SON XƏBƏRLƏR

Vətən nişanələri, vətən rəmzləri . A. QACAR

2021.10.20, 07:36
Vətən nişanələri, vətən rəmzləri . A. QACAR

Gunaz.tv
Vətən nişanələri, vətən rəmzləri SÖZÜN SIĞALINA, TUMARINA EHTİYACI VAR ONLARIN ƏLİNCƏ DÜŞÜNCƏLƏRİ A. QACAR aydin200908.jpg Uşaqlığım mənim vətənimdir. Çingiz Aytmatova məxsus bu fikir mənim duyğularımda çox təbii əks-səda verir və bu deyimi yazmaq istədiyim yazının epiqrafı sayıram. Bəli hardan, hansı yaşdan, hansı mövqedən baxıramsa, mənim də istəyimin xatirə qollarını uşaqlığa, kəndə uzanan görürəm. Uşaqlığı özümün vətəni saydığım kimi kiçik-kiçik kəndləri də həmişə böyük şəhərlərin vətəni saymışam. Bu yazıda kiçik vətənim Naxçıvanın tarixi örnəklərini, ictimai-mənəvi görüntülərini yad etmək, onlara Söz ömrü vermək istəyirəm. Tarixi örnəkləri, rəmzləri isə çoxdu bu qədim diyarın! Mən hesabatımı da həmişə o təbiət-vətən nişanələrinə, vətən rəmzlərinə verirəm, xatirələrimi də onlara etibar edirəm, onlara xitabən yazıya, sözə gətirirəm. Başqa yerin gözəlliyi göz üçün olur, deyirlər, Vətən gözəlliyi isə qəlb üçün, ruh üçün, mənəviyyat üçündü. Burda, Naxçıvan haqda dəqiq deyilmiş bir ifadəni də xatırlatmaq yerinə düşər. Mərhum Heydər Əliyev Naxçıvanı ziyarət edərkən belə bir fikir söyləmişdi; - Azərbaycanın hər yeri gözəldi, Naxçıvan da gözəldi, ancaq Naxçıvan kişi kimi gözəldi!! ... Haqqında söz açacağım Əlincə qalasının, Əlincə çayının tarixi cazibəsindən yəqin ki, yurdun hər bir vətəndaşına pay düşür. Bu qala önündə insan qəribə hisslər keçirir, səslər eşidir, düşüncələrə dalır, tarixinə, keçmişinə hörməti artır. Bu torpağın ulu tarixi ilə öyünür, qürur hissi keçirir. Həm də bugünkü məsuliyyətini dərk edir. "Hər daş bir tarixdir" deyiminin hərfi mənasını da Əlincə qalasının hüzurunda çox asanca başa düşmək olur. ...Xatirə, nağıl rəngindədir burda hər şey. Nağılların yarandığı, xatirələrin başlandığı yerdi bu yerlər. Daha nağıllara inanmasaq da, uşaqlıq nağıllarına-xatirələrinə indi də inanırıq, lap uşaq vaxtı inandığımız kimi. Mənim aləmimdə Əlincə çayı ilə bu gün də şırhaşır nənələrin nağılları axır. Bu çayın mənbəyi, başlanğıcı, elə nağıllar başlanan yerdən - kəlləgöz divlərin, yeddi başlı əjdahaların məskən saldığı yerlərdən başlanır. Sonra qorxulu kahaların, sehrli mağaraların lap ağzının yanından keçərək, kəndlərə çatır, çay boyunca sağında-solunda yerləşmiş neçə-neçə kəndə nağıl daşıyır. Və nağılların ən yaxşılarını da bu kəndlərin nənələri, babaları tutub öz nəvələrinə danışır. Yoxsa bu qədər sirli-sehrli, bu qədər inandırıcı olmazdı Məsmə, Gülçöhrə, Mercahan nənələrin, Zeynal, İsmayıl babaların nağılları. Əlincə çayı Əlincə qalasının ətəyi ilə də xeyli yol qət edir. O keçid çox xəlvəti və gözdən iraq bir sahədir. Qalanın üstündən baxanda da bu sahə görünmür. Həmişə fikrimdə olur ki, yolum düşəndə gedib o hissədən keçməyə cəhd edim, oraları yaxşıca seyr edim. Hələ ki, bu mənə nəsib olmayıb, nə uşaq vaxtı nə də indi. Bilmək istəyirəm görüm o xəlvətdə Əlincə Babanın qulağına nə pıçıldayır qarısı. Qala Əlincə zəhmi, əzəməti, tünd qaş-qabağı ilə dədə, baba timsallıdır. Elə bil döyüşlərdən çıxmış qoca sərkərdədir, dizini qatlayıb oturub ki, bir hovur dincəlsin, götür-qoy etsin, qoluna biləyinə təzə güc yığsın, keçirdiyi döyüşü-qovğanı təhlil etsin. Çay Əlincə isə zirəng, işlək, hər yerdən xəbər verən ana, nənə soyludur, barlı-bəhrəli, sülüklü-qılıqlı, hamını yola verən, hamının dadına çatandır. Neçə dağ-dərə, kənd-kəsək dolaşır, nur paylayır, həyat verir obalara, çoxlu da söz-söhbət eşidib-bilir. Odur ki, bu ixtiyar qocaların təmas yerini, xəlvət yerini təbiət çox möcüzəli qurub. Bu keçid dağla qalanın arası olduğundan həmişə kölgədə qalır. Dağlar öz dağ kürəklərini Naxçıvanın yandırıcı günəşinə çevirəndə sinələri buz kimi sərin olur. Bu anda daşa-qayaya söykənmək ən xoş hisslər yaradır insanda. Sanki canlı varlıqla sinə-sinəyə dayanırsan. ... Bura Vətəndir, deyə düşünürsən! Azərbaycanın otlu-sulu, çaylı-meşəli, gözəl guşələrində - Qubada, Qusarda, Lənkəranda gəzərkən meşənin-çölün nəm, sürüşkən daşları məndə qəribə assosiasiya doğurur. Fikirləşirəm ki, kiçik vətənim Naxçıvanın daşları daha etibarlıdı, sürüşkən deyil. Böyük, kiçik hər bir daşdan tutmaq da olur, üstündə durmaq da. Nə əldən sürüşüb çıxandı, nə ayaq altından sürüşüb qaçandı. Daşın, qayanın ayağının burnu tutan, ya dabanın ilişən, bir tikə hissəsində dayanıb, uçurumun kənarında qalmaq da olar, - saxlayacaq! Şübhən olmasın... NAXÇIVAN TƏBİƏTİ VƏ VƏTƏNSİZ QALAN ŞƏHƏRLƏR Əvvəllər qatarla Araz boyu Naxçıvana getməyin öz romantikası vardı. İndi ümid ancaq təyyarəyədi. Təyyarədən baxırsan kəndlərdi; evləri, ağacları, yaşıllığı ilə. Bircə metr bu sərhəddən aralıda isə, nə varsa od tutub yanır, ilan mələyir. Bomboz bozarmış, yanıb ütülmüş torpağa, daşa, o çöllərdə görünən canlıya adamın yazığı gəlir. Bəli, burda hər şey konkretdir. Bakıdakı kimi günəş üfüqdə dayanıb çirkli, bulanıq, yapışqan havada saatlarla gərnəşmir. Çıxdısa çıxır. Və yandırır! Gecələri də eləcə, gün batdısa, qara sərin başlayır və od yağan daşa-divara, çölə bayıra, insana, heyvana rahatlıq, məmnunluq gətirir. Naxçıvan yayının gecələrini dünyanın heç bir kurortu ilə dəyişmək olmaz! Gecə-gündüzü bu qədər fərqləndiyi kimi qışı-yayı da fərqlənir. Hərdən elə sərt qış keçir ki, həmin ili nəinki, ağaclar bar vermir, heç sərçələr də bala çıxarmır. Bilməyənlər üçün deyim ki, bu torpaqda üzüm, nar, ümumiyyətlə soyuğa davamsız bir çox meyvə ağacları, adi qışda da torpağa basdırılmazsa, şaxta vurur. İndi Naxçıvanda böyük iradə hesabına başa gələn yaşıllaşdırma işləri də gedir. Yolların qıraqlarına əkilən hər bir tingi, yayın cəhənnəmindən qoruyub keçirmək, bir uşaq doğub böyütmək qədər əzablı işdir. Hava limanının qarşısında əkilib - becərilən ağaclar isə, xüsusilə qiymətli və gözəldi. Naxçıvanda yaşamağın çətinliklərinə aid, rəhmətlik atamın özünəməxsus şirinliklə danışdığı bir lətifə yadıma düşür: - Bir nəfər yol keçən adam belə bir mənzərənin şahidi olur: Yuxarıda qayanın üstündə qadın ipin ucundan tutub saxlayıb, aşağıda isə həmin ipin digər ucunu belinə bağlayıb dayanmış kişi, daşların arasında bir tala yerdə taxıl biçir. Yolçu soruşur ki, ay qardaş bu nə zülümdü çəkirsiz? Kişi deyir: - Bəs neyləyək, görürsən ki, hər yan daş qayadı, bir ovuc torpaq tapdığımız yerdə də bu çətinliklə dəmyə taxıl əkib, ruzimizi çıxarırıq da. - A kişi odur ey, aşağı kəndlərdə torpaqların ucu-bucağı görünmür - deyir yolçu - enin, gedin o rahat otlu-sulu yerlərdə yaşayın, istədiyiniz qədər də əkib-biçin də. - Vətəndi da ay qardaş qoyub getmək olmur... - Yolçu: -Ay Allah saxlamış, orda da ev tikəcəksən, ağac, taxıl əkəcəksən rahat yaşayacaqsan-olacaq vətən də. ... Xülasə, yolçu çox deyir, kişi az eşidir. "Vətəndir" deyib dayanır. Axırda yolçu bir sağa, bir sola baxıb qayıdır ki, nə vətənin bir vətəndi, nə də o yuxarıda dayanıb ipnən səni tutanın! Di qalın burda, canınız çıxsın! Lətifə öz yerində, ancaq Naxçıvanda bu gün boşalan kəndlər, sahibsiz qalan yurd yerləri, təkcə təbiətin yaratdığı çətinliklərlə bağlı deyil. Yeni ictimai-siyasi ab hava və işsizlik də öz sözünü deyir. Boşalan kəndlərin, sönən ocaqların müqabilində isə Abşeron yarımadasından ibarət, yeni yığnaq, toplum yaranır. Vətənsiz vətəndaş formalaşır. Bizlər isə bu proseslərin, passiv şahidləri, laqeyd müşahidəçiləri oluruq. Kənd-kənd, oba-oba itirdiyimiz vətən simvolları isə sonda, böyük-böyük şəhərləri vətənsiz qoyur. Yəni kəndsiz şəhər elə vətənsiz insan kimidir... NAXÇIVANIN PORTRET CİZGİLƏRİ Naxçıvan təbiətinin kəskinliyi, kontinentallığı, konkretliyi, yəqin ki, insanlarında da bu tip xarakter formalaşdırır. Bu məmləkətdə mülayim, suyuşirin, bir qədər sülüklü-qılıqlı, miyanə adamlar quru, sərt, acı, kəskin xarakterli adamlardan daha azdılar. ...Təyyarədən enən adamın eşitdiyi səslər: Tutaq ki, yola salan, yanındakına qayğıkeşlik göstərir, biletini qeydiyyatdan keçirib-keçirmədiyi ilə maraqlanır. - Cırdırmısan? - Yox. - Bə nə gözüü döyürsən apar cırdır daa! Yaxud xidmətini təklif edən taksinin yanına gələndə, öz yoldaşınla sakitcə bölüşürsən ki, - maşınımız bir az balaca oldu, yəni tutaq ki, "Volqa" deyil, "Jiquli"di. Sürücü, "gözəl" səslə müdaxilə edir: - Qardaaş, bə bı maşını mən özüm qayırmışam? Hökumət qayıran maşındı daa! Mən cavabdehəm ki, belə qayırıb?! Elə söz deyirsiz ki... Bu sonuncu nəqli cümlə, sözsüz ki, sənin - üzr istəyirəm, deməyindən sonra gəlir. Məsələ burasındadır ki, indi maşını olan qohuma, tanışa da gəlirəm, qarşıla - demək olmur. Çünki yolda təndir kösöyünə oxşar polislər maşını saxladıb, - icazəsiz "xaltura" edirsən!? - deyir. Sürücünün Allaha, Qurana döşənməsi, "Vallah doğma dayımdı Bakıdan gəlir", sızıltısı kömək etmir. - Sərnişinlər qohumluğu təsdiq edən sənəd versinlər! Kəndindən (Anzırdan, Danzikdən, yaxud elə Qabıllıdan) qırağa çıxmamış bu canlıdan, dayı-bacıoğluluğu təsdiq edən sənədin nə olduğunu soruşub, rəngi bilinməyən bu sifətə baxmaq, onun cavabını eşitmək, yumşaq desək, vətənpərvərlik hisslərini xeyli zəiflədir. Hələ yoldakən qayıtmaq haqqında düşünürsən. ZAMANI DA ÖZÜN SEÇMİRSƏN Bir də ki, indi xüsusi vaxt seçib (ilk baharda, yaxud son payızda), yəni, təbiətinin xoş saatlarında Naxçıvana getmək təcrübəsi artıq bitib. Mən toylardan da yayınmağa çalışıram. İndiki səfərlər ancaq, ən zəruri hallarda, yəni ölüm-itim olanda, yas yerlərinə gedəndə baş tutur. Onda da sözsüz ki, fəsli, zamanı özün seçmirsən. Mənim budəfəki səfərim də, yayın lap o, zəban çəkən vaxtına düşüb. Kəndlərdə çayxana və mağazalar sökülüb, camaata küçəyə yığılmaqdansa, gedib əkin-biçinlə, təsərrüfatla məşğul olmaq tövsiyə olunub. ...Əlincə çayı boyunca sıralanan kəndlərin mənzərəsini ceviz ağacları bir az da cansıxıcı edib. Son illərdə, çörək ağacına çevrilmiş bu cevizlər, onsuz da balaca olan həyətləri elə tutublar ki, gecə vaxtı hündürdən baxırsan, kəndlərdə işıq gələn yer görünmür ki, buranın kənd olduğu bilinə. Doğrudan da, kəndlərin bir başında cevizə çıxıb, o biri başında düşmək olar. Suyun, torpağın iliyini soran bu nəhəng, mürgülü, lal-dinməz, qaraqabaq ağaclar sanki nəfəs almırlar. İnsan da özünü havasız, sıxılmış hiss edir bu ağacların fonunda. Mənfi emosiya yükümü bu görüntülərlə beləcə artıra - artıra, Əlincəyə üz tuturam. QALA ƏLİNCƏYƏ, ÇAY ƏLİNCƏYƏ... ...Mən heç vaxt Əlincə çayının yayda belə qurumasını görməmişdim! Min illərin, əsirlərin tarixini, özündə, adında yaşadan bu qədim dağ çayının qupquru yatağını seyr etmək, çox kədərli hisslər doğurur. Ürəyim qurumuş çay kimi dincdir, Yerin ortası da təklərə küncdür. İnsan nəfəsindən iraq, xaraba, sahibsiz yurd yerində keçirilən hisslər yaşayıram. Qurumuş yal-yamacdan, əkin-biçin yerlərindən sahibsizlik, kimsəsizlik yağır. Daş körpü, Əlincə çayının keçmiş gücündən, qüdrətindən xəbər verən xatirə lövhəsinə bənzəyir. ... Əlincə qalası, qol-budağı qurumuş, qoca, ağac kötüyünə bənzəyir. Kənardan baxanda adi dağlardan heç nə ilə fərqlənməyən bu dağ-qalanın, üstünə qalxmaq istərkən, bütün əzəmətini dərk etmək olur. Dağın ətəyi ilə irəliləyib, baş keçidə yaxınlaşdıqca; - daralan, sərtləşən, yoxuşu keçilməz edən müdafiə səngərləri, bürclər sıralanmağa başlayır. İndi ancaq bünövrələri, uçulmuş divarları qalmış bu istehkamların su ötürücü drenaj sistemləri məni daha çox valeh edir. Bəzi sütunları bilinən, qala qapılarını da arxada qoyub, qalanın üstünə çatdıqda isə üç müxtəlif səviyyələrdə və istiqamətlərdə yerləşmiş yaşayış məskəni görürsən. Saysız-hesabsız tikililəri, şah taxtı, əkin sahəsi, qalanın bütün səthini əhatə edən 6-7 ədəd daş hovuzları, zərbxanası və s. atributları olan, artıq xaraba qalmış bir insan məskəni! Əzəmətli istehkam! Güvənc yeri, qürur mənbəyi! Yağış və qar sularını daş hovuzlara istiqamətləndirmək üçün yüzlərlə metr qranit qayaların sinəsi çapılıb navalçalar düzəldilib. Bütün dövrlərdə hökmdarların xəzinələri burda saxlanılıb, zərbxana-pulkəsmə yeri də bu qalada olub. Hətta Azərbaycan Atabəyləri Eldənizlərin dövründə xəzinədən başqa hökmdar ailələri də təhlükəsizlik üçün, çox vaxt burda yaşayıblar. Burda kəsilmiş Elxanilərə və Teymurilərə məxsus gümüş sikkələr, indi də muzeylərdə var. Əmir Teymurun adına zərb olunmuş sikkələr "İşğal zərbi" adlanıb. Teymurləngin 4 dəfə qırx minlik qoşunla yürüş edib, sonuncu dəfə ala bildiyi bu qalanın üstünə qalxarkən heyrətə gəlməsi bu qala və onun müdafiəçiləri haqqında söylədikləri, çox maraqlıdı. HÜZURUNA GƏLMİŞƏM, ULU SƏRKƏRDƏM! Mən həmişə, belə deyib də şeirə, laylaya, bayatıya tutmuşam, bu Vətən simvolunu! Sevmişəm, əzizləmişəm, öymüşəm, öyünmüşəm bu qürur mənbəyimizlə! Əfsus ki, budəfəki görüşümüz üzüntülü, sıxıntılı keçir, gördüklərim ürək ağrıdır: ... Əlincənin də dağ ürəyi sıxılıb, qarsalanıb yanıb, mamır qaşları ütülüb, daş sinəsi, daş bənizi ovxarlanıb, cadarlayıb. Yüz yerindən çat verib. Lay-lay qopub tökülən yastı qaya parçaları düşdüyü yerdəcə qaralıb, bozarıb; - döyüş meydanında qalan sahibsiz qalxan kimi pas bağlayıb. Həyat nişanəsi qalmayıb Əlincənin cismində. "...Nə yanğı söndürmək, nə içmək üçün, bir qurtum su verin tüpürmək üçün..." deyə hayqıran qəzəbli sərkərdəyə bənzəyir Əlincə qalası. Ənənəvi olaraq həmişə, Məmməd Araz poeziyasının işığına tutduğum Vətən rəmzlərini, bu dəfə Salamın misraları ilə oxşamalı oluram: Saatı düz dünyanın yenə nahaq vaxtıdı... Dağların kəmhövsələ, dərənin dar vaxtıdı... Öz sözümü özümə pıçıldamaq vaxtıdı... İlahi, əy ağzımı, qulağımın altına. ...Və əfsus ki, mənə uşaqlığım qədər əziz olan bu yerlərdən, çox pərt, pərişan və ağır düşüncələrlə geri dönürəm?!... KƏNGƏRLİ KƏHRİZLƏRİ Bu sərt, kontinental, qədim yurdun daşlaşmış, tarixləşmiş qala, məqbərə, abidə, dağ-daş qismində hələ çox nişanələri var. Və mən o nişanələri fürsət düşdükcə canlı insan kimi salamlayıb, əzizləyib, sözə-bayatıya-şeirə tutub oxşayacayam. Ancaq bu yazımın ikinci hissəsində onların heç birindən yox, artıq müstəqil rayon olmuş Kəngərli kəndlərindən, daha doğrusu bu beş-altı kəndi görünməz qan damarları kimi bir-biri ilə birləşdirən Kəhrizlərdən danışmaq istəyirəm. ...Doğulduğum Qabıllı kəndinin ümidi, pənahı və əsas su mənbəyi olan bir Böyük bulağı var. Təbiət öyünəsi başqa bir şey verməyib. Bu kənddə dünyaya göz açan adam ömrü boyu su dərdi, su davası çəkir. Naxçıvanın Qabıllı, Nəhəcir kimi kəndləri haqda belə bir deyim var: "Ay Allah bu kəndləri yaradırdın-yaradırdın, daha cəhənnəmi neynirdin?!" Mənim anam, Nəhəcirdə doğulub, Qabıllıya ərə gəlib. Deyirəm yəqin, o dünyada ona sorğu-sual olmaz... Qabıllının üstündən də qurumuş çay yerinə bənzəyən bir təbii çaylaq keçir. Dağlara leysan yağışlar yağıb sel gətirəndə kəndin xilaskarı o çaylaq olur. Çaylaq mənim təsəvvürümcə arana, aran kəndlərinə məxsus təbiət lövhəsidir, ona görə də adını çəkməyi zəruri bilirəm. Çünki dağ kəndlərinin dərələri elə həmişə çaylı, sulu olur, sel onları yalnız bulandıra, gurlaşdıra bilər. Yazda, payızda təsadüfdən-təsadüfə coşub daşan dağ sellərinin hirsini-hikkəsini, hovunu-gücünü aranda çaylaqlar yovudur, boşaldır. Sinəsinə çəkib söndürür. Vəssalam! ...Bir dəfə mərhum Məmməd Arazın əslən Qubanın Digah kəndindən olan həyat yoldaşı Gülxanım müəllimə danışırdı ki, birinci dəfə Məmməd məni Naxçıvana aparanda İslam Səfərlinin şeirində adı çəkilən Payız meşəsini görmək istədiyimi bildirdim. Və məni bir tala əldə əkilmiş ağacların yanına gətirib göstərdilər ki, budur, gülməkdən özümü saxlaya bilmirdim... Qubanın, Qusarın ucsuz-bucaqsız meşələrini gəzmiş, görmüş adam üçün bu reaksiya çox təbiidir. Ancaq mənim kiçik Vətənim Naxçıvanın da - olanı bunlardı da, nə edək... Kəngərli kəndlərində çayları da, bulaqları da əvəz edən ən müqəddəs su mənbələri əsasən Kəhrizlərdi. Gecə-gündüz nur daşıyan, su daşıyan Kəhrizlər! Bu möcüzəli KƏHRİZLƏR, İNSAN ƏZABINA, İNSAN İRADƏSİNƏ QOYULMUŞ ABİDƏLƏRDİ. Deyilənə görə kəhriz qurğularının tikintisi 14-cü, 15-ci əsirlərdən başlayıb. Həyatımıza məişətimizə tarixin bu qədər dərin qatlarından boy verən bu tikililəri öymək, oxşamaq, əzizləmək mütləq lazımdı. Bunları etməmək tarixi keçmişimizə hörmətsizlikdi. Mənim sonuncu dəfə 40 il bundan əvvəl təmasda olduğum o Kəhrizlər görəsən nə vəziyyətdədirlər?! Əlincədən sonra məhz o Kəhrizləri ziyarət etmək planım vardı. Ancaq əhvali-ruhiyyəm və Vətənin ab-havası, elə Naxçıvandanca geri qayıtmağıma səbəb olur. O yerləri uşaqlıq yaddaşımda qalan bilgilərlə yad etmək qərarına gəlirəm. Ancaq zamanın xoş vaxtlarında Bakıdan bir aşıq da götürüb dostum Vəli Məmmədovla birlikdə bu yerləri ürəkdən gəzmək arzusundayam. Çox təəccüblü olsa da deyim ki, Naxçıvanda ümumiyyətlə aşıq yoxdur, yaxud mən eşitməmişəm, ona görə Bakıdan götürək deyirəm. Niyə məhz Vəli ilə,... çünki Vəlinin aşıq oxutması özü bir tamaşadı. Sazda tutaq ki, "Yurd yeri", "Qoca qartal" çalınırsa, Vəlini oturtmaq olmur. Aşıqla üz-üzə dayanıb o çaldıqca, bu da ritmə uyğun sazın çanağına o qədər zərblə çırtma vurur ki. "Ə qadan alım bərk çal", "... ayə elə vur bir-iki tel qırılsın", "... göynət ayə, göynət o simləri", "...yandır onların hamısını Kərəm kimi" deyə-deyə aşığı da əldən salır, sazı da. Sonra da günlərlə sədəfinin göyü getmir. Doğrudan da "Ruhani" çalırsa aşıq gərək ritmə uyğun, sazın başını yerə dəyənə qədər endirib, sonra o dərinlikdən qalxa, çaldığını yaşaya. Belə olmayanda, bir də görürsən, Vəli yerindən qımıldanır ki, "Qağa qadan alım, bir tapşırıq ver, özüm qarışım bu məsələyə..." İlk baxışdan quyuların, lağımların kəpir daşlardan hörülmüş nizamı, düzümü, səliqəsi, qədim-qayımlığı göz oxşayır və çox sadə görünür. Ancaq bu işlərin necə icra olunduğunu təsəvvür etməyə cəhd göstərdikdə isə insanı heyrət bürüyür. Bu işlər Misir ehramlarından heç də az zəhmət, az bilik tələb etməyib.Yəqin ki, dövrünün ən mürəkkəb hidrotexniki qurğuları olub bu kəhrizlər. LEYLƏK YUVASI DA RƏMZDİ Sovetlər dönəmində bir kolxoz-sovxozda birləşmiş Qıvraq, Qabıllı kəndlərinin adamları üçün Qoşagöllərə axıdılan Kəhrizin daha böyük önəmi olub. Kəhrizin suyu göllərə yığılıb suvarma üçün istifadə olunurdu. Hər bir çölçünün, kalxozçunun, quzu otaran məktəblinin də həyatında, xatirələrində bu Kəhrizlə, göllə bağlı ilişib qalan nəsə var. Daimi su olan yerlərin ətrafı sucuq olduğundan burda Leyləklər görünərdi. Bir şələ çör-çöpü bir-birinin üstünə yığaraq, telefon dirəyinin başında bir yuva da qurmuşdular. Bu yuva o vaxt bizə çox qəribə və gülməli görünərdi. Xüsusilə də, quşun ayaqlarının telefon dirəyi kimi uzun və nazik olması. İndi isə mənə elə gəlir ki, o Leyləklər elə Kəhrizlərin simvolları imiş. Çünki hər ikisi mənim yadıma eyni vaxtda düşür. Bərəkət, bolluq, əmin-amanlıq rəmzi sayılan bu quşlar həm də sədaqət, etibar, məhəbbət rəmzi sayılıb. Deyilənə görə, bu quşlar yalnız bir dəfə ittifaqa girirlər. Hansısa fəlakət, ya xəstəlikdən cütlərdən biri (erkək ya dişi) ölərsə, sağ qalan cüt heç vaxt başqasi ilə evlənmir və qüssədən ölür. Bu quşlar haqda müxtəlif belə rəvayətlər yaşasa da, nənəmin danışdığı bir əhvalat mənim uşaq düşüncələrimə daha çox təsir edib. Bizdə Leyləyə Hacıleylək deyirlər. Bahar nənəm danışardı ki, tək qalmış Hacıleyləyin özünü yanar təndirə atıb yandırdığını görənlər olub. Həm də nədənsə bunu əri ölmüş dişi Leylək hesab ediblər... Görünür həmişə qadınları ərə, ailəyə sədaqət rəmzi kimi görmək istəyindən belə düşünüblər. Çünki təndirə atılmış Leyləyin erkək ya dişi olmasını kim təyin edə bilərmiş ki?! Hər halda nə dərəcədə həqiqət olmasından asılı olmayaraq mən, diqqət verdinizsə, Leylək sözünü böyük hərflə yazıram! Hörmətli şairimiz Musa Yaqubun çox sevdiyim "Leyləklərin çöp yuvası boş qalıb" misrasını ilk dəfə oxuyan kimi də, yadıma uşaq vaxtı Qoşagöllərin yanında gördüyüm Leylək yuvası düşüb. Kəhriz, Qoşagöllər və telefon dirəyinin başında bir şələ çör-çöpdən ibarət yuva üstündə dayanmış tənha Leylək ən yaxşı illüstrasiyadır o misraya, o şeirə... Nəyə görə tənha, deyə bilmərəm. Yəqin eşitdiyim rəvayətlə bağlı, sədaqət rəmzi kimi... QOŞAGÖLLƏR Bəzən insan başqasının sevgisini də yaşaya bilir. Qoşagöllərlə bağlı məndə buna oxşar hisslər var. O vaxtlar həmin sahədə gənc manqa başçısı işləmiş, mərhum qayınatam Əbülfəz Niftəliyevin adına şer yazıb, mahnı qoşulduğu bu Qoşagöllərədə, elə bil mənim də sevgi payım var. Hansı ki, o vaxtları mən heç anadan olmamışdım... Bu hissləri məndə, sonralar eşitdiyim Qoşagöllər şərqisi yaradıb. Yadımda qalanı "Sən gəldin, sən gəldin, gülləndi zəmim, Sən gəldin, ay gözəl, dağıldı qəmim" misraları ilə başlayan şeirin son bəndi belə idi: Əbülfəz də sənə bağladı adın, Etibarın gördü qohumun, yadın. Lənətə gələydi sənin ustadın, Namurad qalasan, ay Qoşagöllər. Əbili əminin o nəğməsini tam mətni ilə bərpa elətdirib Kəhrizlərin, Qoşagöllərin yanında səsləndirmək istəyim var. Bu proseduru həmkəndlim, onu tanıyanların "gəzən ensiklopediya" adlandırdıqları Hüseyn müəllimlə birgə yerinə yetirmək isə daha maraqlı olardı. Bu adam özü də canlı kitabdı, Bakıda kəndin bir parçasıdı. Yaddaşında minlərlə kağıza-dəftərə sığmayacaq qədər xatirə, söhbət var. Müharibədən sonrakı kəndin kolxoz həyatını, Qoşagöllərin o qaynar çağlarını Hüseyn müəllimin dilindən, elə bil dünən olubmuş kimi bütün xırdalıqları ilə eşitmək istərdim. EL YALLILARI Bu kiçik Vətənin daşınmaz rəmzlərindən başqa, daşınan nişanələri-rəmzləri də var ki, onlardan bəzilərini biz vətəndaşlar özümüzlə şəhərlərə apara bilmişik. Mən bu yazımın sonunu onlardan birini xatırlamaqla bitirmək istəyirəm. Bu mənim tamaşa etməkdən, dinləməkdən doya bilmədiyim el yallılarıdı. Hansı ki, bu yallılar kəndlərdə artıq unudulmaqdadır. ...Qara zurnanın ağır ləngəri ilə başlanan, düzələn cərgənin sanballı, əzəmətli halayı sıralandıqca, uzandıqca uzanır, insanı çəkib çox-çox uzaqlara - ilkinliyə, tamlığa, bütövlüyə aparır. Qadın kişi münasibətlərində mühafizəkarlığın, patriarxal adət-ənənələrin, hələ də çox ciddi qorunduğu, bəzən, hətta yaşmağını, çadrasını belə atmayan anaların, nənələrin hələ də mövcud olduğu bu bölgədə yallı başlanan zaman bütün qadağalar, olar-olmazlar, qohumluq-yadlıq, küsülülük-inciklik aradan götürülür, qadın kişi hamı əl-ələ tutub, çiyin-çiyinə dayanır. Bu yallılarda əsirlərin neçə qatından süzülüb gələn birlik, bütövlük, əzəmət, harmoniya tamaşa edəni heyrətləndirir. Çevrədəki təmasdan, ahəngdən, həmrəylikdən; - yallı tutanların üzlərində, çöhrələrində bir məğrurluq, məmnunluq, mərdlik, mərdanəlik yaranır. Təklikdə oynayan adamların üzlərində bu ifadə olmur. El yallılarında olan fəlsəfi fikir tutumu, məna, ritm, melodiya zənginliyi, eyni hərəkətlər edən qadınlı-kişili bütöv bir dəstənin sirli-sehrli çevrəsi, halayı insanı ovsunlayır. Yallıların min illəri aşan sədası, mifoloji epos yaddaşı, duyumu, düzümü, ritmi, musiqisi, simfoniyası, cazibəsi insanı sehrləyir. Tam iki saata qədər uzanan bu yallılara nəfəs çatdırmaq üçün zurna çalanlar üç nəfər olurdular. Biri daima dəm tutan, ikisi isə havanı ritmi dəyişən ifaçı. Hələ havaların, havacatların təzə ləngər götürdüyü, dəstələrin sıralandığı, nizamlandığı vaxt toyçulardan ikisi - nağaraçalan və bir zurnaçı durub ağır-ağır yaxınlaşardılar dəstə başçısına, havanı, ritmi dəyişib, üz tutduqları adamı cuşə gətirər, bir ağız oxudardılar: Durnam gedir qum kövşənə Quma döşənə-döşənə... Oxu bitər-bitməz bütün dəstənin eyni vaxtda "hey, hey" sədaları yeri-göyü həyəcana gətirər, ritm dəyişər, yallı əvvəlki ləngərində davam edərdi. Bəzən üç, hətta dörd böyük dəstə ilə başlayan yallı sürətləndikcə, kəskinləşdikcə dəstələr seyrələr, birləşər və sonda "sümüyü yanıq" peşəkarlardan ibarət bir dəstə torpağı da ayaqları altda şumlayar, toyçuları da nəfəsdən salardılar, bir ağsaqqal ortaya çıxıb coşub-daşan, tər-su içində olan adamları saxlayar və belə yallılardan sonra mütləq fasilə verilərdi... Şərur-Dərələyəz uyezdində xüsusi təşəkkül tapmış bu yallıları, yalnız Çeçənlərin döyüşqabağı ayinləri - yallı rəqsləri ilə müqayisə etmək olar. İndi kəndlərdə unudulan, ancaq bizim Şərur-Dərələyəz-Şahbuz camaatının Bakıda, Sumqayıtda keçirilən toy şənliklərində böyük həvəslə müraciət etdikləri bu yallılar mənim üçün simvoldu, Vətən rəmzi, Vətən nişanəsidi, cəngidi! El havalarının zurnada mahir ifaçısı Azay dayının sinəsində hələ ki, "Tənzərə"dən tutmuş "Qazı-qazı"yadək bütün bu örnəklər yaşanır, qorunur. Hörmətli aktyorumuz Ağalar Bayramın, qardaşım Bəxtiyarın, onun dostları Oqtayın, Aydının, Mərdanın iştirak etdikləri toy məclisləri bu yallılarsız keçmir. Alqışlayıram bu örnəyi yaşadanları. Sonda bu yazını lirik bir Türk şərqisinin "Sev, canım senin olsun" sözləri ilə bitirmək istəyirəm... Bu deyim mənim fikirlərimlə də üst-üstə düşür. Doğrudan da, yalnız sevdiklərimiz bizimdi. İstər Vətən, torpaq, nəğmə, bayatı, yallı olsun, istər də yar, yoldaş, dost, qardaş sevirəmsə mənimdi! Və bu qarşılıqlı olur, mənim də kiminsə həyatında, taleyində, gündəlik işində, sözündə yerim varsa, mən onunam! Yəni, sev sənin olum!!! Aydın QACAR 525

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar