Artur Lenk: "Dar ayaqda Azərbaycan İsrailin arxalanacağı ölkədir"
2021.10.20, 07:36
"Women�s Media Watch" Azərbaycan Qadın Jurnalistlər Birliyinin növbəti qonağı İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Artur Lenkdir Sevinc Osmanqızı: Azərbaycan bu bölgədə çox az müsəlman ölkələrindəndir ki, İsraillə bu qədər geniş strateji münasibətlərə malikdir. Azərbaycanla münasibətlərin İsrail üçün əhəmiyyəti nədən ibarətdir? Artur Lenk: Əvvəla, düz buyurdunuz ki, bu, çox vacib, strateji əlaqələrdir. Amma Azərbaycan İsrailin strateji əlaqələrə malik olduğu yeganə müsəlman ölkəsi deyil. Bizim Türkiyə, Misir, İordaniya və bir sıra digər müsəlman ölkələri ilə də çox vacib əlaqələrimiz var. Mən deyərdim ki, İsrailin Azərbaycanda 5 əsas marağı var. Bu siyahının ən gözəl tərəfi ondan ibarətdir ki, bütün bu maraqlar həm İsrail, həm də Azərbaycan üçün strateji əhəmiyyətə malikdir. Bu maraqların birincisi - mənim Azərbaycanda yaşayan bacı və qardaşlarım, eləcə də Azərbaycandan İsrailə mühacirət etmiş sizin və mənim bacı və qardaşlarımızdır. Bizi iki tərəfdən bir canlı insan körpüsü birləşdirir. Azərbaycan və İsrail vətəndaşları olan bu adamlar bizim ölkələrimiz arasında əlaqələrin əhəmiyyətini daha da artırırlar. Azərbaycanda yaşayan yəhudi icmasına bu qədər hörmət bəslənməsi və İsraildə yaşayan azərbaycanlıların hamı kimi bərabər hüquqlara malik olması faktı bizim münasibətlərimizin əsasını təşkil edir. Gördüyümüz bütün digər işlər bu qarşılıqlı hörmətdən qaynaqlanır. Bu, bizim bir nömrəli marağımızdır və həm İsrail, həm də Azərbaycanın maraqlarına uyğundur. İkincisi, enerji sahəsində olan əməkdaşlıqdır. Burada İsrail Azərbaycandan neft alan ikinci ən böyük müştəri və ticarət partnyorudur. Azərbaycan isə İsrail üçün ikinci ən böyük neft təchizatçısıdır. Burada da strateji maraqlarımız üst-üstə düşür. Azərbaycan etibarlı müştərilər axtarır ki, neft və qazını dünya bazarlarına ixrac etsin, İsrail isə Azərbaycana yaxın yerləşən və əməkdaşlıqda maraqlı olan ölkədir. Üçüncüsü, strateji əlaqələrdir. İsrail və Azərbaycan kiçik ölkələrdir və ikisi də, belə deyək, mürəkkəb regionda yerləşirlər. Diplomatik dildə bu, o deməkdir ki, bizim hər ikimizin "dəli qonşuları" var. Biz elə bu bölgədə baş verən son hadisələrdə gördüyümüz kimi, kiçik ölkələr mürəkkəb qonşuluqla olanda çox ehtiyatlı və müdrik davranmalıdırlar. Burada da həm İsrail, həm Azərbaycan oxşar problemlərlə üzləşirlər. Tamamilə təsadüfi bir misal gətirim. Bu yaxınlarda "Əbu Bəkr" məscidinə terror hücumu baş verəndə İsrail Azərbaycanın vəziyyətini daha yaxşı hiss edən ölkələrdən biri oldu. Dördüncüsü, ticarətdir. Azərbaycanın iqtisadiyyatı sürətlə böyüməkdədir. İsrail bir çox sahələrdə təcrübəyə malikdir ki, bu bilik Azərbaycan üçün faydalıdır. Yüksək texnologiya, kənd təsərrüfatı, səhiyyə və bir çox başqa sahələrdə ölkələrimiz arasında ticarət mübadiləsi inkişaf edir və mən vaxtımın xeyli hissəsini bu əlaqələrin inkişafına sərf edirəm. Və nəhayət sonuncusu, sizin də əvvəldə qeyd etdiyiniz kimi, əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanla əhalisinin əksəriyyəti yəhudi olan İsrail arasında olan dostluq əlaqələridir. Bu dostluq dünyaya bir ismarıcdır. Bu, müsəlman dünyası ilə Qərb arasında toqquşma, sivilizasiyalararası ziddiyyət olduğunu iddia edənlərə güclü cavabdır. Bizim bu qədər müxtəlif, eyni zamanda həm sizin, həm mənim ölkəmin maraqlarına xidmət edən məsələlərdə əməkdaşlıq etməyimiz o arqumenti heç edən bir dəlildir. Ölkələr arasında razılaşmaq və ya razılaşmamaq üçün müxtəlif səbəblər ola bilər, lakin din müxtəlifliyi, islam, yəhudilik və ya xristianlıq belə səbəblərdən deyil. Xatirə Qasımova: Bəzi müşahidəçilər hesab edirlər ki, İsrail Gürcüstana yardım etdiyi üçün Rusiyanın qisasına tuş olacaq. Digər tərəfdən, Suriya ilə Rusiya arasında raket əleyhinə müdafiə danışıqlarını buna işarə hesab edirlər. Buna münasibətiniz necədir? Artur Lenk: Azərbaycanla İsrailin bir oxşarlığı da var: Biz həm Gürcüstan, həm də Rusiya ilə müsbət əlaqələrə malikik. Məncə, biz ikimiz də başa düşürük ki, ölkələrimiz üçün ən əsas strateji narahatlıq nə Rusiya, nə də Gürcüstandan qaynaqlanmır. Bu narahatlıq İrandan gəlir ki, həm azərbaycanlılar, həm israillilər bunu hiss edirlər. Bizim dost Rusiya ilə çox möhkəm əlaqələrimiz var. O ki qaldı Bəşir Əssədin Moskvaya gedib, danışıqlar aparması, aydındır ki, Suriya vəziyyətdən öz məqsədləri üçün istifadə etmək istəyir. Amma Rusiya kifayət qədər müdrikdir və inanmıram ki, bu tələyə düşsün. Gürcüstanla bağlı bir məqamı da sizlə bölüşmək istərdim. Azərbaycanda çoxları buna bilməyə bilərlər. Gürcüstanla Rusiya arasında münaqişə başlayanda, deyəsən avqustun 7-8-i idi, mən İsraildə məzuniyyətdə idim. Münaqişənin lap əvvəlində, Rusiyanın Tbilisiyə doğru irəlilədiyi güman edilirdi və biz orada olan İsrail vətəndaşları barədə narahatlıq keçirirdik. Gürcüstanda daimi yaşayan yəhudi icması ilə bərabər, həmin vaxt orada 500-600 İsrail vətəndaşı vardı. Avqustun 10-11-i Tbilisinin aeroportu bağlı idi. O vaxt biz sual edirdik ki, bu qədər israillini Gürcüstandan necə çıxara bilərik? Digər ölkələr, Amerika, Britaniya öz vətəndaşlarını Yerevana göndərirdi ki, oradan təyyarə ilə vətənə qaytarsınlar. Lakin bizim Ermənistanda səfirliyimiz yoxdur. Qüdsdə müzakirə zamanı məndən soruşdular ki, bəlkə onları Azərbaycan vasitəsilə çıxarmaq olar? Mən Azərbaycanın Xarici İşlər Nazirliyi və Gəncə icra hakimiyyətinə 2-3 qısa telefon zəngi etdim və bizə bəlli oldu ki, Azərbaycan bacardığı bütün yardımı göstərəcəkdir. Gürcüstanla sərhədə göndərmək üçün avtrobusların təşkil olunmasından başlamış İsrail təyyarələrinə Bakı və Gəncədə enməyə icazəyədək bütün şərait yaradıldı ki, həmvətənlərimiz Gürcüstanı tərk edə bilsinlər. Azərbaycandan aldığımız ismarıc əsl dostluq ismarıcı idi. Avqustun 11-i gecə, Tbilisi aeroportu hələ də bağlı idi. İsrailin xarici işlər nazirinin müavini mənə dedi ki, təyyarəyə min, Bakıya get. Mən belə də etdim. Mən Bakıya gələndə israilliləri vətənə qaytarmaq üçün bütün təşkilati məsələlər həll olunmuşdu. Doğrudur, çərşənbə axşamı Tbilisi aeroportu açıldı və biz təyyarələrimizi elə orada yerə endirə bildik, lakin Azərbaycandan aldığımız dostluq ismarıcı və dərhal yardım əlininin uzadılması İsrail rəhbərliyinə çox təsir etdi. Elə bilirəm ki, bu, çox vacib məsələdir. Biz bu yardımdan istifadə etməsək də, başa düşdük ki, dar ayaqda Azərbaycan İsrailin arxalanacağı bir ölkədir. Odur ki, mən bunu Gürcüstanda münaqişə ilə bağlı öyrəndiyimiz kiçik bir ibrət dərsi hesab edirəm. Mən bilirəm ki, İsrail o hadisələr zamanı Azərbaycanın dostluq yardımından təsirlənən yeganə ölkə deyildi. Bir çox başqa ölkələr də Azərbaycanın dostluq və əməkdaşlıq jestini yüksək qiymətləndirmişlər. Sevda Güləhmədova: Bildiyimə görə, ABŞ-da böyümüsünüz və, deyəsən ABŞ vətəndaşısınız. Bununla belə, İsrailin diplomatik xidmətində məsuliyyətli vəzifə tutursunuz. Bu, İsrailin kosmopolit siyasətindən, yoxsa Amerika arasında əlaqələrin səviyyəsindən xəbər verir? Artur Lenk: Mən ABŞ vətəndaşı deyiləm, amma ABŞ-da böyümüşəm. Mənim anam Nyu-Yorkda universitet professoru idi. Mən uşaq olanda ailəmiz ABŞ-a köçmüşdü. Lakin yeniyetmə yaşlarında yenidən İsrailə qayıtmışam və o vaxtdan universitetə daxil olanadək orada yaşamışam. Odur ki, mənim kimi təmsil etməyim məsələsində çaşğınlıq ola bilməz. ABŞ İsrailə və elə Azərbaycana da yaxın olan bir ölkədir. ABŞ-ın Azərbaycanda səfiri var, İsraili isə İsrail səfiri təmsil edir. Sevinc Osmanqızı: İsraili tənqid edənlər deyirlər ki, Azərbaycanın İsraillə münasibətlərində vacib məqam İsraillə deyil, Amerikada yaşayan yəhudi diasporu ilə bağlıdır. Güclü yəhudi lobbisi Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın maraqlarına kömək edə bilər. Lobbiçilik Azərbaycan-İsrail münasibətlərində nə dərəcədə vacib rol oynayır? Artur Lenk: İsrail perspektivindən dəyərləndirsək, bunların əlaqəsi yoxdur. Azərbaycan perspektivindən dəyərləndirmək üçün Azərbaycan tərəfindən soruşa bilərsiniz ki, bu nə dərəcədə əhəmiyyətlidir. İsrailin və Azərbaycanın ABŞ ilə sıx əlaqələrinin olması müsbət faktordur, daha da inkişaf etdirilməlidir, tənqid olunmamalıdır. Dostlar öz dostlarını digər dostlarına təqdim edirlər. Burada yanlış olan və ya tənqid olunası heç nə yoxdur. Mən hətta belə deyərdim. Bu, həm İsrailin, həm Azərbaycanın maraqlarına uyğundur ki, sizin də, bizim də ABŞ və Türkiyə ilə sıx münasibətlərimiz var. Bu əməkdaşlıqda heç bir gizli məqsəd yoxdur. Hesab edirəm ki, Azərbaycan, İsrail, ABŞ və Türkiyə bir çox vacib dəyərləri paylaşırlar. Arzu Qazıyeva: Biz Sizinlə görüşə düşmək üçün çox ciddi təhlükəsizlik yoxlamasına məruz qaldıq. Bu, sizin təhlükəsizlik standartlarınızdır, yoxsa Azərbaycanda özünüz üçün xüsusi təhlükə görürsünüz? Artur Lenk: Bu, yaxşı sualdır. Əvvəla onlar sizinlə nəzakətli idilərmi? Arzu Qazıyeva: Çox nəzakətli idilər. Sadəcə, biz aeroportda, uçuşdan əvvəl belə yoxlamalar görürük. Artur Lenk: Əvvəla, mən şadam ki, onlar nəzakətli davranıblar. Əgər deyillərsə, buna yol vermək olmaz. Bakıda yaşayan hər kəs bilir ki, Bakı təhlükəsiz şəhərdir. Bu, doğrudan da, belədir. Amma məscidə 2 qumbara atıb partladanda, biz hamımız başa düşürük ki, Bakının təhlükəsiz olmasını istəməyənlər var. Mən artıq 3 ildir ki, ailəmlə Bakıda yaşayıram. Biz özümüzü burada evdəki kimi hiss edirik. Əslində mənim 4-cü ili də Bakıda qalmağımın səbəbi odur ki, ailəm burada yaşamağı sevir və öz evi bilir. Deməliyəm ki, bu məsələdə ailəm məndən daha çox qərar verib. Maraqlı faktdır ki, mənim qızım da, xanımım burada yaşamağı çox sevirlər. Bunu deməklə yanaşı, Azərbaycanda baş verənləri izləyənlər bilirlər ki, Azərbaycanda hökuməti, xarici səfirlikləri hücumla hədələyən 3-4 qrup həbs edilib. ABŞ, İsrail və digər Qərb ölkələri potensial təhlükə hədəfi kimi sadalanırlar. Mənə elə gəlir ki, mürəkkəb qonşuluqda olan balaca ölkə olduğu üçün ehtiyatlı olmaq gərəkdir. Əgər bu, sizin kimi mənim yanıma gələn dostlarımın, həmkarlarımın, ailəmin təhlükəsizliyini təmin etmək üçün vacibdirsə, bu prosedur ödənməli olan kiçik bir qiymətdir. Arzu Qazıyeva: Azərbaycanda yəhudilərin kompakt yaşadığı yerlərdə özünüzü necə hiss edirsiniz? Artur Lenk: Məndən dəfələrlə soruşublar ki, Azərbaycanda ən çox sevdiyiniz yer haradır? Hər dəfə də cavab vermişəm ki, Qubadır. Mən Qubanı, doğrudan da, çox sevirəm. Qismən ona görə ki, Bakıdan gələndə oranın təmiz havasını sevməmək mümkün deyil. Amma əsas ona görə ki, Quba və Qubadakı "Qırmızı qəsəbə"dəbizim əlaqələrimizdə ən əsas olan məqamın, icmanın rifahının rəmzi, müsəlman, yəhudi və xristianlar arasında olan qarşılıqlı hörmətin bariz nümunəsidir. Odur ki, mən Qubada olanda, bu dostluğu tam qüdrəti ilə hiss edirəm. Vüsalə Xasməmmədova: İnanırsınızmı ki, Azərbaycanın nə vaxtsa İsraildə səfirliyi açılacaq? Artur Lenk: Bu sualı Azərbaycan tərəfinə vermək lazımdır. Bu qərarı onlar verməlidirlər. Xarici İşlər Nazirliyi hesablamalıdır ki, məqsəd və məsrəflər Qüds və ya Təl-Əvivdə ofis açmağa dəyər, ya dəyməz. Mən öz tərəfimdən yalnız bunu onlara deyə bilərəm ki, (azərbaycanca deyir) xoş gəlmişsiniz. Azərbaycanın maraqlarını dəyərləndirən mən olmamalıyam, lakin əgər Azərbaycanın İsraildə belə böyük icması və bu qədər ticarət və strateji maraqları varsa, dünyada daha çox adamın Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini başa düşməsini istəyirsə, İsrail belə bir auditoriyadır. Səfirlikləri bundan ötrü açırlar. Arzu Qazıyeva: İsrailin qondarma erməni soyqırımını qəbul etməməsi ermənilərdə narazılığa səbəb olub. Onlar iddia edirlər ki, İsrail tarixdə yalnız Holokostu tanıyır. İsrailin soyqırımı məsələsində prinsipial mövqeyi nə ilə bağlıdır? Artur Lenk: Bu, maraqlı sualdır. Mən hesab etmirəm ki, tarixdə yalnız bir soyqırımı olub. Soyqırımı hüquqi bir termindir ki, bir dövlətlə digər dövlər atasında olan müəyyən hüquqi vəziyyəti səciyyələndirir. Bu, yeni termindir, 2-ci Dünya müharibəsinin başa çatması və nasistlərin bütün yəhudiləri qırmağa çalışmasından sonra meydana çıxıb. Soyqırımının məğzi budur ki, bir millət digər millətin bütün nümayəndələrini öldürməyə qalxır ki, onların kökü yer üzündən silinsin. Azərbaycana gəlməzdən əvvəl mən İsrailin Xarici İşlər Nazirliyində hüquq şöbəsində beynəlxalq hüquq üzrə ekspert işləmişəm. Odur ki, mən soyqırımı barədə hüquqi baxımdan danışıram, çünki bu, siyasi anlayış deyil, hüquqi termindir. Homocide - bir adamın digər adamı, genocide isə bir millətin digər milləti öldürməyə çalışmasıdır. Biz bunu dəfələrdə dünyada görmüşük, Afrikada, 1999-cu ildə Ruandada, bu yaxınlarda Sudanda baş verənlər soyqırımı idi. Mən hesab etmirəm ki, belə demək ədalətlidir ki, İsraildə yalnız bir soyqırımını tanıyırlar. Bunu deyənlər yanılırlar. O ki qaldı 1915-18-ci illərdə Osmanlı Türkiyəsində baş verənlərə, mən ekspert deyiləm, tarixçi də deyiləm, mən diplomatam. Mən tarixdə nə baş verməsi barədə müxtəlif fikirlər eşitmişəm. Mənə aydındır ki, faciə baş verib və xeyli adam ölüb. Eyni zamanda Azərbaycan tarixində də böyük faciələr baş verib və xeyli adam həlak olub. Biz bu cür faciələrdən nə öyrənə bilərik? Siyasətçilər tarixçilərin işə cəlb olunması, ermənilərin, türklərin və başqalarının tarixi öyrənməsi barədə danışırlar. İsrail hökuməti də digər ölkə hökumətləri kimi hesab edir ki, ən yaxşı yol elə budur. Odur ki, İsrail hökuməti o hadisələrlə bağlı soyqırımı terminini işlətmir. Lakin bu qədər əziyyətlər çəkmiş bir yəhudi olaraq, biz başqalarının faciəsinə biganə qala bilmərik. Sevda Güləhmədova: Mən genderlə bağlı sual vermək istərdim. Siz özünüz 3 qız atasısınız. İsraildə qadınlar kişilərlə bərabər orduya xidmətə götürülürlər. Bəs karyerada inkişafda, "şüşə tavanın" qırılması sahəsində parlaq nümunələr çoxdurmu? Artur Lenk: Əvvəla, mən kişi olduğum üçün "gender bərabərsizliyi yoxdur" demək iqtidarında deyiləm. Bunu yalnız qadınlar deyə bilərlər. Amma mənim həyatımı götürün. Ailədə - 1 xanımım, 3 qızım var. Bu, hələ başlanğıcdır. İşdə müavinim və səfirliyin yüksək inzibati nümayəndəsi qadınlardır. Mənim rəhbərim - İsrailin xarici işlər naziri qadındır. Parlamentin spikeri qadındır. Ali Məhkəmənin sədri qadındır. Bəzən mənə elə gəlir ki, mən qadınların mühasirəsindəyəm (ümumi gülüş). Amma bunları deməklə yanaşı, qadınların karyerada irəliləməsi kişilərə nisbətən yenə də daha çətin olaraq qalır. Sevda Güləhmədova: Sizcə, qadınların səlahiyyətlənməsi cəmiyyətə nə verir? Artur Lenk: Məncə, cəmiyyətin yarısının potensialından axıradək yararlanmayan ölkə inkişafdan geri qalır. Məsələn, qadının maşın sürməsi qadağandırsa, bundan hamı itirir. Mənim bu məsələdə çox böyük marağım var, çünki 3 qız atasıyam. Böyük qızım 14 yaşındadır, 4 il sonra İsrail ordusunda əsgər olacaq. Sonra universitetə gedəcək, sonra iş axtaracaq. Mən bir ata kimi, onların karyerada bərabər imkanlara malik olmasını istəyirəm. Onlarla oğlanlar arasında fərq qoyulmamalıdır. Hər hansı kişi iddia etsə ki, gender məsələsində heç bir problem yoxdur, o, səmimi və ədalətli olmayacaq. Əgər ölkə inkişaf etmək, iqtisadiyyatını, hüquq sistemini irəli aparmaq istəyirsə, bütün əhalisinin potensialı və dəstəyinə arxalanmalıdır. Belə etməyən ölkə geri qalır. "Women�s Media Watch" Azərbaycan Qadın Jurnalistlər Birliyi