SON XƏBƏRLƏR

Qarabağ "biznes-planı"... Və ya münaqişənin nizamlanması prosesində "iqtisadi həll yolu" Azərbaycana nə vəd edir?

2021.10.20, 07:36
Qarabağ "biznes-planı"... Və ya münaqişənin nizamlanması prosesində "iqtisadi həll yolu" Azərbaycana nə vəd edir?

Gunaz.tv
Qarabağ "biznes-planı"... Və ya münaqişənin nizamlanması prosesində "iqtisadi həll yolu" Azərbaycana nə vəd edir? shusha_23sentyabr_1.jpg Ermənistan prezidenti Serj Sərkisyan ötən həftə ölkəsinin müstəqilliyinin 17-ci ildönümü ilə bağlı İrəvanda bir qrup xarici jurnalistə müsahibə verib. İrəvana dəvət edilənlər arasında BBC radiosunun Moskva müxbiri Eldar İsmayılzadə də olub. Və azərbaycanlı jurnalistin suallarına Sərkisyanın sensasion sayıla biləcək cavabları az qala "bomba effekti" yaradaraq iki gündür ki, siyasi gündəmi məşğul etməkdədir. BBC-nin müxbiri Ermənistan prezidentinə Dağlıq Qarabağın gələcək taleyi ilə bağlı sual verib:" Münaqişə tərəflərinin güzəştə getməsi barədə çağırışlar var. Ermənistan üçün bu güzəştlərin yuxarı həddi nədir? İrəvan nədə güzəştə gedə bilməz? Ymumiyyətlə, Ermənistan Dağlıq Qarabağın Azərbaycanın tərkibində hansısa formada qalması ideyası ilə barışa bilərmi?" Sərkisyanın cavabı belə olub:"Bu istiqamət haqqında biz çoxdan, ən azı 14 il bundan əvvəl - atəşkəs danışıqları gedən zaman danışmışıq. Dağlıq Qarabağ xalqının öz müqəddəratını həll etmək hüququ tanınmalıdır. Dağlıq Qarabağ xalqı min illər bu ərazidə yaşayıb və indi elə şərait yaradılmalıdır ki, bu xalqın həmin ərazidə təhlükəsiz yaşayışını davam etdirmək imkanı olsun. Qarabağın Azərbaycanın tərkibində olduğu sovet dövrü göstərdi ki, Azərbaycanın tərkibində Dağlıq Qarabağın təhlükəsiz yaşaması mümkün deyil. O ki qaldı nəzəri varianta, yəni Qarabağ hansısa şəkildə Azərbaycanın tərkibində ola bilər, ya yox - bunu qarabağlıların rəyi, referendum vasitəsilə müəyyən etmək olar. Mən əminəm ki, heç olmasa yaxın vaxtlarda istənilən referendum yalnız və yalnız bir nəticəni göstərəcək- qarabağlılar Azərbaycandan kənarda olmağı istəyəcəklər. Mən Azərbaycan prezidenti İlham Əliyevə təklif etmişəm ki, o, mövcud dövrdə Qarabağın xoş güzəranı, təhlükəsiz yaşayışı və gələcəyində azərbaycanlıların ciddi maraqlı olduqlarını göstərmək üçün Qarabağa investisiyalar qoymağa çalışsın. Bəlkə ondan sonra qarabağlılar referendum zamanı Azərbaycanın tərkibində yaşamaq istədiklərini bildirdilər. Başqa yol yoxdur. Əgər bir gün möcüzə baş versə və Qarabağ Azərbaycanın tərkibinə düşsə, zənnimcə, çox qısa bir zaman ərzində Qarabağda bir nəfər də olsun erməni qalmaz". Qeyd edək ki, İrəvandakı görüşdə Türkiyənin "Milliyet" qəzetinin Moskva müxbiri də iştirak edib və Sərkisyanın Dağlıq Qarabağa sərmayə yatırmaq çağırışı barədə bu qəzet də məlumat verib. Ermənistan prezidentinin Dağlıq Qarabağ ermənilərinə Bakıdan rüşvətəbənzər sərmayə istəməsinə Azərbaycan politoloqlarının münasibəti birmənalı olmayıb. "Nəhayət ki, erməni tərəfi yetişməyə başlayıb. Əgər Ermənistan prezidenti Azərbaycanı Dağlıq Qarabağın iqtisadiyyatına investisiya qoymağa çağırırsa, mahiyyətcə, Sərkisyan onu Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Hər bir halda bu, müsbət qiymətləndirilməlidir",-deyə politoloq Vəfa Quluzadə "1news.az"a Sərkisyanın sensasion açıqlamasını şərh edərkən bildirib. Politoloq, eyni zamanda, xatırladır ki, Sərkisyan müstəqil siyasətçi deyil və öz fəaliyyətini Moskva ilə razılaşdırır:"Odur ki, mən fikirləşmirəm ki, Rusiya Ermənistana Dağlıq Qarabağ siyasətini dəyişməyə icazə verəcək. Moskvanın Azərbaycana təzyiq üçün Qarabağdan başqa rıçaqı qalmayıb və ona görə də, Rusiya heç bir vəchlə bu sonuncu rıçaqı əlindən buraxmayacaq". Regiondakı situasiya, Qarabağ probleminin həlli ABŞ bölgədə möhkəmləndikdən sonra aydınlaşacaq. "Məhz bundan sonra Dağlıq Qarabağa investisiya yatırmaq və Ermənistanla əlaqələr qurmaq barədə fikirləşmək olar. Rusiya nə qədər ki, Ermənistanı və Qarabağı nəzarətində saxlayır, hesab etmirəm ki, bu ideya reallaşsın",-V.Quluzadə vurğulayıb. ASDP sədri Araz Əlizadə də Sərkisyanın açıqlamasını müsbət qiymətləndirir. Onun fikrincə, "erməni tərəfinin ağıllanması" İlham Əliyevlə Dmitri Medvedyev arasındakı görüşdən sonra başlayıb:"Əgər Sərkisyan belə barışdırıcı bəyanat verirsə, görünür, Rusiya Qarabağ probleminin həllinə razılıq verib. Təbii ki, Qarabağ bizim ərazimizdir və biz ora sərmayə yatırmalıyıq, Qarabağ gənclərinin Qərb universitetlərində təhsil almasının və başqa işlərin pulunu ödəməliyik. Lakin bütün bunlar Ermənistan öz qoşunlarını işğal etdiyi torpaqlardan çıxardıqdan sonra ola bilər". Politoloq Zərdüşt Əlizadə də hesab edir ki, Sərkisyanın Azərbaycanı Qarabağa sərmayə yatırmağa çağırışı "ağıllı və praqmatik çağırışdır" və Ermənistanla əlaqələrimizdə "yeni situasiya yaradır". Onun fikrincə, yalnız bizim şirkətlər deyil, türklər də Dağlıq Qarabağa sərmayə yatırmalıdırlar:"Qarabağ bazarı çox balacadır və biz tez bir vaxtda onun iqtisadiyyatını Türkiyə və Azərbaycan iqtisadiyyatına bağlaya bilərik. Qarabağ turizm biznesinə investisiya qoymaq üçün çox yaxşı yerdir. Əgər biz orada turizm sənayesini inkişaf etdirə bilsək, Qarabağda tezliklə bizim banklarımız, xidmət sahəsində şirkətlərimiz və s. peyda ola bilər. Biz orada elə fəaliyyət göstərməliyik ki, ermənilər ayrılmaq istəməsinlər. Bundan başqa, biz Ermənistana da investisiya qoya bilərik. Sərkisyanın təklifi çox yaxşıdır və ermənilər fikirlərindən imtina etməmiş, biz tez bir vaxtda ondan yapışmalıyıq". Politoloq Rasim Musabəyova görə isə, Ermənistan prezidenti Dağlıq Qarabağa çoxmilyardlıq investisiya müqabilində "heç nə" təklif edir ki, bu da erməni stilində ideya fiksdir. "Ermənistan heç nə vermədən Qarabağ separatçıları üçün sərmayə axınına nail olmaq istəyir. Bu, ciddi deyil. Belə ki, erməni tərəfi qarantiya vermir ki, Qarabağ erməniləri Azərbaycandan ayrılmaları ilə bağlı təkrar referendum keçirməyəcəklər. Qarabağ erməniləri qoy əvvəlcə Azərbaycanın suverenliyini tanımaları haqqında möhkəm təminat versinlər, bundan sonra rəsmi Bakı Sərkisyanın məsləhəti olmadan da hara və nə qədər investisiya yatıracağını bilir",-R.Musabəyov bildirib. Politoloqa görə, Sərkisyanın təklifi Kremlin təklif etdiyi planın tərkib hissəsidir. Belə ki, Rusiya-Gürcüstan müharibəsindən sonra Moskva praktiki olaraq Ermənistanla quru yol əlaqəsini itirib, Rusiya öz forpostu ilə hərbi kommunikasiyadan məhrum olub:"İndi Kreml Azərbaycanın işğal olunmuş yeddi rayonunun azad edilməsi əvəzində rəsmi Bakıdan Rusiyanın Ermənistanla kommunikasiya əlaqələrinin yaradılması üçün razılıq almaq istəyir". R.Musabəyov hesab edir ki, erməni tərəfinin və Kremlin Azərbaycana müxtəlif təkliflər etməsi şəraitində Bakı heç hara tələsməməlidir: Bu onu göstərir ki, "məhz Rusiya və Ermənistan Azərbaycanla anlaşmalara və qarantiya almağa can atır. Rusiyanın Gürcüstana təcavüzündən sonra yaranmış yeni şəraitdə Azərbaycan rəhbərliyi manevrlər üçün daha çox plyuslara və imkanlara sahibdir, öz milli maraqlarından çıxış edərək bundan yararlanacaq. Azərbaycan avantürist deyil, biz bundan sonra da balanslaşdırılmış siyasətimizi davam etdirəcəyik və paralel olaraq öz iqtisadiyyatmızı və ordumuzu inkişaf etdirəcəyik". Daha sonra nə etməli olduğumuz isə bu ilin sonunda Gürcüstanın NATO-ya üzvlük yolu açıldıqdan sonra aydınlaşacaq. "O vaxt bəlli olacaq ki, Rusiya Cənubi Qafqazda NATO üzvü olan qonşusu ilə özünü necə aparacaq". Rəsmi Bakı isə təbii ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa investisiya qoymağa hazırdır, lakin bir şərtlə ki, Ermənistan qoşunları işğal olunmuş torpaqlardan çıxsın. Şübhəsiz ki, torpaqlarımızı istənilən yolla qaytarmaq milli maraqlarımıza uyğundur. Lakin Sərkisyanın çağırışı həmin yol deyil. Guya ki, Ermənistan prezidenti ortalığa münaqişənin həllinə müsbət təsir göstərəcək konstruktiv təklif atır, baxmayaraq ki, burada həmişəki kimi ermənisayağı tələ var. İrəvan bir güllə ilə iki quş vurmaq istəyir: biz həm separatçı regionu maliyyələşdirir, həm də referenduma razılıq veririk. Sonuncu isə dəryada balıq sövdəsidir: Qarabağ ermənilərini yağ-bal içində yaşatsaq belə, onların bizdən ayrılmaq istəməyəcəyinə qarantiya yoxdur. Qarabağ danışıqlarında yalnız Kreml "biznes-plan"la çıxış etmir. Qərb də bu istiqamətdə hərəkətə keçib. Xəbər verdiyimiz kimi, Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oğan bildirib ki, "Qərb Ermənistanı Nabucco layihəsinə qoşmaq istəyir". Onun sözlərinə görə, bu məsələ ABŞ-ın viste-prezidenti Dik Çeyninin regiona səfəri zamanı gündəmə gəlib və Türkiyə ilə Ermənistan arasında son günlər aparılan yüksəksəviyyəli təmasların başlıca mövzusudur:"Nabucconun Ermənistandan keçməsi ilə bağlı ciddi planlar mövcuddur. Bu mövzu əvvəllər də gündəmdə olub. Amma Türkiyə və Azərbaycanın Ermənistanla problemləri buna imkan vermirdi. İndi isə Ermənistanın bu layihəyə qoşulması realdır. Çünki qaz kəməri Gürcüstan üzərindən keçəndə Qərb bu ölkəyə daha çox diqqət göstərmək məcburiyyətində qalır və bu da Rusiyanı qıcıqlandırır. Ermənistan isə həm Rusiya, həm də Qərb üçün qəbul olunandır". Sinan Oğanın sözlərinə görə, "Nabucco"nun Ermənistandan keçməsi Ankara ilə İrəvan arasında əməkdaşlıq barədə danışıqların şərtlərindən biridir. Maraqlıdır ki, hələlik rəsmi Bakı türkiyəli politoloqun açıqlamasına münasibət bildirməyib. Ymumiyyətlə, son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin həllinə "iqtisadi yanaşmalar" diqqəti cəlb edir. Yeri gəlmişkən, ötən həftə Bakıda səfərdə olan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza "Ermənistanın mövqeyində yumşalma ola biləcəyini və danışıqlar prosesində İrəvan tərəfindən müsbət elementlərin olacağını" bildirmişdi. Özü də Brayza tərəflərin kompromisə gedəcəyindən deyil, daha çox sövdələşmə olacağından danışır. Sanki münaqişə tərəfləri Qarabağa dair "biznes sazişi" bağlayacaqlar... X.Rüstəm express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar