SON XƏBƏRLƏR

Ərdəbildəki tarixi əsərlərimiz təhlükə altında

2021.10.20, 07:36
Ərdəbildəki tarixi əsərlərimiz təhlükə altında

Gunaz.tv
Ərdəbildəki tarixi əsərlərimiz təhlükə altında Bura dünyanın ilk səma rəqslərinin ifa edildiyi yerlərdən biridir Gülarə Yenisey Ərdəbildə Babək dünyaya gəlib. Pişəvəri dövründə isə bu şəhər, hərəkatı bəsləyən ən fəal bölgələrdən olub. Səfəvilərin ata yurdu, dünyaya çıxış nöqtəsi də Ərdəbildi. Şeyx Səfiyəddin Sufi təriqəti ilk dəfə burada qurulub, bu təriqətdən başlayan soy-kök ağacı Şah Ismayıla qədər davam edib. Şah Ismayılın, onun atasının, anasının məzarı da Ərdəbildə - Şeyx Səfi Türbəsindədir. Şeyx Səfi Türbəsi füsunkar kaşı işləmələri, gözəl memarlığı, yaraşıqlı tağ və gümbəzləri ilə diqqət çəkir. Həm memari, həm də mənəvi özəlliyi ilə insanı fərqli bir aləmə çəkib aparır. Türbənin ən böyük salonu olan Səma Salonu çox maraqlıdır. Bura dünyanın ilk səma rəqslərinin ifa edildiyi yerlərdən biridir. Salonun taxta oymalı qapılarında beş guşəli və səkkiz guşəli ulduzlar diqqəti çəkir. Bu salonda insan qəribə bir ruhaniyət hissinə qapılır. Başımı qaldırıb qübbəli tavanlara baxıram. Nəfis kaşıları Ingilis və Rus işğalçı əsgərləri tərəfindən sökülüb aparılan, yerləri boş, çılpaq qalan tavan insanın ürəyini sızladan bir mənzərə yaradır. Ancaq işğalçılıq bitməyib, bu gün də davam edir. Şeyx Səfi Türbəsinin möhtəşəm, qocaman Alaqapısı mərkəzi rejim tərəfindən sökülüb Isfahana aparılıb. Tarixi Alaqapının hansı ağıl, hansı məntiqlə yerindən sökülüb ayrı yerə aparılması bilinmir. Bilinən budur ki, bu zorakılıq da Ingilis, Rus işğalçılığının davamı, uzantısıdır. Bu zorakılığın bir başqa örnəyi də Türbənin içindəki Şəhidcik (qədim şəhid məzarları olan sahə) adlanan yerin dağıdılmasıdır. Orada aparılan arxeoloji qazıntılar zamanı əldə edilən tapıntıların da aqibəti bilinmir. Ərdəbilin bir başqa tarixi məkanı da Kəhrəlan kəndindəki Şeyx Cəbrayıl Türbəsidir. Kəhrəlan kəndi Ərdəbilin 3 km məsafəsindədir və indi artıq şəhərə qarışıb. Şeyx Cəbrayıl Şah Ismayılın əjdadlarındandır. Bu türbəyə getməmizin əsas səbəbi 150 kiloluq qədim tuğları görmək idi. Türklərin tarixində tuğların böyük önəmi, anlamı var. Bütün hərbi yürüşlərdə ordunun önündə tuğlar və bayraqlar gedərmiş. Bu səbəblə tuğlar, sancaqlar Türk savaşçılığının, mübarizliyinin simvoluna çevrilib. Kəhrəlandakı qədim tuğlar zamanla simvolik anlamını dəyişərək hərbi xarakterdən çıxıb dini xarakterə bürünmüşdür. Ancaq nə yazıq ki, görmək üçün getdiyimiz tuğlar yox olmuşdu. Orada işləyənlər tuğların türbədən çıxarılıb başqa yerə aparıldığını bidirdilər. Ancaq haraya və nə üçün aparıldığından xəbərsiz idilər. Türbənin yan tərəfindəki qadim qəbirstanlıq yox olmağa başlamışdı. Qəbirlərin çoxu yerlə bir olmuşdu. Bir neçə qəbrin üzərində isə hələ ki, çox maraqlı simvolların izləri qalırdı. Qəbrlər tamamilə yox olmadan və ya yox edilmədən öncə tarixçilər tərəfindən araşdırılmalıdır. Türbənin hasar divarlarının bitişiyində də bir qədim qəbirstanlıq, bu qəbirstanlıqda da türbənin həyətindəki qəbrlərə bənzər simvollar var. Ancaq bu qəbrlər də türbənin özü və həyətindəki qəbrlər kimi baxımsızlıq üzündən yoxolma təhlükəsi qarşısındadır. Yurdumuzun nəhəng Alaqapıları, tuğları öz yerindən qoparılıb bilinməyən yerlərə göndərilir. Gəlişi gözəl arxeoloji qazıntılar aparılır, əldə edilən tapıntıların aqibəti bilinməz qalır. Bir tarix gözümüzün önündə dağıdılır, ancaq bu talançılığa nə Yunesko səsini yüksəldir, nə də Ərdəbillilər etirazını bildirir. azadtribun

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar