SON XƏBƏRLƏR

Qlobal düşün, milli hərəkət et_Prezidentliyə namizəd Qüdrət Həsənquliyev türk dövlət və xalqları arasında əlaqələrin daha da genişləndirilməsini məqsədəuyğun sayır

2021.10.20, 07:36
Qlobal düşün, milli hərəkət et_Prezidentliyə namizəd Qüdrət Həsənquliyev türk dövlət və xalqları arasında əlaqələrin daha da genişləndirilməsini məqsədəuyğun sayır

Gunaz.tv
"Qlobal düşün, milli hərəkət et" Prezidentliyə namizəd Qüdrət Həsənquliyev türk dövlət və xalqları arasında əlaqələrin daha da genişləndirilməsini məqsədəuyğun sayır Hazırda qloballaşmanın bəzi aparıcı aktyorları da bu prosesin mənfi təsirlərinə müqavimət göstərmək üçün öz milli dövlətçiliklərini qoruyur, gücləndirirlər. Bu hal ABŞ-da və Avropa Birliyinə üzv ölkələrdə də yaşanır. Məsələn, AB özü qloballaşmanın subyekti olsa da, 27 dövlətin hər birinin əsas məqsədlərindən biri də milli varlıqlarını, milli dövlətçiliklərini qorumaqdır. Bəlkə də bu paradoksdur ki, bir araya gəlib qlobballaşmanın subyektinə çevrilən dövlətlər milli dövlətçiliklərini, milli varlıqlarını qorumaq üçün birləşirlər, bütün sahələrdə əməkdaşlığı genişləndirirlər. Bu gün beynəlxalq qurumların yaratdığı səhnə və qlobal oyunçular arasında milli dövlətlər hələ ən önəmli oyunçulardır. Amma bu milli dövlətlər özünə yaxın olanlarla bir araya gəlib əməkdaşlıq etməklə qloballaşmanın müsbət tərəflərindən daha səmərəli şəkildə yararlanmağa, bu prosesin mənfi tərəflərinin neytrallaşdırmağa çalışır. Qloballaşmaya qarşı çıxmaq gerçəklik deyil. Ən önəmli olan milli dövlətə zərər vermədən qloballaşmanın içində yer almaqdır. ABŞ bunu ən yaxşı şəkildə yerinə yetirir. Bu baxımdan da "Qlobal düşün, milli hərəkət et" düşüncəsi mühüm önəm daşıyır. Hər bir dövlətin qlobal dünyada milli hərəkət etmək üçün isə ilk növbədə özünə daha yaxın saydığı (soykökünə, təhlükəsizlik maraqlarına, geopolitik mövqeyinə, dilinə, dininə və s. görə) dövlətlərlə bir araya gəlməsi, ən azı həmin ölkələrlə müxtəlif sahələrdə geniş əməkdaşlıq qurması vacibdir. Prezident seçkisi kampaniyası ərəfəsində namizədlərin və ya onların vəkillərinin region, qonşu dövlətlər, Türk dövlət və toplumları, Avropa Birliyi, NATO, MDB və s. qurumlarla münasibətlərə dair fikirləri, seçki platformasında əksini tapan müddəalar diqqəti cəlb edir. Fəal seçicinin namizədlərin seçki platformasında beynəlxalq əlaqələr və xarici siyasət sahəsinə aid müddəalarına da diqqət yetirməsi qaçılmazdır. Çünki qloballaşan dünyada hər hansı bir ölkənin əlahiddə, adadakı kimi yaşaması mümkün deyil. Əgər dünyada gedən siyasi, iqtisadi proseslərə diqqətlə nəzər yetirsək aydın olar ki, sərhədlərimizdən kənarda baş verən mənfi və müsbət gəlişmələr Azərbaycanın ən sadə vətəndaşının həyatında bu və ya başqa formada əksini tapır. Bu baxımdan da gərgin geopolik coğrafiyada qərar tutan Azərbaycan özünün təhlükəsizlik, demokratik yaşam məkanını seçməlidir, daha doğrusu, bu güvənli məkanın formalaşması, yaranması üçün cəhdlər göstərməli, qlobal dünyanın maraqlarıyla milli maraqları uzlaşdırmağa çalışmalıdır. BAXCP-nin prezidentliyə namizədi Qüdrət Həsənquliyevin seçki platformasında Azərbaycanın qonşu və region dövlətlərilə bərabərhüquqlu münasibətlərinin qurulmasına nail olunması, Azərbaycanın NATO-ya üzv olması istiqamətində təxirəsalınmaz addımların atılması, GUAM ölkələri əməkdaşlığının bütün istiqamətlərdə genişləndirilməsinin, ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzv olması, dünyanın iqtisadi və siyasi sisteminə tam inteqrasiyasını təmin edilməsi, Azərbaycanın regional iqtisadi və siyasi mərkəzə çevrilməsi üçün strateji dövlət proqramının hazırlanması və mərhələlərlə həyata keçirilməsi kimi məsələlər öz əksini tapıb. Bu müddəların mahiyyətində Azərbaycanın özünə təhlükəsiz, demokratik, rifah içində yaşam məkanı qurmaq planları durur. Yuxarıda sadalananlardan aydın görünür ki, BAXCP sədri Azərbaycanın qlobal təhlükəsizlik məkanında öz yerini tutması üçün konkret addımların atılmasını, işlərin görülməsini məqsədəuyğun sayır. Sadalanan və aşağıda qeyd edəcəyimiz istiqamətlər əslində Azərbaycanın qlobal dünyada öz sözü olan bir siyasi-iqtisadi məkanın, ya birliyin, yaxud qlobal subyektin vacib üzvünə çevrilməsinə yönəlib. BAXCP sədrinin seçki platformasında diqqəti çəkən məqamlardan olan ölkəmizdən kənarda yaşayan vətəndaşlarımızın haqlarının beynəlxalq hüquq normaları çərçivəsində qorunmasının təmin edilməsi, Rusiya Federasiyasının sərhədyanı respublikalarıyla birbaşa əlaqələrinin inkişaf etdirilməsi, bu respublikalarda yaşayan hər bir xalqla dostluq münasibətlərini qoruyub saxlanılması və inkişaf etdirilməsi kimi məsələlər digər namizədlərin dilindən səslənməyib. Ölkəmizdən kənarda yaşayan yüzminlərlə soydaşımızın hüquqlarının, mənafeyinin qorunması da işçi miqrant soydaşlarımızın gələcəkdə diasporaya çevrilməsi işində mühüm əhəmiyyət daşıyacaq. O cümlədən, Rusiya Federasiyasının sərhədyanı respublikalarında yaşayan yerli xalqlarla birbaşa əlaqələrin qurulması, dostluq münasibətlərinin qorunub saxlanılması Azərbaycanın milli dövlətçilik maraqları baxımından da vacibdir. Qüdrət Həsənquliyevin seçki platformasında Azərbaycanın Türkiyə və digər türk dövlətləri, eləcə də türk toplum və qurumlarıyla elmi, mədəni, iqtisadi əlaqələrinin intensivləşdirilməsi, Türkiyə ilə qarşılıqlı hərbi yardım haqqında müqavilənin imzalanmasına nail olmaq üçün bütün imkanlardan istifadə edilməsi, Azərbaycan, Gürcüstan və Türkiyənin Avropa Birliyi modelində bir qurumda birləşməsinə nail olunması kimi məsələlər də öz əksini tapıb. BAXCP sədrinin seçki platformasında Azərbaycanın Türkiyə, digər türk dövlətləri və türk toplumlarıyla əlaqələri inkişaf etdirmək müddəasının əsasında qlobal ehtiyacdan irəli gələn reallıq durur. Əgər dünya qloballaşırsa, dünya xalqları get-gedə daha çox bir araya gəlirsə, niyə türk dövlət və xalqları arasında əlaqələr daha sürətlə inkişaf etməsin. Artıq Bakı-Tiflis Ceyhan neft boru, Bakı-Tiflis-Ərzurum qaz kəmərinin fəaliyyətə başlaması göstərib ki, iki türk dövlətinin Azərbaycan və Türkiyənin əməkdaşlığı başqa dövlət və xalqların da maraqlarına xidmət göstərir, əslində bu əməkdaşlıq qlobal mahiyyət daşıyır. Azərbaycan, Gürcüstan və Türkiyənin Avropa Birliyi modelində bir qurumda birləşməsi təklifini irəli sürən Qüdrət Həsənquliyev məhz qlobal reallıqlardan irəli gələrək bu əməkdaşlığın regionun maraqlarına xidmət göstərəcəyini vurğulayıb. Yeri gəlmişkən, bir neçə ilə əvvəl BAXCP sədrinin bu təklifinə Gürcüstan prezidenti Mixail Saakaşvili də müsbət yanaşdığını açıqlayıb. Eyni soydan, eyni kökdən olan Azərbaycanın Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstanla əlaqələrinə qlobal maraqlar baxımından yanaşmağı və bunu qloballaşmanın mahiyyətindən irəli gələn əməkdaşlıq kimi təqdim etmək məqsədəuyğundur. Çünki Yeni Dünya Düzənində ən önəmli məsələ qloballaşmanın içində yer alaraq milli dövlətə, türk kimliyinə zərər vurulmasının qarşısını almaq, düşmənlərimizin, rəqiblərimizin sayını, müqavimət, təxribat gücünü artırmamaqdır. Gələcəkdə həyata keçiriləcək "Trans-Xəzər", "Nabucco" layihələrinə Orta Asiyanın türk dövlətlərinin qoşulması reallığı, yeni bir nəqliyyat-enerji koridorunun yaradılması bu yanaşmanın əsaslı olduğunu sübuta yetirir. Daim Rusiyanın təzyiqlərindən ehtiyatlanan, rəhbərləri kifayət qədər tərəddüdlü siyasət yeridən Orta Asiyanın türk dövlətlərilə münasibətlərə qlobal xarakter vermək vacibdir. Bu baxımdan ABŞ və AB-nin Orta Asiyanın enerji resurslarına maraqlarından bacarıqla yararlanmaq yerinə düşər. Bu fəaliyyət istiqaməti son nəticədə qlobal dünyada türk dövlət və xalqlarının təklənməməsi, öz sözünün olması, gələcəkdə hər hansı təzyiq və təhdidlərə baxmayaraq müstəqil qərar vermək imkanlarını artıracaq. Türk dövlətlərilə ilk növbədə iqtisadi əməkdaşlığı genişləndirmək üçün imkanlar axtarılıb tapmalı, ümumiyyətlə, bu ölkələr arasında müxtəlif sahələrdə əlaqələri genişləndirmək üçün müvafiq institutlar fəaliyyət göstərməlidirlər. Eyni zamanda Türk Dövlət Başçılarının Şurasının fəaliyyətinin aktivləşdirilməsi, Türk Dövlətləri Parlament Assambleyasının qurulması, ölkələr arasında sərbəst ticarət anlaşmalarının imzalanması, qarşılıqlı investisiyaların genişləndirilməsi, qarşılıqlı tele-radio yayımların təşkili, Ümumtürk teleradiosunun yaradılması, Türk Xalqları universitetinin təşkili, Türk ölkələri KİV-lərinin əməkdaşlığının daha da genişləndirilməsi, Ümumtürk internet portalının yaradılması və s. əməkdaşlıq imkanları nəzərdən keçirilməlidir. Türk Dünyası dünyada gedən dəyişiklikləri zamanında mənimsəməyi bacarmalıdır. Eyni soylu türk dövlət və xalqlarının əllərində olan əməkdaşlıq imkanlarını qiymətləndirməmələri gələcəkdə ciddi problem yarada bilər. Dəyişikləri zamanında mənimsəyə bilməyən ölkə və qurumlar bir da görürlər ki, iradələrindən kənarda olan bir ötəri rolun aktyoruna çevriliblər. Göytürk xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar