SON XƏBƏRLƏR

ABŞ RUSİYANI ÜRƏYİNDƏN “VURDU”

2021.10.20, 07:36
ABŞ RUSİYANI ÜRƏYİNDƏN “VURDU”

Gunaz.tv
ABŞ RUSİYANI ÜRƏYİNDƏN “VURDU” Hərraclar dayandı, hökumətin ayırdığı milyardlar kömək etmədi, investorlar pullarını təcili qaydada ölkədən çıxarır 2359.jpg ABŞ-da başlayan maliyyə böhranı zəncirvari xarakter alaraq dünyanın inkişaf etmiş əksər ölkələrini son yüz ilin görünməmiş böhran təhlükəsi qarşısında qoyub. Lakin bu böhrandan ən çox zərər çəkən Rusiyadır. Xəbər verildiyi kimi, ABŞ-ın ən iri investisiya banklarından biri “Lehman Brothers”in iflasa uğramasından sonra Qərbin aparıcı bankları böhran təhlükəsi qarşısında qalıblar. Avropa və Asiya ölkələrinin hökumətləri maliyyə bazarlarındakı çaxnaşmaları sakitləşdirmək üçün təcili qaydada bankların kəsirlərini örtməyə yönələn iri məbləğdə vəsaitlər ayırıblar. Rusiyada isə hökumətin bir-birinin ardınca gördüyü təcili tədbirlər istənilən effekt verməyib. Sentyabrın 16-dan başlayaraq Rusiya birjalarında ölkə iqtisadiyyatının bel sütununu təşkil edən müəssisələrin səhmləri sürətlə aşağı düşməyə, kredit bazarında faizlər sürətlə yüksəlməyə və bankların iri məbləğdə borclanması başlayıb. Rusiya baş naziri Vladimir Putinin göstərişi ilə Mərkəzi Bank və Maliyyə Nazirliyi sentyabrın 17-də ehtiyat fonddan üst-üstə 850 milyard dollar vəsait ayırsa da, böhran ötüşməyib. Nəticədə hökumət səhmlərin sürətlə dəyərdən düşməsinin qarşısını almaq üçün birjaları bağlamağa məcbur olub. Dünən yaranmış vəziyyətlə bağlı prezident Dmitri Medvedyev Kremldə hökumətin iqtisadi sahədə olan üzvlərinin iştirakı ilə təcili müşavirə keçirib. Müşavirədə maliyyə naziri Aleksey Kudrin Medvedyevə böhrana qarşı görülməli olan ekstremal tədbirlər haqda məlumat verib. Bu tədbirlər arasında o, Rusiya banklarının borclanmasını inzibati qaydada nizamlamağı və birjalarda hərracın dayandırılmasını da göstərib. Nazir deyib ki, ölkədə ipoteka sisteminin dəstəklənməsi üçün də təcili tədbirlər gərəkdir. Bundan əlavə, Kudrin neft və neft məhsullarının ixracını asanlaşdırmaq, bununla da ölkəyə daha çox nəğd vəsait daxil olmasına imkan yaratmaq üçün gömrük rüsumlarını aşağı salıb. Nazir prezidentə məlumat verib ki, artıq Rusiya banklarının kreditləşməsi dayandırılıb. Onun sözlərinə görə, yaranmış vəziyyətdə neftin qiymətinin kəskin aşağı düşməsi də böhranı dərinləşdirib. Maliyyə naziri deyib ki, o, müşavirədən əvvəl bankların müflis olmasının qarşısını almaq üçün onlara daha 60 milyard rubl ayırıb. Medvedyev isə hökumətə tapşırıq verib ki, bank sisteminə diqqəti artırsın və maliyyə bazarlarında vəziyyəti stabilləşdirmək üçün ehtiyat fondundan daha 500 milyard rubl ayırsın. “Rusiya hakimiyyəti üçün hazırda maliyyə sistemində stabilliyi təmin etməkdən vacib vəzifə yoxdur. Ona görə də bank sistemindəki vəziyyət hökumətin bilavasitə diqqətində olmalıdır”, deyə Medvedyev bildirib. Prezident hökumətə tapşırıq verib ki, daha 250 milyard rubl büdcədə ehtiyat fondu kimi yaradılsın. Çünki hökumətin büdcə öhdəliklərini yerinə yetirə bilməmək təhlükəsi var. Medvedyev hökumətə maliyyə bazarlarında vəziyyət barədə onu hər gün bir neçə dəfə məlumatlandırmağı da tapşırıb. Onun sözlərinə görə, çaxnaşmaların qarşısını almaq üçün dövlətin ehtiyatları kifayət qədərdir. “Dünya maliyyə sistemi ən ciddi böhranla üzləşib. Artıq heç kimin şübhəsi yoxdur ki, bu böhran ən pessimist proqnozları da üstələyib”, deyə Medvedyev bildirib. Bildirilir ki, Rusiyanın valyuta ilə beynəlxalq ehtiyat fondunda hazırda 560 milyard dollar vəsait var. Cəmi bir həftə ərzində bu vəsaitlərin həcmi 13.3 milyard dollar aşağı düşüb. Çünki Rusiya hökuməti həmin fondlardan kapitalı çıxararaq daxili bazarlara yönəldib. Yaxın bir neçə gündə həmin ehtiyatların daha 10 milyard dollar azalacağı təxmin edilir. Rusiyanın Mərkəzi Bankı hökuməti məlumatlandırıb ki, ölkənin 15 bankının təcili köməyə ehtiyacı var, əks halda onlar müflis ola bilər. Hökumət ölkənin aparıcı bankları olan “Sberbank”, “Qazprombank” və “Vneştorqbank”a təcili qaydada 1.5 trilyon rubl ayıraraq bu vəsait hesabına başqa bankların dəstəklənməsini tapşırıb. Hökumət birjalarda hərracın bu gün bərpa ediləcəyini vəd edir. Lakin analitiklərə görə, hərraclar başlayan kimi səhmlər yenidən ucuzlaşmağa başlayacaq, çünki Rusiyanın maliyyə sistemi hökumətin gördüyü təcili tədbirlərə baxmayaraq, böhranı adlaya bilməyib. Qərb analitikləri isə qeyd edirlər ki, Rusiyada yaranmış indiki iqtisadi böhranın səbəblərindən biri dünyada yaranmış maliyyə böhranı və neftin sürətlə ucuzlaşmasıdır. Lakin digər əsas səbəb Kremlin düşünülməmiş iqtisadi siyasətidir. “İnternational Herald Tribune” qəzeti yazır ki, Rusiya iqtisadiyyatı səkkiz illik “putinizmin” altını çəkir. Lakin hələ ümid var ki, Rusiya iqtisadiyyatını beynəlxalq ehtiyat fondlarında cəmlənən milyardlarla dollar neft pulu xilas edə bilər. Qəzet qlobal fond birjalarında indekslərin aşağı düşdüyünü xatırlatmaqla bərabər qeyd edir ki, Rusiyada qiymətli kağızlar daha sürətlə ucuzlaşır, buna isə neftin qiymətlərinin aşağı düşməsi və ABŞ-da yaranan bank böhranı ilə haqq qazandırmaq olmaz. Qəzetin iqtisadiyyat üzrə analitikləri qeyd edirlər ki, Rusiyadakı indiki böhranın səbəblərindən biri də Gürcüstana qarşı müharibədir. Bu müharibədən sonra Qərb investorları sürətlə öz kapitallarını Rusiyadan çəkməyə başladılar. “Gürcüstanla müharibə Rusiyanın dünya bazarlarından və standartlarından imtina etdiyinin göstəricisi kimi qəbul edildi”, deyə böhranı şərh edən ekspertlərdən biri bildirib. Avstriyanın “Die Presse” qəzeti isə Rusiyadakı böhranı şərh edərək “Rus ayısı yaralıdır” başlıqlı yazı dərc edib. Bildirilir ki, nə hökumətin ayırdığı milyardlarla dollar, nə dünya birjalarında vəziyyətin stabilləşməsi Moskvada indekslərin aşağı düşməsinin qarşısını ala bilmir. “Rusiyanın maliyyə sistemi 1998-ci ildəki defoltdan bu yana ən ciddi böhranla üzləşib” deyə qəzet yazır. Məqalədə deyilir ki, 10 il əvvəl olduğu kimi kursların aşağı düşməsi Rusiya banklarına ciddi zərbə vurub. İqtisadiyyatın kredit sektorunu dəstəkləmək üçün baş nazir Putin dövlət xəzinəsindəki ehtiyat vəsaitləri işə salmağa məcbur olub. Lakin investorları bu tədbir sakitləşdirə bilməyib və onlar öz kapitallarını ölkədən çıxarırlar. Amerikanın nüfuzlu “The Wall Street Journal” qəzeti isə yazır ki, Rusiya iqtisadiyyatının üzləşdiyi indiki böhran qlobal fond birjalarındakı “qırğın-qiyamətlə” eyni vaxtda baş verir. Lakin Rusiyadakı böhranın əsas səbəblərini elə ölkənin özündə axtarmaq lazımdır. “Rusiya iqtisadiyyatı Putinin səkkiz illik idarəçiliyinin əvəzini ödəyir”, deyə qəzet yazır. Məqalədə bildirilir ki, bir neçə ay əvvəl Putin ölkənin ən iri metallurgiya şirkətlərindən biri “Meçel”in prezidentini hədələməklə onun və daha bir neçə iri şirkətin, o cümlədən “LUKoyl” neft şirkətinin səhmlərinin kəskin ucuzlaşması ilə nəticələndi. “İkinci zərbə isə Qafqazda müharibə oldu. Rusiya Gürcüstanın ordusunu 5 gündə darmadağın etdi, ancaq ardınca Rusiyanın özünü dünya iqtisadiyyatı darmadağın etməyə başladı. İnvestorlar Rusiya bazarlarından 35 milyard dollardan çox vəsait çıxardılar”, deyə qəzet yazır. Amerikanın işgüzar çevrələrinə bağlı olan qəzetin məqaləsində deyilir ki, Rusiya iqtisadiyyatı bu il dünyada ən pis nəticələri göstərir. Belə ki, səhmlərin dəyərdən düşməsi nəticəsində iqtisadiyyat 680 milyard dollar itirib. Sentyabrın 16-da isə birja indeksləri görünməmiş həddə-11.3 faiz aşağı düşüb. Bu, 1998-ci ildəki defoltdan sonrakı ən kəskin ucuzlaşmadır. Ertəsi gün indekslər yenidən aşağı düşməyə başlayıb və günün ikinci yarısında hökumət hərracları dayandırmalı olub. “The Wall Street Journal” qeyd edir ki, Rusiya son bir neçə ildə neftin və qazın bahalaşması hesabına ehtiyat fondlarında “qara gün” üçün 573 milyard dollar cəmləyə bilib. Bu vəsaitlər defoltun qarşısını almağa kömək edə bilər. Rusiyanın indiki büdcəsi imkan verir ki, neft 70 dollara qədər ucuzlaşsa belə, dövlət öhdəliklərini yerinə yetirsin. Lakin problemi birdəfəlik həll etmək mümkün olmayacaq, belə ki, Rusiya iqtisadiyyatı təbii ehtiyatlardan hədsiz asılıdır. Yaxşı vaxtlarda Kreml milyardları öz cibinə doldurub və iqtisadi islahatlara diqqət ayırmayıb. “İndi isə Rusiya xalqı putinizmin ağrı-acısını çəkməli olur”. Qəzet eyni sayında Rusiyadakı böhranla bağlı iki məqalə dərc edib. Digər məqalədə isə deyilir ki, Rusiya bu ilin avqustunda Gürcüstana müdaxilə edərək Cənubi Osetiya və Abxaziyanı ondan faktiki olaraq qopardı. Lakin cəmi bir neçə həftə sonra Rusiyanın gücünün hüdudları göründü. Neftin qiymətinin aşağı düşməsi nəticəsində onun əsas dayağı laxlamağa başladı. “Böhran kövrək və zəif inkişaf etmiş maliyyə sistemini sarsıtdı, ölkəyə investisiya kapitalının axını dayandı, son bir neçə ildə davamlı olaraq möhkəmlənən rubl dəyərdən düşməyə başladı, inflyasiya sürətlə yüksəldi.” Ekspertlərə görə, ilin sonunda Rusiyada inflyasiya 14 faiz təşkil edəcək. Göründüyü kimi, Rusiya iqtisadiyyatının çökməsinin səbəbləri əslində siyasidir. Qərb Rusiya iqtisadiyyatının zəif nöqtələrini neçə vaxtdır dəqiq bilirdi və Kremlin Gürcüstana müdaxilə qərarından sonra ona qarşı hazırlanan tələnin ipi açıldı. Doğrudur, Amerika iqtisadiyyatı da hazırda çətin dövrlərini yaşayır, lakin dünya kapitalının əsas hissəsi Vaşinqtona bağlı qurumların əlində cəmləşdiyinə görə bu, təhlükəli deyil. Administrasiya istənilən vaxt vəziyyətə müdaxilə edib prosesləri nəzarət altına ala bilər. Rusiya üçün isə bunu etmək çətindir. Ehtimal var ki, neftin ucuzlaşması da Qərbin Rusiyaya qarşı hazırladığı planın bir hissəsidir. Neft məhz Rusiyanın aqressivləşməyə başladığı vaxtdan - bu ilin iyulundan sürətlə aşağı düşərək hazırda 90 dolların altına enib. Yaxın günlərdə neftin daha da ucuzlaşması gözlənilir. Çünki Amerika Konqresi Birləşmiş Ştatların ərazisinə neft yataqlarının istismarına icazə verib. “Associated press” agentliyinin xəbərinə görə, Nümayəndələr Palatasının qəbul etdiyi qanun Senatda təsdiqlənməlidir. Amerika öz neft yataqlarını işə salmaqla xarici neftdən asıllığı azalacaq və beləliklə neftə tələbat sürətlə aşağı düşəcək. Bu arada Amerikanın Federal Ehtiyatlar Mərkəzi Bankı “Lehman Brothers”in müflis olmasından sonra Amerikanın ən iri sığorta şirkəti olan AİG-i xilas etmək üçün işə qarışıb.Ciddi maliyyə böhranına düşən qrupa Mərkəzi Bank 85 milyard dollar həcmində kredit ayırıb. Bunun əvəzində Mərkəzi Bank qrupun səhmlərinin 80 faizini nəzarətinə alacaq. Başqa sözlə, bu o deməkdir ki, AİG-nin mülkiyyət hüquqları birbaşa olaraq dövlətə keçir. AIG qrupu dünyanın ən iri sığorta şirkətidir. Şirkətin dünya boyu 100 minə yaxın işçisi var. Qrupun aktivləri 1 trillion dollardan artıqdır, bunların təxminən 30 faizi Avropada yerləşir. Şirkət dünyanın təxminən 130 ölkəsində iş görür. Bu arada məlum olub ki, Britaniyanın aparıcı ipoteka kredit provayderi, “HBOS” qrupu ölkənin ən iri banklarından biri olan “Lloyds” bankıyla birləşmək barədə danışıqlar aparmaqdadır. Başqa sözlə, Qərb ölkələri böhranı nəzarət altında saxlayaraq idarə edir və onu Rusiyaya qarşı yönəldirlər. Çünki Rusiya iqtisadiyyatı möhkəm təməllər üzərində qurulmayıb və indiki böhran şəraitində uzun müddət ayaqda qala bilməz. F.MƏMMƏDOV musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar