SON XƏBƏRLƏR

QARABAĞ NİZAMLANMASINDA YENİ MƏRHƏLƏ

2021.10.20, 07:36
QARABAĞ NİZAMLANMASINDA YENİ MƏRHƏLƏ

Gunaz.tv
36329_1 QARABAĞ NİZAMLANMASINDA YENİ MƏRHƏLƏ Nyu-Yorkdakı təmaslar Bakı, Yerevan və Ankaranın ortaq məxrəcə gəlməsinə səbəb olacaqmı? Proqnozlar həm nikbin, həm də bədbindir İsmayıl UMUDLU Dünən axşam Nyu-Yorkda - "The Millenium" otelində keçirilən Azərbaycan, Ermənistan və Türkiyə xarici işlər nazirlərinin - Elmar Məmmədyarov, Eduard Nalbandyan və Əli Babacanın görüşü Qərb mətbuatında Qarabağ münaqişəsinin nizamlanmasında yeni mərhələnin başlanğıcı kimi qələmə verildi. Bəzi ekspertlər hesab edirlər ki, Qafqazda ən böyük münaqişənin Minsk Qrupunun ənənəvi inhisarından çıxarılması onun "don"unun açılmasına gətirib çıxara bilər. Amma dünən, təşəbbüskarı Türkiyə olan üçtərəfli görüşün Qarabağ nizamlanmasında hansı irəliləyişlərə səbəb olacağı hələlik sual altındadır. Çünki münaqişənin həlli ilə bağlı tərəflər arasında "mövqe güləşi" indi də davam edir. Əslində Ankara - İrəvan xəttində təmasların, açıqlamaların avqust ayından başlanmış intensivliyi qalmaqdadır və son həftə də diqqəti çəkən gəlişmələr müşahidə olundu. Türkiyə və Ermənistan diplomatlarının Avropada məxfi təmasları davam edir, Bakı "ağır oturub, batman gəlir", Serj Sərkisyan BMT tribunasında Azərbaycanı yenə ittiham edib ("adımı qoyum sənə, səni də yana-yana"), Bakı mediasında Qərbin Türkiyəyə "Azərbaycanı Dağlıq Qarabağın müstəqilliyinə razı sal" tapşırığı verildiyi barədə xəbərlərə yer verilir. İrəvanda isə narahatlıq var ki, BMT Baş Assambleyası Azərbaycanın xeyrinə olan qətnaməyə səs verəcək. Bütün proqnozlara rəğmən, Ankara hələ də Ermənistanla yolları açmağa tələsmir... ABDULLA GÜLÜN ÜMİDLƏRİ Nyu-Yorkda olan Türkiyə prezidenti Abdulla Gül Amerika Türk Cəmiyyətində (ATC) çıxış edərkən deyib ki, Türkiyə ilə Ermənistan arasında müsbət bir iqlim yaratmaq məqsədi güdür və bununla bağlı olduqca ümidlidir, deyə Anadolu agentliyinin xəbərində deyilir. "Hörmətli Sərkisyan məni cəsur bir davranışla matça baxmağa dəvət etdi, mən də eyni cəsarətlə qarşılıq verdim və getdim. Bu ziyarətimizdə, sadəcə, matçı seyr etmədik, çox təfsilatlı bir şəkildə həm ikitərəfli əlaqələri, həm də Qafqaz, Azərbaycan, Ermənistan məsələləri mövzularında danışmaq fürsətində olduq. Bütün məqsədim budur: Qafqazda, bölgədə, Türkiyə ilə Ermənistan arasında belə bir iqlim yaratmaq ki, bu iqlim aradakı problemləri yox etsin və hər şey normallaşsın. Bununla bağlı olduqca ümidliyəm. Qafqazdakı durum hamımızın diqqətini buna çevirir: dialoq yolu ilə danışaraq problemləri aradan qaldırmaq lazımdır. Problemləri donmuş bir şəkildə saxlamaq çox təhlükəlidir, hər an partlaya bilər". Türkiyə prezidenti ümid edir ki, sonda hər şey normallaşacaq: "Liderlərin üzərinə düşən vəzifə ədavət bəsləmək deyil, çətinlikləri aradan qaldırmaqdır. Dialoq yolu ilə çözülməyəcək heç bir problem yoxdur". ATC-dəki görüşü əsnasında bir erməni biznesmen ondan soruşub: "Matç şəraitinin təsiri ilə sərhəd açıla bilərmi?" Abdulla Gül poetik bir cavab verməklə erməni iş adamını qeyri-müəyyənlik içərisində qoyub: "Biz gözəl bir yol açdıq, doğan iqlimdən məmnunam. Bu gözəl iqlimdə çox gözəl ağaclar yetişəcək". TÜRKİYƏ ATƏT MQ-dən DAHA EFFEKTLİ VASİTƏÇİ İrəvanda siyasilər öz açıqlamalarında ATƏT Minsk Qrupunun formatının dəyişdirilməsinə qətiyyətlə qarşı çıxırlar və əks fikirləri yaxına buraxmaq ovqatı hiss olunmur. Amma "PanARMENIAN.Net" saytı Corc Meyson Universiteti (ABŞ) konfliktologiya və beynəlxalq münasibətlər professoru Dennis Sandolenin belə bir fikrinə böyük yer verir ki, ATƏT MQ ilə müqayisədə Türkiyə daha effektli vasitəçi ola bilər. Onun fikrincə, həmsədrlər yalnız o halda yardımçı ola bilərlər ki, Ermənistan və Azərbaycan problemin həllində hansısa dividendlərə malik olacaqlar. Dennis Sandolenin belə bir fikrinə də yer verilir ki, Kosovonun müstəqilliyinin elan edilməsi ilə Dağlıq Qarabağın tanınması arasında heç bir paralel yoxdur: "Bunlar tamamilə fərqli şeylərdir. Hazırda dünyada yeni konfiqurasiya qərarlaşıb: Raketdən müdafiə sistemi üzündən Polşa və Çexiya ilə sadə olmayan münasibətlərə malik Rusiya ilə yeni "soyuq savaş"ın başlanma ehtimalı var. Qlobal planda münaqişələrin tənzimlənməsi bütün bölgələrin güvənliyini artırır". Dennis Sandolenin bu fikri təzə deyil. Bu fikir lap öncədən vardı. Lakin erməni tərəfi bundan oddan qorxan kimi qorxurdu və son ayın gəlişmələrində bu ehtimal bir daha ortalığa çıxdıqda, təsadüfi deyil ki, ona qarşı qətiyyətlə çıxanlar arasında Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan da vardı. Çözülməzliyi bir çözüm hesab edən və bu tezisi bütün vasitələrlə yeritməyə çalışan erməni tərəf üçün qeyri-effektiv ATƏT Minsk Qrupu effektiv olan hər hansı vasitəçidən daha sərfəlidir. İRƏVANIN ANKARAYA YENİ JESTİ İrəvan Ankaraya yeni bir jest etdi. İrəvan əvvəlcə Türkiyənin Avropa Rekonstruksiya və İnkişaf Bankının resipiyentlər siyahısına və əməliyyat ölkələri sırasına daxil edilməsinə etiraz edirdi və "əleyhinə" səs vermişdi. Sentyabrın 23-də isə Ermənistanın təmsilçisi öz əvvəlki mövqeyini dəyişdirdiyini açıqladı. Bankın prezidenti Tomas Mirov deyib ki, Türkiyədə bazar münasibətlərinin bundan sonra da inkişaf etdirilməsi təkcə ölkənin özünə faydalı deyil, həm də ticarət və investisiya planında Türkiyə ilə sıx bağlı olan bölgələrdə, ələlxüsus da Balkanlarda, Qafqazda və Mərkəzi Asiyada iqtisadi sistemi dəstəkləməkdə yardımçı olacaq (PanARMENIAN.Net). Türkiyə bu bankın əməliyyat ölkələri sırasına daxil olmaq barədə bu ilin aprelində ərizə vermişdi. Onun bu ölkələr sırasına qəbul edilməsi barədə qərarın cari ilin oktyabr ayının sonlarında veriləcəyi bildirilir. SƏRKİSYANIN "AYI XİDMƏTİ" BARƏDƏ SÖYLƏDİKLƏRİ Serj Sərkisyanın BMT Baş Assambleyasının tribunasından çıxışından açıqca görünür ki, o, fürsətdən istifadə edərək dünya siyasətinin diqqətinə Qarabağ məsələsinin həlli aspektində İrəvana sərf edən bir sıra tezisləri yeritməyə çalışmışdır. Məsələn, inandırmağa çalışır ki, "xalqların təyini-müqəddərat hüququna ciddi yanaşmaq gərəkdir". Cənubi Qafqazda Rusiya - Gürcüstan savaşı məcrasında baş vermiş son hadisələri də bu baxımdan "hamı üçün ciddi dərs" sayıb. Onun düşüncəsinə görə, təyini-müqəddəratın tanınması mövcud konfliktlərin ən yaxşı tənzimlənmə metodudur. Hiss olunur ki, Ermənistan Azərbaycanın öz hərbi büdcəsini artırmasından bərk narahatdır. Bizcə, başa düşürlər ki, Azərbaycanın hərbi əməliyyatlara başlaması İrəvan üçün iflas demək olacaq. Və torpaqları işğal edilmiş olan Azərbaycanın arqumentlərini heçə sayan Sərkisyan Qərbdən buna bir reaksiya verilməsini istəyir, qabaqdangəlmişlik edərək, atəşkəs barışığının pozulmasını bəri başdan Ermənistana qarşı "təcavüz" elan edir (!). 1987-ci ildən bəri oynadıqları mənfur rolu, azərbaycanlıları Ermənistandan elliklə necə deportasiya etdiklərini, Dağlıq Qarabağ və ətrafında terrora necə rəvac verdiklərini unudaraq iddia edir ki, guya, Dağlıq Qarabağ xalqı "məhvolma həddində" imiş, ona görə də müstəqilliyini elan edib və bu "qanuni" idi. Onun söylədiklərindən belə anlaşılıb ki, Ermənistan Qarabağı və ətraf rayonları işğal altında saxlamaqla, "regional iqtisadi əməkdaşlığın genişlənməsini", sərhədlərin açılmasını istəyir. Və bunu belə "əsaslandırır" ki, bu yol sülhə gətirib çıxara bilər. Ermənistan prezidenti mart ayında Azərbaycan qətnaməsinin lehinə səs vermiş ölkələri mahiyyət etibarilə qınayaraq deyib ki, "baxın, bu məsələdə daha məlumatlı olan Fransa, Rusiya və ABŞ necə səs verdilər". O deyib ki, bu səsvermənin nəticələrindən sonra Azərbaycan tərəfin hərbi ritorikası daha da sərtləşdi. Bundan başqa, o, Azərbaycan qətnaməsinin "lehinə" səs verənlərin Azərbaycana "ayı xidməti" göstərdiklərini iddia etmişdir. Bununla da Sərkisyan Azərbaycan qətnaməsinə dair qarşıdakı səsvermədə onları ən azı bitərəf qalmağa çağırmış oldu. Bir sözlə, onun bu çıxışdan əvvəlki açıqlamalarındakı bəzi konstruktivlik məqamlarından geri çəkildiyi açıq göründü. İRƏVANDA NARAHATLIQ DUYĞULARI İrəvanın və eləcə də erməni diasporunun siyasi çevrələrində İrəvan - Ankara - Bakı üçbucağında cərəyan edən konfidensial dialoqların məzmunu sarıdan açıq bir narahatlıq duyğusu qalmaqdadır. Ermənistan Liberal Partiyasının sədri Ovannes Ovannesyan belə bir fikir səsləndirib ki, indiki prezident Serj Sərkisyan çox mürəkkəb və ciddi bir oyuna başlayıb, lakin oyun masasının arxasına korrupsiya, hakimiyyətin qeyri-legitimliyi və s. şəklində olduqca zəif kartlarla əyləşmişdir. "Bu oyunun necə getdiyini - yaxın 1-2 ay göstərəcək", - deyə liberal siyasətçi proqnoz verir (Arminfo). Başqa bir narahatlıq BMT Baş Assambleyası 63-cü sessiyasında Qarabağa dair Azərbaycan qətnaməsi sarıdandır. Məsələn, erməni politoloq Levon Məlik-Şahnəzəryan hesab edir ki, keçən dəfə olduğu kimi, bu dəfə də Azərbaycanın qətnaməsi qəbul ediləcək, lakin əsas məsələ ondan ibarətdir ki, keçən dəfəki ilə müqayisədə "lehinə" və "əleyhinə" səslər nə qədər az, ya çox olacaq. (Keçən dəfə 146 ölkədən 39-u qətnamənin "lehinə", 7-si əleyhinə səs vermiş, 100 ölkə bitərəf qalmışdı). Keçən dəfəki qətnamənin məzmunu bundan ibarət idi ki, Ermənistan işğal edilmiş əraziləri boşaltmalıdır. Erməni politoloq qarşıdakı səsvermənin nəticələrini Ermənistan XİN üçün özünəxas imtahan sayır, yəni keçən səsvermədən bəri Ermənistan XİN-in bu yöndə nə dərəcədə səmərəli işlədiyi üzə çıxacaq. Məlik-Şahnəzəryan hesab edir ki, erməni tərəfi daha çox Latın Amerikası, Afrika və Avropa ölkələri ilə işləməlidir, çünki bu sadalanan regionların Azərbaycan ilə o qədər də sıx əlaqələri yoxdur. P.S. Türkiyənin xarici işlər naziri Əli Babacan Azərbaycan, Ermənistan və Türkiyə XİN başçılarının görüşü ilə bağlı dünən axşam saat 22:50-də mətbuata açıqlama verməli idi. Lakin həmin zaman qəzetimiz çapa hazırlandığından görüşün təfərrüatları ilə bağlı geniş məlumat verə bilmədik.ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar