SON XƏBƏRLƏR

Zərdüşt Əlizadə: "Ermənistan prezidenti "Qarabağın müstəqilliyini" kölgə altına alan bəyanat verirsə, demək İrəvanda anti-Azərbaycan ünsürlərin mövqeyi zəifləyib"

2021.10.20, 07:36
Zərdüşt Əlizadə: "Ermənistan prezidenti "Qarabağın müstəqilliyini" kölgə altına alan bəyanat verirsə, demək İrəvanda anti-Azərbaycan ünsürlərin mövqeyi zəifləyib"

Gunaz.tv
"Sərkisyanın bəyanatı böyük yenilikdir" Zərdüşt Əlizadə: "Ermənistan prezidenti "Qarabağın müstəqilliyini" kölgə altına alan bəyanat verirsə, demək İrəvanda anti-Azərbaycan ünsürlərin mövqeyi zəifləyib" Ermənistan prezidenti Serj Sərkisyan bir qrup xarici jurnalistlə İrəvanda keçirdiyi görüşdə verdiyi bəyanatlarla Dağlıq Qarabağ konfliktinə yeni çalarlar gətirib. Ermənistan lideri ilk dəfə olaraq "Dağlıq Qarabağın birmənalı olaraq müstəqilliyi" prinsipindən kənara çıxaraq, bu ərazilərin yenidən Azərbaycana qayıdabilmə ehtimalı ilə bağlı fərziyyələr səsləndirib. S.Sərkisyan deyib: "Mən Azərbaycan prezidenti İlham Əliyevə təklif etmişəm ki, o Qarabağın təhlükəsizliyi və xoş gələcəyində azərbaycanlıların maraqlı olduqlarını göstərmək üçün Qarabağa investisiyalar qoymağa çalışsın. Bəlkə ondan sonra qarabağlılar referndum zamanı Azərbaycanın tərkibində yaşamaq istədiklərini bildirdilər". Sərkisyanın son mesajlarını "Ekspress"ə şərh edən politoloq Zərdüşt Əlizadə Ermənistan rəhbərliyində və erməni cəmiyyətində yeni sterotiplərin yarandığı qənaətindədir: - Ermənistanın rəsmi elan edilmiş dövlət siyasətində Dağlıq Qarabağın müstəqilliyi məsələsi yenə də qalır. Bu mövqedən rəsmən çəkilmək üçün gərək Ermənistanın daxilində çox şey dəyişə. İndiliksə çox mühüm hadisə baş verib. Ermənistan prezidenti şərt qoyur ki, Azərbaycan Qarabağa investisiya qoyarsa, ermənilər də Azərbaycanın tərkibində qalmağa razı olarlar. Bu çox böyük yenilikdir. Bu jurnalistlərə deyilən sözdür, amma hər halda prezident tərəfindən deyilib. Bu onu göstərir ki, Ermənistanın ictimai rəyində gerçəkliyə doğru çox ciddi dəyişiklik baş verib. Əgər Ermənistan prezidenti birincisi, "Qarabağın müstəqilliyini" kölgə altına alan bir bəyanatı verməyə özündə cəsarət tapırsa, demək İrəvanda anti-türk, anti-Azərbaycan ünsürlərin mövqeyi xeyli zəifləyib. İkincisi, bu bəyanatın verilməsi onu göstərir ki, həm Rusiya ilə, həm Qərblə razılaşdırılıb, ola bilsin, yaxın aylarda Ermənistan-Azərbaycan danışıqlarında hansısa yenilik olacaq. Yçüncüsü, Ermənistan münaqişənin həlli istiqamətində daha modernist siyasət yürütdüyünü dünyaya göstərmək istəyir. - Sizcə, investisiya məsələsi reallaşa bilərmi? - Mən öz düşüncəmi deyirəm. Qarabağ Azərbaycan ərazisidir, orada yaşayanlar Azərbaycan vətəndaşlarıdır. Aramız bir müddət dəyib, Allah baisin evini yıxsın! Barışmaq lazımdır. Azərbaycanın üstün cəhəti onun maliyyə imanlarıdır. Nə üçün biz bu imkanları yalnız körpülərin tikilməsinə, divarların qaşınmasına xərcləyirik. Bir də mənasız yerə silah alırıq, hansı ki, onu heç vaxt işlətməyəcəyik. Bəlkə bu pulları cəmi 40-50 min əhaləsi olan Dağlıq Qarabağa xərcləyək. Orda sosial obyektlər, istehsalat müəsissələri tikək, erməniləri yüksək məvaciblə təmin edək. Və onlara göstərək ki, Azərbaycanda yaşamaq daha mənfəətlidir, nəinki, əlində silah durub Azərbaycanın nə vaxt hücum edəcəyini gözləmək. Düşünürəm ki, Sərkisyan çox ağıllı söz deyib. Ağlı olan siyasətçilər, diplomatlar bundan düzgün nəticə çıxarıb, öz hərəkətlərində nəzərə almalıdırlar. - Yaxşı, Azərbaycan Qarabağ ərazində hansısa iş görmək üçün nə etməlidir? İrəvandan icazə almalıdır, yoxsa, Xankəndidəki rejimdən? - Mən 1994-cü ildə Xankəndiyə getmişəm, amma bunun üçün oradakı rəhbərlikdən viza almamışam. Ermənistan MDB üzvü olduğu üçün viza lazım deyil. 2001-ci ildə bizim aeroportda baş verən insidentə qədər Ermənistanın QHT nümayəndələri də bura sərbəst gəlirdi. Biz Dağlıq Qarabağ icması ilə danışmalıyıq. Fərz edək ki, bir azərbaycanlı iş adamı Qarabağda şərti Vartanyan Aşot Atop oğlu ilə birgə müəssisə yaradar və "cecə arağı" buraxarlar. Lap bu arağın etketində yazılsın ki, "Dağlıq Qarabağda istehsal olunub". Hamı bilir ki, Qarabağ hüquqi cəhətdən Azərbaycan torpağıdır. Əsas odur ki, həmin müəssisədə 50-100 Qarabağ ermənisi işləyəcək, Azərbaycanın qoyduğu investisiyadan maaş alacaq, sosial və tibbi sığorta olunacaq. Qoy, Azərbaycan gedib orada bank açsın. Və ya burda, 1992-ci ildən üzübəri Azərbaycan büdcəsindən Qarabağda yaşayan ermənilərə çatacaq müavinətlər xüsusi hesablara köçürülsün. Elan olunsun ki, münaqişənin həllindən sonra sahibləri gəlib, deyək ki, bu 10 min dollar müavinəti götürə bilər. Bunu niyə etmirik? Savaşın potensialından istifadə etdik, nəticəsini gördük. İndi də gəlin, barışın gücündən istifadə edək, görək bu bizə nə verir. Əgər istəyirlərsə, savaş müstəvisinə qayıtmaq heç zaman gec deyil. - Məntiqlə, Rusiyanın Abxaziya və Cənubi Osetiyanı tanımasından sonra Ermənistan bir qədər də cəsarətlənməliydi. Amma əks proses baş verdi. İndi Metyu Brayzanın və Sergey Lavrovun simasında ABŞ-la Rusiya Azərbaycanın ərazi bütövlüyü prinsipini daha ciddi şəkidə vurğulayırlar. ABŞ və Rusiyanın bu məsələdə ortaq mövqe sərgiləməsi səthidir, yoxsa... - Həm ABŞ, həm Rusiya anlayır ki, Gürcüstan ətrafında baş verən son olaylar ikisinin də ziyanına oldu. ABŞ da Rusiya ilə münasibətlərinin pisləşməsindən itirir, Rusiya da Qərblə qarşıdurmadan zərər çəkir. Ziyanın yarısından qayıtmaq da savabdır. Deyirlər, heç olmasa Qarabağ məsələsində ortaq məxrəcə gələk ki, bundan tutub münasibətləri yaxşılaşdırmağa başlayaq. Məncə, nümayiş etdirilən mövqelərin məntiqində bu dayanır. Bir də Azərbaycan aydın şəkildə deyir ki, biz NATO-ya girmirik. Mənə elə gəlir ki, bu düzgün mövqedir. İndikir şəraitdə NATO-ya üz tutmağımız dövlət təhlükəsizliyinə ağır zərbə olardı. Bu, azı iki qonşu dövlətlə münasibətləri pisləşdirərdi. - Qarabağın işğalında həlledici rol oynamış Rusiya, konfliktin Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında həllinə razılıq verirsə, sizcə əvəzində Bakıdan nə istəyə bilər? - Gəlin, özümüzü aldatmayaq. Rusiya Azərbaycana tərəf adım atmır. Sadəcə görür ki, Kosovonun müstəqilliyinin tanınması, gələcəkdə Rusiyanın ərazi bütövlüyünə qəsd üçün əsas yaradır. Özünün iki separatçı rejimi tanıması da, Rusiyanın zərərinədir. Şimali Qafqaz partlasa, bu elə Rusiyanın öz siyasətinin nəticəsi kimi qiymətləndirilməlidir. Kreml hesablayır ki, Azərbaycanı da Gürcüstanın vəziyyətinə salsa nə baş verər. Azərbaycan Rusiyaya düşmənə çevrilir və tranzit yolu olur. Radikal dinçilər, mücahidlər, amerikan emissarları Azərbaycan ərazisindən keçir Dağıstana. Dağıstan və bütövlükdə Şimali Qafqaz barıt çəlləyidir. Bu baxımdan, Azərbaycanı da özünə qarşı çevirmək istəmir. Amma Rusiya heç vaxt istəməz ki, Qarabağ konflikti birdəfəlik həll olunsun. O, istəyir ki, bölgəyə təsir imkanları daim qalsın. - Sərkisyanın məlum bəyanatı Ermənistan cəmiyyətində necə qarşılanacaq? - Serj Sərkisyan erməni cəmiyyətini və onun hazırkı əhval-ruhiyyəsini bizdən daha yaxşı tanıyır. Əgər Sərkisyan belə bir söz deyirsə, demək yaxşı bilir ki, indiki Ermənistan cəmiyyəti qalxıb onu düşmən, satqın adlandırmayacaq və istefasını tələb etməyəcək. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın müdrik siyasəti nəticəsində bu gün minlərlə erməni Türkiyədə işləyib, çörəkpulu qazanır. Abdullah Gül İrəvana gəldi-getdi, oradakı soyqırım abidəsinin ətrafında bir ovuc daşnakdan başqa heç kim vətənpərvər mahnılar oxumadı. Sərkisyan da anlayır ki, Ermənistan cəmiyyəti hansısa yenilik gözləyir və psixoloji baxımdan buna hazırdır. Ermənistan prezidenti də bu psixoloji məqamı dəyərləndirdi və məlum bəyanatı verdi. Təəssüf ki, Azərbaycan cəmiyyətində bizim dairədən başqa, Helsinki Assambleyası, Arzu Abdullayeva, mən ətrafımdakı dostlarımla, yeni yanaşmanı qəbul edənlər yoxdur. Əbədi düşmənçilik nağılı hamının zəhləsini töküb. Əslinə baxanda, azərbaycanlılar arasında o qədər kəskin ziddiyyətlər var ki, ermənilərlə olan ziddiyyət bəlkə də onun yanında toya gedəsidir. Aqil CAMAL express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar