arazın bulanıq və haraylı sahilindən ayrılıb gəldi, özü ilə poeziyaya Arazın dərdini, ağrısını da gətirdi, özü də tarixdən və təbiətdən, ana dilindən, bayatıdan, folklordan axan bir Araza döndü-Məmməd Araza!" (Yaşar Qarayev). İllər keçəcək, Məmməd Araz doğrudan da Azərbaycan poeziyasında bir peykə dönəcək və bu peyk bizi şeirin qanadlarında tarixdən bu günə, bu gündən gələcəyə aparacaq. Bir anlığa təsəvvür edək ki, heç başdan-binadan Məmməd Araz adlı şairimiz olmayıb. Onda poeziyamızda bir çat yaranardı. Sözün Məmməd Araz çalarından, rəngindən, səsindən məhrum olardıq. Özümü xoşbəxt sayıram ki, Məmməd Araz haqqında ilk monoqrafiyanı ("Məmməd Araz dünyası", 1993) mən yazmışam, Poeziyaya və Məmməd Araza sevgimi ifadə etməyə çalışmışam. Və ən başlıcası, dəfələrlə Məmməd müəllimlə görüşlərim olub, Naxçıvanda, Bakıda ona həsr olunan tədbirlərdə çıxış etmişəm. Məmməd Araz Azərbaycan sözünü urvata mindirən, Füzuli poeziya şamını sönməyə qoymayan, o şamın şöləsini alovlandıran şairlərdən idi.Onun poeziyası haqqında cild-cild kitablar yazmaq olar və yazılır da. Amma hamısından yaxşı onun öz şeirləridir, poemalarıdır..oxu, millətini sev, vətənini sev, təbiəti sev, insanları sev, dünyanı sev..Odur ki, bu yazıda mən Məmməd Araz yaradıcılığı barədə ("görünən kəndə nə bələdlik") söz demək istəmirəm. Vaxtilə onunla üzbəüz oturub böyük bir müsahibə aparmışdım, o müsahibədən sonra da tədbirlərində fürsət tapıb ona suallar verirdim. İndi o müsahibədən və verdiyim sualların cavablarından bir parçanı sizə-Məmməd Araz sevənlərə təqdim edirəm. MƏMMƏD ARAZ deyirdi: İlk şeirimin yazıldığı gün...O gün gecəsi olmayan və heç vaxt olmayacaq bir gün idi. O gün bütün sevinc və həyəcanımı büküb əbədi ünvana-Günəşə göndərmişəm. Hər səhər tezdən Günəş üfüqdən boylananda o günü görürəm. "Mənim əvvəli sevinc, sonrası təəssüf olan günüm-deyirəm bu qədər qatı açılmamış qayğını mənə tapşırıb, özün biryolluq getdin, niyə?". Ancaq ilk şeir ortada yoxdur. O əkç-səda getdi, qarşıda o ilahi səsin səpdiyi qayalıqlar qaldı. Bu da belə bir ömürdü yaşadım. Mənim ilk dərsliyim qaynaqlar qaynağı el ədəbiyyatı: nağıllar, dastanlar, bayatılar oldu. Bunlar sinədəftər nənələrin ifasında yüksək sənət nümunəsi idi. Onlardan baş götürməyən sənət, məncə, dəhnəsizdir, məcrasızdır, mənsəbi ilğımlaradır. Folklordan qidalanmayan ədəbiyyata mən belə baxıram. ...Anamın yazı savadı yox idi. Ancaq cəhrə üstə özü bayatı, ağı qoşardı. Folklordan qidalanan şeiri çox gözəl duyurdu və təbii ki, oğlunun şeir yazmasına sevinirdi. Şeiri oxudardı, xoşuna gəlməyəndə deyərdi: "bunda mənim südüm yoxdur". ...Atam əkinçi, biçinçi, suçu, bağban idi. "Atamın kitabı"nda onun bəzi cizgilərini çəkməyə çalışmışam. O dağ ətəyində, o çay yanında Bir qoca yaşayır-yüz yaşı tamam. Onun ürəyində, onun qanında Nə təltifə umu, nə paya tamah. Süz onu alnından çənəsinəcən, Qırış arxlarını seyr elə bir-bir: Sanki bu nizamı pozmağa qəsdən, Ömür-tərsinə bir dırmıq çəkibdir. Bir onu bilib ki, çöl də bir evdir. Torpaq uşaq kimi ələ baxandır. Özünü ata da, itə də sevdir; Əl günəş, qalan şey günəbaxandır! Onun nəzərində insanı (o, kişini deyirdi) şərtləndirən birinci cəhət yaxşılıq eləmək, əliaçıqlıq, çörəklilik idi. "Filankəs çörəkli adamdır" ifadəsini tez-tez işlədərdi. Dilinə yalan gətirəni "itlər qovun, dilinə ilan bağlayın", "yalançı ayağı dəyən şumda toxum göyərməz" deyərdi. Çox yatan adamları xoşlamazdı. "Kəndlinin dəhnəsi həmişə boş olar, oraq zəmidə, kotan şumda parıldar, yerin belini yer qırvar" kəlamları çox işlətdiyi məsəllərdi. Ailəmizdə onun ömrü boyu saat 6-dan gec durduğunu görən olmamışdı. MƏMMƏD ARAZ deyirdi: Nizami sənəti elə nəhəng dağ silsiləsidir ki,kəşf olunduqca kəşfi əlçatmaz olur. Mən Nizamini yaxşı oxuduğumdan çoxlarının gəldiyi bu qərarı öz qərarım eləmişəm: poetik fikir tarixində hələlik ucalığı onunla müqayisə olunacaq zirvə yoxdur. O, Yer kürəsinin bütün nöqtələrindən görünür. Əgər ad sırası gəzsək həyatda, Əgər yer davası düşsə şeirdə, Alqışlar altında Nizami ata, Keçib oturacaq birinci yerdə. Sənət dünyasında Füzulinin öz zirvəsi var. "Azərbaycan" deyiləndə ayağa dur ki, Füzulinin ürəyinə toxuna bilər. Bir də Mirzə Ələkbər Sabir.. Sənət yarışında, söz yarışında, Yüzümüz bir Sabir deyilik hələ. ...Səməd Vurğunu isə çox yaxşı xatırlayıram. Lap elə bil, dünən görmüşəm. 1950-ci ildən 55-in axırlarına, yatağa düşənə qədər dəfələrlə şeir gecələrində, xüsusilə, o zaman Natəvan klubunda çox qaynar keçən yığıncaqlarda, Yazıçılar İttifaqının plenum və qurultayında onu yaxından görmüşəm, çıxış və məruzələrini dinləmişəm. Güclü məntiqi vardı. Saatlarla danışsa belə, yəqin bir cümləsi dolaşmaz, bir sözü topuq vurmazdı. Mübaliğəsiz deyərdim: onun kimi öz şeirlərini gözəl oxuyan ikinci şair tanımıram. ...Bir də Əli Kərim-bənzərsiz bir şair. Onun istedadına xas olan birinci, ən başlıca əlamət odur ki, o, sənət dilinə mükəmməl bələd idi. Bu dili kamil bilirsənsə,demək, qanında Nizami, Füzuli, Sabir qanının zərrələri var. Onun təvazökarlığı istedadı ilə əkiz doğuldu, ona ən yaxın həmdəm, ən yaxın məsləhətçi oldu. Bu da həqiqətdir ki, bu son dərəcə təvazökarlıq, özündən qaçma, özündən narazı xasiyyət sağlığında şair Əli Kərimin lazımınca dərk olunmasına maneə törətdi. O, dünya ədəbiyyatını çox yaxşı bilirdi. Kimisə inkardan xoşu gəlməzdi. Onun aləmi üçün maraqlı olan sənətkar-şəxsiyyətlərin elə xasiyyətini təhlil edərdi ki, bu kəşf, bu tapıntı yalnız onun özünə məxsus idi. Odur ki, bir pis səhnə əsərinə baxanda onun bu misralarını xatırlayırıq: Fikirləş bir, Şekspir var, Şekspir. MƏMMƏD ARAZ deyirdi: Sənətdə adilik yazıçını sadəliyə, təbiiliyə deyil, bəsitliyə aparırsa, əlbəttə, "adilik sənətin ölümüdür". Sənət hamının anladığı, amma hamının deyə bilmədiyi qeyri-adilikdir. Dahilik zirvəsinə isə yalnız dahilər qalxa bilər. Adilər baharın aldatdığı səhra sfemerləridir. "Yazıçının əlyazmalarından tər iyi gəlməlidir", mən bu kəlamı məcazi mənada qəbul edirəm-işləklik mənasında. Burada dəqiq ölçü-biçi yoxdur; bədii əsərin neçə faizi zəhmətin və neçə faizi istedadın məhsuludur, ayırd eləmək çətindir. Söhbət istedadın zəhmətkeşliyindən getməlidir. Dahilər-yazıçı da, alim də, başqa sənət sahibləri də fil gücü ilə işləyən qəddi əyilmişlərdi. "Tənbəlin dəhnəsi boş olacaq". Burada yaddaşıma həkk olunan məşhur kəlamı xatırlayıram: "dahilik-kəmiyyətdir". Etiraz etməyə tələsməyək. Kəlam müəllifi nə dediyini yaxşı başa düşür. Təsdiqi ilə inkarını tərəziyə qoyub demək istəyir ki, Tolstoyların, Hüqoların bu qədər əsərini yalnız ağır zəhmət yarada bilərdi. Bəli, dahilik həm də kəmiyyətdir! ...Məlum həqiqətdir ki, yazıçı əlində qələm ən etibarlı söykənəcək, ən möhkəm dayaqdır. Bu şərtlə ki,qələm sözün əsl mənasında sözə xidmət eləsin, söz xiridarına bələdçi olsun, könül bulandıran əməllərə məqamında söz gülləsi yönəltsin. Həmişə də yazmaq olmur. Qələmin gücsüz, bir çöp qədərində olan çağları onun əldə isinməyən saatlarıdır. Təkcə işləyəndə yox, yazıçı düşünəndə, ürəyində misra gumuldayanda da qələm sevinir, ovxarını saxlayır. Bu mənada şeirsiz günlər -havasız günlərdir. Mövzularım tükənəndə səbrim tükənir, Az qalıram qələmimlə sinəmi yaram" Sanıram ki, bir qayadan uçub köhlənim, Boş yüyəni elə dartır, belə dartıram. Mövzularım tükənəndə elə bil ki, mən Otağımda cərəyansız bir sim oluram. Qarışqadan, hörümçəkdən gücsüz görünən Düşmənə də baş əyirəm, təslim oluram. ...Çox da narahatlıq doğurmayan bir cəhəti qeyd eləmək istəyirəm, bu da bəzi gənclərin şeirlərində forma özbaşınalığıdır. Görürsən, şeir onbirliklə başlayır, bir-iki sətirdən sonra şair "nəfəs dərib" sərbəst vəznə keçdi, sonra ondördlüyü iki yerə böldü, arada bir şeir lap məqaləyə döndü. Mən belə şeirləri oxuya bilmirəm. Yadıma gəlmir, bəlkə mənim də belə yazılarım var. Şair forma seçməkdə sərbəstdir-o, "ağ" da yaza bilər. Amma doğrudan da ağ olsun. MƏMMƏD ARAZ deyirdi: Poeziya dil açan gündən indiyədək həmişə qadın mehrindən, qadın hənirindən, ana şərəfindən, yar ünsiyyətindən su içib. Qadın "cazibəsindən" uzaqlaşan poeziya oxucusuzdur. Mən bu mövzuda yazıram və yaza bilirəmsə, bu, qəlbin diqtəsi, ağlın hökmüdür. ..Sevgi hər zaman sevgidir. Ona münasibət mühitlə, zamanla əlaqədar dəyişir. Onun bəzi "şərtləri" dəyişsə də, sədaqət sədaqətliyində qalsa yaxşıdır. Bəşərin əsl yolu gözəlliyə gedən yoldur. Qadın gözəlliyi olmasa, bir qısa ömrü yaşamağa dəyməzdi. Gözəlliyi qorumaq və gözəllərdən qorunmaq lazımdır. Bizim faciəmiz-qəhqəhəli qəm, Bizim komediyamız-qəm dolu gülüş. Məhəbbət körpümüz deyə bilmirəm Necə tikilmişdi, necə sökülmüş.. ...Suallarım çox idi. Bəzilərinə çox qısa cavabını verirdi. Amma verəcəyim sualların çoxu qaldı. Xəstə halında onu narahat eləmək insafsızlıq idi. Bir də axı..çox sualın cavabı onun şeirlərindədir.Məmməd Araz poeziyası hər bir oxucunun axtardığı HƏQİQƏT KİTABIDIR. Vaqif YUSİFLİ 525

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar