SON XƏBƏRLƏR

Sarı gəlin, yoxsa Sara gəlin? . Yalan bəzən ayaq tutsa da, yerimir. Bu həqiqət minilliklərin sınağından çıxmışdır...

2021.10.20, 07:36
Sarı gəlin, yoxsa Sara gəlin? . Yalan bəzən ayaq tutsa da, yerimir. Bu həqiqət minilliklərin sınağından çıxmışdır...

Gunaz.tv
Sarı gəlin, yoxsa Sara gəlin? Artıq illərdir ki, ermənilərin təkcə hərbi işğalına yox, həm də mədəni-mənəvi təcavüzünə məruz qalmaqdayıq. Lakin heç şübhə yoxdur ki, müəyyən zaman kəsiyində hərbi təcavüz etmiş mənfur düşmən layiq olduğundan da artıq cavabını alacaq və ölkəmiz, dövlətimiz mövcud iqtisadi potensialı ilə vurulmuş yaraları qısa vaxtda sağaldacaqdır. Bununla belə, xüsusən son 10-15 il ərzində ermənilərin xalqımızın milli-mənəvi dəyərlərinə etdiyi təcavüz və bu təcavüz fonunda beynəlxalq aləmdəki səyləri bizi daha acınacaqlı nəticələrlə üz-üzə qoya bilər (necə ki, bəzən qoyur da). Bu sıradan, məsələn, intensiv olaraq artıq 20-30 il bundan əvvəldən başlayaraq ermənilərin Azərbaycanın ayrı-ayrı bölgələrindən pul hesabına toplanıb ölkədən çıxarılan çeşin-çeşin xalça və xalça məmulatlarını, misgərlik əşyalarını, bəzi geyim və yeməklərimizi "özününküləşdirmək" cəhdlərini, musiqimizə də əl atmalarını (Yzeyir Hacıbəyovun əsərlərinə müdaxilə, Qara Qarayevə etnik iddialar, xalq və bəzi müasir mahnılarımıza, rəqslərimizə çirkin "əl uzatmalar" və s.) qeyd etmək olar. Yeri gəlmişkən, musiqi hər bir etnosun, xalqın təkcə iç dünyasının lirik inikası yox, həmçinin danışan dili, tarixi keçmişin ahəstə, bəzən də üsyankar nəql olunma vasitələrindən, yollarından biridir. Bu cəhətdən son illərin ən dəbdə olan mövzularından biri də "Sarı gəlin" mahnısıdır ki, az qala bütün respublikamızın kütləvi informasiya vasitələrində istər sənətçilərin söhbətlərində, istərsə də aidiyyatı olmayan şəxslərin dilində çox tez-tez hallandırılır. Təəssüfedici hal odur ki, mövzu ilə əlaqədar hər kəs öz mülahizəsini həqiqət kimi qələmə versə də, çox vaxt bunlar elmi arqumentə əsaslanmır və nəticə etibarilə də ortaq məxrəc tapılmır. Ermənilər isə "Sarı gəlin bizimdir" deyib dirənirlər. Əsl həqiqət hardadır? Bir tarixçi-etnoqraf, musiqi təhsilli şəxs olaraq bu barədəki fikirlərimi oxucularla bölüşmək istərdim. Bəri başdan deyim ki, ermənlərin bütün həyasızlıqlarına, yalançılıqlarına baxmayaraq, "Sarı gəlin" mahnısının həqiqətən Azərbaycanda və azərbaycanlılar tərəfindən yaradılmışdır. Bunun tam həqiqət olduğunu aşağıdakı arqumentlərdən də görəcəyik. Stilistik ardıcıllığa tam əməl etmədən dərhal qeyd edək ki, "Sarı gəlin" mahnısından sonra mətn-mənaca ona bağlı, onun davamiyyəti olan başqa bir mahnı - "Apardı sellər Saranı" meydana gəlmişdir. "Apardı sellər Saranı" mahnısından bir müddət sonra isə "Sarı gəlin" yallısı yaranır. Beləliklə, silsiləvari ardıcıllıqla yaranan hər üç musiqi nömrəsinin ayrı-ayrı şərhinə keçirik. İlk növbədə "Sarı gəlin"in adı haqqında. Araşdırmalar göstərir ki, azərbaycanlıların adqoyma mədəniyyətində, xüsusilə qadın və qızlar arasında bir başa rəng adı ilə ad verilməsinə təsadüf olunmur. Bu, etnik əxlaqa, ədəb-ərkana uyğun deyil; o da ola sarı rəng! Yeri gəlmişkən, xalqımızın qədim bir atalar sözü də var ki, indi də tez-tez işlənməkdədir: dəli qırmızı sevər, gic sarı. Bioloji rəngə görə qıza, xüsusən gəlinə "sarı" ləqəbi, ayaması vermək, sonra hətta "bu ləqəb altında olan gəlinə" yar, aşiq, sevgi mahnısı bəstələmək, ümumiyyətlə, yumşaq desək, düzgün, yaraşan iş olmazdı. Beləliklə, "Sarı gəlin" mahnısında gəlinin adının "Sarı" olması mümkünsüzdür! Məsələnin mahiyyəti belə olan təqdirdə mahnının adı niyə "Sarı gəlin" adlanır? Fikrimizcə, bu söz təhrif olunub. Belə ki, əslində mahnının adındakı "sarı" "Sara" adının təhrif variantıdır. Bu barədə aşağıda bir daha bəhs edəcəyik. İndi isə mahnının yaranma tarixi və məzmunu haqqında. 2005-ci ildə "Altın kitab" nəşriyyatı tərəfindən buraxılan "Xalq mahnıları" (tərtibçi redaktoru R.İsmayılov, məsləhətçi prof. M.Qasımlı) toplusunda (səh. 93) "Sarı gəlin" mahnısı 3 bənd (hər bənd 4 misra olmaqla) və təkrarlanan nəqarətdən ibarətdir. Şifahi ədəbiyyatın bayatı formasında yazılan şeirdə bir dənə də olsun arxaik, bu günkü oxucu üçün anlaşılmaz söz yoxdur. Elə buna görə də biz güman edirik ki, şeir XIX əsrin II yarısında meydana gəlmişdir. Şeirin məzmunundan belə anlaşılır ki, onu qoşan (ola bilsin bu hadisəyə bələd olan şair, yaxud xalq üslubunda şeir deyə bilən hər hansısa bir nəfər) şəxs kasıb çobanmış və imkanlı ailənin çox gözəl bir qızını sevirmiş. Özü də bilə-bilə ki, bu sevdadan bir şey çıxmayacaq, məhəbbətindən də əl götürə bilmir. Ymidini kəsməyərək Allahdan nicat, aman, yardım istəyir. Zəmanənin gərdişi elə gətirir ki, vaxtilə üzünü tez-tez gördüyü istəklisini bir daha görə bilmir. Yarının ayrılığına dözməli olur. Özü-özünə təskinlik vermək üçün qoyun otara-otara təqdim olunan məzmundakı bayatını düzüb qoşaraq çoban tütəyi musiqisilə zümzümə edərmiş. Bir müddət ötəndən sonra qızı istəmədiyi bir başqasına ərə verirlər. Sara gəlin ərə getdiyi insandan özünə qarşı heç bir məhəbbət görmür. Günləri, mənəvi mənada məşəqqətlə keçir. İlk sevgisini heç cür unuda bilmir. Nəhayət, mənəvi sarsıntılara dözməyərək Arpa çayının aşıb-daşan vaxtında özünü ora atıb həlak edir. Arpa çayı da gözəl Saranı əldən vermək istəmir. Bir neçə günlük uzun axtarışdan sonra onu həlak olaraq tapırlar. Hadisədən azca sonra gözəl, nakam Saraya hansısa el şairi və musiqiçi tərəfindən ikinci bir mahnı - elegiya həsr edilir. Bu olaya uyğun olaraq həmin mahnı-elegiya "Apardı sellər Saranı" adlanır. Yuxarıda adı çəkilən topluda (səh.16) həmin mahnı-elegiya üç bənd (hər bənd üç sətirdən ibarət olmaqla) və nəqarətdən ibarətdir. Şeirin mətnindən də görünür ki, bu "Ala gözlü, qələm qaşlı" Sara məhz "Sarı gəlin"dəki həmin Saradır. Arpa çayında həlak olan Saranın meyidi Azərbaycanın Muğan bölgəsində aşkarlanır. Nəticədə "Muğan... nahaq qana... batır". Hadisəyə söz qoşan el şairi bu barədə hər yerə car çəkdirmək istəyir. Hətta hər il Muğan yaylaqlarına sürülərini gətirən tərəkəmə camaatının (heyvadarlıqla məşğul olan əhali) sərkarı Xançobana belə xəbər göndərilməsini istəyir ki, Muğanın növrağı pozulub deyə, bu il gəlməsin bu yerlərə. Nədən ki, "Sara kimi gəlin Arpa çayının sularında qərq olmuş, gözəl bir gəlin həyata vida demişdir". Yeri gəlmişkən, elegiya səciyyəli hər iki mahnının musiqi təfsiri elədir ki, onları tütək və balabanla ifa etdikdə daha təsirli alınır. Bu mənada həmin musiqilərin yaranışə dövründə onların müşayiətinin məhz tütək, daha sonra isə balabanla olması versiyası tam qəbul olunan və təbiidir. Balabanın Azərbaycan musiqi mədəniyyətində nə qədər böyük rola malik olmasının təsdiqi kimi orta əsrlər miniatür rəssamlıq sənətindən yüzlərlə nümunələr gətirmək mümkündür. Buna görə də bəzi musiqilərin ifası zamanı "balaban yoludur" - deyə irəli sürülən erməni cəfəngiyyatı tam iflasa məhkumdur. Necə ki, "Sarı gəlin"in ifasında ən uyğun təfsirin tütək və balaban olması elmi dəlillərlə təsdiq edilir. Başqa sözlə, həmin alətlərlə həmin söz və musiqi ifası vahid vəhdət təşkil edir. Nəhayət, XIX əsrin sonlarına doğru vaxtilə Naxçıvan və Muğan bölgələrində ifa olunan, lakin çox da geniş yayılmamış elə həmin mövzuda, ancaq bu dəfə rəqs musiqisi meydana gəlir. Mahiyyət etibarilə yuğ musiqi və rəqslərini xatırladan bu yallının adı "Sarı gəlin" imiş. Xalq adət-ənənələri üzrə ciddi mütəxəssislər yazırlar ki, yallı tipli bu kütləvi xalq oyununun adındakı "sarı" sözü məhz Sara xüsusi isminin təhrif olunmuş formasıdır. Başqa sözlə, "sarı" Saranın saxta, xalq deyim üslubuna uyğunlaşdırılmış variantıdır. Bütün bunlardan sonra hər iki mahnının və yallı rəqsinin yaranma-yayılma coğrafiyasının dəqiqləşdirilməsinə ehtiyac duyulur. Bəri başdan deyək ki, "Sarı gəlin" Naxçıvanda yaranıb. Bu fikir hansı arqumentlərə söykənir? 1. "Apardı sellər Saranı" mahnısının mətnində açıq-aydın göstərilir ki, Sarı/Sara gəlin Arpa çayında batıb. Adı çəkilən çay qonşu ərazidən axıb gəlsə də, Naxçıvan ərazisindən keçən hissəsi "Arpa çayı" adlanır. Sarı/Sara gəlin də məhz Arpa çayında batıb. 2. Arpa çayı Naxçıvanın indiki Araz su anbarı ərazisində Araz çayına qovuşur. Sabirabad rayonunda isə Su qovuşan adlanan yerdə Kür çayı ilə birləşir. Başqa sözlə, Arpa çayının suyu Kürə qədər gəlir. Arpa çayında batan insanın Su qovuşana qədər gəlib çıxmasına isə heç bir şübhə yeri yoxdur. 3. Arpa-Araz-Kür suları isə tarixi Muğan ərazisindən keçir. İndiki halda Salyan, Saatlı, Sabirabad və Biləsuvar rayonlarının ayrı-ayrı hissələri Muğan ərazisinə daxildir. 4. Arpa çayında batan Sara gəlin çay axıntısı vasitəsilə Muğanda tapılıb. 5. Bütün orta əsrlərdən üzü bəri tam əksər hallarda əvvəl mətn, sonra isə ona uyğun musiqi nömrəsi bəstələnir. "Sarı gəlin"də də əvvəl mətn, sonra musiqi yaranıb. Başqa sözlə, mətn bizim, musiqi isə ermənilərin ola bilməsi ehtimalı absurddur. 6. Musiqinin sadə ifa quruluşu və mətnin bayatı üslubunda olması da onu deməyə əsas verir ki, bəstəçi musiqini sadə çoban tütəyi gəzişməsi və el sözlərinə istinadən düzüb qoşmuşdur. 7. "Saçın ucun hörməzlər", "Gülü qönçə dərməzlər" deyim fikirləri adı çəkilən bölgə üçün daha səciyyəvidir. 8. Azərbaycan musiqi mədəniyyətinin istər aşıq, istər muğam, istər mahnı, istərsə də rəqs janrlarında ənənəvi bölgə məxsusluğu olmuşdur. "Sarı gəlin"in musiqi ladları Naxçıvan bölgəsinin məhəlli musiqi təməlinə söykənir. 9. Sarı/Sara gəlin yallısı Naxçıvanda meydana gəlmiş, müəyyən dövr keçəndən sonra isə Muğan bölgəsində də yayılmışdır. 10. Mahnıların mövzu-silsilə ardıcıllığındakı Muğan musiqi özünəməxsusluğu onun ("Apardı sellər Saranı") özündən əvvəlkindən nisbətən ritmikliyi ilə seçilir. Mövzunun elegiya səciyyəsi isə demək olar ki, tam qorunmuşdur. Beləliklə, yuxarıda dediklərimiz araşdırmalarımızın nəticələridir və onların həqiqət olduğuna tam əminik. Milli musiqilərimiz ilə əlaqədar erməni sayıqlamaları isə qələtdir, saxtadır, riyadır. Yalan bəzən ayaq tutsa da, yerimir. Bu həqiqət minilliklərin sınağından çıxmışdır... T.Q.Səlimov-Şağani express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar