SON XƏBƏRLƏR

Azərbaycan elminin zirvəsi

2021.10.20, 07:36
Azərbaycan elminin zirvəsi

Gunaz.tv
GÖRKƏMLİ ALİM, PEDAQOQ, ERUDİT, AKADEMİK AZAD MİRZƏCANZADƏNİN ANADAN OLMASINDAN 80 İL KEÇİR "Mən öz xalqıma hələ çox borcluyam..." Azad Mirzəcanzadə E. Şahbazov İyirminci əsrin ikinci yarısı və iyirmi birinci əsrin əvvəlində Azərbaycan elmində və xüsusilə neft sənayesində Azad Mirzəcanzadənin misilsiz xidmətləri olub. Bu dahi şəxsiyyət, problemləri görüb-duyma, hədəfləri müəyyənləşdirmə, hadisələrin fiziki mahiyyətini dərk edib qavrama, proseslərin təhlili və onları riyazi üsullarla izah etmə, ən mürəkkəb fikirləri sadə dildə adi insan düşüncəsinə yaxın tərzdə şərh etmə, proseslərin fiziki mahiyyətini atom və molekul səviyyəsində araşdırma, qlobal düşüncə və problemlərin lokal həlli baxımından, geniş elmi əhatə spektrinə malik olan bir insan idi. Fitri istedada malik olan Mirzəcanzadə 23 yaşında namizədlik, 29 yaşında isə doktorluq dissertasiyalarını müvəffəqiyyətlə müdafiə etmişdi. O, 34 yaşında AzSSR EA-nın müxbir üzvü, 40 yaşında həqiqi üzvü seçilmişdi. Akademik Mirzəcanzadə Beynəlxalq Şərq Neft Akademiyasının prezidenti, 3 dəfə Qubkin mükafatı laureatı, 2 dəfə Azərbaycan Dövlət və SSRİ Nazirlər Sovetinin mükafatlarının laureatı, Ukrayna Neft və Qaz Akademiyası və Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, Başqırdstan Elmlər Akademiyasının fəxri üzvü, SSRİ əməkdar elm və texnika xadimi, SSRİ qaz sənayesinin və Bolqarıstanın fəxri neftçisi, "İstiqlal", "Oktyabr inqilabı", "Qırmızı əmək bayrağı" ordenləri, P.L.Kapitsa adına qızıl medal laureatı, elm və texnika sahəsində misilsiz xidmətlərinə görə hökumət və dövlət tərəfindən təltif olunub. Akademik Mirzəcanzadənin həyat fəaliyyətini və elmi irsini öyrənərkən onun möcüzə səviyyəsində istedada malik olduğu, hələ 6 yaşında olarkən bacısının ona saatlarla oxuduğu kitabı əzbər söyləməsi, 10 illik orta məktəbi 6 ilə bitirməsi, 15 yaşında olarkən orta məktəbdə dərs deməsi, Aristotel, Arximed, Trotskinin və başqa tarixi şəxslərin klassik əsərlərini mütaliə etməsi faktları buna sübutdur. Akademik Mirzəcanzadənin yaddaşlarda həkk olunmuş bir sıra fikirləri daim yaşayacaq: "Mənim arzum özümdən sonra məndən çox bilən, öz işini sevən professionalları yetişdirməkdən ibarətdir". Hərdən düşünürsən və müqayisə xarakterli düşüncələrdə başa düşürsən ki, Azad Mirzəcanzadənin gərgin yaradıcılıq dövrü yaşadığı 78 ilə neçə alim ömrü sığarmış. Zaman və hadisələri dərk etmə baxımından Mirzəcanzadə meyarı var. O, güclü və böyük tezliklə informasiya qəbul etmə zəkasına və informasiyanı ani surətdə emal edib yeni keyfiyyətlərlə, elmi yeniliklərlə, ideyalar "selinə" çevirmə qabiliyyətinə malik idi. Xarakter cəhətdən mürəkkəb, kəskin, çılğın olan bu dahi insan eyni zamanda böyük pedaqoq idi. Hətta onu sevənlər arasında belə bir fikir də dolaşardı: "Azad müəllimə yaxın düşərsən yandırar, uzaq düşərsən dondurar". O, istənilən proseslərdə və insan münasibətlərində "simmetriya" deyilən meyara söykənərdi. Etik normalara riayət etməsi, münasibətlərdə "sən" və "siz" müraciətlərinə özünəməxsus yanaşması akademikin yüksək mənəvi dəyərlərə malik olmasından xəbər verir. O, sadə və yaxud mürəkkəb fikri söyləyəndə, sonda həmsöhbətindən soruşardı: "deyə bildim?" Budur etik norma. Xüsusilə insani münasibətlərin formalaşmasında onun özünəməxsus ölçüsü var idi. Ürəyi yumşaq və obyektiv olan Azad müəllim fəlakətə düşmüş insanların əlindən tutma qabiliyyətinə malik idi və fəlakətdən onun köməyi ilə xilas olan insanların gələcək davranışına ciddi nəzarət edərdi. Dəyərlərə bu da bir orijinal yanaşma idi... Konkret, məntiqi və sistemli qaydada düşünən insanlarla təmasda olmağı sevərdi. Azad müəllimə verilmiş bu fitri istedad onun təkrarolunmaz elmi məktəbinin yaradılmasında özünü büruzə verir. Azad müəllimdən hərdən soruşardılar: "300-dən çox elmlər namizədi və 120 elmlər doktorunun hazırlanması bir rəhbər üçün nə qədər realdır?" Onun cavabı isə belə olardı: "Mənim yüzlərlə ideyalarım olub ki, həmin ideyalar həm geologiya, həm qazma, həm neft və qazın hasilatının, nəqlinin və s. elm sahələrinin əsaslarının formalaşmasına xidmət edib. Beləliklə, bir ideya bir neçə istiqamətin elmi bünövrəsini təşkil edərsə, onda burada qeyri-adi bir şey yoxdur". Azad müəllim hələ 1949-cu ildə namizədlik dissertasiyasını müdafiə edərkən müdafiənin ab-havasının çox gərgin keçməsini tez-tez yada salardı. Müdafiədə görkəmli alim akademik Yesman iştirak edirdi. Müdafiə prosesi 7 saat davam etdi. Yesman çıxış edərək mövzu üzrə elmi müddəaların və nəticələrin qeyri-korrekt olduğunu söylədi. Bu zaman Azad müəllimin öz müddəaları ilə əlaqədar dərin və hərtərəfli fikrini söyləməsindən sonra akademik Yesmanın öz sözlərini geri götürməsi faktı şübhəsiz ki, hamıda Azad Mirzəcanzadənin zəkasına heyrət yaratdı. Müdafiədə iştirak edən akademik İlyuşin isə belə bir fikir söylədi: "Mən bu müdafiədən müdafiə edəndən daha çox bəhrələndim". Lay sularında Mendeleyev cədvəlində olan kimyəvi elementlərin əksəriyyətinin olması faktı və lay sularının elementlər üzrə analizi və sintezi nəticəsində atqısız texnologiyanın elmi əsası hələ o illərdə akademik Mirzəcanzadə tərəfindən qoyulmuşdu. O, neft və qaz çıxarma prosesinin səmərəliliyini yüksəltmək üçün yeni texnologiyalar təklif etmişdi. Bu texnologiyaların əsasını texnoloji proseslərdə sistemin qeyri-tarazlıq dərəcəsini müəyyən etmiş, qiymətləndirmiş və əsaslandırmışdı ki, belə sistemlərdə daxili öz-özünü qurma, xarici mühit ilə qarşılıqlı təsirdən daha tez baş verir. O, apardığı tədqiqatlarda axının yenidən qurulmasının daha dərin təsviri üçün təkamül relaksasiyaedici mühitlər modelinin tətbiqini təklif etmişdi. Akademik Mirzəcanzadə qaz-maye sistemlərində özlü-elastik mayenin süzülməsi zamanı bir sıra yeni və maraqlı hadisələri, təzyiqlə işlənmədə neftlərin geoloji xüsusiyyətlərinin dəyişməsini, maqnitləşdirilmiş suyun süzülməsi zamanı gillərin şişməsinin aradan qaldırılmasını bu və ya digər fiziki təbiətli qeyri-tarazlığın təzahürü ilə izah etmişdi. O, ilk dəfə olaraq neft və qazçıxarmada qeyri-tarazlıqlı proseslərlə yanaşı baş verən hadisələrin tempini də nəzərə almış, neftin sıxışdırılması və suyun vurulması tempinin laylara xarici təsirinin nəticəsini müəyyən etmişdi. Akademik Mirzəcanzadə əksər elmi əsərlərinin əsasında riyazi ehtimal statistik üsullarından istifadə etmişdi. Mahiyyət etibarı ilə neft və qaz sənayesində layda baş verən hadisələrdən tutmuş neftin və qazın nəqlinədək bütün mürəkkəb proseslər ehtimal xarakteri daşıyır. Böyük statistik informasiya tələbi araya gəldiyindən, stoxastik tədqiqat üsulları müəllif tərəfindən məqsədə nail olmaq üçün vasitə kimi istifadə edilmiş və keyfiyyətcə yeni elmi nəticələr əldə olunmuşdu. Azad Mirzəcanzadənin ideyalarında problemlərin texniki və iqtisadi tərəflərindən başqa fəlsəfi cəhəti də düşünülür və yeni-yeni axtarışların aparılmasına zəmin yaradılırdı. Onun prosesin dərinliyi ilə dəqiqliyi arasında mütənasiblik ideyası buna bariz nümunədir. O, deyərdi: "İstənilən fiziki prosesin dərinliyini dərk etmək üçün bu prosesə mümkün qədər dəqiq yanaşma olmalıdır". Onun təklif etdiyi empirik düstur vasitəsi ilə dəqiqlik artdıqca prosesdə baş verən tsiklin böyüməsi bir sıra texnologiyaların işlənməsində istifadə olunub. Onun təklifi ilə "Pareto prinsipi"ndən, "evolyusiya" xarakterli modellərdən, korrelyasiya və dispersiya təhlilli üsullardan istifadə etməklə, neft və qaz yataqlarının işlənməsində əsas xarakteristikaların qiymətləndirilməsi və proqnozu həm respublika, həm də ondan kənarda geniş elmi tətbiqini tapıb. Akademikin neft və qaz yataqlarının işlənməsinə orijinal yanaşmaları vardı. Onlardan birini burada qeyd etmək yerinə düşər: "Əgər layların neftvermə əmsalı aşağı düşürsə, layda baş verən prosesi amplituda və tezlik baxımından təhlil etmək lazımdır, əgər prosesdə tədqiq olunan parametrin amplitudası minimum, tezliyi isə maksimumdursa, bunu şərti olaraq "qoca lay" adlandırırdı. Əksinə, amplitudası maksimum, tezliyi isə minimum olan laylara "cavan lay" adı vermişdi. Bu prosesləri Kolmoqorov teoremi ilə izah edərək, prosesin böyük potensiala malik olması və özü-özünü idarə etmə imkanına malik olması qənaətinə gəlmişdi. Akademik özünə məxsus şəkildə belə deyərdi: "Uşaq kiçik tezlikli böyük amplitudaya, qoca insan isə böyük tezlikli kiçik amplitudaya xas olan hərəkətlər edir". Akademik bu prinsipdən istifadə edərək neft və qaz laylarının işlənməsində bir sıra nəzəri problemləri həll etmişdi. Akademik Mirzəcanzadənin son tədqiqatları uzun müddət istismarda olan sulanmış və kiçik debitli quyularla əlaqədardır. Qeyd etmək lazımdır ki, qurudakı yataqlardan bir ton neft hasil edilən zaman, onunla birgə 13 ton su hasil olunur. Belə quyular quyu fondunun 35%-ni təşkil edir. Onların neftvermə əmsalının yüksəldilməsi və bununla yanaşı enerji sərfinin minimuma endirilməsi və bununla sinergetik effekt verə bilən ekoloji təmiz texnologiyalar maraq doğururdu. Bu problemin həlli üçün Azad müəllim italyan alimi Fibonaççinin üsulundan istifadə edib azdebitli köhnə quyulara qoyulan vəsait üçün məsrəflə gəlir arasında "qızıl kəsik" ideyasını irəli sürmüş və bu üsulu bir neçə yataq üçün tətbiq etmişdi. Azad müəllimin həddən ziyadə gərgin iş rejiminə baxmayaraq o, Neft Daşlarında, Qum adasında, "Abşeronneft", "Nərimanovneft" və digər neft-qazçıxarma idarələrində elmi seminarlar aparırdı, elmlə istehsalat arasında sıx əlaqə yaradırdı. Akademik Mirzəcanzadə Qərbi Sibirdə, Tümen vilayətində, Tatarıstanda, Almaniyada, Başqırdıstanda, Əlcəzairdə, Vyetnamda və Çin Respublikasında geniş elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdu. Onun çoxşaxəli elmi fəaliyyətində bir orijinallıq duyulur. Azad müəllim hələ keçmiş SSRİ dövründə qeyri-nyuton mayeləri, layların fizikası və neftvermə əmsalının yüksəldilməsinə dair bütün beynəlxalq simpozium və konfranslara rəhbərlik edərdi. Burada alınan elmi nəticələr ümumiləşdirilərək tədris proqramlarında və elmi-tədqiqat institutlarının planlarında əsas mövzular kimi özünə layiqli yer tapardı. Azad müəllimin suveren Azərbaycanın Dövlət Attestasiya Komitəsinin sədri kimi uzun illər böyük xidməti olub. O, Komitənin Əsasnaməsini hazırlamış, Elmi müdafiə Şuralarının günün tələbinə uyğun formalaşması, dissertasiyaların keyfiyyətlərinin qaldırılması üçün qətiyyətlə göstərmiş, saxtakarlıq və proteksionizmə qarşı amansız mübarizə aparmışdı. Məhz o zaman elmi dərəcələr üçün "Mirzəcanzadə plankası" adında meyar yaratmışdı. Akademik deyərdi: "Bu plankanı aşağı salmaq olmaz, çünki indiki cavan alimlər 21-ci əsrdə yaşayıb yaradacaq...". Akademik Mirzəcanzadə ilk dəfə olaraq Azərbaycan neft-qaz sənayesində 2006 - 2010 -cu illər üçün elmi tədqiqatların konsepsiyasını işləmiş və təqdim etmişdi. Konsepsiya 4 proqramdan ibarətdir. Bunlar elmi tədqiqat işlərinin aparılması, neft mədənlərində işlənmələrin tətbiqinin davam etməsi, işlənmənin təhlili və dərində yerləşən qeyri-nyuton neft yataqlarının işlənməsinin başa çatdırılması üçün təkliflərin hazırlanması və sinergetik yanaşmalar əsasında işlənmə proseslərinin idarə edilməsidir. Bu konsepsiya çərçivəsində neftvermə əmsalının yüksəldilməsinə yönəldilmiş günümüzün ən mütərəqqi texnologiyalardan biri də nanotexnologiyadır. Kiçik məsrəflərlə xeyli neft artımını təmin edən bu texnologiya son altı ayda ARDNŞ-nin AzNEFT İstehsalat Birliyində fəaliyyətdə olan quyularında geniş tətbiq edilib. Belə ki, Birliyin, Qum adası, "Suraxanıneft", "Abşeronneft" və digər idarələrində nanotexnologiyanın tətbiqi nəticəsində xeyli əlavə neft çıxarılıb. Yeri gəlmişkən nanotexnologiyanın sinergetik xüsusiyyətə malik olmasını qeyd etmək lazımdır. Belə ki, bu texnologiya mayenin quyuda deemulsasiya prosesini fəallaşdırır. Bu, eyni zamanda neftvermə əmsalını artırır, quyunun sulanmasının miqdarını faiz etibarı ilə azaldır və yekun etibarı ilə enerji sərfinə qənaət etməyə imkan yaradır. Akademik Mirzəcanzadə neft-qaz yataqlarının başlanğıc və cari vəziyyətini, habelə gələcəkdə neft-qaz-kondensatlı layların verimini maksimal artırmaq məsələsini nəzərə almaqla işlənməsinin nəzəriyyə və təcrübəsinə çox böyük yeniliklər gətirib. Akademik Mirzəcanzadə neft-qaz sənayesində özlü-plastik mühitin və anomal sistemlərin problemləri ilə dərindən məşğul olaraq, qaz-kondensat, qeyri-nyuton neftli yataqların işlənmə nəzəriyyəsinin, mürəkkəb şəraitdə quyu qazılmasının hidrodinamik əsaslarını qoyub. Onun təşəbbüsü ilə neft sənayesinin müxtəlif sahələrində - kəşfiyyatdan neftin və qazın nəqlinədək eksperimentin riyazi nəzəriyyəsi tətbiq olunmağa başlanılıb. Akademik Mirzəcanzadənin neftçıxarmada qeyri-nyuton neftlərindən geniş istifadə edilməsində böyük xidmətləri olub. Qeyri-nyuton neftlərin neftçıxarmada tətbiqinə görə 1975-ci ildə akademik Mirzəcanzadə akademik İ.M.Qubkin adına mükafata layiq görülüb. Onun tərəfindən aparılmış tədqiqat işlərinin nəticələri "Hidravlik sürgülü dərinlik nasoslarının tətbiqinin nəzəriyyə və praktikası" monoqrafiyasında əksini tapıb, özlü-plastik hidravlik sürgülü dərinlik nasoslarının yeni konstruksiyası təklif edilib və istehsalatda tətbiq olunub. Bu işlər Beynəlxalq Neft Konqresində dinlənilən 10 xüsusi məruzənin birinin əsasını təşkil edib. İlk dəfə olaraq akademik Mirzəcanzadə tərəfindən bir çox neftlərdə özlü-plastik xüsusiyyətlərin mövcudluğu müəyyən edilib və bu neftlərin nəzəri və təcrübi əsasları qoyulub. Bu işlərin nəticələrindən Azərbaycanda və Rusiyada (Komi) hazırda geniş istifadə olunur. Akademik Mirzəcanzadənin rəhbərliyi ilə məsaməli mühitdə qazların qeyri-stasionar süzülməsinə dair məlumatlar əsasında süxurların absorbsiyasının təyini metodikası işlənib. Qərbi Sibirin (Urenqoy, Medvecye) müxtəlif yataqlarında bu metodika ilə qazın absorbsiyasının nəzərə alınması ehtiyatların hesablanmasında 4-5% dəqiqliyə imkan verib. Neft-qaz yataqlarının işlənməsinin nəzəriyyə və təcrübəsi "Neft-qaz-kondensat yataqlarının işlənməsi və istismarı" (1979) monoqrafiyasında ümumiləşdirilib. Akademik Mirzəcanzadənin neft-qaz yataqlarının işlənməsi proseslərinin, təbii qazın çıxarılması və nəqlinin səmərəliliyinin artırılmasına dair silsilə işləri 1982-ci ildə akademik İ.M.Qubkin adına mükafata layiq görülüb, alınmış nəticələr isə Kanadada keçirilən Beynəlxalq qaz konfransının iştirakçılarına məruzə edilib. Akademik Mirzəcanzadənin rəhbərliyi ilə dəniz neft-qaz və qaz-kondensat yataqlarının işlənməsinin nəzəri əsaslarının yaradılması üzrə kompleks elmi-praktiki proqram yerinə yetirilib. İlk dəfə olaraq Azərbaycandakı təcrübənin ümumiləşdirilməsi əsasında neft, qaz və qaz-kondensat yataqlarının işlənməsinin layihələndirilməsi və təhlili, dəniz neft, qaz və qaz-kondensat yataqlarının işlənməsinin təhlilinə dair ikicildlik metodiki rəhbərliklər tərtib edilib. Həmin metodikalar dəniz və Qərbi Sibir şəraitlərində geniş tətbiqini tapıb. 1960-cı ildən başlayaraq akademik Mirzəcanzadə fiziki sahələrin heterogen sistemlərinin xarakteristikalarına təsirinin tədqiqi ilə məşğul olub. Onun tərəfindən mürəkkəb reofiziki sistemlərin (ağır neftlər, gilli və sement məhlulları və s.) barometrik üsulla işlənməsinin yeni effektləri təyin edilib. Bu effekt işəsalma təzyiqinin aşağı salınmasında, hasiledici quyuların məhsuldarlığının yüksəldilməsində və s. təcrübi tətbiqini tapıb. Uzun illər akademik Mirzəcanzadə, bir çox monoqrafiya və dərs vəsaitlərində, texnoloji proseslərin mexanikasının ümumiləşdirilmiş problemləri ilə məşğul olub. Neft-qazçıxarmada texnoloji proseslərin mexanikası silsilə işlərinə görə ("Neft layının fizikası") 1980 və 1986-cı illərdə elm və texnika sahəsində Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb. 1986-cı ildə neft və qaz quyularının möhkəmləndirilməsi üçün yeni xüsusi tamponaj materiallarının yaradılması, sənaye istehsalı və geniş tətbiqi ilə əlaqədar akademik Mirzəcanzadəyə SSRİ Nazirlər Sovetinin mükafatı verilib. Ömrünün son illərində akademik Mirzəcanzadə neftqazçıxarma proseslərinin optimallaşdırılması məsələləri üzərində çalışıb. Akademik Mirzəcanzadə çoxsaylı monoqrafiya, dərslik və dərs vəsaitlərinin, elmi məqalələrin, ixtiraların müəllifidir. Onun ilk dəfə olaraq Azərbaycan dilində "Neft və qaz yataqlarının işlənməsi və istismarı" (2 cilddə) dərsliyi, "İxtisasa giriş" dərs vəsaiti, Azərbaycan və rus dillərində "Neft-mədən işində rəqsi hərəkətin nəzəriyyəsi" və Moskva Dövlət Universitetində (MDU) buraxılmış "Fiziki proseslərin mexanikası" dərs vəsaitləri, "Özlü-plastik mayelərin qeyri-stasionar hərəkəti" (MDU, 1977), "Neft və qaz laylarının fizikası" (Bakı, Elm, 1992), "Yeraltı hidravlika" (Bakı, Elm,1992, Azərbaycan dilində), "Riyazi mozaika" (Bakı, Elm, 1992, Azərbaycan dilində), "Təhsilin humanitarlaşdırılması etüdləri" (Bakı, 1993), "Azərbaycanın neft konsepsiyası etüdləri" (Bakı, 1994), "Layların neftverimi proseslərinin diakoptikası" (Bakı, 1995), "Neft yataqlarının işlənməsi, neft və neft məhsullarının nəqli proseslərinin sistemli analizi" (Ufa, 1996), "Dəniz neft-qaz yataqlarının işlənməsi fraqmentləri" (Bakı, Elm, 1997), "Neftçıxarmada dinamiki proseslər" (M, Nauka,1997), "XXI əsrə aparan yol" (Bakı, 2001), "Neft və qaz laylarının fizikası" (M, 2006) və s. əsərləri xüsusi əhəmiyyət kəsb edir. Son illərdə Mirzəcanzadə öz tələbələri ilə neftqazçıxarmada nanotexnologiyanın işlənməsi üzərində çalışırdı. Elmi və pedaqoji fəaliyyəti dövründə akademik Mirzəcanzadə yüzlərlə mütəxəssis və elmi işçi hazırlayıb ki, onlar da respublika daxilində və digər ölkələrdə - Rusiyada, Ukraynada, Hindistanda, Vyetnamda, Əfqanıstanda, Almaniyada və s. müvəffəqiyyətlə işləyirlər. Akademik Mirzəcanzadə Azərbaycan Dövlət Neft Akademiyasında "Neft və qaz yataqlarının işlənməsi və istismarı" kafedrasının müdiri (1962), UİNİ-də istiqamət rəhbəri (1971), Azərbaycan SSR Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda şöbə müdiri (1988), UİETQTİ-də baş elmi işçi olub. 1988-ci ildən o, Ufa Neft İnstitutunun "Qaz və qaz-kondensat yataqlarının işlənməsi" kafedrasının müdiri olub, geofiziki mürəkkəb mühitlərdə texnoloji proseslərin riyazi modelləşdirilməsi, nəzarət və idarə edilməsi məsələlərini tədqiq edən elmi məktəbin yaradıcısı olub. O, qaz-kondensat yataqlarının işlənməsi nəzəriyyəsini yaradıb, neftçıxarmada yeni perspektivli istiqamətin - reotexnologiyanın əsasını qoyub. Akademik Mirzəcanzadə uzun illər ərzində yuyucu mayelərin hidravlikası, neftçıxarmada qeyri-nyuton sistemlərin tətbiqi, anomal sistemlərin mexanikası üzrə keçirilən seminar, simpozium və konfransların təşkilat komitəsinin sədri olub. Azad Xəlil oğlu geniş və hərtərəfli elmi-ictimai və təşkilati iş aparıb. O, "Neft-qaz yataqlarının işlənməsi", "Neft və qaz quyularının qazılması", "Neft və qaz sənayesinin maşın və aqreqatları" ixtisasları üzrə doktorluq, "Mayelərin, qazın və plazmanın mexanikası", "Dəniz neft-qaz yataqlarının işlənməsi" ixtisasları üzrə namizədlik dissertasiyalarının müdafiəsi üzrə Elmi Şuraların sədri olub. Son 10 ildə Azad Mirzəcanzadə "Azərbaycan neft təsərrüfatı" jurnalına başçılıq edib və onun səyi nəticəsində jurnal beynəlxalq status alıb. Jurnalın səhifələrində ilk dəfə olaraq neft işində taleyüklü əhəmiyyət kəsb edən, Azərbaycanın, MDB ölkələrinin, Şimal dənizi, İngiltərənin, ABŞ-ın, Vyetnamın cənub şelfi yataqlarında sınaqdan keçirilmiş işlərin nəticələri dərc edilib. Respublika qaz sənayesinin inkişaf konsepsiyası müzakirə olunub, qazın resursları, hasilat səviyyəsinin intensivləşdirilməsi və sabitləşdirilməsi, qazla doymuş neftlər tədqiq edilib. Azad Xəlil oğlunun rəhbərliyi ilə AzNMAŞİ-da, Geologiya İnstitutunda, Geofizika İnstitutunda, AzNQSDETLİ-də və s. səyyar oxucu konfranslarının keçirilməsi, neft ixtisası üzrə təhsil problemlərinə həsr olunmuş məqalələr böyük rezonansa səbəb olub. Jurnal baş redaktorun rəhbərliyi ilə "Neftqazyataq" Beynəlxalq elmi-praktiki konfransın keçirilməsində fəal iştirak edib, "Bakı-Tbilisi-Ceyhan" Səngəçal terminalından reportajlar verib. 17 iyul 2006-cı ildə əziz Azad müəllimimiz həmişəlik gözlərini yumdu, əbədiyyata qovuşdu. Lakin onun elmi və pedaqoji irsi, fundamental əsərləri və elmi məktəbi daimi yaşayacaq. Görkəmli elm və texnika xadimi Azərbaycan elminin və nəinki Azərbaycanın, hətta dünya elminin inkişafında misilsiz xidmətləri olan akademik Azad Mirzəcanzadənin xatirəsini əbədiləşdirmək və elmi pedaqoji irsinin gələcək nəsilə örnək olaraq ötürülməsini təmin etmək məqsədi ilə dövlət və hökumətimiz onun adına muzeyin təşkil olunması, Bakıdakı küçələrdən və gəmilərdən birinə onun adını verilməsi haqda bir sıra tədbirlər görülüb. Eyni zamanda sadalanan tədbirlərin həyata keçirilməsi üçün təşkilat komitəsi yaradılıb, akademik Mirzəcanzadənin əsərlərindən ibarət külliyyatın hazırlanıb nəşr edilməsi haqda müvafiq təşəbbüslər irəli sürülüb. Respublikada və ölkədən çox-çox kənarlarda akademik Mirzəcanzadənin məktəbi yaşayır və inkişaf edir. Biz Azadsevərlər isə daim onun xatirəsini əziz tutub, yaşadacağıq. Eldar Şahbazov, ARDNŞ-nin birinci vitse-prezidentinin müşaviri, texnika elmləri doktoru, professor, Ukrayna Neft və Qaz Akademiyasının həqiqi üzvü 525

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar