SON XƏBƏRLƏR

Ermənilər Qərbi Azərbaycana rusların əli ilə köçürülüb

2021.10.20, 07:36
Ermənilər Qərbi Azərbaycana rusların əli ilə köçürülüb

Gunaz.tv
"Ermənilər Qərbi Azərbaycana rusların əli ilə köçürülüb" İbrahim Bayramov: "Qərbi Azərbaycanın türk mənşəli toponimləri mənəvi soyqırıma uğrayıb" Məkrli qonşularımız zaman-zaman Azərbaycan torpaqlarını işğal etməklə yanaşı, tarixi torpaqlarımızın etnoqrafiyasını, toponimlərini də saxtalaşdıraraq özününküləşdirmişlər. Erməniləşməyə məruz qalmış maddi mədəniyyət nümunələrimizin axtarılıb üzə çıxarılmasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistratura və doktorantura şöbəsinin müdiri, filologiya elmləri doktoru İbrahim Bayramovun xüsusi zəhməti var. Bu sahədə bir sıra araşdırmaların müəllifi olan İ.Bayramov ötən il oktyabrın 9-da "Ermənistanın Türk mənşəli toponimlərinin tarixi-linqvistik analizi" mövzusunda filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün, dissertasiya müdafiə edib. Bu il isə doktorluq dərəcəsi alıb. Bunu özünün ən uğurlu və yaddaqalan işlərindən biri sayan İbrahim Bayramovu təbrik etdikdən sonra söhbətə başladıq. - Sizin yaradıcılığınızda Qərbi Azərbaycan mövzusu xüsusi yer tutur. Bu nə ilə bağlıdır? - Mən, əslən Qərbi Azərbaycanın Göyçə mahalının Toxluca kəndindənəm. Ali təhsilimi qədim Azərbaycan şəhəri İrəvanda almışam. Doğulub boya-başa çatdığım, havasını udduğum, suyunu içdiyim ata-baba torpağımdan 1988-ci ildə Ermənistan dövləti, erməni millətçiləri tərəfindən deportasiya olundum. Qərbi Azərbaycan bütöv Azərbaycanın bir hissəsidir və bizim tarixi torpaqlarımızdır. 1920-ci ildə Rusiyanın əli ilə formalaşdırılan Ermənistan adlanan respublika Azərbaycan torpaqlarında yaradılmışdı. Bu torpağın köklü sakinləri də Azərbaycan Türkləri olmuşdu. Çox təəssüf ki, Azərbaycanın nə arxeologiyası, nə etnoqrafiyası, nə tarixi-coğrafiyası, nə də toponimləri vaxtında öyrənilmişdi. Buna ciddi yasaq qoyulmuşdu. 1986-cı ildə namizədlik dissertasiyası müdafiə etdikdən sonra indi Ermənistan adlanan Qərbi Azərbaycanın toponimlərini topladım və araşdırmağı qarşıma məqsəd qoydum. Bu torpaqda Ulu Dədə Qorqudun nəfəsi var, onun sazının-sözünün nəfəsi eşidilir. Elə bu məqsədlə 1996-cı ildə görkəmli tarixçi, mərhum Sabir Əsədovun rəhbərliyi altında "Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası" kitabı çap olundu. Kitabın müəlliflərindən biri də mənəm. - Qərbi Azərbaycandan bəhs edən başqa əsərləriniz də varmı? - Bəli, var. İlk öncə qeyd edim ki, "Ermənistan azərbaycanlılarının tarixi-coğrafiyası" rus dilində, "İstoriçeskaya qeoqrafiya zapadnoqo Azerbaydjana" (Bakı 1998), ingilis dilində "Historikal geographi of vestern Azerbayjan" (Bakı 2006) adı ilə nəşr olunub. Bundan başqa "Qərbi Azərbaycan toponimləri tərkibində işlənən söz və coğrafi terminlər lüğəti" (Bakı 2000), Qərbi Azərbaycanın Türk mənşəli toponimləri" (Bakı 2002) "Qərbi Azərbaycanın toponimlər sistemi" (Bakı 2005) monoqrafiyalarım nəşr edilib. - Yazdığınız əsərlər xarici ölkələrdə çap olunubmu? - Qərbi Azərbaycanın Türk mənşəli toponimləri mənəvi terrora məruz qalıb, mənəvi soyqırıma uğrayıb. Belə ki, XIX əsrin əvvəllərindən başlayaraq, Qərbi Azərbaycan ərazisindəki Türk mənşəli toponimlər dəyişdirilib. 1935-ci ildən isə bu toponimlərin üzərinə "səlib yürüşü" edilmişdi. Z.Qorqodyan adlı müəllif yüzillik (1831-1931-ci illər) bir dövr ərzində Qərbi Azərbaycan ərazisindəki yaşayış məntəqələrinin adlarını toplamış, 1932-ci ildə erməni dilində çap etdirmişdi. O bu ərazidə 2310 yaşayış məntəqəsinin adını qeyd etmişdir ki, ondan da 2000-i sırf Türk mənşəli adlardır. - Qərbi Azərbaycan toponimlərini araşdırmaqla çox iş görmüsünüz. Yəqin bu o qədər də asan olmayıb. Bu qədər materialı haradan toplamısınız? - Qərbi Azərbaycan toponimlərini araşdırmaqla Azərbaycan tarixinin bir çox qaranlıq məsələlərinə aydınlıq gətirməyə çalışmışam. Tədqiqat prosesində Qərbi Azərbaycanın əhalisi və onun etnik tərkibi də aydınlaşdırılıb. Tarixi qaynaqlardan aydın olur ki, bu ərazidə türklər köklü sakinlər olmuş, ermənilər bu əraziyə bilavasitə rusların əli ilə köçürülüb. İ.Şopen, Z.Qorqodyan və qeyri-azərbaycanlı araşdırıcılar da göstərir ki, indiki Ermənistan ərazisinə ermənilər XIX əsrin 30-cu illərində İrandan və Türkiyədən köçürülüb. 1828-ci ildə bağlanan Türkmənçay müqaviləsi nəinki Azərbaycanı iki yerə böldü, həm də ermənilərin bu əraziyə köçürülməsinə şərait yaratdı. - Son kitabınız "Qərbi Azərbaycanın toponimlər sistemi" adlanır. Bu kitabınızda hansı məsələlər əksini tapıb? - İlk öncə Qərbi Azərbaycanın toponimləri haqda tarixi mənbələrdə əks olunanlara fikir verilib. 100-dən çox coğrafi adın, yaşayış məntəqəsinin, dağ-dərə, su obyektlərinin adları, onların etimologiyası izah edilib. Tarixən mövcud olmuş coğrafi adların, yeri düzgün müəyyənləşdirilərək, linqvistik mənası izah edilib. Məsələn, VII əsr ədəbi abidəmiz olan "Kitabi-Dədə Qorqud" dastanında adıçəkilən bu Altuntaxt toponiminin coğrafi mövqeyi düzgün müəyənləşdirilib. Ymumiyyətlə Əfşar, Nüvədi, İrəvan, Arbat və başqa toponimlərin də etimologiyası verilib. Ermənilər Qərbi Azərbaycan ərazisindəki Türk mənşəli yaşayış məntəqələrinin adların dəyişdiriblər. Bu toponimlər erməni genosidinin qurbanı olub. Həmin kitabda Qərbi Azərbaycan ərazisində dəyişdirilən yer adlarının hamısı əksini tapıb. Eyni zamanda Qərbi Azərbaycan ərazisindəki Türk mənşəli dağ, çay, göl adları da dəyişdirilib. Kitabda dəyişdirilən dağ, çay, göl adları əksini tapıb. Ermənilər Qərbi Azərbaycan ərazisində azərbaycanlıların tikib-yaratdığı maddi-mədəniyyət abidələrini də dağıtıb, yer üzündən silmiş, bir sözlə vandalizm törətiblər. Tədqiqatlarımızda bu tarixi abidələr də araşdırılıb. Qədim Azərbaycan şəhəri İrəvanın da tarixini geniş şəkildə araşdırmışıq. Azərbaycanşünaslıqda İrəvanın XVI əsrdə salındığı göstərilir. Tədqiqat nəticəsində müəyyənləşdirmişik ki, İrəvanın adı VII əsrdə çəkilir. Deməli, İrəvan VII əsrdən əvvəl mövcud olub. İrəvan tarixini Rəvan sözü ilə də bağlayırlar. Əslində İrəvan qədim Türk dilində "igid" mənasında işlənən ər sözünün fonetik variantı olan "ir" sözü ilə Urartu dilində "ölkə" mənasında işlənən "evan" sözünün dəyişdirilmiş forması olan "əvan" sözündən yaranıb. Aqil CAMAL express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar