SON XƏBƏRLƏR

Mövlud Süleymanlının yeni romanı

2021.10.20, 07:36
Mövlud Süleymanlının yeni romanı

Gunaz.tv
Mövlud Süleymanlının yeni romanı "Erməni adındakı hərflər" V. YUSİFLİ Mövlud Süleymanlının "Erməni adındakı hərflər" romanı keçən il "Azərbaycan" jurnalının avqust və sentyabr nömrələrində çap olundu və gözləyirdim ki, həmkarlarımdan (tənqidçi və ədəbiyyatşünaslardan), ya da Mövludun öz qələm yoldaşlarından kimsə bu maraqlı roman haqqında söz deyəcək. Axı, Mövludun yaradıcılığı, üstündən sükutla keçiləsi və biganəlik soyuğuna "layiq" görüləsi əsərlərdən ibarət deyil. Vaxtilə onun hər bir yeni povesti və romanı barədə mətbuatda xeyli yazılar çap olunurdu. Hətta yadıma gəlir ki, iyirmi yeddi il öncə Mövludun "Dəyirman" povesti ədəbi aləmdə böyük "tufan" qopardı və həmin əsər Azərbaycan Yazıçılar İttifaqının "Nətəvan" klubunda müzakirə olundu. "Dəyirman"dan sonra da Mövlud bir neçə əsər yazdı, amma sonra bir müddət susdu. 2002-ci ildə Mövlud Süleymanlı haqqında "Ədalət" qəzetində bir yazı çap etdirmişdim. O yazı belə başlayırdı: "Mövlud Süleymanlı YAZMIR. Bu gün onu tanıyanların və sevənlərin hamısı belə düşünür və M.Süleymanlının yazmamağı bu günkü Azərbaycan ədəbiyyatı üçün doğrudan da faciəyə bənzər bir şeydi. Azərbaycan radiosu bir əjdaha kimi Mövludu uddu və Mövlud-"Dəyirman"ın, "Ceviz qurdu"nun, "Köç"ün müəllifi o böyük əcdəhanın qarşısında diz çökdü. Bu sətirləri yazıram və elə bil Mövludun mənə doğma və tanış olan gülümsər sifətindəki o işığın bir anlığa qəzəblə sayrışdığının şahidi oluram. "Allah-allah, bu nə düşüncədi? Mən YAZIRAM. YAZMAYANDA DA YAZIRAM". Sonra o bir anlıq qəzəb yenə əvvəlki işığa qərq olur. Və mən bilirəm ki, Mövlud YAZIR". Onu deyim ki, Mövludun da öz oxucu auditoriyası yaranmışdı və o, bu oxucuları xeyli intizarda qoyandan sonra nəhayət, təzə romanını çap elətdirdi. Ancaq bu romanın jurnalda çapından bir il keçib, ciddi bir rəy ortada yoxdur. Bəlkə Mövlud, yaradıcılığının enmə mərhələsini yaşayır? Yox, belə deyil, QOCA Mövlud bu romanında da həmin o Mövluddur- "Köç"dəki, "Dəyirman"dakı Mövlud. "Erməni adındakı hərflər" romanı bəlkə də çoxdan yazılmalıydı.O vaxtda ki, Azərbaycan publisistləri, şairləri və nasirləri Azərbaycan-erməni savaşını, iki millətin arasındakı qarşıdurmanı müxtəlif canrlarda əks etdirir, obyektiv həqiqəti əks etdirməyə çalışırdılar. Otuz ilə yaxındır bu mövzu ədəbiyyatımızda işlənir, amma...Bax, bu "amma" işləri korlayır. Br-iki nəsr əsəri və olsun ki,bir kitablıq şeir və bəzi publisistik yazılar istisna olunmaqla (yenə Allah bərəkət versin!) ortada ürəkdən tikan çıxaran əsərlərin sayı o qədər də çox deyil. Bəlkə də belə yaxşıdır deyərdik. Amma məsələ burasındadır ki, ümumən bədii düşüncədə Azərbaycanın bu son tarixi öz dolğun ifadəsini tapmayıb. Bu gün Qarabağla ilgili olan hadisələrə və müharibəyə həsr olunan yüzlərlə bədii nümunələrdə demək olar ki, həm müharibə haqqında, həm də bu müharibənin olayları barədə düşündürücü mətləblər, yadda qalan və bizi həmişə o barədə düşünməyə məcbur edən obrazlarla çox nadir hallarda qarşılaşırıq. Hər şeydən əvvəl, Müharibənin özünün Obrazı yoxdur, yazılan əsərlərdə müharibə dövrünün psixologiysı lazımi səviyyədə əks etdirilmir. Biz bu əsərlərdə əsl düşməni tanımaq istərdik, onu söymək, lənətləmək yox, onun mənfur içini görmək istərdik. Görəsən erməniliyin mahiyyəti barədə nə oxumuşuq? Mövlud Süleymanlının romanı məhz bu xüsusda yaranan boşluğu müəyyən mənada aradan qaldırır; ermənilik nədir,biz düşməni necə tanımalıyıq. Tanıyırıqmı? Bunun üçün Mövlud cild-cild tarix kitablarını vərəqləmir, kimdənsə sitatlar da gətirmir.Erməniliyin mahiyyəti o xalqın adət-ənənələri, düşüncə tərzi, əsrlər boyu türk xalqlarına eyni düşmən münasibəti, məişət həyatı, qadın-qız-ailə mühiti və əlbəttə,mənəvi qüsurları fonunda üzə çıxır. Mövlud bunları çox gözəl bilir, çünki onun doğulduğu məkan, Qərbi Azərbaycanın elə bir kəndi, obasıdır ki, ermənilərlə azərbaycanlılar bir yerdə yaşamışlar. Daha doğrusu, bu qədim türk torpaqlarına erməniləri köçürmüşlər.. Mövlud Süleymanlının bu romanında çoxlu hadisə və obraz var. Və bunların hamısını bir ox ətrafında birləşdirən xətt İmirxanlının söylədikləridir. Mövlud hadisəni də, obrazı da düşüncə məkanına keçirir, yəni nəyisə təsvir edərkən onun üçün bu təsvirdəki hadisə və obrazın nejə təsir bağışlaması o qədər də önəmli deyil. Əsas məqsəd bu hadisə və obrazların fonunda erməniliyin mahiyyətini açmaqdır. Elə bilirəm, İmirxanlı obrazında Mövlud Süleymanlının özü görünür. Yəni Mövlud öz düşüncələrini İmirxanlının "beyninə köçürüb". "Elə xalq var ki, haralı olduğu bilinməz, bilməzsən aran adamıdı, dağ adamıdı. ...Erməni nə aran adamına oxşayır, nə dağ adamına, bizə deyilən kimi deyə bilməzsən ki, erməninin bir suyu hansı torpağasa, hansı yerəsə çəkir, oxşadığı, bənzədiyi torpağı tapa bilməzsən...çünki vətəni yoxdu, bu mənada erməni xalqı bir az vağzal uşaqlarına oxşayır. Ona görə də bizdən ayıqdılar, bizdən çoxbilmişdilər...gözləməyi, səbrli olmağı bacarırlar, ona görə də hamı onları tanıyır.." Romanda müxtəlif məqamlarda ermənilər barədə deyilən bu fikirlər boşuna söylənmir, onları dərindən tanıyanların qənaəti kimi ümumiləşir. Şübhəsiz ki, bu qənaətlər bir günün, beş günün hesabına deyil, illərin, ayların ünsiyyətindən doğub. Daha bir misal: "Sən görürsən atın islanır, sən də islanırsan. Erməni belə eləməz, atdı islanır, islansın, erməni bayır adamı deyil, içərinin adamıdı, dünyaya səpələnməyi də hər yerdə ev axtarmağınnandı..həmişə qarın-yağışın altında olan dağı erməni neynir... Ona görə də erməni Qafqaz adamı deyil, Qafqazı ona biz vermişik, bizdən alıb veriblər, eşitmisiz, deyirlər Qafqaz xalqı, Qafqaz xarakteri, bu xarakter ermənilərdə yoxdu...!" Romanda hadisələrin başlanğıcı kimi 88-ci ilin məlum hadisələri göstərilir.Ancaq məqsəddən asılı olaraq, hadisələr tez-tez retrospektiv xarakter daşıyır. Geriyə hərəkətdə də ermənilik dəyişmir, sadəcə, cildlər dəyişir, məkr, hiylə, türkə nifrət dəyişmir, hətta bir ermənini digərindən fərqləndirmək də olmur. Çünki mahiyyət dəyişmir. Sual olunur: ermənilərdə türk xalqlarına bu nifrətin kökü hardan gəlir? Deyim ki,tarixçilər, etnoqraflar, hətta psixoloqlar bu suala müxtəlif tarixi mənbələrdən çıxış eləyib fikir söyləyə bilərlər və söyləyiblər də. Mövludun romanından, bu romandakı ayrı-ayrı hadisələrdən və obrazların söylədiklərindən belə hasil olur ki,onlar (ermənilər) türkün böyüklüyünü, qüvvətini bəlkə bizim özümüzdən də yaxşı anlamışlar, əgər genetik kodlarında, irsi xasiyyətlərində bu böyüklüyü qəbul etmək və onunla barışmaq niyyəti olsaydı, nifrət də olmazdı. "Akademik Acaryan türkləri sevirdi, sevirdi yox, qiymətini bilirdi, amma bunu heç vaxt yazmazdı, böyük erməniydi: "bizi diri saxlayan türklər oldu, deyərdi, əlimiz rusun əlinə çatanacan türklər qorudu bizi", bunu ancaq belə deyərdi. Bütün bu kəndləri qarış-qarış gəzdi, həmişə də "bizim burda izimiz yoxdu, biz burda yoxuq", dedi. Biz Qafqazda olmamışıq, olacağıq amma". Və Türkün bəlası bu "olacağıq"ın reallaşmasından sonra başladı. Mənəvi departasiyadan sonra kütləvi deportasiyaya yol açıldı. Romanda fərdi sifətləri ilə rəsm edilmiş müxtəlif erməni obrazları ilə qarşılaşırıq. Akademik Ulubabyan, dəriyığan Aped, bazarkom Civan, Şaliko Sumikyan, Siranuş, Seda Sevortyan, Mkrtıç Ulubabyan... Erməniliyin mahiyyəti onların hər birində bu və ya digər dərəcədə əks olunub. Savadlarından, yaşlarından, peşələrindən asılı olmayaraq demək olar ki, düşüncələrindəki başlanğıc və son nöqtə türkə nifrət hissidir.Bu məqamda akademiklə dəriyığanı fərqləndirmək olmur. Erməninin akademiki türk kəndində evlərin bacasını tüstüləri görüb əsəbiləşir, tüstülər o qədər qatıydı ki, elə bilirdin kəndi göydən asıblar. Səbəbini belə izah edir ki, "kərmədi yandırdıqları, ona görə də gurdu tüstüsü". Akademiki belə fikirləşir . Dəriyığan isə yalançı erməni tarixlərindən oxuduqlarını söyləyir. Bir erməni uşağı isə türk kəndlərindəki daşlara erməni hərflərini cızır.Budur ermənilik! "Millət kimi bir düşünsələr də, ayrı-ayrıdılar, amma ayrı-ayrılıqda olsalar da, işləri birdi". Məncə, erməniliyin mahiyyəti romanda kifayət qədər açıqlanıb. Akademik Ulubabyanın bu fikirləri erməniliyin bütün zamanlar üçün "proqram sənədi" sayıla bilər "erməni üçün ailə qurmaq Vətən qurmaqdı, harada olursa erməni kimi yaşamaq lazımdır, erməni kimi yaşamaq o deməkdir ki,erməni dövlətində yaşamaq deməkdi, hər nəyin varsa, bu işə qurban verməlisən. Erməni harada yaşayırsa, orada izi qalmalıdır, bir tək əlifbanın olması millət üçün dövlətin olmasından dəyərlidi. Erməni əlifbasıyla erməni adını yaz, ermənilik sənin proqramındı, proqramını da özünlə götür, yerə qoyma, o, sənin silahındı. Türk kimi yaşamaq məcburiyyətində qalsan belə,ermənisən, erməni olduğunu bil". Sivil millətlər və onların ziyalıları təbii ki, belə fikirləşmirlər. Sivil millətlər üçün "proqram sənədi" yoxdu, çünki onların daimi Vətəni var. Amma romanda heç yerdən özünə Vətən qurmaq istəyən bir xalqın düşüncə tərzi əks olunub.Bu, onların strategiyasıdı, taktiki gedişlərində isə ermənilər "Vətən yaratmaq üçün" hər cür rəzilliyə, murdarlığa əl atırlar, həm mənəvi, həm də fiziki təzyiqdən çəkinmirlər, təbii ki, bu işdə havadarlar da tapılır. "Türk kimi yaşamaq.." Mövludun romanında TÜRK KİMİ YAŞAMAQ "proqram" deyil, qədim ənənədi, təbiət hadisəsidi, başqa xalqlara məhəbbətdi, kindən, nifrətdən, paxıllıqdan uzaq yaşamaqdı, hətta düşməni, düşmən olduğunu bilə-bilə süfrəsinin başında oturtmaqdı, sazdı, sözdü. Burada söhbət təbii ki, Qərbi Azərbaycan türklərindən gedir.Mövludun romanında Qərbi Azərbaycan türklərinin qədimlərdən gələn çölçülük, maldarlıq,süfrə, geyim-gecim mədəniyyəti, qonaqpərvərlik adətləri çox ustalıqla incələnir və bunlarla tanış olduqca "türk kimi yaşamağın" İnsan kimi yaşamaq olduğuna heç bir şübhən qalmır. Ermənilər özləri də Qərbi Azərbaycvanda yaşayan türklərin bu adət-ənənələrinə yaxşı bələddirlər, amma heç bir erməni türk kimi yaşaya və düşünə bilməz. "Doğrudu, Aped, papaq tikmək də işdi,amma gərək dəri olsun ki, papaq tikəsən. Dərini kimdən alırdın? Heç bir ermənidən dəri aldığın oldu? Sənin sözündü, erməni öz dərisiylə məşğuldu. Erməni qoyun soya bilir ki, ondan dəri alım.. Deməli, papaq tikmək ikinci işdi. Biz birinci işlərdən danışırıq, yurd, iç hərəkətlərindən, puçurun açmağına, suların axmağına bənzər birinci işlər, vətənin nəbzi...Birinci işləri bütün dünyada Vətənin dilini bilənlər görür. Papaq ustası kimi , ən gözəl saz ustası da sizdən olub, tanıyarsan, sazbənd Tepanus, amma Tepanus ha çalışdı, ha əlləşdi, ha öyrəndi,aşıqlıq eləyəmmədi, çünki aşıqllıq da iç hərəkətlərdəndi, onu da Vətənin dilini bilənlər bacarır". "Vətənin dili"... Mən bu məqamda istəyirəm həmin ifadəni bir az genişliklə götürüb Mövlud Süleymanlının öz yaradıcılığına şamil eləyim. Mövludun "Köç" romanını və digər roman, povest və hekayələrini xatırlayıram. Bu əsərlərdə bəlkə də bəzi obrazları və ya hadisələri, situasiyaları sonralar unuda bilərsən , amma o əsərlərdəki canlı xalq dili, bu dilin alt qatlardan süzülüb gələn duruluğu, saflığı, holavarlığı, bayatılığı, qoşmalığı, gəraylılığı, təcnisliyi, saz havalarına bənzər səsi, otdan, güldən, çiçəkdən, nə bilim, darçından, yovşandan, qantəpərdən boyasını alan rəngləri sizi valeh etməyibmi? Mövlud etnoqraf olsaydı indi bu sahədə ən tanınmış mütəxəssis olardı, amma yazıçı oldu. Yazıçı-etnoqraf. Etiraf edək ki, bizdə tək-tük yazıçı var ki, folklor poetikasına bələddi və onlardan birincisi, bəlkə də Mövluddu. Mövlud Süleymanlı Keçmişi Bugünə gətirən yazıçıdır: Keçmiş isə onun əsərlərində Sazdır, Qurd ulartısıdır, türkün bahadırlıq, qılınc xarakteridir, bayatılı-nağıllı dünyasıdır.Təsadüfi deyil ki, müasir dövrün həqiqətlərindən söz açanda da Mövlud türkə məxsus olan bütün xüsusiyyətləri təkcə keçmiş kimi yox, həm də Yaşarılıq kimi əks etdirir. O, hətta qədimlərdən gələn elə adətləri təsvir edir ki,yaddaşın oyanır... Bütün bu söylədiklərimi Mövludun təzə romanında da izləyə bilərsiniz. Məsələn, romanda "telək oyunu" deyilən bir oyun təsvir olunur. Bu oyunun mahiyyəti belədir ki, papaq quzu olur.Yəni qoyunun quzusu ölür. Qoyun da bunu bilmir və balasını axtarır. Həmin qoyunun buynuzuna ağ parça keçirirlər, bir nəfər çobanın qucağında qoyun dərisindən ağ saçaqlı bir papaq olur, qoyuna təlqin edirlər ki, bu papaq onun quzusudu. Və beləliklə, qoyuna quzusunun ölmədiyini anladırlar.Nəticədə: "Qoyun Qarakəlləoğlunu bazar əhlinin ayaqları arasından gördü, bir anlığa duruxdu, bu bir an, onun südünün kəsildiyi an idi, səsinin batmağıyla başlamışdı, damcı-damcı qurumaqdaydı...Qarakəlləoğlu, gözlərini yumub füşkürəkdə hələ də qoyun sazı çalırdı... "Gəl heeey, gəl su iç, gəəəl, göbzləri qumral qoyun.." Bu sazın altında su var, gen sinəli yaylaqlar var, bu sazın altında həm də quzu var, quzuuu...Parça-parça olub batmış səslə mələdi. Soğulmaqda olan məməsinin ucu sızıldayırdı, qumral qoyunun döşlərinə təzədən süd gəlirdi". Amma mən romanla bağlı buradaca Mövlud Süleymanlıya bir iradımı deməkdən çəkinmirəm. Demək istəyirəm ki, ay QOCA Mövlud, sənin əsərlərində bəzən tarixi, etnoqrafik detalların, izahların və şərhlərin bolluğu obrazların hardasa dolğunluğuna mane olur. Məsələn, bu romanında da mən bizim akademik Balasahunlunu bir qədər kölgədə qalmış görürəm. Yaxud İmirxanlını. Doğrudur, romanda onun erməniliyin mahiyyəti barədə açıqlamaları yetərincədir, əsər elə onun düşündükləri və yazdıqları üzərində qurulub, amma İmirxanlı özü dediklərindən və yazdıqlarından az görünür. Roman nədir? ROMAN HƏM DƏ XARAKTERDİR! Romanda Sovet dövründə Azərbaycan tarixini yazan müəlliflərin ünvanına da iradlar söylənilir və bunu təbii hesab edirik.Tariximizi yazan alimlər sovet beynəlmiləlçiliyi stereotipindən kənara çıxa bilmirdilər.Amma tək-tük də olsa, elə alimlərimiz vardı ki, onlar əsl həqiqəti söyləmək üçün özlərində cəsarət tapırdılar. Abbas Zamanovu, Ziya Bünyadovu, Fəridə Məmmədovanı niyə unutmalıyıq ki? Hə də unutmayaq ki, Sovet dövründə erməni və ermənipərəst sovet alimlərinə qarşı çıxan Azərbaycan ziyalıları təqib olunurdular, tənqid hədəfinə çevrilirdilər, məlumdur ki, onlar erməni alimləri kimi əl-qol aça bilmirdilər. Çünki İmperiya erməni aliminə sözünü deməyə imkan verirdisə, bizə qadağa qoyulmuşdu. Mövludun İmirxanlısı da Balasahunludan yox, bu adamlardan dərs almışdı... Mövlud Süleymanlının "Erməni adındakı hərflər" romanı haqqında qısaca da olsa,söz açdım . Elə bilirəm,bu əsərlə tanış olmayan Azərbaycan oxucuları romanı oxumağa tələsəcəklər..Üstündən bir il keçsə də, tənqidçi həmkarlarım da bu əsərə biganə qalmayacaqlar. Vaqif YUSİFLİ 525

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar