SON XƏBƏRLƏR

AZƏRBAYCAN RUSİYA VƏ NATO ARASINDA

2021.10.20, 07:36
AZƏRBAYCAN RUSİYA VƏ NATO ARASINDA

Gunaz.tv
AZƏRBAYCAN RUSİYA VƏ NATO ARASINDA 36134_1 Bakı Moskvanın könlünü almağa çalışacaq. Hərbi Doktrinada Rusiya və NATO arasında balanslı siyasət əksini tapacaq C.SÜMƏRİNLİ "Azərbaycanın Hərbi Doktrinasında bölgədəki vəziyyətlə əlaqədar müəyyən korrektələr ediləcək. Məlum olduğu kimi, regionda müəyyən hadisələr baş verdi və bütün bunlar Hərbi Doktrinada nəzərə alınmalıdır". Bu sözləri bir neçə gün öncə Milli Məclisin birinci vitse-spikeri, parlamentin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov deyib. Azərbaycanın Hərbi Doktrinasının hələlik Milli Məclisə göndərilmədiyini bildirən Z.Əsgərov bu məsələnin dövlət başçısının səlahiyyətində olduğunu deyib. Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi polkovnik-leytenant Eldar Sabiroğlu isə Azərbaycanın Hərbi Doktrinası layihəsinin yaxın günlərdə müzakirə olunmaq üçün Milli Məclisə təqdim ediləcəyini bildirib. E.Sabiroğlunun sözlərinə görə, sənəddə qonşu dövlətlərlə münasibət, regiondakı vəziyyət, strateji hədəflər, milli təhlükəsizlik və digər məsələlər dəqiqliyi ilə öz əksini tapıb. Diqqəti Z.Əsgərovun "sənəddə korrektələr ediləcək" ifadəsinə yönəldək. Görəsən, bu korrektələr nədən ibarət olacaq? Xatırladaq ki, avqustda Gürcüstanla Rusiya arasında yaşanan olaylardan sonra hərbi ekspertlər Cənubi Qafqazda yeni hərbi-siyasi vəziyyətin yarandığını, bunun Azərbaycanın strateji sənədlərinə təsirsiz ötüşməyəcəyini bəyan etmişdilər. Çünki Rusiya - Gürcüstan münaqişəsi Azərbaycanın hərbi-siyasi prioritetlərini müəyyən qədər dəyişdirib. Bu xüsusda NATO - Cənubi Qafqaz, NATO - Rusiya münasibətlərində müəyyən dəyişikliklər nəzərə çarpır. Azərbaycan bütün bu reallıqları nəzərə almağa məcburdur. Beləliklə, bir çoxlarının fikrincə, bu gün Azərbaycanın Hərbi Doktrinasında bir sıra dəyişikliklərin aparılması zərurəti yaranıb. Ötən ilin mayında təsdiqlənmiş Milli Təhlükəsizlik Konsepsiyası ilə tanış olduqdan sonra orada bir sıra məqamların, xüsusilə Azərbaycanın strateji prioritetlərinin, ölkənin dost və düşmənlərinin adlarının çılpaqlığı ilə verilmədiyindən narazı idilər. Bəziləri ümid edirdilər ki, bir sıra suallara Hərbi Doktrinada cavab tapılacaq. Amma əldə etdiyimiz məlumatlara görə, Hərbi Doktrina layihəsində bu və digər məqamlar o qədər də açıq ortaya qoyulmur. Deməli, bu prizmadan çıxış etsək, Azərbaycanın Hərbi Doktrinasında o qədər də ciddi korrektələr gözlənilmir. Amma dəyişikliklər olacaq. Hansı istiqamətdə? - birincisi, Azərbaycanın Hərbi Doktrinasının hazırkı layihəsi ölkənin, onun müttəfiqlərinin milli maraqlarının qorunması ilə bağlı qərarlılıq nümayiş etdirir. Beləliklə, əgər Gürcüstan Azərbaycanın müttəfiqi hesab edilirdisə, son olaylardan sonra Bakının bölgədəki proseslərə susqun və "balanslı" reaksiyasından başa düşmək olar ki, sənəd layihəsində "qərarlılıq" ifadəsi "müəyyən şəraitlərə uyğun addımlar" sözü ilə əvəz olunacaq; - ikincisi, Hərbi Doktrinaya əsasən, Azərbaycanın hərbi təhlükəsizliyinə zidd siyasət aparan dövlət və dövlətlər qrupu potensial hərbi düşmən hesab edilir. İndiki məqamda "dövlətlər qrupunun potensial hərbi düşmən hesab edilməsi" ifadəsində dəyişiklik edilə bilər. Azərbaycan torpaqlarının işğalında Ermənistana mənəvi, iqtisadi, siyasi və hərbi dəstək göstərən Rusiyanın Azərbaycanın "potensial hərbi düşməni olmadığı"nı təqdim edə biləcək nüanslar milli Hərbi Doktrinada əksini tapa bilər. - üçüncüsü, Hərbi Doktrinada qeyd edilir ki, bölgədə baş verən hər hər hansı müharibə, regional qüvvələr mərkəzlərinin formalaşması və möhkəmlənməsi, milli, etnik və dini ekstremizmin güclənməsi, separatçılığın fəallaşması, lokal müharibələrin və silahlı münaqişələrin yayılması, regional silah yarışının artması, nüvə və kütləvi qırğın silahlarının digər növlərinin yayılması, informasiya qarşıdurmasının güclənməsi ölkənin hərbi təhlükəsizliyinə birbaşa təhdiddir. Ekspertlər hesab edirlər ki, bu müddəada da müəyyən korrektələr edilməlidir. Belə ki, söhbət əsasən "regional qüvvələr mərkəzlərinin formalaşması" ifadəsindən gedir. Rusiyanın Cənubi Qafqaz ölkələrində xüsusi fəal hərbi addımlar atması baxımından Bakının qeyd edilən məsələdə Kremlə güzəştə gedəcəyi istisna deyil; - dördüncüsü, Hərbi Doktrina layihəsində Rusiyanın Azərbaycanda hərbi mövcudluğunun əsasları özünə yer edə bilər. Söhbət Rusiya Silahlı Qüvvələrinin Qəbələ radiolokasiya stansiyasında fəaliyyətinin Azərbaycanın milli təhlükəsizliyinin təmin olunması prosesinə uzlaşdırılmasından gedir. Ekspertlər hesab edirlər ki, bununla Moskva Azərbaycanda daimi hərbi mövcudluğunu yaratmaq istəyir; - beşincisi, Xəzər dənizinin təhlükəsizliyi ilə bağlı müddəalara xüsusi baxıla bilər. Burada Xəzərdə qeyri-regional dövlətlərin hərbi mövcudluğunun arzuedilməz olduğu, buna Azərbaycan tərəfindən yol verilməzliyi kimi məqamlar əksini tapa bilər. Sözsüz ki, burada əsas məqsəd ABŞ və NATO-nun Xəzərdə hərbi-siyasi fəaliyyətinin qarşısını almaqdır; - altıncısı, Hərbi Doktrinada əksini tapan müddəaya görə, Azərbaycan Respublikası Türkiyə ilə birgə müdafiə siyasəti yürüdür, hərbi quruculuq sahəsində onunla fəaliyyəti gücləndirir, NATO və GUAM çərçivəsində kollektiv təhlükəsizliyə böyük əhəmiyyət verir. Sənəddə Avroatlantik strukturlara inteqrasiyanın Azərbaycanın hərbi təhlükəsizliyinin təminatında oynadığı rol yüksək qiymətləndirilir. Beləliklə, son zamanlar Türkiyənin Qafqazda sabitliyin yaranması istiqamətində səylər göstərməsi, Rusiyanın anti-NATO fəaliyyəti, GUAM-ın fəaliyyətinin faktik olaraq iflic olması kimi məqamlar göstərir ki, Azərbaycanın Hərbi Doktrinasının yuxarıda göstərilən müddəalarında müəyyən dəyişikliklərin aparılması zərurəti yaranıb. Ekspertlərin fikrincə, Qafqazda baş vermiş son hadisələr Azərbaycanı ehtiyatlı davranmağa vadar edəcək. Bakı yaxın bir neçə il ərzində atacağı addımlarda maksimum ehtiyatlı olmağa və Rusiyanı qıcıqlandırmamağa çalışacaq. Bütün bu kimi məsələlər isə Hərbi Doktrinada əksini tapacaq. Mütəxəssislərin fikrincə, Azərbaycanın Hərbi Doktrinasında Avroatlantik məkana inteqrasiyasının üstünlüyü azaldılacaq: bu sənəddə Rusiya və NATO ilə əməkdaşlığa eyni səviyyədə üstünlük veriləcək. GUAM-ın üstünlüyü qabardılmayacaq; - yeddincisi Azərbaycan Silahlı Qüvvələrinin quruculuq perspektivi ilə bağlıdır. Sənəddə bildirilir ki, Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması ölkənin hərbi təhlükəsizliyinin keyfiyyətli müdafiəsi məqsədi güdür. Gözlənilən dəyişikliklərdən biri məhz bu müddəa ilə bağlı ola bilər. Bakı bu məsələdə Moskvanın könlünü almaq üçün NATO standartlarına keçiddə sovet hərb sisteminin üstün xüsusiyyətlərinin nəzərə alınacağını bəyan edə bilər. Beləliklə, Azərbaycanın yeni dövrdə hansı hərbi-siyasi perspektivlərə üstünlük verəcəyi Hərbi Doktrinada əksini tapa bilər. Amma bu sənədin bu il qəbul olunacağı ciddi şübhə doğurur. Çünki bölgədəki hərbi-siyasi vəziyyət tam aydınlaşmayıb. Lakin nəzərə almaq lazımdır ki, prezident ötən ilin may ayında imzaladığı sərəncamında Hərbi Doktrinanın 2007-ci ilin sentyabrınadək hazırlanmalı olduğunu bildirmişdi. Üstündən bir il vaxt keçir. Deməli, sənədin tezliklə qəbul olunması zərurəti ortadadır. ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar